44 günlük vətən müharibəsinin nəticələrinin Azərbaycan iqtisadiyyatının inkişafında rolu



Yüklə 17,11 Kb.
tarix24.05.2022
ölçüsü17,11 Kb.
#59219
44 günlük vətən müharibəsinin nəticələrinin Azərbaycan iqtisadiyyatının inkişafında rolu


44 günlük vətən müharibəsinin nəticələrinin Azərbaycan iqtisadiyyatının inkişafında rolu
Müharibənin yekunu olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Lakin 1990-cı illərin əvvəllərində baş vermiş (1988–1994) Birinci Qarabağ müharibəsi nəticəsində erməni işğalı regional əməkdaşlığa və inkişafa mənfi təsir göstərmişdi. İşğal səbəbindən Azərbaycan öz ərazilərinin 20 faizi üzərində nəzarəti itirdi və bu, bölgə ölkələri ilə bölgədə maraqları olan xarici güclər arasında iqtisadi və siyasi əlaqələrin pisləşməsinə səbəb oldu. İşğaldan sonra Azərbaycan və Türkiyə Ermənistanla siyasi əlaqələrini dayandırdı və bu ölkə ilə sərhədlərini bağladı. Siyasi nəticələrlə yanaşı, 44 günlük müharibənin bölgə üçün əhəmiyyətli iqtisadi təsirləri də var. Noyabr bəyanatının 9-cu bəndinin həyata keçirilməsi erməni işğalı zamanı bağlanan ənənəvi yolların bərpasına səbəb olacaq, regional iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafını sürətləndirəcək.
44 günlük müharibənin iqtisadi təsirlərinin əhəmiyyətini başa düşmək üçün Ermənistan – Azərbaycan münaqişəsi nəticəsində yaranan iqtisadi problemlərə nəzər salmaq kifayət edər. Xüsusilə 44 günlük müharibədən sonrakı yeni iqtisadi vəziyyət mövcud regional əməkdaşlıq problemlərinin bir çoxunu həll etmək üçün imkanlar yaratdı. Erməni işğalı zamanı bölgə ölkələrinin iqtisadiyyatı və iqtisadi əlaqələri böyük zərər gördü. Azərbaycan və Türkiyənin Ermənistanla sərhədləri bağlandığı üçün Ermənistanın bu ölkələrlə iqtisadi əlaqələri dayandırıdı. Sovet İttifaqı dağıldıqdan sonra post Sovet ölkələri digər ölkələrlə iqtisadi əlaqələrini müstəqil şəkildə inkişaf etdirmək imkanına malik olsalar da, Ermənistan zərərli yol tutdu.
Milliyyətçi və qanunsuz ərazi iddiaları səbəbindən bu ölkə Türkiyənin böyük bazarına, Azərbaycanın və beynəlxalq tərəfdaşlarının başlatdığı enerji və infrastruktur layihələrinə çıxış imkanını itirdi, həmçinin Ermənistanın Rusiya və İrandan iqtisadi asılılığını artırdı. Halbuki Gürcüstanla kommunikasiyasının olmaması səbəbindən Rusiya və beynəlxalq sanksiyalarla üzləşməsi səbəbindən İran regionda məhdud iqtisadi təsirə malikdir. Ermənistan həm də əsas ticarət tərəfdaşlarına mal daşımaq məqsədilə etibarlı quru yollarından istifadə etmək imkanını itirdi. İqtisadi inkişafa təkan verəcəyini düşündüyü Avrasiya İqtisadi Birliyinə üzv olduqdan sonra da Ermənistanın işğalçılıq siyasəti və üzv ölkələrlə etibarlı quru əlaqələrinin olmaması birlik ölkələri ilə dayanıqlı iqtisadi əlaqələr qurmasına imkan vermədi. İşğal nəticəsində yaranan bütün iqtisadi maneələr Ermənistanı təcrid vəziyyətinə saldı və onun iqtisadi və sosial inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdi. Nəticədə Ermənistan son 30 ildə ciddi xarici miqrasiya, işsizlik və maliyyə problemləri ilə üzləşdi.
Erməni işğalı Azərbaycanın iqtisadi inkişaf və istehsalda əhəmiyyətli rol oynayan ərazilərinin 20% -ni itirməsinə səbəb oldu. Sovet dövrü ilə müqayisədə Azərbaycan iqtisadiyyatı işğal nəticəsində itirilən ərazilərdəki müəssisələrin bağlanması səbəbilə taxıl gəlirlərinin təxminən 24% -ni, spirt istehsalının 41% -ni, kartof istehsalının 46% -ni, ət istehsalının 18% -ni və süd istehsalının 34% -ni itirdi27. Müxtəlif iqtisadi sektorlarda istehsalın əhəmiyyətli dərəcədə azalması Azərbaycanda Ümumi Daxili Məhsulunun (ÜDM) 60% azalmasına səbəb oldu. Kənd təsərrüfatı sektorunda ÜDM -in azalması təxminən 43%, sənaye sektorunda isə təxminən 60% oldu28. İşğal olunmuş ərazilər çoxsaylı təbii sərvətlərə malik olduğundan Ermənistan bu sərvətləri erməni və xarici şirkətlərin iştirakı ilə qanunsuz olaraq istismar etdi.
Qeyri-qanuni rejim mineralları, əlvan və qara metalları, mineral suları, şirin su ehtiyatlarını və meşə sahələrini amansızcasına mənimsədi, bitki və faunanı sistemli şəkildə məhv etdi. Rəsmi məlumatlara görə, əvvəllər işğal olunmuş ərazilərdə 163 müxtəlif növ faydalı qazıntılar yatağı yerləşirdi. İşğal zamanı qeyri -qanuni və intensiv mədən işləri əsasən Qarabağın qızıl, gümüş, mis, molibden və civə yataqlarını hədəfə aldı. Qanunsuz fəaliyyətdən əldə edilən maliyyə vasitələri əvvəllər işğal altında olmuş ərazilərdə mövcud olan qanunsuz rejimin maliyyə təhlükəsizliyini təmin etməyə xidmət edirdi.
Təbii sərvətlərin qanunsuz istismarı zamanı zəhərli tullantıların yerli su anbarlarına və çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülmədi. Bu da öz növbəsində faydalı qazıntı və digər yataqların məhvinə, geniş ərazilərin zəhərlənməsinə və deqradasiyasına, içməli su mənbələrinin keyfiyyətinin kəskin şəkildə aşağı düşməsinə səbəb oldu.
Erməni şirkətləri ilə yanaşı, Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Almaniya və Hollandiyadan olan xarici şirkətlər də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış, lakin o dövrdə işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətə başladılar. Qarabağın təbii sərvətlərinin istismarında iştirak edən şirkətlərə “Vallex Group”, “Base Metals”, “GeoProMining”, “GoldStar”, “Aurubis AG”, “Caterpillar”, “FLSmidth & Co.”, “Tashir Group” və başqaları daxildir29. Qeyd olunan iqtisadi problemlərlə yanaşı, Azərbaycan Naxçıvan Muxtar Respublikası (MR) ilə birbaşa quru əlaqəsini itirdi. Nəticədə Naxçıvan MR humanitar və iqtisadi böhran yaşayan, dənizə çıxışı olmayan anklava çevrildi.
Naxçıvana mal və sərnişin daşımalarını həyata keçirmək üçün Azərbaycan İran üzərindən keçməklə hava nəqliyyatı və ya quru yollarından istifadə etməli idi. 1990-cı illərin əvvəllərindəki işğal səbəbiylə Azərbaycan sonradan əsas iqtisadi və ticarət tərəfdaşlarından birinə çevrilən Türkiyə ilə etibarlı quru əlaqəsini itirdi. Beləliklə, Azərbaycan Gürcüstan və İranın hava məkanından istifadə etməklə Türkiyəyə çatmalı idi ki, bu da malların və sərnişinlərin gediş məsafəsini artırdı. Rusiya üçün bəzi siyasi imkanlar açmasına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi bu ölkənin bölgədəki əsas tərəfdaşlarından biri olan Ermənistanla quru yolu ilə əlaqəsinin qarşısını kəsən maneə oldu.
Bu, Gürcüstanla siyasi münasibətlərinin pisləşməsindən sonra Rusiya üçün daha ciddi problemə çevrildi, nəticədə əvvəllər Rusiyanı Abxaziya vasitəsilə Ermənistana bağlayan yeganə dəmir yolu bağlandı. Bu dəmir yolu bağlanandan sonra Yuxarı Lars şosesi Rusiya ilə Ermənistan arasında yüklərin daşınması üçün yeganə quru yolu oldu. Lakin bu magistral yol həm siyasi problemlər, həm də hava şəraiti səbəbindən mütəmadi olaraq bağlanır.
Beləliklə, münaqişə səbəbindən regional nəqliyyat marşrutlarının bağlanması Rusiya ilə Ermənistan arasındakı iqtisadi münasibətlərə mənfi təsir göstərdi. Ermənistan – Azərbaycan münaqişəsi Türkiyəyə də təsirsiz ötüşmədi, münaqişə şərqdəki nəqliyyat yollarının inkişafına və istifadəsinə əngəl törədən əsas səbəblərdən biri oldu. Türkiyənin Naxçıvan MR vasitəsilə Azərbaycanla yeganə quru əlaqəsi Ermənistanın ərazisi olan Zəngəzur bölgəsindən keçdiyi üçün kəsildi. Sərhəd bağlandığı üçün Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycanla əlaqə yaratmaq məqsədilə bu marşrutdan istifadə edə bilmədi. Bunun əvəzinə, Gürcüstan ərazisindən keçən magistral yollardan istifadə etməli, beləliklə məsafəni uzatmalı və səyahət müddətini artırmalı idi. Həmçinin Ermənistanla sərhədin bağlanması Türkiyənin enerji resurslarına asanlıqla çıxış əldə etməsi üçün əlavə problemlər də yaratdı, bu da öz növbəsində neft və qaz kəmərlərinin Gürcüstan ərazisindən çəkilməsinə səbəb oldu.
Münaqişənin yaratdığı yuxarıda qeyd olunan problemlərin olmasına baxmayaraq, onu da xatırlatmaq yerinə düşər ki, erməni işğalı dövründə regional ölkələr Ermənistanın iştirakı olmadan əhəmiyyətli beynəlxalq nəqliyyat və enerji layihələrini birlikdə inkişaf etdirə bildilər. Bakı –Tbilisi – Ceyhan və Cənubi Qafqaz boru kəmərləri və Bakı –Tbilisi – Qars dəmir yolu xətti belə layihələrdəndir. Bu layihələri birgə həyata keçirməklə Azərbaycan, Gürcüstan və Türkiyə Orta Dəhliz və “Şimal – Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq nəqliyyat layihələrinin əsas oyunçularına çevrildilər. Bu da öz növbəsində beynəlxalq iqtisadi münasibətlər sistemində Cənubi Qafqazın mövqeyini gücləndirdi. Lakin Ermənistanın qonşularına qarşı təcavüzkar siyasəti gələcəkdə iqtisadi əlaqələrin inkişafına və bölgədə nəqliyyat şəbəkəsinin genişlənməsinə mane oldu.
Hazırda münaqişə bitdikdən və Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni geosiyasi və geoiqtisadi vəziyyət Cənubi Qafqazda mövcud olan bütün iqtisadi maneələrin aradan qaldırılması və tam regional inteqrasiya üçün imkanlar yaratdı. Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, artıq bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. İqtisadi baxımdan bəyanatın ən vacib elementi Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında Zəngəzur dəhlizi ilə nəqliyyat əlaqələrinin bərpasıdır, çünki bu dəhliz əhəmiyyətli nəqliyyat imkanları vəd edir. Bütün iqtisadi əlaqələrin bərpası və Zəngəzur Dəhlizinin qurulması region ölkələrinə yuxarıda qeyd olunan iqtisadi problemləri və maneələri aradan qaldırmağa imkanı verir.
Bu xüsusda yeni qurulan Zəngəzur Dəhlizi Naxçıvan MR-ni iqtisadi blokadadan azad edəcək. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqənin bərpası həm Naxçıvan, həm də Azərbaycanın iqtisadi inkişaf üçün yeni imkanlar yaradaraq səyahət müddətini və nəqliyyat xərclərini azaldacaq.
Digər məqam ondan ibarətdir ki, Azərbaycan işğal olunmuş əraziləri azad etməklə Qarabağdakı erməni işğalçıları tərəfindən qanunsuz olaraq istismar olunan zəngin təbii sərvətlərə nəzarəti də əlinə aldı. Qarabağ bərpa edildikdən sonra Azərbaycan orada stabil və müasir iqtisadiyyat yarada biləcək, bu da yaxın illərdə Azərbaycanın iqtisadi inkişafına töhfə verəcək. Yeni Zəngəzur dəhlizinin açılması ilə Türkiyə Gürcüstan və İran ərazilərindən keçmədən Azərbaycana birbaşa çıxış əldə edə biləcək. Azərbaycan ilə Türkiyə arasında yeni dəhlizdən keçməklə bərpa ediləcək yeni quru yolunu Gürcüstan ərazisindən keçən Bakı – Tbilisi – Qars dəmir yolu ilə müqayisə etsək, yeni yol təxminən 340 km qısa olacaq30. Beləliklə, daha qısa nəqliyyat məsafəsi və daha az nəqliyyat xərcləri Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarətin daha da artmasına səbəb olacaq. Yeni dəhliz ziyarətçilərin daha etibarlı və rahat hərəkətini təmin edəcəyi üçün iki ölkə arasındakı turizm əlaqələrinə də müsbət təsir edəcək.
Geniş mənada yeni dəhliz Türkiyənin Orta Asiyadakı türk dünyası ilə əlaqəsi üçün alternativ və daha qısa yoldur. Ona görə də Azərbaycan ərazilərinin azad edilməsi və kommunikasiyaların bərpası türk ölkələri arasında əlaqələr üçün yeni inkişaf perspektivləri açacaq. Türkiyə həmçinin yük daşımalarını genişləndirmək və Bakı-Tbilisi-Qars dəmir yolunun tutumunu artırmaq üçün Naxçıvana yeni dəmir yolu çəkməyi planlaşdırır. 230 km uzunluğunda olacaq yeni dəmir yolu Türkiyənin Qars şəhərindən başlayaraq Naxçıvan MR-ə qədər davam edəcək31. Oradan xətt İran, Əfqanıstan və Pakistana qədər davam edən dəmir yolu xətlərinə bağlana və Zəngəzur Dəhlizi vasitəsilə Azərbaycanın dəmir yolu şəbəkəsinə qoşula bilər. Qars – Naxçıvan dəmir yolunun Zəngəzur dəhlizinə qoşulması Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrini də gücləndirəcək. Rusiya da Cənubi Qafqazda kommunikasiyaların açılmasından əhəmiyyətli dərəcədə faydalanacaq. Rusiya üçün Zəngəzur Dəhlizi region ölkələrinə alternativ quru yolu yaradır. Azərbaycan dəmir yollarından istifadə etməklə Rusiya qatarları yeni dəhlizdən keçərək Naxçıvan Muxtar Respublikasına asanlıqla gedə, oradan da Türkiyə, İran və Ermənistana gedən xətlərə yönəldilə bilər. Zəngəzur dəhlizindən keçməklə Rusiya Yaxın Şərq bazarlarına alternativ bir yol əldə edəcək və yeni dəhlizdən və Cənubi Qafqazda mövcud olacaq digər marşrutlardan istifadə edərək Rusiya Ermənistana birbaşa çıxış imkanına nail olacaq. Əlaqələrin bərpasının bütün qeyd olunan üstünlükləri Rusiyanın Türkiyə, İran, Ermənistan və Yaxın Şərq ölkələri ilə iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək. Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən əl çəkəcəyi və sülh siyasəti və əməkdaşlığı seçəcəyi təqdirdə bütün yolların bərpası və Zəngəzur Dəhlizinin yaradılması bu ölkəyə əhəmiyyətli iqtisadi üstünlüklər verir.
Zəngəzur Dəhlizi və digər ənənəvi marşrutlardan istifadə etməklə Ermənistan iqtisadi təcridə son qoya və regional nəqliyyat layihələrinə qoşula bilər. Kommunikasiyaların bərpası Ermənistanın əsas iqtisadi problemlərindən birini – Avrasiya İqtisadi Birliyinin (EAEU) bazarları ilə quru əlaqəsinin olmaması problemini də həll edə bilər. Bu səbəbdən Ermənistan Aİİ, o cümlədən Rusiya ilə ticarət əlaqələrini gücləndirmək şansı əldə edəcək. Yeni vəziyyət Ermənistan üçün İranla iqtisadi əlaqələri inkişaf etdirmək imkanı da yaradır. Münaqişə səbəbindən Ermənistan Azərbaycan ərazisindən keçən və ölkəni İrana birləşdirən dəmiryoluna çıxışını itirdi və Ermənistan ərazisindən İrana alternativ dəmir yolu çəkmək cəhdləri uğursuz oldu. İndi bu dəmir yolunun bərpası Ermənistanla İran arasında ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Qeyd olunan bütün amillər göstərir ki, 44 günlük müharibə və Ermənistan – Azərbaycan münaqişəsinin sona çatması Cənubi Qafqaz və onun qonşuluğu üçün mühüm iqtisadi təsirlərə malikdir.
Münaqişə səbəbindən bölgə ölkələri arasında dayandırılan kommunikasiya əlaqələrinin və iqtisadi əlaqələrin bərpası bölgənin son 30 ildə formalaşan geoiqtisadi xəritəsini dəyişdirəcək. Bölgədə nəqliyyat şəbəkəsinin genişlənməsi region ölkələrinin qonşu və digər ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək üçün yeni imkanlar açacaq. Bu da öz növbəsində Cənubi Qafqaz ölkələrinin beynəlxalq iqtisadi əlaqələr sistemində və beynəlxalq Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqelərini gücləndirəcək. Bölgədə davamlı sülhün qurulması iş mühitinə də müsbət təsir edəcək və bölgə ölkələrinə daha çox investisiya cəlb etməyə imkan verəcəkdir. Buna görə də 44 günlük müharibə Cənubi Qafqazda davamlı təhlükəsizlik mühitini formalaşdırmaqla yanaşı regional əməkdaşlıq imkanlardan istifadənin qarşısının alan əsas problemi həll etmiş oldu. Eyni zamanda, münaqişədən sonrakı dövrdə qeyd olunan bütün iqtisadi fürsətlər yeni, zərərli milliyyətçi qarşıdurmaların yaranmasının qarşısını alacaq.
Yüklə 17,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin