2014 – 2017-cü illər üzrə TƏLİm strategiyasi baki – 2014



Yüklə 440,28 Kb.
səhifə1/5
tarix21.04.2017
ölçüsü440,28 Kb.
#15088
  1   2   3   4   5
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİ

CİNAYƏT YOLU İLƏ ƏLDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN VƏ YA DİGƏR ƏMLAKIN LEQALLAŞDIRILMASI VƏ TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ

2014 – 2017-cü illər üzrə

TƏLİM STRATEGİYASI

BAKI – 2014

Mündəricat

  1. Giriş 2




  1. Təlim sahəsində mövcud vəziyyətin təhlili 5




  1. MMX-nın 2014-2017-ci illər üzrə Təlim Strategiyası 11

  2. Təlim Strategiyası çərçivəsində görüləcək tədbirlərin planı 16



Giriş

Azərbaycan Respublikasında PL/TMM1 sahəsində əsas dövlət institutu olan MMX2 növbəti strateji planlaşdırma dövründə qarşısına qoyduğu yeni hədəflərə uğurla nail olunması üçün MMX-nın, monitorinq subyektlərinin3 və aidiyyəti dövlət orqanlarının institusional potensialının gücləndirilməsi çağırışı ilə üzləşməkdədir.

Maliyyə əməliyyatlarına dair məlumatların qəbulu, təhlili və təhlil nəticəsində PL/TM əlamətləri mövcud olan məlumatların hüquq mühafizə orqanlarına təqdim etmə kimi əsas funksiyalardan əlavə, MMX bir sıra digər fakültativ funksiyaları da icra edir. Belə funksiyalardan biri PL/TMM sahəsində qanunvericiliyə uyğun olaraq təlim fəaliyyətinin həyata keçirilməsidir. MMX-nın fəaliyyətə başladığı 2009-cu ilin sonundan indiyə qədər həyata keçirdiyi təlim fəaliyyətləri qurumun əməkdaşlarını, monitorinq subyektlərini4, nəzarət və hüquq mühafizə orqanlarını, məhkəmə sistemini, habelə bir sıra digər dövlət orqanlarını əhatə etmişdir. Belə genişmiqyaslı təlimlərin təşkilində MMX Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Eqmont Qrupu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi bir sıra beynəlxalq və regional təşkilatlarla, eləcə də ölkə daxilində Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan Respublikasının Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədris Mərkəzi ilə əməkdaşlıq etməkdədir.

Ümumilikdə, 2013-cü ilin sonunadək MMX-nın təşkil etdiyi 140 təlimə təxminən 5100 iştirakçı cəlb olunmuşdur. MMX hər il üzrə təlim proqramları hazırlayır və bu proqramların uğurla yerinə yetirilməsinə xüsusi diqqət yetirir.

PL/TMM sahəsində milli sistemin iştirakçısı olan təşkilatların PL/TM hallarına qarşı mübarizə potensialının gücləndirilməsinə xidmət edən təlimlərin təşkili PL/TM cinayətlərinin qarşısının alınması və aşkarlanmasında mühüm rol oynayır. Bu sahədə sistemin effektivliyi yalnız MMX-nın fəaliyyətindən deyil, həmçinin monitorinq subyektlərinin şübhəlilik əlamətlərini vaxtında aşkarlaması, hüquq mühafizə və məhkəmə orqanlarının cinayət təqibi prosesini səmərəli və uğurla həyata keçirilməsindən asılıdır. Odur ki, MMX təlim fəaliyyətlərində yalnız monitorinq subyektlərini deyil, həm də aidiyyəti hüquq mühafizə, məhkəmə və nəzarət orqanlarının geniş surətdə əhatə olunmasına çalışmış və fəaliyyət dövrü ərzində qarşıya qoyulmuş bu məqsədə nail ola bilmişdir.

Təlim sahəsində mövcud vəziyyətin təhlili
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində effektiv fəaliyyətin mühüm şərtlərindən biri kimi bu sahədə fəaliyyət göstərənlərin peşəkar bilik və bacarıqlarının artırılması və bununla bağlı təlim proqramlarının ardıcıl olaraq həyata keçirilməsi çıxış edir. Təcrübə göstərir ki, bu sahədə daim yeni tendensiyalar meydana çıxır ki, buna uyğun olaraq pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizənin yeni üsul və metodlarını öyrənməyə ehtiyac yaranır. Maliyyə Monitorinqi Xidməti yarandığı dövrdən həm əməkdaşların təliminə, həm də monitorinq iştirakçılarının sahə üzrə maarfiləndirməsi və potensialın gücləndirilməsinə ayrılan diqqəti xüsusi ilə vurğulanmaq olar.

Belə ki, 2010-2013-cü illər MMX-nın əməkdaşları müxtəlif tədbir, təlim,seminar və konfranslarda iştirak etmişlər. MMX-nın 8 əməkdaşı müxtəlif illərdə ACAMS (Pulların yuyulmasına qarşı mübarizə üzrə Ekspertlər Assosiasiyası) tərəfindən «CAMS» (PL/TMM sahəsində «ekspert» Sertifikatı) imtahanında iştirak etmişlər sertifikat əldə etmişdirlər, 1 əməkdaşımız Maliyyə hesabatlarının beynəlxalq standartları mövzusunda təlim keçərək beynəlxalq sertifikat ACCA diplomu almışdır, digər 1 əməkdaşımız “ITIL Foundation” kursunda iştirak edərək, sertifikat əldə etmişdir. Bundan başqa, 26 əməkdaşımız müxtəlif illərdə «Pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə və ödəniş sistemlərindən sui-istifadəyə qarşı mübarizə: Beynəlxalq inkişaf və milli perspektivlər», «Pulların yuyulmasında milli risklərin qiymətləndirilməsi», «İR sahəsində ən yaxşı təcrübələr–çoxmillətli perspektivlər», «Maliyyə Kəşfiyyatı Orqanlarında İnformasiya Texnologiyaları və Maliyyə Analizi», “Deploying Cisco Asa Firewall Solutions”, “ITIL Foundation”, “Milli risk qimətləndirilməsinə dair” , “Risk əsaslı yanaşma”, «Maliyyə Kəşfiyyatı Orqanlarında Strateji Təhlil», “Keçid iqtisadiyyatlı dövlətlərdə korrupsiyadan əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması hallarının təhlili və tipologiyalar” və “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı mübarizə” mövzusunda bir çox təlimlərdə iştirak etmiş və bu istiqamətdə bilik və bacarıqlarını daha da inkişaf etdirmişlər.

2009-2013-cü illər ərzində MMX 140 təlim təşkil etmiş və bu tədbirlərdən monitorinq iştirakçılarını təmsil edən 5100 nəfər faydalanmışdır.
Analitik potensial

MMX-nın əsas funksiyasının icrasını həyata keçirən Analitik şöbəyə peşəkar mütəxəssislər cəlb edilmiş və onların mütəmadi olaraq təlimlərdə iştirakı təmin edilmişdir. O cümlədən, analitik təhlilin keyfiyyətinin artırılması üçün xarici ekspertlər tərəfindən maliyyə təhlili, vizuallaşdırma proqramları üzrə bir sıra təlimlər keçirilmişdir. Həmçinin MMX-da analitik üsullar və xüsusi araşdırma texnologiyaları üzrə metodoloji təlimat, təhlil işinin qaydaları və sair istiqamətləri əhatə edən metodoloji baza formalaşdırılmışdır.

Analitik şöbənin bütün əməkdaşları təlim fəaliyyəti ilə əhatə edilərək, peşəkar potensiallarının müəyyən dərəcədə gücləndirilməsinə nail olmuşlar.

Bunlarla yanaşı, hazırda MMX-nın analitik təhlil sahəsində peşə tələblərinə cavab verən peşəkar kadrlarla təmin edilməsinə, habelə mövcud əməkdaşların bir sıra sahələr üzrə bilik və bacarıqlarının artırılmasına ehtiyac vardır. Bunlardan İT və proqramlaşdırma, bank və maliyyə əməliyyatlarının təhlili, məlumatların intellektual təhlili sahələri üzrə biliklərin artırılması daha aktualdır.

Analitiklərin strateji təhlil üzrə potensiallarının daha da gücləndirilməsi məsələsi də hazırda aktuallıq kəsb edir. Həmçinin analitiklərin müntəzəm olaraq yeni təhlil alətləri (məlumatların dərinləşdirilmiş təhlili, maliyyə təhlili, vizuallaşdırma və s. proqram təminatlarını dəstəkləyən müvafiq kompüter proqramları) və texnologiyalarının tətbiqi üzrə bacarıqlar və vərdişlərinin artırılmasına ehtiyac var.
Nəzarət funksiyası üzrə potensial

Nəzarət şöbəsi tərəfindən daşınmaz əmlakın alqı–satqısı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin və lombardların maarifləndirilməsi məqsədilə təşkil edilən təlimlərin əsas məqsədi sözügedən monitorinq subyektlərinin əməkdaşlığa cəlb olunmasını, Preventiv Qanuna5 uyğun olaraq məlumatların təqdim olunmasını təmin etmək, bununla da onların lazımi bilik və vərdişlərə yiyələnməsinə nail olmaqdan ibarət olmuşdur.

Qurumun nəzarət funksiyasını həyata keçirən işçi heyəti PL/TMM sahəsinin müxtəlif aspektləri üzrə beynəlxalq və ölkədaxili təlimlərdə iştirak etmiş və müvafiq bilik və bacarıqlara yiyələnmişdir.

MMX-nın nəzarət funksiyası üzrə fəaliyyətinin sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində qanunvericiliyin yeni tələblərinə əsasən müvafiq nəzarət-yoxlama tədbirlərinin risk qiymətləndirilməsi əsasında aparılması nəzərdə tutulduğu üçün bu istiqamətdə də potensialın gücləndirilməsinə ehtiyac var.


Hüquq və metodologiya sahəsində potensial

Hüquq və metodologiya şöbəsi tərəfindən monitorinq subyektlərinə, nəzarət və hüquq mühafizə orqanlarına mütəmadi olaraq metodoloji dəstək tədbirləri göstərilmişdir.

Bunun üçün müvafiq potensial da mövcuddur ki, şöbənin iki əməkdaşı ACAMS sertifikatına və MONEYVAL-ın PL/TMM üzrə qiymətləndirici statusuna malikdir. Hüquq və metodologiya şöbəsinin əməkdaşları beynəlxalq tərəfdaşlar tərəfindən ölkəmizdə və xaricdə təşkil edilmiş PL/TMM sisteminin bir çox istiqamətlərinə dair təlimlərdə fəal iştirak etmiş və öz bilik və bacarıqlarının yüksəldilməsinə nail olmuşlar.

Hüquq və metodologiya şöbəsinin növbəti illər üçün nəzərdə tutulmuş taktiki hədəflərini yerinə yetirmək məqsədi ilə FATF-ın yeni Standartlarına, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasına görə BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələri ilə barələrində sanksiyalar nəzərdə tutulmuş şəxslərin əmlakının dondurulmasına və cinayət nəticəsində əldə edilmiş əmlakın qanuni sahibinə qaytarılmasına dair təlimlərə xüsusi ehtiyac duyulur.


Beynəlxalq əməkdaşlıq sahəsində potensial

Beynəlxalq əməkdaşlıq şöbəsi də PL/TMM sahəsinin müxtəlif aspektlərə dair xarici tərəfdaşlar tərəfindən təşkil edilmiş təlimlərə cəlb edilmişdir. Struktur bölmənin əməkdaşları PL/TMM sahəsində beynəlxalq standartlar, beynəlxalq əməkdaşlıq, maliyyə təhqiqatı üsulları, milli risk qiymətləndirilməsi, qurumlararası əməkdaşlıq, yeni FATF Tövsiyələri və metodologiyası və sair mövzularda təlimlərdə fəal iştirak etmişdir. Həmçinin Beynəlxalq əməkdaşlıq şöbəsinin 2 əməkdaşı Eqmont Qrupunun müvafiq İşçi Qruplarının üzvüdürlər. Şöbənin bütün əməkdaşları təlim fəaliyyəti ilə əhatə edilərək, peşəkar potensiallarının müəyyən dərəcədə gücləndirilməsinə nail olmuşlar.

Buna baxmayaraq, MMX-nın FATF-ın yeni Standartları, beynəlxalq əməkdaşlıq və münasibətlər, protokol və işgüzar ünsiyyət üzrə biliklərin artırılmasına ehtiyac duyulur.
HR6 menecmenti üzrə potensial

İnsan resurslarının idarə edilməsi sahəsində müvafiq prosedurların qəbul edilməsinə və beynəlxalq tərəfdaş tərəfindən təmin edilmiş texniki yardım çərçivəsində yerinə yetirilmiş tədbirlərə baxmayaraq, işə qəbul, qiymətləndirmə və motivasiya üzrə prosedurların, habelə vəzifə təlimatlarının tətbiqi arzu olunan səviyyədə deyildir. Təlim fəaliyyətinin planlaşdırılması və sistemin qurulması sahəsində də bir çox boşluqlar müşahidə olunmaqdadır. Bunun səbəbləri arasında müvafiq mütəxəssis potensialının daha da gücləndirilməsini və insan resursları üzrə mütəxəssisin təkmilləşdirməyə ehtiyac olan sahələr üzrə beynəlxalq təlimlərdə iştiraka olan ehtiyacınıda qeyd etmək olar.


İT7 menecmenti üzrə potensial

MMX-nın fəaliyyətdə olduğu müddət ərzində İnformasiya texnologiyaları şöbəsinin bütün əməkdaşları davamlı olaraq təlimlərə cəlb edilmiş və müvafiq bilik və vərdişlərə yiyələnməklə qurumu bu sahədə ixtisaslaşmış müxtəlif qruplarda təmsil etmişlər.

İT üzrə əməkdaşların peşəkar bilik və bacarıqları ilə, informasiya texnologiyalarının inkişafından yaranan fərqlərin çevik şəkildə aradan qaldırılması üçün mütəmadi olaraq təlim ehtiyaclarının ödənilməsi zəruridir.

Həmçinin İT kadr potensialının MMX-nın tətbiq etdiyi layihələrə uyğun mütənasib şəkildə gücləndirilməsinə ehtiyac var.


Maliyyə menecmenti üzrə potensial

Xarici ekspertlərin dəstəyi ilə MMX-da büdcə portfelinin formalaşdırılması və maliyyə idarə edilməsi, maliyyə hesabatlarının beynəlxalq standartlarında baş verən yeniliklərin maliyyə uçotu və hesabatlarda tətbiqi təmin edilmişdir. Bundan əlavə, qurumun mühasibat uçotu qrupunun rəhbəri maliyyə hesabatları, beynəlxalq standartlarının tələblərinə uyğun olaraq  mühasibat uçotunun aparılması və maliyyə hesabatların tərtib edilməsi (ACCA DipİFR) diplomu almışdır.

Maliyyə idarəçiliyi üzrə beynəlxalq standartlar və proqram təminatının dinamik inkişafını nəzərə alaraq, bu prosesin müntəzəm olaraq davam etdirilməsi vacib hesab olunur.
Monitorinq subyektləri

PL/TMM sahəsində hesabatlığa məsul olan monitorinq subyektləri və onların bu sahədə öhdəlikləri Preventiv Qanunla tənzimlənir. 2009-cu ilin oktyabr ayında MMX-nın fəaliyyətə başlamasından sonra monitorinq subyektlərinin PL/TMM sahəsində öhdəliklərinin icrası ilə bağlı konkret mexanizmlər yaradılmışdır. Lakin hazırda PL/TMM üzrə öhdəliklərin icrası demək olar ki, yalnız banklar tərəfindən təmin edilir. Digər monitorinq subyektlərinin mütləq əksəriyyətində daxili nəzarət sistemi yaradılmayıb, məsul şəxs müəyyən olunmayıb və ya onlar tərəfindən MMX-ya heç bir məlumat təqdim edilməyib.

Qeyd etmək lazımdır ki, bankların da əksəriyyətində tələblərə uyğun daxili nəzarət sistemləri tətbiq olunmur. Banklardan qəbul edilmiş ümumi məlumatların 40%-nin keyfiyyəti, yəni analitik təhlil üçün yararlığı aşağı olaraq qalır.

2010-cu ildən başlayaraq bu günə qədər monitorinq subyektlərinə 123 təlim keçirilmiş, o cümlədən banklar üçün 98 təlim təşkil edilmişdir. Təlimlərdə 4520 nəfər iştirak etmişdir. Təlimlərin bir çoxu xarici ekspertlərin iştirakı ilə təşkil edilmişdir.

2012-ci ildə elektron tədris portalı istifadəyə verilmişdir. Hazırda 466 nəfər qeydiyyatdan keçmiş, 16 nəfər imtahana cəlb olunmuş və onlardan 9-u sertifikat almışlar. Elektron tədris portalının istifadəçilərinin 80%-i bank işçiləri təşkil etmişdir.

Həmçinin 2012-ci ildə «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun peşəkar kommentariyası hazırlanaraq nəşr edilmişdir. Bu kommentariya Preventiv Qanunda təsbit edilmiş tələblərin praktikada dəqiq və dürüst implementasiyası üçün metodoloji yardım xarakteri daşıyır.


Nəzarət orqanları

Hər bir monitorinq subyektinin PL/TMM sahəsində öhdəliklərinə nəzarət üzrə məsul olan dövlət orqanları və onların bununla bağlı vəzifələri mövcud qanunvericiliklə aydın şəkildə müəyyən olunub.

2010-cu ildən başlayaraq bu günə qədər nəzarət orqanları üçün 12 təlim keçirilmişdir. Təlimlərdə 281 nəfər iştirak etmişdir. Təlimlərin bir çoxu xarici ekspertlərin iştirakı ilə təşkil edilmişdir.

Bütün bunlara baxmayaraq, nəzarət orqanlarını PL/TMM sahəsində potensialı hələ də lazımı səviyyədə deyil. Onların həm effektiv PL/TMM üzrə nəzarət sisteminin formallaşdırılması, həm də müvafiq sahədə yoxlamaların aparılması xüsusiyyətlərinə dair təlimlərə, ən yaxşı beynəlxalq təcrübələrinin öyrənilməsi və tətbiq edilməsinə ehtiyacları duyulur.


Hüquq mühafizə və məhkəmə orqanları

PL/TM halları üzrə cinayət təqibinin həyata keçirilməsi üçün məsul olan hüquq mühafizə orqanları və onların bu sahədə səlahiyyətləri qanunvericiliklə dəqiq şəkildə müəyyən olunub.

Bununla belə, məhkəmə və istintaq orqanları PL halları ilə bağlı kifayət qədər peşəkarlığa və təcrübəyə malik deyillər. Bu baxımdan, məhkəmə və istintaq orqanlarının PL/TMM sahəsində mövcud problemləri arasında PL əməlinin istintaqı üçün mühüm əhəmiyyət kəsb edən dolayı sübutlarla işləmək bacarığının və səriştəsinin olmamasını da qeyd etmək olar.

2010-cu ildən başlayaraq bu günə qədər hüquq mühafizə və məhkəmə orqanları üçün 16 təlim keçirilmişdir. Təlimlərdə 283 nəfər iştirak etmişdir. Təlimlərin bir çoxu xarici ekspertlərin iştirakı ilə təşkil edilmişdir.


Beləliklə, PL/TMM üzrə təlim sahəsində mövcud vəziyyətin təhlilinin nəticələrini və Strategiyanın həll edəcəyi çağırışları aşağıdakı kimi sistemləşdirmək olar:

  1. MMX əməkdaşları potensialının gücləndirilməsinə ehtiyacın olması:

    1. insan resursları və təhsil-təlim menecmenti sisteminin təkmil olmaması;

    2. analitik potensialın gücləndirilməsi ehtiyacının qismən ödənilməsi;

    3. nəzarət funksiyasının inkişaf etdirilməsi zəruriyyəti;

    4. beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi;

    5. informasiya texnologiyaları üzrə müasir standartların mənimsənilməsi;

    6. maliyyə menecmenti sisteminin ardıcıl inkişaf etdirilməsi.

  2. Monitorinq subyektlərinin potensialının lazımi səviyyədə olmaması:

    1. qeyri-bank monitorinq subyektlərinin institusional potensialının zəif olması;

    2. bankların məsul şəxslərinin peşəkar səviyyəsinin yüksəldilməsi.

  3. Nəzarət orqanlarının potensialının lazımi səviyyədə olmaması:

    1. PL/TMM sahəsində nəzarət sisteminin formalaşdırılması üzrə potensialın lazımi səviyyədə olmaması;

    2. PL/TMM sahəsində öhdəliklərə nəzarətlə bağlı yoxlama üzrə potensialın zəif olması.

  4. Hüquq mühafizə və məhkəmə orqanlarının potensialının lazımi səviyyədə olmaması:

    1. PL/TM hallarına dair cinayət təqibinin (istintaq fəaliyyəti və məhkəmə baxışı) lazımi səviyyədə olmaması;

    2. PL/TM halları ilə bağlı istintaq fəaliyyəti və dolayı sübutlarla iş üzrə potensialın lazımi səviyyədə olmaması.



MMX-nın 2014-2017-ci illər üzrə Təlim Strategiyası
Əvvəlki bölmədə sistemləşdirilmiş formada müəyyən etdiyimiz meyarların həlli məqsədilə MMX-nın 2014-2017-ci illər üzrə Təlim Strategiyası aşağıdakı sxemdə əks olunmuş məqsəd və vəzifələri qarşısına qoyur:

Yuxarıda qeyd edilən vəzifələrə uyğun olaraq səmərəli və hərtərəfli Təlim Strategiyasının hazırlanması məqsədilə ilk növbədə hədəf qruplar müəyyən edilmişdir.

Təlim Strategiyası ilə əhatə olunacaq hədəf qurum və təşkilatlar aşağıdakı kateqoriyalardan ibarətdir:


  1. MMX;

  2. monitorinq subyektləri;

  3. nəzarət orqanları;

  4. hüquq mühafizə və məhkəmə orqanları.

Təlim Strategiyası strateji məqsədlərə nail olunması üçün müvafiq tədbirlər sistemini özündə əks etdirir.
MMX əməkdaşlarının potensialının daha da gücləndirilməsi komponenti

MMX-nın başlıca funksiyalarla və ümumi idarəetmə ilə bağlı potensialının gücləndirilməsi üçün təlim strategiyasının iki istiqamətdə təşkil edilməsini məqsədəuyğun hesab edilir:



  1. MMX-nın qanunvericiliklə müəyyən edilmiş başlıca funksiyalarının icrası ilə əlaqədar təlimlər;

  2. MMX-nın başlıca funksiyaları ilə birbaşa əlaqədar olmayan təlimlər.

Birinci kateqoriya üzrə işçi heyətin analitik potensialının qısa müddətdə yüksək səviyyəyə çatdırılmasına nail olmaq üçün dəqiq hədəflərə malik təlimlərin keçirilməsi tələb olunur. MMX-nın işçi heyətinə PL/TMM sahəsində beynəlxalq standartlar, maliyyə təhlili və təhqiqatları, PL/TM risklərinin prioritetləşdirilməsi, məlumat bazaların idarə olunması və analitik proqram təminatlarının funksiyaları, açıq mənbələrdən məlumatların axtarış üsulları, məntiqi və tənqidi təfəkkürünün formalaşdırılması, PL/TMM sahəsində yeni tendensiyalar kimi mövzularda təlimlər keçirilməsi məqsədəmüvafiq hesab edilir.

Nəzarət funksiyasının yerinə yetirilməsi işinin təkmilləşdirilməsini təmin etmək üçün əməkdaşların risk-əsaslı yanaşma, PL/TMM sahəsində yoxlamaların keçirilməsi, nəzarət orqanları arasında beynəlxalq əməkdaşlıq üzrə təlimlər keçirilməlidir.

Hüquq və metodologiya, beynəlxalq əməkdaşlıq potensialının daha da gücləndirilməsi məqsədilə FATF-ın yeni Tövsiyələrinə, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasına görə BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələri ilə barələrində sanksiyalar nəzərdə tutulmuş şəxslərin əmlakının dondurulmasına və cinayət nəticəsində əldə edilmiş əmlakın qanuni sahibinə qaytarılmasına, beynəlxalq əməkdaşlığa dair təlimlər keçirilməlidir.

