Qeyri-leqal bazar tipi - öz subyektlərinin davranışına görə azad bazar tipinə yaxındır, ancaq ondan köklü fərqləri vardır. Bu bazırın iki növü var: gizli bazar və qara bazar.
Gizli bazar – adından göründüyü kimi qanunla icazə verilməyən, patent və lisenziya olmadan, vergi ödəmədən fəaliyyət göstərir. Bu cür ticarət forması çox vaxt spekulyativ xarakter alır, az tapılan əmtəələrlə gizli alverçilik edilir.
Qara bazar – burada satışına icazə verilməyən əmtəələrin gizli ticarəti həyata keçirilir. Qanunvericilikdə (Azərbaycanda) silah satışı, partlayıcı maddələr, partlayıcı qurğular, narkotik vasitələr satışı qadağandır. Gizli çap üsulu ilə məşğul olmaq, parnoqrafik xarakterli material çap edib yaymaq qadağandır.
Azad bazar və qeyri-leqal bazar dövlət ticarətindən kənarda fəaliyyət göstərir. Bazar kortəbiiliyi də, qeyri-leqal bazarlar inkişaf etmiş bazar ölkələrində də mövcuddur. Ancaq əsas bazar tipi "tənzim olunan bazar" tipidir.
Tənzim olunan bazar tipi – bu dövlət tərəfindən dəstəklənən müəyyən qaydalar əsasında fəaliyyət göstərir. Belə bir bazara keçid XX əsrdə baş vermişdir. Bu bazar əlaqələrinin mütəşəkkil olması və idarə edilməsi meylinin güclənməsindən zəruri olmuşdur. Artıq iri müəssisələr qeyri-müəyyən alıcı üçün istehsal etmir. Iri firmalar əvvəl müştərisini (alıcısını) tapır, yaxud dövlətdən sifariş qəbul edir, sonra istehsala başlayır. Məsələn, dəzgahlar 10 % sifarişlə satılır və bazar yeni cəhətlərlə zənginləşir. Tənzim olunan bazarın əsas cəhətləri bunlardır:
əmtəələrin əsas kütləsi böyük təsərrüfat birlikləri tərəfindən reallaşdırılır.
məhsulun böyük hissəsi əvvəlcədən bağlanmış kontraktlar, firmalırın və dövlətin sifarişləri əsasında hazırlanır.
böyük bir ticarət vasitəçiləri ordusu əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması ilə məşğuldur.
iri istehsalçılar əvvəl bazarı öyrənir və alıcıların tələbini formalaşdırır.
dövlət bazarda qanunla «oyun qaydaları»nı müəyyən edir.
XX əsrin ikinci yarısından etibarən bazar əlaqələri xeyli mürəkkəbləşir. Əgər keçmişdə istehsalçı özü məhsulunu birbaşa satırdısa, müasir dövrdə çoxsaylı vasitəçilər fəaliyyət göstərir. Bir çox əmtəələr onların vasitəçiliyi ilə müxtəlif xidmət sahələrində uzun müddət qalır, yenidən alqı-satqı vasitəsi olur (servis xidməti, təmir işi və s.).
Müasir dövrdə tənzimlənən bazar özünün yüksək zirvəsinə qalxır və sosial instituta çevrilir. Bazar münasibətlərinin tənzimlənməsində qanunlar, məhkəmələr, sanitar epidemioloji nəzarət, vergi orqanları, audit xidməti və s. kimi institutlar fəaliyyət göstərir. Hətta ticarət qaydalarını pozanlar, antiinhisar qanunvericiliyinə əməl etməyənlər cinayət məsuliyyətinə cəlb edilirlər.
Qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərdiyinə görə müasir bazar «sivil bazar» adlandırılır. Azərbaycanda belə bir bazarın formalaşdırılmasına nail olmaq lazımdır.