Fənnin vəzifələri peşəkar fəaliyyətdə uğurlu rəqabət üçün zəruri
olan dil vasitələrindən sərbəst və qrammatik cəhətdən savadlı istifadə
etmək, elmi bilikləri tətbiq etmək, müxtəlif informasiya mübadiləsi
aparmaq üçün kommunikativ səriştəliliyi formalaşdırmaqdır.
Fənnin tələbləri. Müasir təhsil ənənəvi təhsildən əhəmiyətli
dərəcədə fərqlənir, ən mühüm tələbləri tələbələri problemlərin
müstəqil həllini tapmağa həvəsləndirmək, onları yaradıcılıq prosesinə
cəlb etmək, bilavasitə tədris prosesində innovativ metodları
stimullaşdırmaq, işgüzar və akademik kommunikasiyada Azərbaycan
dilinin rolu haqqında təsəvvür formalaşdırmaqdır.
2. Ünsiyyət, kommunikasiya və işgüzar kommunikasiya.
Ünsiyyət real fəaliyyətdir, əsas göstəricisi və vasitəsi nitqdir – daim
şifahi və ya yazılı formada təzahür və inkişaf edir. Ünsiyyət insan
amilidir, bütün göstəriciləri insanla bağlıdır, əsas mənbəyi insan
təfəkkürü, intellektidir, idrakdan, davranış norması və hissi
təsəvvürlərin məcmusundan asılı olaraq, düşüncələri büruzə verir.
Ünsiyyətin formulu: insanlar ünsiyyətlə bir-birini tanıyırlar! Bu
formulda insanların qarşılıqlı əlaqələrinin vacibliyi və hər birinin
ünsiyyət fərdiliyi ehtiva olunur. “İnsan insanı yalnız ünsiyyət, qarşılıqlı
əlaqə vasitəsilə kəşf edir və bu üsulla özünü də tanıyır”.
İşgüzar kommunikasiya və kommunikasiya terminləri arasında real
anlaşmada məzmun, məna fərqi vardır. Oxşarlıq özünü daha çox
kommunikasiya anlayışında göstərsə də, onların hər birinin özəlliyi
vardır. İşgüzar kommunikasiya kütləvi, lakin sosium arasında çox
mürəkkəb peşəkar ünsiyyətdir.
İşgüzar kommunikasiyanın məqsədi tərəf müqabillərin ünsiyyətə
qoşulmaq təşəbbüsünə istiqamət vermək və onların arasında
qarşılıqlı münasibət yaratmaqdır.
İşgüzar kommunikasiyanın əsas funksiyaları informasiyavericilik
(həqiqi, yaxud yalan məlumatların verilməsi), interaktivlik (insanlar
arasında qarşılıqlı fəaliyyətin təşkili), perspektivlik (ünsiyyət
tərəfdaşlarının bir-birini “həzm etməsi”).
İşgüzar kommunikasiya və kommunikasiya müəyyən informasiya
prosesində dərketmənin nəticəsinə görə bir-birindən fərqlənir.
İşgüzar kommunikasiya və kommunikasiya anlayışları arasındakı
fərq bu prosesdəki nomenklatur atributlardır: hərəsinin nitq
prosesində öz üstünlüyü vardır. Formal mövqeləri iştirakçıların və
danışanların sayına görə fərqlənməsidir: işgüzar kommunikasiyada
monoloq, işgüzar ünsiyyətdə isə dialoq.
|