Kommunikativ funksiya – bilavasitə informativ funksiya ilə qarşılıqlı əlaqədədir. İnsanın bütün fəaliyyət istiqamətlərini (istehsal, ideoloji, siyasi, dini və s.) söz müşayiət edir. Dilin özü mədəniyyətin məhsulu olub, insanlar arasında hərtərəfli münasibətlər yaradaraq, həm də bu və ya digər mədəniyyətin vasitəçisi rolunu oynayır. Ünsiyyət prosesi həm incəsənətin spesifik dili ilə (musiqi, rəqs, kino, teatr və s), həm də elmin dili ilə (riyazi rəmzlər, kimyəvi formullar və s.) həyata keçirilir. Əgər tarixin müxtəlif çağlarında ünsiyyət vasitəsi kimi nəsildən-nəslə, insandan-insana şifahi, qrafik formada işarə sistemləri ötürülürdüsə, müasir dövrdə yeni nəqliyyat vasitələrinin, texnika, kütləvi informasiya vasitələrinin (mətbuat, radio, televiziya, kino, audio və video yazılar, internet) inkişafı nəticəsində informasiyaların ötürülməsində yüksək irəliləyişlər əldə edilmişdir. Texniki vasitələr bir tərəfdən ünsiyyəti genişləndirirsə, digər tərəfdən onu mərükkəbləşdirir, çətinləşdirir. Bu, ilk növbədə insanların maddi və ya mənəvi dəyərlərlə canlı ünsiyyətin qurulması şəraiti ilə izah edilir. Məsələn, muzey əşyası ilə tanış olmaq üçün tamaşaçının ekspozisiya zalına getməsi o qədər də vacib deyil. Ona tamaşaçı həm televiziya, həm də video çəkilişi ilə tamaşa edə bilər. Musiqiyə qulaq asmaq üçün konsert və ya filarmoniyaya getmək vacib deyil, ona maqnitofon və ya kasetlərdə qulaq asmaq mümkündür. Beləliklə, kommunikativ imkanların genişlənməsi mədəniyyətlərin milli xüsusiyyətlərinin kölgədə qalması və vahid ümumbəşəri sivilizasiyanın formalaşmasının təminatçısıdır.