1. Liberal model. aşağıdakı cəhətləri ilə səciyyələnir:
a) xüsusi mülkiyyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutması;
b) təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması;
v) dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi;
q) əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təcrid edilməsi;
d) sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması; onların işsizliyə və həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldilməsi;
e) ümumi milli məhsulda dövlət büdcəsinin xüsusi çəkisinin az olması; sosial məqsədlərə yönəldilən dövlət investisiyalarının və dövlət xərclərinin çəkisinin aşağı olması.
Bu model az və çox dərəcədə xalis formada XX əsrin əvvəllərindən 20-ci illərin sonuna qədər ABŞ-da mövcud olmuşdur. İndinin özündə də ABŞ iqtisadiyyatı bu modelə çox yaxındır.
2. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətləri aşağıdakılardır:
a) çox və ya az dərəcədə dövlət sektorunun olduğu qarışıq iqtisadiyyatın mövcud olması;
b) nəinki makroiqtisadi proseslərin, hətta bazar subyektlərinin fəaliyyətlərinin ayrı-ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi;
v) dövlət tərəfindən əhaliyə qeyri-istehsal sahəsindəki xidmətlərin pulsuz göstərilməsi, ailə gəlirlərindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətlərdən istifadə etməsi üçün sosial təminat yaradılması, hər bir vətəndaşa pulsuz təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə təminat verilməsi;
q) tənzimlənmənin azad rəqabətin saxlanmasına, kapitalların olduqca az əllərdə cəmlənməsinin qarşısının alınmasına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilməsi;
d) işsizlərin sayını minimum həddə çatdırmaqla əhalinin məşğulluğunun tənzimlənməsi;
e) ümumi milli məhsulda dövlət büdcəsinin böyük hissəyə malik olması;
j) iqtisadiyyatın büdcə-maliyyə siyasəti ilə deyil, kredit-pul siyasəti vasitəsilə tənzimlənməsi.
Bazarın bu modeli İkinci Dünya müharibəsindən sonra L.Erxard tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində meydana gəlmişdir. Ona görə də bu modeli çox vaxt alman və ya neoliberal model adlandırırlar.