Sığınacaqlar böyük şəhərlərdə, əsasən müharibə zamanı fəaliyyət göstərməsi nəzərdə tutulmuş təsərrüfat obyektlərində tikilir. Sığınacaqlar əsas və köməkçi otaqlara bölünür. Əsas hissədə mühafizə üçün nəzərdə tutulmuş otaqlar, idarəetmə məntəqəsi yerləşir. Böyük sığınacaqlarda isə tibb otağı da olur. Yardımçı hissədə süzücü-ventilyasiya sistemi, ehtiyat elektrik sistemi, ərzaq ehtiyatı üçün otaq, su ehtiyatı saxlamaq üçün yer, sanitar qovşağı, giriş dəhlizləri və s. olur. Giriş yollarının sayı sığınacağın tutumundan və bir giriş yoluna düşən adamların sayından asılıdır. Hər bir sığınacağın iki giriş yolu olur (kiçik sığınacaqda bir giriş də ola bilər, belə hallarda mütləq ehtiyat çıxış yolu qoyulmalıdır, buna qəza-çıxış yolu da deyilir). Bina ilə birgə tikilən sığınacaqda isə bunlardan əlavə yeraltı lağımla qəza-çıxış yolu düzəldilir.
Süzücü-ventilyasiya kamerasında süzücü-ventilyasiya aqreqatı yerləşdirilir: bu aqreqat sığınacağın otaqlarının havasını dəyişmək, çöldən içəri verilən havanı radioaktiv, kimyəvi və bakterial maddələrdən təmizləmək üçündür.
Sığınacaqda qorunanların rahatlığı üçün lazımi şərait yaradılır: uzanmaq üçün iki-üçmərtəbəli taxtlar, aşağıda isə oturacaqlar düzəldilir. Oturacaqların sayı qorunanların 80%-ni, taxtların sayı isə ikimərtəbəli variantda 20%-ni, üçmərtəbəli variantda 30%-ni əhatə etməlidir.
Adamlar “Hava həyəcanı” siqnalı veriləndə sığınacağa daxil olurlar. Bu iş son dərəcə qısa müddətdə, cəld yerinə yetirilməli, heç bir çaxnaşmaya yol verilməməlidir. Hər həs özü ilə müəyyən qədər azuqə və su ehtiyatı götürməlidir. Mühafizə qurğularında daldalananlar daxili qaydalara ciddi riayət etməli, xidmət manqası üzvlərinin tövsiyələrini danışıqsız yerinə yetirməlidirlər. Belə sığınacaqlar adamların orada müəyyən müddət qala bilmələrini təmin etməlidir. Bundan əlavə, onlar daldalanan adamları zərbə dalğasının izafi təzyiqindən də müəyyən dərəcədə mühafizə edə bilər. Hər bir insan yaşayış və iş yerinə yaxın olan sığınacağın harada yerləşdiyini bilməlidir! RƏD - burada daldalanan adamları ərazinin radioaktiv zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmanın zədələyici təsirindən, işıq şüalanmasından və qismən də zərbə dalğasından mühafizə etmək üçün nəzərdə tutulmuş mühafizə qurğusudur. Mühafizə əmsalına, yerinə və mqsədinə görə RƏD-ləri qruplara ayırırlar.