2. F. Bekonun fəlsəfəsi. Frensis bekon (1561—1626)



Yüklə 22,39 Kb.
tarix01.01.2022
ölçüsü22,39 Kb.
#50455
2. F.Bekonun fəlsəfəsi.


2. F.Bekonun fəlsəfəsi.

FRENSİS BEKON (1561—1626) Londonda zadəgan ailəsində anadan olmuşdur. Onun atası Nikolas Bekon Yelizaveta sarayında yüksək mənsəb sahiblərindən biri idi. İngiltərənin böyük möhürü ona etibar edilmişdi. Nikolas son dərəcə qabiliyyətli, sağlam əqlə və dərin zəkaya malik bir adam, səriştəli dövlət xadimi olmuşdur. O, 20 il dövlət aparatında qulluq etmiş, ömrünün sonuna qədər orada öz əhəmiyyətinə görə ikinci vəzifəni tutmuşdur. Nikolasın arvadı, Bekonun anası Anna Kuk yüksək hazırlığa malik ziyalı qadın idi, qədim yunan, latın dillərini çox yaxşı bilirdi, ilahiyyat traktatlarını ingilis dilinə tərcümə edirdi. Bekon Kembric Universitetində oxumuşdur. O zaman burada mövcud olan təlim prosesi, hadisələrə sxolastikcəsinə yanaşma heç bir vəchlə Bekonu qane etmədiyi üçün dərsə məsuliyyət hissi ilə yanaşmırdı. Universitetdə təbiətin dərk edilməsinə dair verilən biliklər Bekonun arzu və istəklərinə uyğun gəlmirdi. O qəti qərara gəlmişdi ki, təbiət haqqında bilik qazanmaq üçün birinci növbədə təbiətin özünü tədqiq etmək lazımdır. Universiteti bitirdikdən sonra öz qardaşı ilə birlikdə Fransaya yola düşür. Fransada keçirdiyi illər Bekon üçün ciddi siyasi təfəkkür məktəbi idi. O burada Fransa mədəniyyətinin və elmi ictimaiyyətin bir sıra görkəmli şəxsiyyətləri ilə tanış olur. Atasmın ölümündən sonra Bekon 1579-cu ilin fevral ayında yenidən İngiltərəyə qayıdır və maliyyə sahəsində praktiki işlərlə məşğul olur. Bununla əlaqədar onda hüquqi təcrübə sahəsində çalışmaq ehtiyacı yaranır, ona görə də hüquq elmlərini öyrənmək məcburiyyətində qalır. Bekon siyasi həyatda da fəal iştirak etməyə başlayır. Az sonra o elm, siyasət, incəsənət və mədəniyyət problemlərinə həsr olunmuş diskussiyalarda müvəffəqiyyətlə iştirak edir. Beləliklə, Bekon siyasət və elm aləmində məşhur şəxsiyyətə çevrilir. Onun siyasi karyerası şotlandiyalı I Yakovun dövründə özünün ən yüksək zirvəsinə qalxır. Çox keçmədən o, böyük möhürü saxlayan lord, bir qədər sonra isə lord kansler vəzifəsinə yiyələnir. 1621-ci ildə Bekon rüşvətxorluqda, satqınlıqda günahlandırılır və cinayət məsuliyyətinə cəlb edilir, az sonra bəraət qazanır. Məhkəmənin hökmü ləğv olunduqdan sonra Bekon siyasətdən və dövlət işlərindən uzaqlaşır, ömrünün sonuna qədər elmi işlə məşğul olur. Yeni dövrün fəlsəfı təfəkkürünün formalaşması ilk növbədə Frensis Bekonun adı ilə bağlıdır. O, ingilis materializminin və yaşadığı dövrün eksperimental elminin banisi idi.

Frensis Bekon fəlsəfəyə və təbiətşünaslıq elmlərinə dair görkəmli əsərlərin müəllifıdir. Onun bir qrup tədqiqatları elmin və elmi idrakın yaranması məsələlərinə həsr edilmişdir. Onlardan ən böyüyü 1620-ci ildə yazdığı və layihə adlandırdığı "Elmlərin geniş miqyasda bərpası" adlı əsəridir. Onun birinci hissəsində Bekon elmin ləyaqətindən, onun qədir-qiymətindən və inkişaf etdirilməsi yollarından damşır. Əsərin ikinci hissəsi "Yeni Orqanon" adlanır ("orqanon" yunanca organon sözündəndir, mənası silah, alət deməkdir). O, əsərin bu bölməsini induktiv metoda həsr etmişdir.

Bekomın digər qrup əsərlərinə "Əxlaqi, iqtisadi və siyasi esse" (1597) (esse — qısa oçerklər məcmuəsi deməkdir), "Qədim xalqların müdrikliyi haqqında" (1609), "Yeni Atlantida" (1627), "Prinsiplər və başlanğıclar haqqında" adları ilə məşhur olan tədqiqatları daxildir. Esse Bekonun birinci fəlsəfı əsəridir. Həmin əsər 58 qısa qeyddən ibarətdir. Bu qeydlər əxlaq, iqtisadiyyat, siyasət, fəlsəfə, estetika elmlərinin müxtəlif problemlərinə həsr olunmuşdur. Əsərin "Təcrübələr və təlimatlar" adlanan bölməsi özünün sağlığında iki dəfə nəşr edilmişdir. Bekon yazırdı ki, onun əsərləri içerisində ən geniş yayılanı elə bu əsəridir. O qeyd edirdi ki, "Allahm köməyi ilə mənim qələmimə nəsib olan bu əsər ən yaxşı bəhrələrdəndir".

Bekonun "Yeni Atlantida" əsərini sosial utopiya adlandırmaq olar. O, bu əsərdə cəmiyyətin ən əlverişli qaydada təşkilinə dair öz fikirlərini şərh etmişdir.

F.Bekon "VII Henrixin tarixi" adlı bir əsər də yazmışdı. Burada ingilis ictimai quruluşu təhlil olunur, Henrix dövründə sənətkarlığın və sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradıldığı qeyd edilir. O, həmin əsərdə keçmişi ideallaşdırır, onun nöqsanlarını aydın təsəvvür edə bilmir. Buna baxmayaraq yaşadığı dövrdə onun cəmiyyət haqqındakı baxışlarını və ictimai inkişafın qanunauyğunluqları barəsində fıkirlərini mütərəqqi baxışlar kimi qiymətləndirmirdilər. Bekon cəmiyyət hadisələrinə idealistcəsinə və mexaniki materializm mövqelərindən yanaşırdı.

Bekon fəlsəfəsi o zamankı cəmiyyətin obyektiv tələblərindən meydana gəlir və yeni yaranmaqda olan mütərəqqi sinfın mənafeyini əks etdirirdi. Təcrübi tədqiqatların aparılması, təbiətin dərkinin zəruriliyi haqqında onun fıkirləri yeni yaranmaqda olan mütərəqqi burjuaziyanın istək və arzularına tamamilə uyğun idi. Bekon fəlsəfəni bir seyrçi elm kimi rədd edir, onu təcrübi idraka əsaslanan, real dünya haqqında elm adlandırırdı. Bu fıkir həqiqətə münasibət məsələsində də özünü tam aydınlığı ilə açıb göstərirdi.

Frensis Bekon "həqiqətin ikiliyi" konsepsiyasının tərəfdarı idi. O, belə hesab edirdi ki, iki cür həqiqət var: l."Dini həqiqət" (Allah haqqında həqiqət, ilahiyyat həqiqəti). 2."Fəlsəfı həqiqət", yəni dərk olunmuş, seyr edilmiş həqiqət. Əlbəttə, burada yeni bir şey yoxdur. Həqiqətin ikiliyi haqqında təlim Bekondan da çox-çox əvvəllər mövcud idi. Lakin əvvəlkilərdən fərqli olaraq Bekon fəlsəfəsində "fəlsəfı həqiqət" "ilahiyyat həqiqətini" xeyli dərəcədə məhdudlaşdırırdı. Bunun da öz dövrü üçün mütərəqqi əhəmiyyəti vardı. Bütün bunlara görə də Hegel onun fəlsəfəsini xarakterizə edərək göstərirdi ki, "Bekon fəlsəfəsi xarici təbiəti və insanın ruhi aləmini müşahidə edən fəlsəfə idi".

Bekon özünün fəlsəfi sistemində elm, bilik və idrak problemlərinə xüsusi diqqət yetirirdi. O, yaşadığı cəmiyyətin sosial problemlərinin və ziddiyyətlərinin həllini elmin gələcək inkişafında görürdü. Bekon belə zənn edirdi ki, maddi istehsalın tərəqqisini elmin gücü ilə təmin etmək olar. Xırda sənətkarlığı manufaktura və sənaye təcrübəsinə çevirməyi elmdən kənarda təsəvvür etmək qeyri-mümkündür. Bunun üçün təbiətşünaslıq elmlərinin məlumatlarından geniş istifadə etmək lazımdır. Bekon elmin mənası, məqsədi və vəzifəsi haqqında "Elmin geniş miqyasda bərpası" əsərində yazırdı ki, bütün insanlar elmin həqiqi məqsədini başa düşməlidirlər. Onlar elmdən nə özlərinin ruhu xatirinə, nə alim mübahisəsi xatirinə, nə şan-şöhrət, nə məkrli məqsədlər, nə də ki, hakimiyyət əldə etmək üçün istifadə etməməlidirlər. İnsanlar elmdən bəhrələnməli, həyat özü böyük uğurlar əldə etməlidir.

F.Bekon gerçəkliyin, real surətdə mövcud olan dünyanın dərk edilməsində elmin roluna böyük əhəmiyyət verirdi. Onun fikrincə idrakın əsas silahı hisslər, təcrübə və eksperimentdir. Bu onu göstərir ki, Bekon fəlsəfəsi üçün təbii-elmi idrak səciyyəvidir. Cəmiyyətin inkişafında elmin, biliyin və idrakın rolundan danışan Bekon aşağıdakı qərara gəlir: "Bütün imkanlardan istifadə edib fıkirlərlə şeylərin qarşılıqlı əlaqəsini təzələmək və onlan bir-birinə daha da yaxınlaşdırmaq lazımdır". Bekon fəlsəfəsinin materialist meylini Hegel belə qiymətləndirirdi: "Bekon sxolastik mühakimə üsulunu tamamilə rədd etdi. Ziyalı adamın hissi ilə qavranılan hadisələr haqqında yürütdüyü mühakimə Bekon mövqeyinin mahiyyətini təşkil edir". Bekon materializmində müəyyən bir kompromis vardır (kompromis — qarşılıqlı güzəşt əsasında razılaşma, uzlaşma deməkdir). Bu kompromis özünü Bekonun "həqiqətin ikiliyi" nəzəriyyəsində və insan ruhunun "ikiliyi" haqqında baxışlarında daha aydın şəkildə göstərir. Əlbəttə, Bekon ilahiyyatın tədqiqat sahəsini fəlsəfənin tədqiqat sahəsindən ayırırdı. Bununla əlaqədar o, belə bir sual qarşısında dayanmışdı: insan bu iki sahənin hansına məxsusdur? Bekon həmin suala birmənalı cavab vermişdir: "İnsan bir cismani varlıq kimi elm və fəlsəfənin tədqiqat sahəsinə məxsusdur". Ruh haqqında söhbət gedəndə Bekon onu iki hissəyə bölür: l.Ağlasığan ruh. 2.Hissi ruh. Ağlasığan ruh insana Allahın məsləhəti ilə verilir. Bekon deyirdi ki, bu ilahiyyatın predmetidir. Hissi ruh isə cismani xarakterə malikdir. Ona görə də fəlsəfənin tədqiqat sahəsinə aiddir.

Deyilənlərdən aydm olur ki, Bekonun fəlsəfı təfəkkürünün ümumi meyli materialist xarakterə malikdir. Ona görə də təsadüfı deyildir ki, Marks və Engels Bekonu ingilis materializminin, habelə bütün müasir eksperimentləşdirici elmin banisi hesab etmişlər.

Lakin yeni dövrün təbiət elmləri rüşeym halında olduğu üçün Bekonun materializmi istər tarixi, istərsə də qnoseoloji cəhətdən məhdud idi. Eyni zamanda bu materializm insan, insan əqli haqqında intibah dövrünün anlayışlarının təsiri altında yaşayırdı. Ona görə də Bekon materializmi dərin struktura malik deyildi, əslində o, bir bəyannaməni xatırladırdı. Marks və Engels yazırdılar ki, "Bekon fəlsəfəsində, sadəlövh formada olsa da, hərtərəfli inkişafın rüşeymləri var idi. Həm də onun təlimində materiya özünün şairanə hissi parıltıları ilə insanın üzünə gülür". Bu fıkri necə başa düşmək olar? Birincisi, Bekon fəlsəfəsindən danışanda ilk növbədə bilmək lazımdır ki, o, mexaniki metafıziki materializmin nümayəndəsidir. İkincisi, Bekonun mexaniki, metafiziki materializmin nümayəndəsi olması heç də o demək deyildir ki, o, inkişaf ideyasından tamamilə imtina edirdi.

Təbiətin materialist anlayışının əsasını verən Bekon materiya və hərəkət barəsində, dünyanın dərk olunması haqqında maraqlı fikirlər söyləmişdir. Hər şeydən əvvəl onu deyək ki, Bekon fəlsəfəsində materiya dünyada mövcud olan hər şeyin əbədi əsası və ilkin səbəbidir. Bekon şeylərdə atomistik struktur axtanr və belə hesab edirdi ki, materiya atomlardan ibarətdir. "Prinsiplər və başlanğıclar haqqında" əsərində yazırdı ki, atomlar materiyaya, formaya, ölçüyə, müəyyən yer tutumuna, müqavimət qüvvəsinə, hərəkətə malik olan real varlıqlardır. O, materiyanı hissi keyfıyyətlərin obeyktiv müxtəlifliyi kimi başa düşür və belə zənn edirdi ki, bu keyfiyyətlər insan tərəfindən qavranılır. Bekon materiyanm passivliyi, ətalətliyi haqqında təsəvvürləri rədd edirdi. O göstərirdi ki, materiya daxili fəallığa malikdir.

Hərəkəti materiyanın ayrılmaz tərkib hissəsi sayan Bekon onu yalnız cismin məkan daxilində yerdəyişməsi kimi başa düşmürdü. O deyirdi ki, təbiətdə sonsuz sayda hərəkət formaları və növləri ola bilər. Hərəkətin həmin formaları və növlərinin kombinasiyası nəticəsində gerçəkliyin predmetləri, şeyləri yaranır.

Materiyanın kəmiyyətinin saxlanması haqqında da Bekonun fıkirləri maraqlıdır. O, bu barədə "Yeni orqanon" əsərində yazırdı: "Materiyanın bütün kəmiyyətləri, yaxud onların məcmusu daimidir, onlar nə artmırlar, nə də azalmırlar".

Frensis Bekonun idrak nəzəriyyəsi sahəsində xidmətləri təkzibedilməzdir. O, idrakın və təfəkkürün metodları haqqında xüsusi təlim yaratmışdır. Onun fəlsəfəsində idrak fəaliyyətinin çıxış nöqtəsi, hər şeydən əvvəl hisslər idi. Ona görə də çox zaman Bekonu empirizmin (yunanca empeiria sözündəndir, mənası təcrübə deməkdir) banisi, hissi idrakın tərəfdarı hesab edirdilər. Yeni dövrdə ingilis materializminin əksər nümayəndələri hissi idrak mövqeyində dururdular. İdrak nəzəriyyəsi sahəsində fəlsəfi meylin əsas prinsipi aşağıdakı tezisdə əks olunmuşdur. "İnsan əqlində elə bir şey yoxdur ki, o, buna qədər hisslərdən keçməsin". Əlbəttə, Bekon hissi idrakı mütləqləşdirmir, idrakın digər formalarını da inkar etmirdi. Onun hissi idrak haqqındakı mülahizələri sxolastikaya qarşı yönəldilmişdi. Bekon özü bu barədə yazırdı: "Mən idrak prosesində hissi qavrayışın rolunu həddindən artıq dərəcədə şişirtmirəm. Lakin elə hərəkət edirəm ki, hisslərə yalnız eksperiment qiymət versin. Eksperiment özü şeylər haqqında məlumat verir. Xüsusi cihazlarla silahlanmış təcrübənin incəliyi hisslərin özlərinin incəliyini üstələyir".

Bekon hissi idrakı bir qədər dar mənada, təcrübə və eksperimentin ümumi kontekstinə daxil edir. Ona görə də Bekon fəlsəfəsini (xüsusən onun idrak nəzəriyyəsini) empirik fəlsəfə adlandırmaq daha dəqiq olardı. Bekon eksperimentə əsaslanan təcrübəni (əlbəttə, hissi qavrayışdan təcrid olunmamış) yeni elmi metodun çıxış nöqtəsi hesab edir, məntiqi isə idrakın silahı — orqanon kimi başa düşürdü. Lakin Bekonun məntiqi Aristotelin sillogizm nəzəriyyəsinə (məntiqi nəticəyə) əsaslanan deduktiv məntiqdən kəskin şəkildə fərqlənirdi. Bekon deyirdi ki, sillogizm məntiqi əsl bilik əldə etmək və həqiqətə nail olmaqda insanlara kömək göstərməyə qadir deyildir. O yazırdı ki, "Mənə qalırsa, mən sillogizm yolu ilə sübutları rədd edirəm, ona görə ki, o, yalnız qarmaqarışıqlıq yaradır, təbiət nəzarətdən, müşahidədən yayınır. Bu məntiqlə mühakimə yürüdülən zaman hər cür səhvlərə yol verilə bilər, çünki sillogizm mühakimələrdən ibarətdir, mühakimələr sözlərdən yaranmış, sözlər isə anlayışların işarələridir". Orta əsrlərdə deduktiv sillogizm məntiqindən sxolastik spekulyativ diskussiyalarda istifadə olunurdu.

F.Bekon bunlara qarşı yeni məntiq irəli sürür. O göstərir: "Mənim məntiqim üç şeydə ənənəvi məntiqdən fərqlənir: 1. Özünün məqsədi cəhətdən. 2. Sübutetmə üsulundan. 3. Tədqiqatın harada başlaması cəhətdən. Mənim elmimin məqsədi sübutlar kəşf etməkdən ibarət deyildir. Mənim məqsədim birbaşa cismlərin özlərini əks etdirmək və təhlil etməkdən ibarətdir".

Göründüyü kimi, Bekon fəlsəfəsi hansı məqsədə tabedirsə, onun öz məntiqi də həmin məqsədə tabedir. O, öz məntiqinin əsas iş metodunu induksiya (xüsusi mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu) sayırdı. Bekon belə hesab edirdi ki, yalnız bu üsulla nəinki məntiqdə, hətta bütün idrak prosesində nöqsanlardan azad olmaq mümkündür. O, induksiyanı belə xarakterizə edir: "İnduksiya dedikdə mən elə sübut formasını nəzərdə tuturam ki, o, hisslərə baxsın, onlara göz yetirsin, şeylərin təbii xarakterini dərk etməyə nail olsun, əməli fəaliyyətə can atsın və onunla qaynayıb-qarışsın". İnduktiv metod gerçəkliyin eksperimental, təcrübi yolla öyrənilməsinə yönəldilmişdir. Həmin metod ayrı-ayrı faktlardan ümumi müddəalara keçməyi tələb edir. Başqa sözlə, ayrı-ayrı faktlar ümumi müddəalara aparıb çıxarır. Lakin Bekon bu metodun rolunu həddindən artıq şişirdir, idrakda deduksiyaya heç bir əhəmiyyət vermirdi. O, faktiki induksiyanı deduksiyadan təcrid edirdi. Əlbəttə, Bekon səhv edirdi, heç bir vəchlə onların birini digərindən ayırmaq olmaz. O, induktiv metodun özünə də tənqidi yanaşaraq deyirdi ki, biz faktlan sadalamaqla məşğul olan induktiv metoddan imtina etməliyik. İnduktiv metod faktları təhlil edib müəyyən bir nəticəyə gəlməlidir. Bekona görə "elmlərə induksiyanın elə forması lazımdır ki, o, təcrübəni təhlil etsin, tədqiq edilən obyektin ayrı-ayrı elementlərini bir-birindən fərqləndirə bilsin. Yalnız bunlardan sonra nəyi isə rədd edib və nəyi isə qəbul edərək inanılmış nəticə çıxarmaq olar".

Bekon yeni məntiqin işlənib hazırlanmasını məqsədəmüvafiq hesab edirdi. Onun fıkrincə yeni məntiq yalnız idrakın həqiqiliyini təmin edən vasitə deyil, o, eyni zamanda, elmin nəzəri əsaslarının yaradılmasında mühüm əhəmiyyət kəsb edən bir vasitə olmalıdır. O, bu barədə belə deyirdi: "Məndə belə bir inam əmələ gəlib ki, əsl məntiq elmin ayrı-ayrı sahələrinə nüfuz etməlidir". Əsl məntiq yalnız kəmiyyət cəhətdən deyil, eyni zamanda keyfiyyət cəhətdən də elmin yüksəlişini təmin etməlidir. Bütün bunların hamısına yalnız və yalnız gerçəkliyin hadisələrini dərk etməklə nail olmaq mümkündür. Bekon belə hesab edirdi ki, təbiətin dərk olunması yolunda insanlara xas olan bir sıra maneələr, "yanılmalar" — (idollar) vardır. Onun fikrincə, bu yanılmaların başlıcası aşağıdakılardan ibarətdir: 1. "Cins yanılmaları", 2. "Mağara yanılmaları", 3. "Bazar yanılmaları", 4. "Teatr yanılmaları". Bu yanılmaların hər birini ayrılıqda təhlil cdək.

1. "Cins yanılmaları" haqqında. "Bu yanılmaların əsası insanın öz təbiətindədir, insan nəslinin özündədir. Onlar həm təbii, həm də anadangəlmə olur. İnsan əqli şeyləri əks etdirərək öz təbiəti ilə şeylərin təbiətini bir-birilə qarışdırır və onları təhrif edir". Həmin yanılmalar insan əqlinin məhdudluğundan və hisslərin naqisliyindən doğur. Belə yanılmaları necə aradan qaldırmaq olar? Bunun üçün, birinci növbədə, onların insan əqlinin təbii xassəsi olduğunu başa düşmək lazımdır. Eyni zamanda idrak prosesində yeni induksiyanın qaydalarına ardıcıl surətdə əməl olunmalıdır.



2. "Mağara yanılmaları" haqqında. Onlar insanın fərdi xüsusiyyətindən, ayrı-ayrı adamların səciyyəvi həyat tərzindən doğur. Bekon bu barədə yazır: "Mağara yanılmaları — bir fərd kimi insanın öz yanılmalarıdır. Ona görə ki, hər bir adamın özünün fərdi mağarası və ya yuvası var. Bu mağara fərdin təbiətini dəyişdirir və təhrif edir. Bir tərəfdən ona görə ki, hər kəsin öziinün müəyyən, xüsusi təbiəti vardır, digər tərəfdən də ona görə ki, hər bir fərd müxtəlif cür tərbiyə almış və müxtəlif adamlarla ünsiyyətdə olmuşdur. Digər tərəfdən də ayrı-ayrı fərdlər müəyyən kitablar oxumuş, həmin kitablar bu və ya digər fərdə müxtəlif cür təsir bağışlamışdır. Bir də ki, hər bir fərdin ruhu olduqca dəyişkəndir, dolaşıqdır və elə bil ki, təsadüfıdir".

  1. "Bazar yanılmaları" haqqında. Bu yanılmaların kökünü insanların sosial həyatında axtarmaq lazımdır. Elə yanılmalar var ki, insanlar bir-biri ilə ünsiyyətdə olanda yaranır. Onları biz "Bazar yanılmaları" adlandırırıq. "Bazar yanılmaları" adamların sözləri düzgün işlətməmələrindən və köhnəlmiş anlayışlardan aralana bilməmələrindən törəyir, nəticədə insan əqlinə maneçilik törədir. Bekon onları yanılmaların ən zərərlisi hesab edir və yeni induksiyanın qaydalarına ardıcıl surətdə əməl etmək yolu ilə bu yanılmaları aradan qaldırmağı mümkün sayır.

  2. "Teatr yamlmaları" haqqında. Həmin yanılmaların kökləri Bekon dövrünün elminə və fəlsəfəsinə gedib çıxır. Bekon bu barədə deyir: "Bu yanılmalar insan fıkrinə müxtəlif fəlsəfı təlimlərdən köçüb gəlmişdir. Mən onları "Teatr yanılmaları" adlandırıram, ona görə ki, ənənəvi surətdə kəşf edilmiş bütün fəlsəfi sistemlər elə bil ki, teatr oyunlarına bənzəyir. O fəlsəfı sistemlərin nümayəndələri bəzi teatrlarda olduğu kimi uydurulmuş dünyalar yaradırlar. Həmin yanlış və uydurulmuş müddəalar bəzən insanlar tərəfındən tənqidsiz mənimsənilir ki, bu da insanda saxta təsəvvürlər yaradır və gerçəkliyi düzgün dərk etməyə maneçilik törədir. F.Bekonun idrak prosesində məqsədəmüvafıq bildiyi metodlardan biri də təhlili təcrübə metodudur. Bu metodun mahiyyəti aşağıdakılardan ibarətdir: 1. Faktların müşahidə olunması. 2. Faktların sistemləşdirilməsi və onların müxtəlif siniflərə, şöbələrə, dərəcələrə bölünməsi. 3. Lazım olmayan faktlardan imtina edilməsi. 4. Predmetin öz tərkib hissəsinə ayrılması. 5. Təcrübədə faktların yoxlanması. 6. Ümumiləşdirmə.

F.Bekon təcrübəyə əsaslanmadan, yalnız əqlin gücü ilə həqiqəti axtarmaq kimi sxolastik yollardan, metodlardan imtina edirdi. Eyni zamanda göstərirdi ki, idrak yalnız hissi məlumatlara əsaslana bilməz. İdrakın vəzifəsi təbiətin qanunlarını, şeylərin, hadisələrin daxili, səbəbiyyət əlaqələrini açmaqdan ibarətdir. Buna isə nəzəri təfəkkür və ya məntiqi idrak vasitəsi ilə nail olmaq mümkündür. Bekon yeni dövrün fəlsəfəsində vahid adam idi ki, idrakda hissi və rasional pillələrin birliyinin zəruriliyi məsələsini qarşıya qoymuşdu. Bu isə materialist idrak nəzəriyyəsinə onun böyük töhfəsi kimi qiymətləndirilməlidir. Lakin Bekon düzgün qoyulmuş həmin məsələnin həllinə nail olmadı. O, nəzəri təfəkkürün idrak prosesindəki həqiqi əhəmiyyətini başa düşə bilmədi, bir empirik kimi onu düzgün qiymətləndirmədi. Əvvəldə dediyimiz kimi, o, "həqiqətin ikiliyi" nəzəriyyəsinin tərəfdarı idi. O deyirdi ki, elmin öz idrak sahəsi var, o, təbiətdir. Dinin isə idrak sahəsi ruh və o biri dünyadır.

Bekon fəlsəfəsində teizm (yunanca theos sözündəndir, mənası Allah deməkdir. Dünyanın ağıl və idraka malik bir şəxsiyyət kimi təsəvvür edilən Allah tərəfindən yaradılıb idarə olunduğunu iddia edən dini mistik ehkam) qalıqları, dini-ilahi meyllər də vardır. Məsələn, onun əsərlərində belə ifadələrə də rast gəlmək olar: "Hər şey Allahdan yaranır". Bekon materialist olsa da, dinə qarşı açıq çıxış etmirdi. O deyirdi ki, elmlə yanaşı din də mövcud ola bilər. Bununla birlikdə, Bekon elmə ayrıca, müstəqil yaşamaq hüququ verirdi və yazırdı ki, onun buna hüququ vardır. Bunlar hamısı sübut edir ki, o, ardıcıl materialist olmamışdır. Marks göstərirdi ki, Bekonun təlimi ardıcıl olmayan teoloji fikirlərlə də doludur.

F.Bekon fəlsəfəsində onun sosioloji və siyasi görüşləri də diqqəti cəlb edir. "VII Henrixin tarixi" və "Yeni Atlantida" əsərlərində onun sosioloji baxışları öz əksini tapmışdır. Bekonun sosial fəlsəfəsi insanları sülhə çağırır, qarşılıqlı ədavətə qarşı mübarizəyə səsləyirdi. İnsan idrakınm ecazkar qüdrətinin sərhədlərini genişləndirməyi lazım bilirdi. Bekon bu barədə yazırdı: "Bizim fəlsəfəmiz insanları qarşılıqlı ədavətə, vuruşmağa, döyüşməyə çağırmır. Biz istəyirik ki, insanlar öz aralarında sülhə gəlib, birgə qüwələrlə təbiətə qarşı mübarizəyə başlasınlar, hücuma keçib insan qüdrətinin sərhədlərini fəth edərək onu bir qədər də genişləndirsinlər".

Bekon insanların nəzər diqqətini ideal cəmiyyətin yaradılmasının zəruriliyinə cəlb edirdi. Lakin onun ideal cəmiyyət haqqında fıkirləri Tomas Morun və Kampanellanm təliminə nisbətən daha mühafızəkar idi. Məsələn, onun əfsanəvi Bensalema adasındakı ideal cəmiyyəti, mahiyyət etibarilə o zamankı ingilis cəmiyyətinin ideallaşdırılması demək idi. Bu cəmiyyətdə insanlar varlılara və kasıblara bölünür. Həmin adada insanlarm həyatında xristian dini mühüm əhəmiyyət kəsb edir. Orada "Solomon evi" adlanan alimlər cəmiyyəti ölkənin idarə olunmasında və xalq kütlələrinin təşkilində həlledici rol oynayır. Bu utopiyada Bekon elmi insan fəaliyyətinin mühüm formalarından biri sayırdı. Bensalemadakı ideal cəmiyyətdə tərbiyəsiz qadın mühakimə olunur, oğurluq, qanun pozğunluğu və s. neqativ hadisələr ittiham edilir. Bekonun sosial utopiyasındakı tənqidi qeydlər hökmran siniflərə qarşı yönəldilməmişdir. Onun məqsədi həmin cəmiyyəti sağlamlaşdırmaqdan, neqativ hadisələrdən təmizləməkdən ibarət idi.



Bekon yeni dövrün fəlsəfəsinin formalaşmasında xüsusi rol oynadı. Onun empirizmi istər tarixi, istərsə də məntiqi cəhətdən məhdud idi. İdrakın gələcək inkişafı baxımından Bekon fəlsəfəsi öz dövrü üçün mühüm əhəmiyyət kəsb etmişdir.

Yeni dövr fəlsəfəsinin banilərindən biri də Dekart idi.
Yüklə 22,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin