4. Azərbaycan XVI yüzilin ikinci yarısında XVI yüzilin ortalarında və ikinci yarısında Azərbaycan Səfəvi dövlətinin qərb dövlətləri ilə münasibətləri



Yüklə 16,15 Kb.
tarix25.04.2022
ölçüsü16,15 Kb.
#56266
Tarixx

4. Azərbaycan XVI yüzilin ikinci yarısında

XVI yüzilin ortalarında və ikinci yarısında Azərbaycan Səfəvi dövlətinin qərb dövlətləri ilə münasibətləri. Böyük coğrafi kəşflərlə Hindistana dəniz yollarının açılması Azərbaycandan keçib Qara dəniz və Aralıq dənizinə gedən əski karvan yollarının əhəmiyyətini azaltdı. XVI yüzilin əvvəllərindən okeanlardan keçib Ərəb sahilləri və Hindistana gedən ticarət yollarına Portuqaliya müstəm­ləkə­çiləri nəzarət edirdilər. Onlar Iran körfəzinə də daxil olub körfəzdəki hərbi-strateжi və iqtisadi əhəmiyyətli məntəqələri, o cümlədən Hörmüzü də (1515) ələ keçirmişdilər.

Aralıq dənizi və Qara dənizdən keçib Avropa ölkələrinə doğru yan alan qədim karvan yollarına isə Osmanlı dövləti nəzarət edirdi. Bu yollar artıq Səfəvi tacirlərinin də hərəkətini çətinləşdirmişdi. Hörmüz tutulduqdan sonra isə Səfəvi tacir və elçilərinin Hind okeanına çıxmaq imkanlarına da son qoyulmuşdu.

Şərq ölkələrinə Avropadan əvvəlcə tacirlər, sonra elçilər və onların ardınca isə bir qayda olaraq, toplu-tüfəngli müstəmləkə qoşunu gəlirdi. Portu­qaliyadan başlamış Fransaya qədər bütün Avropa dövlətlərindən şərqə gələn tacirləri, elçiləri, missionerləri öz dövlətlərindən aldıqları xüsusi tapşırıq üzrə Şərq dövlətlərinin arasını mümkün qədər vurmağa çalışırdılar.

Bu zaman Osmanlı dövləti ilə düşmənçiliyi olan Portuqaliya daha çox Səfəvi dövlətinə yaxınlıq göstərirdi. Portuqaliyanın gerçək məqsədi Səfəvi dövləti ilə Osmanlı dövləti arasında müharibə törədib, onların hər ikisinin də qüvvəsini tükəndirib, Fərat və Dəclə boyunca mühüm iqtisadi, hərbi-strateжi əhəmiyyəti olan yerləri tutmaq idi. XVI yüzilin 30-50-ci illərində Osmanlı-Səfəvi savaşları zamanı portuqallar şərqdə müstəmləkəçilik Planlarını həyata keçirmək üçün Səfəvilərə top-tüfənglə kömək edirdilər.

Portuqaliya kralı III Жuanın (1502-1557) Azərbaycana göndərdiyi elçilər 1551-ci ildə Qəzvində çox yaxşı qarşılandılar. Amma 1574-1575-ci ildə ikinci dəfə Portuqaliyadan gələn elçiləri şah qəbul etməmişdi. Ona görə ki, portuqallar Iran körfəzindəki məntəqələrdə müsəlmanları sıxışdırırdılar. Həm də portu­qallarla danışıqlar Osmanlı dövləti ilə 1555-ci ildə bağlanmış Amasiya müqaviləsini poza bilərdi.

XVI yüzilin 60-cı illərində Azərbaycana Ingiltərədən altı ekspedisiya gəlmişdi. Ingiltərə kraliçası Yelizaveta Tüdoru (1558-1603) Azərbaycanın xan ipəyi, zər-zibası ilə yanaşı, daha çox buradan Hindistana gedən karvan yolları maraqlandırırdı. Ingiltərə irəliləməkdə olan qərb dövləti olsa da, Hindistana gedən dəniz yollarına nəzarət edən qüdrətli Portuqaliya ilə qarşılaşmaqdan çəkinirdi. Elə buna görə də 1553-cü ildə yaradılmış və Böyük Britaniyanın xarici siyasət kursunu yeridən ingilis «Moskva şirkəti» Xəzər və onun sahillərindən keçən karvan yolları ilə Hindistana çıxmaq fikrində idi. «Moskva şirkəti»nin təmsilçisi Entoni Cenkinson 1561-1563-cü illərdə Volqa-Xəzər yolu ilə Azərbaycana gəlmiş, Şamaxı bəylərbəyi Abdulla xan Ustaclı və Qəzvində I Təhmasiblə danışıqlar aparmışdı. Yelizaveta Tüdorun I Təhmasibə göndərdiyi məktubdan aydın olur ki, bu danışıqlar Ingiltərə ilə Azərbaycan arasında ticarət əlaqəsi yaratmaq ətrafında getmişdir. Ancaq Ingiltərədən göndərilən ticarət ekspedisiyalarının və onların təmsilçilərinin apardıqları danışıqların arxasında bir müstəmləkəçilik marağı da dayanırdı. I Şah Təhmasib Entoni Cenkinson da müqavilə bağlamadı. Ona görə ki, Aralıq dənizi və sahillərində Osmanlı dövlətinə qarşı duran Ingiltərə ilə I Şah Təhmasib Amasiya barışığından sonra heç cür müqavilə bağlaya bilməzdi. Qəzvin səfəri uğursuz olan Entoni Cenkinson Şirvana qayıtdı və burada 1563-cü ildə Abdulla xanla ticarət müqaviləsi bağladı. Ingiltərə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin bünövrəsi qoyuldu.

1571-ci ildə Venetsiya öz elçisi Vinçentso Alessandirini Azərbaycana göndərdi. V.Alessandri I Şah Təhmasibə Osmanlı dövlətinə qarşı müqavilə bağlamağı təklif edir. Növbəti il Roma papası I Şah Təhmasibə yazdığı məktubda xristian müttəfiqləri ilə birgə Osmanlı dövlətinə qarşı savaşa başlamağın əlverişli vaxtı çatdığını bildirirdi. Papa başda olmaqla xristian monarxları I Şah Təhmasibi Osmanlı dövlətinə qarşı savaşa çəkməyə çalışırdılar. Papa XIII Qriqori (1572-1585) şaha top, tüfəng, pul göndərəcəyini vəd edirdi. Səfəvilərə müttəfiq gözü ilə baxan xristian dövlətlərinin başçıları Osmanlı dövləti ilə savaşmaqdan qorxurdular. Elə buna görə də, onlar müxtəlif hiylələr, vədlərlə Səfəvilərin əli ilə Osmanlı dövlətinə zərbə vurmaq istəyirdilər.

1578-ci ildə Osmanlı-Səfəvi savaşı zamanı Məhəmməd Xudabəndə Portuqaliyaya elçi göndərib xristian dövlətlərindən kömək istəmiş, ancaq nə Venetsiya, nə Portuqaliya, nə də Ispaniya Osmanlı dövlətinə qarşı savaşa başlamamışdılar. Əslində bu dövlətlər Osmanlı dövləti ilə yanaşı, Səfəvi imperatorluğun da gücdən düşməsini istəyirdilər.

XVI yüzilin ortalarında Kazan və Həştərxanı tutduqdan sonra Xəzərin şimal sahillərində müstəmləkələrini tədricən genişləndirən Rusiya Səfəvi dövləti ilə diplomatik və ticarət əlaqələrinə xüsusi fikir verir, Yaxın və Orta Şərq bazarlarına can atırdı. 1561-ci ildə I şah Təhmasib, 1563-ci ildə isə Şirvan bəylərbəyi Abdulla xan Moskvaya elçilər göndərmişdi. Rusiya çarı IV Ivan (1547-1584) isə 1569-cu ildə Aleksey Xoznikovun başçılığı altında Qəzvinə elçilər göndərdi. Onlar Şah Təhmasibə 100 top və 500 tüfəng gətirmişdilər. Rusiya bir tərəfdən Səfəvilərlə əlaqələrini gücləndirir, digər tərəfdən isə yavaş-yavaş Xəzərə doğru yeni torpaqlar işğal edirdi. Rusiyanın Xəzər istiqamətində yürüşlərinin qarşısı alınmazsa, onun zərbəsi gec-tez Səfəvi imperatorluğuna dəyə bilərdi. Osmanlı dövlətinin 1578-ci ildə Qafqaza daxil olması da əslində Rusiyanın Xəzərə doğru yürüşlərinin qarşısını almaq məqsədini güdürdü.

II Şah Ismayıl. Təhmasib 15 may 1576-cı ildə vəfat etdi. Hakimiyyət uğrunda xələfləri və əmirlər arasında çəkişmə başlandı. Hələ 1574-cü ildə I Şah Təhmasib ağır xəstə yatdığı zaman hakimiyyət məsələsi əmirlər arasında çox ciddi mübahisəyə səbəb olmuşdu. Ustaclı əmirləri dərhal Şahın sevimli oğlu Heydər Mirzənin namizədliyini irəli sürmüşdülər. Heydər Mirzəni ana tərəf qohumlarından islamı qəbul etmiş milliyyətcə gürcü olan əmirlər və qardaşı Mustafa Mirzə də müdafiə etmişdi.



Bu zaman Rumlu, Əfşar, Təkəli əmirləri, xəlifət əl-xüla Hüseynqulu xan Rumlu, Şahın qızı Pərixan xanımla dayısı Çərkəz Şamxal soltan isə şahın həbsdəki oğlu Ismayıl Mirzənin tərəfdarı idilər. Ismayıl Mirzənin anası Türkman Isa bəyin qızı idi. Türkmanlardan da onu istəyən az olmamışdı. Amma tezliklə sağalan Şah nə Heydər Mirzəni yanından uzaqlaşdırmadı, nə də həbsdə olan Ismayıl Mirzəni azad etmədi. Vəliəhdin kim olacağı haqqında da açıq bir söz demədi. Şah ölən kimi iki tərəf arasında çəkişmələr yenidən qızışdı. Ismayıl Mirzənin tərəfində duranlar qələbə çaldılar. Iyirmi il Qəhqəhə həbsxanasında yatan Ismayıl Mirzə azad edildi. Ismayıl Mirzə cəsur olub qızılbaşlar tərəfindən sevilirdi. Şahın bir çox yaxın adamları isə ondan ehtiyat edirdilər. Elə buna görə də onu yalandan şaha qarşı qəsddə günahlandırıb həbs etdirmişdilər. Qaradağdakı Qəhqəhə qalasından çıxan Ismayıl Mirzə Qəzvinə gəldi. O, 22 avqust 1576-cı ildə II Şah Ismayıl ünvanı ilə hakimiyyətə keçdi. Ilk günlər Heydər Mirzənin tərəfdarlarına sevgi ilə yanaşırdı. Ancaq hakimiyyəti ona qarşı dura biləcək qüvvələrin nazı ilə oynamaqla möhkəmləndirmək, əldə saxlamaq mümkün deyildi. Elə buna görə də sülalə üzvlərindən çoxunu öldürtdü. Dövlətin idarə olunmasında bütün maniələri aradan qaldırmağa cəhd edən II Ismayıl tərəfdarlarından Rumlu xəlifət əl-xülafa Hüseynqulu xanı, Ustaclı bəylərindən öndə gedənləri, hətta qardaşı Mustafa Mirzəni də öldürtdü. II Ismayıl dövlətin yerli dayaqlarının möhkəmləndirilməsinə ciddi fikir verirdi. Xüsusilə Azərbaycan hüdudlarından kənardakı vilayətlərdə yerli hakimiyyətin möhkəmləndirilməsi onun daxili siyasətində baş xətt idi. Reydə Təkəliləri, Məşhəd, Qum və Savədə Türkmanları yerləşdirib onların bəylərinə bu vilayətlərdə vəzifələr də verdi. II Ismayıl Səfəvi dövlətini möhkəmləndirməklə yanaşı, Osmanlı dövləti ilə münasibətləri də yaxşılaşdırmaq istəyirdi. Onun yarımçıq qalan, yəni həyata keçirə bilmədiyi dini islahatı da bu məqsədə qulluq edirdi. O, şiəliyi mötədil bir hala gətirməklə sünniliyin sıxışdırılmasına qarşı idi. Əsərində II Şah Ismayılın dini islahatlarının mahiyyətini doğru şərh edə bilməyən Oruc bəy Bayatın fikrinə görə guya şah xalqa elan etmişdir ki, şiəlikdən əl çəkib sünnülüyü qəbul etsinlər. Əslində o, özü şafiliyə meyilli olsa da, hər iki məzhəbə qulluq edənlərin bir yerdə bərabər hüquqlarla yaşamasını istəyirdi. Həzrəti Ayişənin lənətlənməsinin əleyhinə idi. Onun haqqındakı düşüncələrini dini məclisdə bəzən açıq, bəzən də qapalı bildirirdi. Bu məclislərin birində xəlifət əl-xülafa qoyduğu Bolqar xəlifədən Həzrəti Ayişənin lənətlənməsi ilə bağlı düşüncələrini sormuşdu: o da «küfr etmək haramdır, amma lənət etmək, işi Allaha həvalə etməkdir…» cavabını vermişdi. «Sən saf bir tükrsən, sənə bunu kim öyrətdi?» deyə soran şaha: «Mərhum şah Təhmasib zamanında üləmadan duydum» demişdi. Elə buna görə şah onu tutduğu vəzifədən azad edib, yerinə Dədə Ustaclını xəlifə təyin etmişdi. II Şah Ismayıl Həzrəti Ayişənin lənətlənməsini və üç xəlifənin pislənməsini qadağan etmişdi. O, məscidlərin divar və qapılarına yazılmış aşiqanə şerləri sildirdi. Ismayılın bu hərəkətləri xalq arasında narazılıqla qarşılandı. Onun sünniliyə meylli olduğuna şübhə oyandı. Amma ağıllı din xadimləri və əmirlər buna o qədər də ciddi bir iş kimi baxmır, bilirdilər ki, II Ismayıl iki məzhəb tərəfdarlarını bir-birinə yaxınlaşdırmaq, aralarındakı ixtilaflara son qoymaq istəyir. Ancaq bir çox Türkman və Təkəli əmirləri bundan istifadə edib, Şahın qardaşı Həsən Mirzəni onun yerinə gətirmək cəhdi göstərdilər. Onların bu cəhdi baş tutmadı. Həsən Mirzəni Şahın tərəfdarı olan Ustaclılar aradan götürdülər. Çox keçmədi ki, II Şah Ismayıl 1577-ci ildə müəmmalı şəkildə öldü.
Yüklə 16,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin