7.QİYMƏT KİTABÇASI Rus dilində. Yazılış tarixi 23 dekabr, 1929-cu il. Kitabça bənövşəyi mürəkkəb və qara, qırmızı, göy karandaşla yazılmışdır. Boz rəngdə qalın cildi var. Kitabça sonda üzərində «Azerbayd. Soüial. Sov. Respubl. Azerbaydj. Politexniç. İnstitut im. Azizbekova. Prolet. Vsex stran soedin.» sözləri həkk olunan qəhvəyi rəngdə surquçla möhürlənmişdir.
Məzmunu: Midhət Məmmədquluzadənin 1928-ci ildən Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun tələbəsi olduğunu bildirir.
Ölçüsü: 10,5x16,5 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 436*.
8.MƏKTUB Rus dilində. Yazılış tarixi 8 sentyabr, 1930-cu il, Don-Kubansk. Saya vərəqin bir üzünə qara karandaşla yazılmışdır. Kadrlar şöbəsinin müdirinin imzası ilə təsdiqlənmişdir. Don-Kubansk Dövlət Çay Donanması tərəfindən Azərbaycan Dövlət Politexnik İnstitutuna yazılmışdır.
Ölçüsü: 21x15 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
9.RƏY Rus dilində. Yazılış tarixi 11 aprel, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Saya vərəqin bir üzünə bənövşəyi rəngdə makina çapı ilə yazılmışdır. Bir səhifədə eyni mətn iki dəfə təkrarlanmışdır. Tikinti Komitəsinin sədri Lobaçev, kollektivin partiya katibi Qabuyevin imzaları və Komitənin möhürü ilə təsdiqlənmişdir.
Məzmunu: Azərbaycan Politexnik İnstitutunun tələbə-praktikantlarının tikintidə fəhlələr arasında apardıqları ictimai işlər sadalanır və həmin tələbələrdən bir neçəsinin, o cümlədən Midhət Məmmədquluzadənin daimi ictimai işə cəlb olunması barəsindədir.
Ölçüsü: 36x22 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
10.RƏY Rus dilində. Yazılış tarixi 6 sentyabr, 1930-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Dama-dama vərəqin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Baş texnikin (adı oxunmur: «A.Fad…ə») imzası və möhürlə təsdiqlənmişdir.
Məzmunu: Don-Kubanskda təcrübə keçmiş Azərbaycan Politexnik İnstitutunun tələbəsi olan Midhət Məmmədquluzadəyə işin öhdəsindən layiqincə gəldiyinə görə müsbət rəy verilmişdir.
11.SİYAHI Azərbaycan dilində ərəb əlifbası ilə. Yazılış tarixi 4 fevral, 1922-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Cizgili vərəqin bir üzünə bənövşəyi karandaşla yazılmışdır.
Məzmunu: Midhətin müxtəlif yerlərə sərf etdiyi yol xərclərinin siyahısıdır.
Ölçüsü: 11x17,5 sm; həcmi: 2+1 (boş) vərəq; fond 6, s.v. 435*.
12.VƏSİQƏ Rus dilində. Yazılış tarixi 14 yanvar, 1932-ci il, Bakı. Saya vərəqin bir üzünə qara rəngdə makina çapı ilə yazılmışdır. Komitənin sədri Rza-Zadə, elmi katib Feldberqin imzaları və Komitənin möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Energetika Komitəsi tərəfindən Midhət Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: Moskvada keçiriləcək Su Təsərrüfatı üzrə Ümumittifaq Konfransda Komitənin təmsilçisi olduğunu bildirir.
Ölçüsü: 21x14,5 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 435*.
13.VƏSİQƏ Azərbaycan dilində kiril əlifbası ilə və rus dilində. Yazılış tarixi 12 may, 1942-ci il. Harada yazıldığı qeyd edilməmişdir. Vəsiqə bənövşəyi mürəkkəblə yazılmışdır. Qəhvəyi rəngdə qalın cildi var. Üzərində «AMİ» həkk olunmuşdur. ATİ-nun direktorunun, katibinin imzaları və İnstitutun möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Tibb İnstitutu tərəfindən Ənvər Məmmədquluzadəyə verilmişdir.
Məzmunu: İnstitutda həkim vəzifəsində işlədiyini bildirir.