İstiqlaliyyət Bəyannaməsi
Böyük Rusiya inqilabının cəryanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə
ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti-
siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri
müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq
Cumhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti
Zaqafqaziya Qoşma Xalq Cumhuriyyəti cuzindən çıxıb öz müstəqil Gürcü Xalq
Cumhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi
üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan
misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi
bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı
qurmaq lüzumunu təlqin ediyor.
Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyeyi-
islamiyyəsi bütün cəmaətə elan ediyor ki:
1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu,
Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir
dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq
təqərrür ediyor.
3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu
millət və dövlətlərlə münasibəti-Həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi
ğözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və
vatəniyyə təmin elər.
5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə
sərbəstanə inkişafları üçün ğeniş meydan buraxır.
6.Məclisi-müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-
ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyə qarşı məsul höküməti-
müvəqqəti durur.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə
köçür.
Bu zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı
Nuru paşanın əlində idi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə
çalışdıqları tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan
bəzi qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan Milli Şurası və hökumətini şübhə
ilə qarşılayır. Uzun danışıqlardan sonra qarşılıqlı güzəştlər əsasında razılıq əldə
olunur. Təklif olunur ki, Milli Şura buraxılsın və bütün hakimiyyət yeni yaradılacaq
hökumətə həvalə olunsun. Bu məsələlərin müzakirə olunması üçün 1918-ci il iyunun
17-də M.Ə.Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti (yeddinci) iclası
keçirilir.
Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və
icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti
hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. İclasda çıxış edən
F.X.Xoyski bildirir ki onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın
azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.
Paralel olaraq Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də
davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən mühüm tədbirlərdən biri
də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı
qərarıdı. Ümumiyyətlə paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti
Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirmişdi.
Azərbaycan hökumətinin ən böyük vəzifələrindən biri Bakı şəhərini 1918-ci il
iyulun axırlarında süqut etmiş Bakı kommunasından sonra şəhəri ələ keçirmiş eser-
menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”ndan
təmizləmək idi.
Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam
ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən
Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-
ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası
həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin
müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri
öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə
keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində
yaşayan bütün millətləri təmsil etməlidir.
Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80,
ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan
Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı
Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün
nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə
yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə
şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə
göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.
Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan
Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr
ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!”
Müraciətnaməsi dərc edilir.
Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət
göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin
açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq
qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar.
General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün
deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı
dekabrın 7-ə keçirilir.
1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində
yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci
iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri
M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.
|