RƏD-in daxili avadanlığı sığınacağın adamlar yerləşən otağında olduğu kimidir. Evlərin zirzəmilərini, döşəməaltı boşluqları, ayrıca tikilmiş yeraltı anbarları, tərəvəz anbarlarını, yeraltı dağ-mədən sahələrini RƏD kimi düzəltmək mümkündür. RƏD düzəldilən bütün otaqların divarlarında, tavan və döşəməsində, qapı və pəncərələrində hava keçə biləcək bütün deşik yerlərini, bacaları, çatları müxtəlif üsullarla (suvaq çəkmək, əsgi tıxamaq, qalın kağız yapışdırmaq və s.) kipləşdirirlər. Qapı ilə çərçivə arasına keçədən, brezentdən araqat vurmaqla onun kip örtülməsinə nail olurlar. Burada adamların müəyyən müddət qala bilmələri üçün hər cür şərait yaradılır.
RƏD-in əsas otağında havanın dəyişdirilməsi üçün süzgəcli sorucu tərtibat düzəldilir. Burada da adamların oturması üçün skamya və taxtlar yerləşdirilir: bunların sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Ərzaq məhsullarını saxlamaq üçün daldalanacağın divarlarında rəflər olur.
Mühafizə qurğusunda ona xidmət edən manqanın, yaxud MM postunun nümayəndəsi yerləşdirilir. Adamların hamısı içəri daxil olan kimi bütün qapılar kip bağlanır.
Xidmətçi heyətin icazəsi olmadan mühafizə qurğularından çıxmaq qadağandır! Ancaq “Hava həyəcanı sovuşdu!” siqnalına, yaxud komendantın sərəncamına əsasən daldalanma yerlərini tərk etmək olar. 10 nəfərlik örtülü səngəri hərəsi 3 nəfərdən ibarət iki işçi qrupu 1 gün ərzində tikə bilər.
Sadə daldalanacaqlar (SD) adamların işıq şüalanmasından mühafizəsini təmin edir, həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini xeyli zəiflədir. Bunlar yarğanlardan, səngərlərdən, habelə zirzəmilərdən və qazılaraq dərinləşdirilmiş digər teztikilən müvəqqəti daldalanma yerlərindən ibarətdir. Bunlar nüvə partlayışı və adi silahların təsirindən müvəqqəti qorunmaq üçün əhəmiyyətlidir. Məsələn, üstüaçıq xəndək zərbə dalğasının təsirini 1,5-2 dəfə, şüalanma dərəcəsini 2-3 dəfə zəiflədir. Üstü örtülmüş və damının torpaq qatı 60-70 sm-də xəndək isə nüfuzedici radiasiya və radioaktiv şüalanmanı 200-300 dəfə zəiflədə bilər. Yadda saxlamaq vacibdir ki, hətta örtülü səngərlərdə də, kimyəvi və bakterioloji vasitələrin təsirindən fərdi mühafizə vasitələri olmadan qorunmaq mümkün deyil.
SD-lər əsas mühafizə vasitələri deyil, yardımçı vasitələrdir və bunlar ekstremal şəraitdə, əsas mühafizə qurğuları çatışmadıqda qısa müddət üçün adamların çox cəmləşdikləri yerlərdə düzəldilir (köçürmə üzrə toplanış məntəqələri və stansiyalarında, müəssisələrin, məktəblərin həyətində və yaşayış məhəllələrində).
SD-nin tikintisinə əhalinin adətən,10-15 nəfərlik qrupları cəlb edilir (ən çoxu 50 nəfərlik). SD-nin hündürlüyü 1,8 m., eni aşağıdan 0,8 m., yuxarıdan 1,1-1,2 m. olmalıdır və oturmaq üçün hər adama 0,6 m. enində sahə düzəldilir. SD-yə bir və ya iki tərəfdən qapı qoyulur. SD-lər üçün elə yer seçilir ki, subasma təhlükəsi olmasın. SD-lər bir-birindən ən azı 10 m. aralı olmalıdır.
Xəndəyin divarlarının birinin dibində hündürlüyü təxminən 50 sm, eni 35 sm olan oturacaq yeri düzəldilir. Səngər xəndəyinin üstünü qalınlığı 10-15 sm olan taxta, tir, dəmir-beton tikinti hissələri, yaxud kənd təsərrüfatı bitkilərinin (günəbaxan, qarğıdalı, pambıq) kollarından, ağacların budaqlarından bağlanmış şax-şəvəllə örtərək torpaqlamaq mümkündür. Burada müəyyən müddət qalmaq üçün lazımi şərait də yaradıla bilər.
Zəruri hallarda belə SD-lər hər bir həyətdə, həmçinin çoxlu adam toplanan yerlərin – məktəblərin, mədəniyyət evlərinin, bazarların, avtobus dayanacaqlarının və s. yaxınlığında düzəldilməlidir.
07.02.2014