Eyni zamanda, əməkdaşlar tərəfindən digər dövlət orqanlarına PL/TMM üzrə metodoloji dəstəyin göstərilməsi potensialının gücləndirilməsi tədbirlərinin görülməsi məqsədəmüvafiq hesab edilir.

MMX əsas funksiyalarının effektiv şəkildə yerinə yetirilməsi məqsədilə daima yenilənən və inkişaf edən informasiya texnologiyaları və maliyyə menecmenti istiqamətində də ixtisaslaşmış beynəlxalq təlim-təhsil proqramlarında iştirak etməklə bu sahədə olan ən yaxşı təcrübələri tətbiq etməlidir.

MMX-da əməkdaşların təlim-təhsil məsələsində sistemli yanaşmanın mövcud olmaması ilə yanaşı, müvafiq HR sisteminin inkişaf etməməsi səbəbindən hazırkı formada təlimlərin planlaşdırılması və təşkili işinin təkmilləşdirilməsi üzrə xüsusi tədbirlər Təlim Strategiyası çərçivəsində icra edilməlidir. Belə ki, HR mütəxəssisi beynəlxalq təcrübəyə əsaslanaraq və Təlim Strategiyasını əsas tutaraq illik təlim planları hazırlamalı, uçotu və qiymətləndirilməsini aparmalıdır.


Monitorinq subyektlərinin potensialının gücləndirilməsi komponenti

Təlim Strategiyası çərçivəsində monitorinq subyektlərinin planlı və effektiv surətdə PL/TMM sahəsində təlimlərlə əhatə edilməsi nəzərdə tutulmuşdur. Monitorinq subyektlərində PL/TMM sahəsində təlimlərin təşkil edilməsində əsas məqsəd aidiyyəti əməkdaşların monitorinq subyektinin fəaliyyət göstərdiyi sahədə mövcud olan PL/TM riskləri barədə məlumatlığının və monitorinq subyektləri belə risklərlə qarşılaşdıqda, nə kimi tədbirlərin həyata keçirilməsinə dair effektiv qərar verilməsinin təmin olunmasıdır.

Monitorinq subyektlərinin institusional potensialının yüksəldilməsi məqsədilə təlimlər iki istiqamətdə aparıla bilər: daxili və ya xarici təlimlər.

Daxili təlimlər dedikdə, daxili nəzarət sisteminin tətbiqi tələblərinin aid olduğu, habelə daxili nəzarət sisteminin formalaşdırılması qanunvericiliklə tələb edilməyən monitorinq subyektlərində «Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair Tələblər»in 14-cü bəndindəki PL/TMM üzrə təlimlərin keçirilməsi bağlı müddəaların icrası ilə əlaqədar qurumdaxili təlimlərin təşkili nəzərdə tutulur. Bu sənədə əsasən, aidiyyəti monitorinq subyektlərində PL/TMM sahəsində təlimlər keçirilməli, onların əməkdaşlarının qanunvericiliklə, eləcə də şübhəli əməliyyatların aşkarlanması meyarları ilə tanış olması təmin edilməlidir.

Daxili təlimlər məsul şəxs və ya kənardan cəlb edilmiş ekspert tərəfindən aparıla bilər. Daxili təlimlərdə aidiyyəti struktur bölmələrin rəhbərlərinin, məsul şəxsin, hüquq və audit şöbələrinin və ya müvafiq səlahiyyətləri həyata keçirən struktur bölmənin əməkdaşlarının, müştərilərə birbaşa xidmət göstərən əməkdaşların, qərarların qəbulu və idarəetmədə iştirak edən əməkdaşların iştirakı təmin edilməlidir.

Xarici təlimlərə isə xarici dövlətlərdə müxtəlif qurumlar, habelə müvafiq nəzarət orqanları, digər dövlət orqanları və ölkəmizdə MMX tərəfindən təşkil edilən təlimlər daxildir.

Xarici təlimlərdə monitorinq subyektinin məsul şəxsinin, yaxud təşkilatçının təlimdə iştirakını məqsədəmüvafiq hesab etdiyi vəzifələri icra edən əməkdaşların iştirakının təmin edilməsi tövsiyə edilir8.

Monitorinq subyektlərinin əməkdaşlarına əsas etibarilə milli PL/TMM qanunvericiliyi, beynəlxalq standartlar, şübhəli əməliyyatların aşkarlanması meyarları, müştərilərin eyniləşdirilməsi və verifikasiyası, daxili nəzarət sistemi, qanunvericilikdə əks olunmuş sanksiyalar, PL/TMM sahəsində yeni tendensiyalar, habelə digər aidiyyəti mövzularda təlimlər keçirilməsi PL/TMM sahəsində potensialın yüksəldilməsinə öz töhfəsini verəcəkdir.


Nəzarət orqanlarının potensialının gücləndirilməsi komponenti

Nəzarət orqanları monitorinq subyektlərinin fəaliyyətinin tənzimlənməsi və qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməsi baxımından milli PL/TMM sistemində müəyyən olunublar.

Nəzarət orqanlarının əməkdaşlarına, habelə onların barəsində nəzarəti həyata keçirdiyi monitorinq subyektləri üçün PL/TMM sahəsində nəzarət, səyyar və kameral yoxlamalar, monitorinq subyektləri üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyalar, PL/TMM sahəsində beynəlxalq standartlar, nəzarət orqanları arasında beynəlxalq əməkdaşlıq mövzularında təlimlərin keçirilməsi məqsədəuyğun hesab olunur.

Nəzarət orqanlarının PL/TMM sahəsində daxili təlim planlarının hazırlanması və belə planların icrasına rəhbərlik tərəfindən nəzarət edilməsi məqsədəmüvafiq hesab edilir. Bununla bərabər, nəzarət orqanlarının davamlı olaraq MMX, eləcə digər beynəlxalq təşkilatlar və dövlət orqanları tərəfindən fəaliyyətləri ilə əlaqədar təşkil edilən təlimlərdə iştirakı vacib hesab edilir.


Hüquq mühafizə və məhkəmə orqanlarının potensialının gücləndirilməsi komponenti

Hüquq mühafizə və məhkəmə orqanları MMX və xarici beynəlxalq təşkilatların təşkil etdiyi bir çox təlimlərdə iştirak etmişdir. Cinayət təqibinin, o cümlədən istintaqın səmərəli surətdə aparılması və onun yekununda əsaslandırılmış ittiham aktının məhkəməyə təqdim edilməsi baxımından müstəntiqlər, prokurorlar və hakimlər üçün PL/TMM sahəsində hərtərəfli təlimlərin təşkili xüsusi əhəmiyyət kəsb edir.

Bu orqanların əməkdaşları və hakimləri üçün maliyyə təhqiqatları və onun üsulları sahəsində təlimlərin keçirilməsi prioritet hesab edilə bilər.

Bundan başqa, mütəşəkkil cinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması üçün törədilən cinayətlər, PL/TMM sahəsində beynəlxalq standartlar kimi mövzularda keçirilən təlimlərdə hüquq mühafizə orqanlarının nümayəndələrinin iştirakı da mühümdür.


Strategiyanın gözlənilən nəticələri aşağıdakılardır:

  • monitorinq subyektləri tərəfindən MMX-ya təqdim edilən məlumatların keyfiyyəti yüksələcək;

  • MMX tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilən məlumatların keyfiyyəti yüksələcək və bununla da hüquq mühafizə orqanlarının fəaliyyətinin effektivlik meyarı artacaq;

  • hüquq mühafizə orqanları tərəfindən tərtib edilən ittiham aktlarında əsaslandırma daha dəqiq ifadə ediləcək;

  • təqdim edilmiş ittiham aktları əsasında verilən məhkəmə qərarlarının sayı artacaq və yekun nəticədə məhkəmə sistemində ədalətlilik prinsipinin daha dəqiq bərqərar olunmasına nail olunacaq;

  • PL/TMM sistemi ilə əlaqədar müəyyən vəzifələrə malik dövlət orqanlarının, eləcə də monitorinq subyektlərinin potensialının artması təmin ediləcəkdir.

Yüklə 440,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin