29 Yanvar 2008-ci IL №dk-1053d mərhəmətli, Rəhimli Allahın adı ilə



Yüklə 160.93 Kb.
tarix16.02.2017
ölçüsü160.93 Kb.


Ramil Soltanov

ÖLÜMƏ QƏDƏR

Azərbaycan Respublikasının

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin

İcazəsi: 29 Yanvar 2008-ci il DK-1053D




Mərhəmətli, Rəhimli Allahın adı ilə

 

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlan­ma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimi­zin şərin­dən və pis əməl­­­lərimiz­dən qorun­maq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət verərsə o, doğru yol­da olar, kimi azdırarsa onu doğru yo­la yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir.



Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq məsəlman olduğunuz halda ölün!1

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəm­dən) xəlq edən, ondan da onun üçün zövcə (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadın­ (törədib yer üzünə) yayan Rəb­bi­niz­­dən qorxun! Adı ilə bir-birinizdən (cür­bə­cür şeylər) istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəs­məkdən (həzər edin)! Həqiqətən, Allah si­zə Nəzarət edən­dir!2

Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə et­sə­­niz) Allah əməllərinizi islah edər və günah­larınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar.3

Əsrlərdir insanları düşündürən, onlar üçün qaçınılmaz olan və heç zaman çarə tapa bilmədikləri bir reallıq mövcuddur. Bu reallıq dünya durduqca öz qüvvəsində qala­caqdır və cismində ruhu olan hər bir məxluq onunla gec-tez qarşılaşacaqdır. Bu risaləmiz­də haqqında danışaca­ğı­­mız ölüm elə bir şey­dir ki, hər kəs onu dadacaqdır. Uca Allah buyurur: “Hər bir kəs ölümü dadacaqdır”.4

Əbədi yaşamağı, bu dünya həyatında əbədi olaraq ömür sürməyi arzu edənlərin çox olmasına baxmayaraq, ölümdən yayın­maq mümkünsüzdür.

Uca Allah buyurur: Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə”.5

Ölümdən qaçmaq, gizlənmək imkansız­dır. Ondan heç bir sığınacaq yeri olmaz. De: “Qaçdı­ğınız ölüm sizi mütləq haqlaya­caqdır. Sonra siz qeybi və aşkarı Bilənin hü­zuruna qaytarılacaqsınız. O da sizə nə et­diklərinizi xəbər verəcəkdir”.6

   Səhl ibn Səd (Allah ondan razı olsun) rəvayət edir ki, Cəbrayıl (Ona Allahın salamı olsun) Pey­ğəmbərin (Allahın ona salavatı və salamı olsun) yanına gələrək dedi: “Ey Muhəmməd, necə istəyirsən yaşa onsuz da öləcəksən, kimi istəyirsən sev onsuz da ondan ayrılacaqsan, nə istəyirsən et onsuz da onun əvəzini alacaqsan”.7

Müsəlman ölümü həmişə xatırlamalıdır. Bilməli­dir ki, dünyaya gəlib-getmiş hər bir Adəm övladı kimi əvvəl-axır o da ölümü dadacaqdır. Ölümü tez-tez xatırlmaq, ona hazırlıq görüb axirət həyatı üçün özünə azuqə yığmaq hər bir müsəlmana vacibdir. Sələfilərin həyat tərzinə baxdıqda onların hər zaman ölümü xatırlayıb və onun üçün hazırlıq gördüklərinin şahidi oluruq. Əbu əd-Dərdə (Allah ondan razı olsun) buyurur: “Ölümü tez-tez xatırla­yın, o zaman çox şeyə paxıllıq etməyəcək və çox şeyə sevinməyə­cəksiniz”. Şeyxul-İslam ibn Teymiy­yə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “İki şey mənə bu dünyanın ləzzətindən dadmağa imkan vermirdi. Bunlar – ölüm haqqında fikirləş­mək və Uca Allahın qarşısında necə duraca­ğımı düşünməkdir”.

   Adətən dilimizdə belə bir ifadə var vaxt­sız ölüm. Cavan və ya uşaq yaşlarında ölən üçün vaxtsız ölüm onu haqladı deyirlər. Lakin gəlin bir anlıq düşünək ki, ölümə vaxtsız demək nə dərcədə doğrudur. Əslin­də bu yanlış ifadə öz vədəsində gələn ölü­mün dəqiq vaxtını bilməməyimizdən qay­naqlanır. Hamı öləcəyini yəqin bildiyi halda nə özünə, nə də başqalarına ölümün nə vaxt gələcəyini bilmir. Hətta son dərəcə inkişaf etmiş müasir tibb elmi ən ağır xəstələrdə belə ölümün dəqiq tarixini müəyyən edə bilmir. Bir aylıq ömrü qalıb diaqnozu qo­yulan xəstələrin uzun illər yaşamasının, bir neçə dəqiqə əvvəl sağlam gördüyümüz ada­mın isə qəflətən ölməsinin az şahidi olmamı­şıq. Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq qoymaz. O, öz vədəsi, vaxtı tamam olunca gələr. Elə buna görə də ona hər gün, hər saat, hər an hazır olmalıyıq. İlk olaraq vaxtı­mızı saleh əməllər görməyə, Rəhmli və Qadir Allahın bizə bəxş etdiyi bu dünya həyatından səmərəli istifadə etməyə çalış­malıyıq.

Uca Allah buyurur: “Əzab sizə gəlməmiş­dən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə endirilən ən gözəl (Sözə) tabe olun! (Sonra) kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən (dinə və dində olanlara) rişxənd edənlərdən idim!”. Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım! Həm də əzabı gördüyü zaman deməsin: “Kaş bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlər­dən olardım!”.8

   Uca Allah həmçinin buyurur: Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. Sizlərdən biri­nə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”- deməmişdən əvvəl sizə verdiyim ru­zidən xərcləyin. Allah əcəli çatmış kəsə əsla möhlət verməz. Allah sizin nələr etdiyiniz­dən xəbərdardır”.9

İnsan ölümə yaxınlaşdıqca gerçək olan İlahi həqiqətləri daha dərindən dərk etməyə başlayır. Keçirdiyi həyata nəzər salıb nə qazanıb, nə itirdiyini anlayır. Yalnız ölümü yaxınlaşdığı an faydasız başa vurduğu günlərinin qədrini bilir. Xüsusən də kafirlər İslam dinini qəbul etmədiklərinə görə daha çox üzülürlər. Uca Allah buyurur: “Nəhayət, onlar­dan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır”.10

Həmçinin Uca Allah başqa bir ayədə bu­yurur: “İnsanları onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. (Onlara deyilə­cək­dir:) “Məgər əvvəllər siz (dünyadan köçməyəcə­yiniz) barədə and içməmişdiniz?”.11

   Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “İki nemət var ki, insanların çoxu bundan qafildirlər; sağlamlıq və boş vaxtdır”.12 Bu hədis ona dəlalət edir ki, insanların çoxu bu iki nemətdən lazımınca istifadə etmirlər. Bu iki nemətə yiyələnən kəs vaxtından səmərəli istifadə etməklə ya­naşı, Allaha da şükür etməlidir.

   Bu dünya axirətin tarlası və xeyri axirətdə götürülən ticarətdir. Heç bir əməl boşa getmir. Hətta zərrə qədər edilən yaxşılıq və pislik belə. Hər kim vaxtını və sağlamlığını Allaha ibadətdə keçirərsə, Qiyamət günü xeyrini görəcəkdir. Əks halda isə peşmanlıq çəkənlərdən olacaqdır. Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Pey­ğəm­bər (Allahın ona salavatı və salamı olsun) buyur­muşdur: “Beş şey gəlməzdən öncə beş şeydən istifadə et. Qocalanadək cavanlığından, xəstə­lənədək sağlamlığından, kasıblayana qədər mal-dövlətindən, məşğul olanadək boş vaxtından və nəhayət ölüm gələnədək həyatından”.13

   Şəkk yoxdur ki, ağıllı insan ölümündən sonrakı həyata azuqə yığmaqla hazırlaşmalı­dır. Etdiyi bütün günahlardan tövbə edib, saleh əməllər görməlidir. Çünki ölüm insana qəflətən gəlir. İmam əl-Buxari (Allah ona rəhmət eləsin) özünün “Səhih” kitabında ölüm haq­qındakı bəzi hədisləri “Qəfləti ölüm” adlı fəsildə cəm etmişdir. Əbu Qatədə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) cənazənin yanından keçərkən dedi: “Dincəldi və ondan dincəldilər”. Səhabələr: “Ey Allahın elçisi! Dincəldi və on­dan dincəldilər nə deməkdir– deyə soruş­dular. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Mömin bəndə dünyanın yor­ğunluğundan dincəldi, pis insandan isə insanlar, ağaclar və heyvanlar dincəldilər”.14

   Əbədi həyat, əbədiyyət arzusu ilə yaşa­yan insan oğlu yalnız ölümündən sonra əbə­di həyata qovuşacaqdır. Bu dünya həyatını başa vurduqdan sonra ölüb, öldükdən sonra isə yenidən dirilib, axirətdə əbədi olaraq qalacaqdır. Lakin orada necə yaşaması bu dünya həyatını necə keçirməsinə bağlıdır. Məhz buna görə hər insan saleh əməllər etməklə axirətinə hazırlıq görməlidir. Bunun üçün o, ən əvvəl aşağıdakılara əməl etməli­dir.

  1. Ölümü çoxlu xatırlamalıdır. Əbu Hü­reyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Ləzzətlərin sonunu (Ölümü) çoxlu yadınıza salın”.15 Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm­bərlə (Allahın ona salavatı və salamı olsun) bir yerdə idim. Ənsarlardan bir nəfər gələrək salam verdi və sonra dedi: “Ey Allahın elçisi! Hansı möminlər daha əfzəldir?”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Gözəl əxlaqa malik olanlar”. Sonra o, “hansı möminlər daha ağıllıdırlar?”– deyə soruşdu. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Ölümü çoxlu xatırlayanlar, və ona hazırlıq görənlər. Onlar ən ağıllıdırlar”.16

  2. Qəbir həyatını düşünməlidir. Çünki qəbir öldükdən sonra insanın ilk mənzilidir. Osmanın (Allah ondan razı olsun) mövlası Həni (Allah ondan razı olsun) rəvayət edir ki, Osman (Allah ondan razı olsun) qəbirin yanında durduq­da o qədər ağlayardı ki, saqqalı islanardı. Ona “Cənnət və Cəhənnəm xatırlandıqda ağlamırsan, buna görə ağlayırsan?!”– deyə soruşduqda. O, deyərdi: “Həqiqətən qəbir axirətin ilk mənzilidir. Hər kim bundan qurtularsa, ondan sonrakı daha asan, kim də ondan qurtulmazsa ondan sonrası daha şiddətli olar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir ki, Heç vaxt qəbirdən şiddətli mənzərə görmədim”.17

    3. Vaxtının az olduğunu dərk etməlidir. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib, yaxud bir müsafir kimi ol!". Abdullah ibn Ömər (Allah onlardan razı olsun) hər dəfə bu hədisi rəvayət etdikdən sonra əlavə edərdi: “Axşama çıxdıqda səhərə sağ qalaca­ğını, səhərə çıxdıqda isə axşama sağ qalaca­ğını gözləmə. Xəstələnənədək sağlamlığın­dan və ölənədək həyatından istifadə et!".18 Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demiş­dir: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. İkisinin də öz oğulları (qəlbən ona bağlı olan adamlar) vardır. Siz dünya oğullarından deyil, axirət oğulların­dan olun! Bu gün bir iş görürsünüz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir iş görə bilməyəcək­siniz".19

    4. Dünya malına bağlanmamalıdır. Dün­ya malına bağlanmaq insanı yolundan azdı­ran bir xəstəlikdir. Bu xəstəlikdən qurtul­maq üçün insan bu dünyada özündən aşağı olan insanlara baxmalı və bu dünyaya imta­han üçün gəldiyini dərk etməlidir. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Özünüzdən aşağı olana baxın, sizdən yuxarı olana baxmayın”.20 Abdullah ibn Zubeyr (Allah onlardan razı olsun) Məkkədə xütbə verərkən demişdir: “Ey insanlar! Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: “Adəm övladına bir vadi dolu qızıl versələr, ikincisini istəyər. İkincisini verdikdə isə üçüncü­sünü istəyər. Adəm övladının qarnını ancaq tor­paq doydurur. Uca Allah, onun üçün tövbə edən­lərin tövbələrini qəbul edir”.21 Müsəlman dün­ya malına bağlanmamalı, axirəti üçün azuqə yığmalıdır.

  5. Ölüm anını çoxlu yada salmalıdır. Bu elə bir andır ki, bunu can verən şəxsdən başqa heç kəs təsəvvür edə bilməz. Ölüm anındakı olan ağrını bədənin hər bir hissəsi hiss edir. Uca Allah buyurur: “(Can) boğaza yetişdiyi zaman – həmin an siz (can verən ada­ma) baxırsınız. Biz ona sizdən daha ya­xın oluruq, siz isə (bunu) görmürsünüz. Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız və doğru danışanlarsınız, onda, o canı geri qaytarın? Amma əgər o, (Allaha) yaxın olanlardandırsa, onda rəh­mətə, gözəl ruziyə və Nəim bağına yetişər. Əgər o, sağ tərəf sahiblərindəndirsə, (ona): “Sağ tərəf sahiblərindən sənə salam olsun!”- (deyiləcəkdir) Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yolda) azanlardan­dırsa, (ona) qaynar su ziyafəti veriləcək, özü də Cəhənnəmdə yanacaqdır. Həqiqətən, bu, şübhə doğurmayan həqiqətdir. Elə isə Ulu Rəbbinin adına təriflər de!”.22

  İnsan, xüsusilə də mömin insan ölüm anı­nı hər zaman xatırlamalıdır. Bu xatırlama möminin ölümə hazırlıq görməsinə kömək edir.

  6. Zalımların necə öldüyünü xatırlamalı­dır. Mələklər zalımların canını alanda onlar əziyyət çəkirlər. Uca Allah buyurur: “Zalım­ları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaq­sınız!”- (dedikləri­ni) bircə görəydin”.23

    Uca Allah buyurur: “Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə və yanlarına vura-vura (deyirdilər): “Dadın yandırıcı odun əzabını!”.24

  İnsan unutmamalıdır ki, etdiyi yaxşı əməllər nə qədər çox olsa belə yenə də azdır. Çünki ölüm anı gəldiyi zaman hər kəs etmədiyi yaxşı işlərə görə peşmançılıq çəkə­cəkdir. O zaman dünyaya qayıdıb yaxşı işlər görmək arzusunda olsalar da, bu arzuları gerçəkləşməz. Uca Allah Öz kəlamı ilə bu hadısəni belə vəsf edir: “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəb­bim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır”.25

   İbn Kəsir (Allah ona rəhmət eləsin) buyurur: “Kafirlərə ölüm anı gəldiyi zaman onları mələklərin verəcəyi əzab, başqaları üçün ibrət, şiddətli susuzluq, zincir, şiddətli yan­an atəş, qaynar su, Mərhəmətli və Rəhimli­nin qəzəbi və mələklərin onların ruhlarını aldıqda onları vurması, həmçinin başqa əzablar gözləyir”.26 



   7. Qəbir imtahanını xatırlamalıdır. Əsmə bintu Əbu Bakr (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) qalxıb qəbirdəki fitnə barəsində xütbə verdi. İnsanların qəbirlərində necə imtahan olunduqları haqda danışdıqda müsəlmanlar hönkür-hönkür ağlamağa başladılar.27

Nəsainin (Allah ona rəhmət eləsin) rəvayət etdi­yi hədisdə isə deyilir ki, müsəlmanların səslə ağlamasının səbəbi Peyğəmbərin (Allah­ın ona salavatı və salamı olsun): ”Sizin qəbirdə Dəccalın fitnəsinə yaxın bir imtahana məruz qalacağınız mənə vəhy olundu” sözləri idi.28   Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, biz Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edərkən Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) qəbrin yanında otur­du, biz də sakitcə onun ətrafında əyləşdik. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: “Qəbir əzabından Allaha sığının!” O, bunu üç dəfə təkrar etdik­dən sonra dedi: “Mömin bəndə dünyadan kö­çüb axirətə qovuş­duqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, (onun) gözünün gördüyü son məsafədə oturub gözləyir­lər. Sonra ölüm mələyi gəlib onun başının üstün­də oturub deyir: “Ey gözəl ruh! Allahın mərhə­mətinə və xeyir-duasına qovuşmaq üçün çıx (oradan!)” Nəhayət, mömin bəndənin ruhu bədə­nindən, su damcısı qabın ağzından axıb töküldü­yü kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında, (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən gözəl ətirin qoxusuna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən iba­rət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən, bu gözəl ruh kimin ruhudur?”– deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəs­dir”– deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapıları­nın açılmasını xahiş edir və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, qüdrətli və əzəmətli Allah buyurur: “Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu qaytarın yerə. Çünki Mən söz vermişəm ki, onları torpaq­dan yaratdım, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxar­daca­ğam.” Mələklər onu bədəninə qaytardıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”– deyə soruşurlar. O: “Rəbbim Allah­dır!”– deyə cavab verir. Onlar: “Dinin nədir?”– deyə soruşurlar. O: “Dinim İslamdır!”– deyə cavab verir. Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”– deyə soruşurlar. O: “Bu, Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) idi!”– deyə cavab verir. Onlar: “Həyatda ikən sən nə öyrəndin?”– deyə soruşurlar. O: “Mən Allahın Kitabını oxu­yub ona iman gətirdim və ona sadiq oldum”– deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: “Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!” Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yaraşıqlı paltarı olan və üst-başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: “Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!” Mömin: “Sən kimsən? Sənin üzündən xeyirxahlıq yağır!”– deyə soruşur. O da: “Mən sənin yaxşı əməli­nəm!”– deyə cavab verir. Onda mömin dua edib deyir:  “Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahib olum.”

   Kafir bəndə dünyadan köçüb axirətə qovuş­duqda göydən onun yanına zəhmli və qara simalı mələklər enir. Onlar özləri ilə Cəhənnəmdən giş (cod parça) gətirir və gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey yaramaz ruh! Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün çıx (oradan)” Nəhayət onun ruhu bədənindən, tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxır. Ölüm mələyi ruhu götürdük­dən sonra onu bir göz qırpımında, (oturub gözlə­yən) mələklərə təhvil verir, onlar da onu gişə bükürlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən pis iyə bənzər bir iy gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən bu iyrənc ruh kimin ruhudur?”– deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”– deyə bu bəndə­ni, (camaatın) onu həyatda ikən çağırdığı ən pis adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılmasını xahiş edir, lakin onun qapıları açılmır.

   Sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu ayəni oxudu: “Şübhəsiz ki, ayələrimi­zi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər”.29

   Sonra o (rəvayətinə davam edib) dedi: “(Allah buyurur): “Mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən Siccinə yazın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam”. Mələklər onu ruhunu göydən aşağı atırlar.

   Sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu ayəni oxudu: “Kim Allaha şərik qoş­sa, sanki o, göydən yerə düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar”.30

   Sonra o (rəvayətinə davam edib) dedi: “Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”– deyə soru­şurlar. O, mızıldanıb deyir: “M-mm... Bilmi­rəm!” Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”– deyə soruşurlar. O, yenə mızıldanıb deyir: “M-mm... Bilmirəm!” Bu vaxt göydən belə bir səda gəlir: “O, yalan danışır. Onun yolunu alovlandı­rın və onun üçün Cəhənnəmdən bir qapı açın!”



Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyir, qəbri də o qədər sıxılır ki, qabırğaları bir-birinə keçir. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst-başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyir: “Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!” Kafir: “Sən kimsən? Sənin üzündən şər yağır!”– deyə soruşur. O da: “Mən sənin yaramaz əməllərinəm!”– deyə cavab verir. Onda kafir yalvarıb deyir:  “Allahım! Qoyma Qiyamət qopsun”.31

  8. Qəbir əzabını və mükafatını xatırla­malıdır. Qəbir əzabı və mükafatı barədə Quran və sünnədə çoxsaylı dəlillər mövcud­dur. Uca Allah Fironun Qiyamətə qədər qəbirdə əzab çəkəcəyi barədə Qurani Kərim­də belə bildirir: “Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəsli­ni ən şiddətli əzaba salın!”.32

   Başqa ayədə buyurur: “Həqiqətən, zalım­lar üçün buna qədər (başqa) əzab da hazır­lanmışdır. Lakin onların çoxu (bunu) bil­mir”. 33

   Bu ayədə nəzərdə tutulan əzab, qəbirdə olan əzabdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bir dəfə qəbirlərin yanından keçdikdə: “Kim bu qəbir sahiblərini tanıyır?”– deyə soruşdu. Bir nəfər: "Mən”– deyə səsləndi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun): “On­lar nə zaman vəfat ediblər?”– dedi. Kişi: “Şirk içində ölüblər”– deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Bu ümmət qəbirlərində imtahan olunurlar. Bir-birinizi dəfn etməsəydiniz, Allaha dua edərdim ki, mən eşitdiyimi siz də eşidəsiniz”. Sonra üzü­nü bizə tərəf çevirərək dedi: “Qəbir əzabından Allaha sığının!”. Onlar da: “Qəbir əzabından Allaha sığınırıq”– dedilər.34

   Səhabələr qəbir əzabı haqqında eşidəndə qorxularından halları dəyişərdi. Hər bir insanın qəbri sıxılacaqdır. Bu sıxılmadan heç bir insan canını qurtara bilməyəcəkdir. Lakin bu sıxılma kafirlər üçün qəzəb və nifrət olsa da, möminlər üçün fərəh və sevinc olur.35

   Qəbir əzabı şiddətli olduğu üçün Peyğəm­bər (Allahın ona salavatı və salamı olsun) bizə hər namazın axırında qəbir əzabından Allaha sığınmağımızı əmr etmişdir. Şəkk yoxdur ki, Allahın nurlandırdığı qəbirlərdən başqa hamının qəbri zülmət içində olacaqdır.

Yaşadığımız bu dünyanın əsas yükünü bədən çəkir, ruh da ona tabe olur. Qəbir həyatında isə əksinə olaraq üstünlük ruha verilir və orada bədən ona tabe olur. Qiyamət günündə isə həm bədən həm də ruh bərabər olaraq ya əzabı, ya da veriləcək olan neməti dadacaqlar.

   Qəbir həyatı deyildikdə məlumdur ki, ölümdən sonrakı Qiyamətə qədər olan müd­dət nəzərdə tutulur. Bütün insanlar kimli­yindən və necə ölməyindən asılı olma­yaraq qəbir həyatını keçməlidirlər. İstər insan şəriət qaydaları ilə dəfn olunsun, istərsə də dənizdə boğulub ölsün, yaxud vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilsin və ya yanıb kül olsun. Hər bir halda bütün insanlar bu və ya digər şəkildə qəbir həya­tını yaşamalıdır.

   İnsan qəbirə qoyulduqdan sonra iki mələ­yin gəlib insanı qəbirdə imtahan eləməsi barədə olan hədislər bir çox səhabə tərəfin­dən rəvayət olunmuşdur. Yəni bu mənada olan hədislərin sayı yetmişə yaxındır.

   İnsanı qəbirdə əzab çəkməyə vadar edən bir çox səbəblər vardır. Bunlardan ən mühümləri; Allah barədə qafil olmaq, Onun əmirlərini yerinə yetirməmək, haram buyur­duğu şeylərdən çəkin­məmək, nəmmamlıq etmək, nəcasətdən qorunma­maq, yalan uydurub aləmə yaymaq, zina etmək, sələm yemək, Qurana əməl etməmək, namazlara səhlənkar yanaşmaq, qeybət etmək, insanla­rın namusuna sataşmaq və s. Hər bir təqvalı müsəlman bunlardan mütləq çəkinməlidir.

   Həmçinin qəbir əzabından qorunmaq üçün bir çox vasitələr də varid olmuşdur. Bunlara Allah yolunda şəhid olmaq, qəbir əzabına aparan əməllərdən çəkinmək, tövbə­ni gecikdirməmək, Allah yolunda keşik çəkdikdə ölmək və s. daxildir. Hər bir müsəlman qəbirdə əzaba düçar olmamaq üçün bunları və bunlardan başqa xeyir əməlləri etməlidir.

   Müsəlman həmişə qəbir həyatını xatırla­malı, ona hazırlıq görməli və Allaha çoxlu dua etməlidir.

   9. Dünyaya çox bağlanmamalı və Allaha çoxlu ibadət etməyə can atmalıdır. Peyğəm­bər (Allahın ona salavatı və salamı olsun) buyurmuş­dur: “Allaha and olsun ki, sizin kasıb olmanıza görə qorxmuram. Qorxuram ki, dünya sizdən öncəkilərin üzünə açıldığı kimi sizin də üzünüzə açılsın. Sizdən öncəkilərin bir-birlərini ötməyə çalışdıqları kimi siz də ona yiyələnmək üçün bir-birinizi ötməyə çalışasınız və onların həlak olduğu kimi həlak olasınız”.36 İbn Həcər (Allah ona rəhmət eləsin) bu hədisi şərh edərkən buyurmuşdur: “Dünya üçün yarışmaq dinin həlak olmasına gətirib çıxarır”.37 Hər hansı bir insan dünyaya nail olmaq üçün can atırsa o insan dinini unudanlardan olur. İmam Qurtubi (Allah ona rəhmət eləsin) bu hədisdəki “həlak olma” sözünü dünya işlə­rinə aludə olub axirət üçün hazırlaşmağı unutmaq kimi izah etmişdir.38 Bu hədisdən aydın olduğu kimi dünya malına can atmaq şər və qorxuludur. Uca Allah bu dünyanı vəsf edərək buyurur: Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, mal-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axi­rətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”.39

   Şəkk yoxdur ki, hər bir saleh olan əməl ibadətdir. İnsana yalnız bu fayda verəcəkdir. Bu dünyanın isə Allah yanında heç bir qədir qiyməti yoxdur. Səhl ibn Səd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuş­dur: “Dünya­nın Allah yanında ağcaqanadın qanadı qədər qədir qiyməti olsaydı kafirə bir qurtum  belə su verməzdi”.40

   Onu da dərk etmək lazımdır ki, müsəlman nə qədər yaxşı əməllər etsə belə arxayınlaş­mamalı və bacardığı qədər ibadətlərini çoxaltmalıdır. Əbu Hüreyrə (Allah ondan razı olsun) ölüm ayağında olarkən ağlayaraq deyir: “Mənim sursatım azdır, qarşımda isə səhra böyükdür və mən bilmirəm o, harada qurtaracaq Cənnətdə, yoxsa Cəhənnəmdə”.

   Müsəlman dünya malına yiyələnmək üçün bütün gücünü buna sərf etməməli və insan­ları bundan çəkindirməlidir.

   10. Dil ilə gözəl sonluğu istəyib əməl ilə ona can atmalıdır.

Şəkk yoxdur ki, insan gözəl sonluğa yiyə­lənmək üçün Allaha dua edib, əməlləri ilə ona yaxınlaşmalıdır. Uca Allah buyurur: “Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir”.41

   Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Həqiqətən əməllər sonluğuna görədir”.42 Müsəlman yaxşı və pis sonluğa aparan əməlləri bir-birindən ayırmağı bacar­malı və yaxşı işlər görməkdə həmişə tələs­məlidir. Çünki ölüm insana qəflətən gəlir. Gözəl sonluğa aparan səbəblərdən bəziləri aşağıdakılardır.

   Birinci səbəb: Ömrünün pis sonluqla başa çatmasından qorxaraq yaxşı işlər görməyə can atmaq. Sələfilər həmişə pis sonluqdan qorxar və əməllərini gözəlləş­dirərdilər. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) ətrafında olan səhabələr belə Cənnətlə müjdələnmələrinə baxmayaraq, nifaqdan qorxurdular. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Cənnətlə müjdələnən on səhabədən biri olsa da münafiq olmasından qorxurdu. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) münafiqlərin adını Huzeyfə ibn Yəmənə (Allah ondan razı olsun) dediyi üçün ona yaxınlaşaraq öz adının da onların içində olub olmadığını soruşur.43 Abdullah ibn Əbu Məlikəh (Allah ona rəhmət eləsin) demişdir: “Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) otuz səhabəsi ilə qarşılaşdım, onlardan hər biri özlərinə görə nifaqdan qorxur­dular”.44

   Uca Allah bəzi insanların canını alanda pis sonluqla alır. Ağıllı insanlar üçün bu cür hadisələrdə ibrətlər vardır. Bu cür pis sonluqlardan biri Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) nəvəsi Hüseyn ibn Əlini (Allah onlardan razı olsun) öldürən Ubeydullah ibn Ziyada aiddır. Bu insan Peyğəmbərin nəvəsini öldürdükdən sonra saleh insanların hamısı ondan üz döndərmişdilər. Əməlisa­leh insanlardan olan İbn Muğaffəl (Allah ona rəhmət eləsin) xəstələnib, ölüm ayağında olar­kən əmir Ubeydullah onu ziyarətə gəlib deyir: “Bizə nəyi vəsiyyət edirsən?” O: “Mə­nim üçün namaz qılma və mənim qəbrimə gəlmə”– deyə cavab verir. Onun anası Mər­canə oğlu Ubeydullaha deyirdi: “Peyğəmbə­rin qızının oğlunu öldürdün, Cənnəti gör­məyəcəksən”. Nəhayət hicrətin atmış yed­dinci ilində Ubeydullah öldürülür və başı kəsilərək Şama göndərilir. Bu hadisənin şahidi olmuş Əbu Tufeyl bu hadisəni belə vəsf edir: “Yeddi baş göndərildi. Onlardan Hüseyn ibn Numeyr və Ubeydullah ibn Ziyadın başını örtdüm. Sonra gəlib açdığım­da ilanın Ubeydullahın başını yediyini gör­düm”. Umarəh ibn Umeyr dedi: “Ubeydul­lah ibn Ziyadın və onun dostlarının başını gətirdilər. Onların yanına gəldikdə dostları “gəldi, gəldi” sözlərini deyirdilər. Bir ilan başlara yaxınlaşaraq Ubeydullahın  burnu­nun deşiyinə daxil oldu. Bir az qaldıqdan sonra çıxıb gözdən itdi. Onlar yenə də “gəldi, gəldi” sözlərini deməyə başladılar. Bu hal iki, ya da üç dəfə təkrar olundu”.45

   İkinci səbəb: Bütün günahlardan tövbə etmək. Bununla yanaşı həmçinin saleh əməllər etmək. Uca Allah buyurur: “Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”.46

   Başqa bir ayədə buyurur: “Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmli­yəm. Əzabım isə üzücü əzabdır”.47

   Şəkk yoxdur ki, günah etdikdən sonra peşiman olub tövbə edən kəs o günahı etmə­miş kimidir.

   Üçüncü səbəb: Gözəl sonluğu Allahdan istəmək. Məhz buna görə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) həmişə Allahdan dinində sabit qalmasını istəyərdi. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) ”Ey qəlbləri dəyişdirən, qəlbimi dinin üzərində sabit et!” duasını çoxlu-çoxlu edərdi.48

   Müsəlman gözəl sonluğa aparan hər bir duanı çoxaltmalıdır.

   Dördüncü səbəb: Günahlara nifrət edə­rək onlardan uzaqlaşmaq. Müsəlman Allah və Rəsulunun (Allahın ona salavatı və salamı olsun) haram buyurduğu şeylərə nifrət etməlidir. İnsan günah edib, günahında israr edərsə, sonluğunun pis başa çatmasına səbəb olar. Hər bir insan Qiyamət günü sonuncu etdiyi əməlləri ilə diriləcəkdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Kim hansı əməl üzərində ölərsə Allah həmin əməllə də onu dirildər”.49

  Beşinci səbəb: Bəla gəldikdə səbir etmək gözəl sonluğa aparan səbəblərdəndir. Eləcə də bəla gəldikdə səbir etməmək pis sonluğa gətirib çıxara bilər. Mömin bəndə hətta bəla gəldikdə belə Allahın razılığını qazanmağa çalışmalıdır. Çünki müsibətə səbr etmək günahları təmizləyir. Müsəlman bəndə səbir etdiyi əməlin savabını Allahdan ummalıdır. Abdullah ibn Məsud (Allah  ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyur­muşdur: “Xəstələnib əziy­yət çəkən elə bir müsəlman yoxdur ki, Allah onun günahlarını ağac yarpaqlarını tökdüyü kimi tökməsin.”50

   Altıncı səbəb: Allah barədə gözəl zənn etmək. Allah barədə pis zənn etmək insanın ölümünün pis sonluqla bitməsinə gətirib çıxarır. Müsəlman bəndə yəqinliklə etiqad etməlidir ki, Uca Allah zərrə qədər də olsun heç kimə zülm etmir. Cabir (Allah  ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) ölümündən üç gün əvvəl onun belə dediyini eşitdim: “Sizlərdən biriniz Allah barədə gözəl zənn etməyincə, ölməsin”.51

   Yeddinci səbəb: Uca Allahın möminlərə əbədi olaraq vəd etdiyi nemətlərdən xəbərdar olmaq. Çünki elmli olmaq əməl etməyə ən böyük səbəbdir. Uca Allah buyurur: “Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha daimidir. Məgər başa düşmürsü­nüz?”.52

   Səkkizinci səbəb: Bu dünyanın qısa müd­dət olduğunu dərk etmək, gözəl sonluğa gətirib çıxaran bir amildir. Uca Allah buyurur: “Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”- deyəcəklər. (Allah) deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz! Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaq­sı­nız?”.53

   Başqa bir ayədə buyurur: “Onlar vəd olunduqlarını görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar”.54

   Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Dünya möminin zindanı, kafirin isə Cənnətidir”.55

   Mömin bəndə dünyanın qısa olduğunu düşünüb saleh əməllər görməklə Allaha yaxınlaşmalıdır. Ömrü nə qədər uzun olsa bir o qədər xeyir işlərində davam etməlidir. Əbu Bəkr (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın elçisi, hansı insanlar daha xeyirlidir?”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Ömrü uzun əməli gözəl olan”. Sonra yenidən soruşdu: “Bəs hansı insanlar daha şərdirlər?”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) cavab verdi. “Ömrü uzun olub əməli pis olanlar”.56



Onu da qeyd edək ki, əlinizdəki kitab daima Uca Allaha möhtac olan insan əməyinin bəhrə­sidir və buna görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olar­sa ramil.soltanov@gmail.com elekt­ron ünvanına yazmanızı xahiş edirik.        

1 Ali İmran surəsi, 102.

2 ən-Nisa surəsi, 1.

3 əl-Əhzab surəsi, 70-71.

4 Ali İmran surəsi, 185

5 ən-Nisə surəsi, 78

6 əl-Cumə surəsi, 8.

7 Həkim 4/325. Albani hədisi həsənləşdirmişdir.

8 əz-Zumər surəsi, 54-58

9 əl-Munəfiqun surəsi, 9-11

10 Muminun surəsi, 99-100

11 İbrahim surəsi, 44

12 Səhih əl-Buxari, 6412

13 Hakim, 4/306. Albani hədisi səhihləşdirmişdir.

14 Səhih Muslim, 950.

15 Sünən ət-Tirmizi, 2307. Sünən ən-Nəsai, 1823. Sünən İbn Macə, 4258.

16 Sünən İbn Macə, 4259. Albani hədisi səhihləşdirmişdir.

17 Sünən ət-Tirmizi, 2307. Sünən İbn Macə, 4267.

18 Səhih əl-Buxari, 6416.

19 Səhih əl-Buxari, 6417.

20 Sünən ət-Tirmizi, 2513. Sünən İbn Macə, 4142. Albani hədisi səhihləşdirmişdir.

21 Səhih əl-Buxari, 6438.

22 əl-Vaqiə surəsi, 83-96.

23 əl-Ənam surəsi, 93.

24 əl-Ənfal surəsi, 50.

25 əl-Muminun surəsi, 99-100.

26 Təfsir İbn Kəsir, 487.

27 Səhih əl-Buxari, 1373.

28 Sünən ən-Nəsai, 2061. Albani hədisi səhihləşdirmişdir.

29 Əraf surəsi, 40.

30 əl-Həcc surəsi, 31.

31 Sünən Əbu Davud, 3212.

32 Ğafir surəsi, 45-46.

33 ət-Tur surəsi, 47

34 Səhih Muslim, 2867.

35 Həşiyətu əs-Sindi alə Sunəni ən-Nəsai, 4/ 100.

36 Səhih əl-Buxari, 6427. Səhih Muslim, 1052.

37 Fəthul-Bari, 6/363.

38 əl-Fəhmu ləmə Əşkələ min Təlxisi Kitabu Muslim, 7/133.

40 Sünən ət-Tirmizi, 2320. Sünən İbn Macə, 4110.


41 əl-Ənkəbut surəsi, 69.

42 Cəmiul-Ulum vəl-Hikəm, 1/172.

43 Bidəyə vən-Nihəyə, 5/19.

44 Səhih əl-Buxari, 1/21.

45 Siyar Əlamun Nubələ, 5/51-52.

46 ən-Nur surəsi, 31.

47 əl-Hicr surəsi, 49-50.

48 Sünən ət-Tirmizi, 3522.

49 Əhməd, 3/314. Albani hədisi səhihləşdirmişdir.

50 Səhih əl-Buxari, 5648. Səhih Muslim, 2571.

51 Səhih Muslim, 2877.

52 əl-Qasas surəsi, 60.

53 əl-Muminun surəsi, 112-115.

54 əl-Əhqaf surəsi, 35.

55 Səhih Muslim, 2956.

56 Sünən ət-Tirmizi, 2330. Albani hədisi səhihləşdirmişdir.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə