İlham Qarayevin dediklərindən: —Həmin axşam aeroportda bizimlə üç BMP döyüşürdü. Biz on iki
nəfər idik. BMP-lərdən biri üstümüzə gələrkən Asif Usubov qumbaraatanla onu vurdu. Ancaq mərmi təlim üçün
olduğundan BMP partlamadı. Rus zabiti ratsiya ilə onu geri çağırdı. BMP qayıdıb, o biri texnikaların yanında
dayandı. Yenidən bizi atəşə tutdular. Gecə saat üçə qədər onları aeroporta buraxmadıq. Əlif Hacıyev ratsiya ilə
Ağdamdan, Şuşadan kömək diləyirdi. Ağdam ilə Şuşa heç cavab da vermirdi. Bircə Kosalar 200 nəfərlə bizə
köməyə gəlmək istəyirdi. Ancaq Əlif Hacıyev razı olmadı. Bildirdi ki, artıq gecdir. Döyüşdə Sərxan Əliyev
başından yaralandı. Əlifin əmri ilə şöbəni və dispetçer məntəqəsini partlatdıq. Lazımi sənədləri Əlif qabaqcadan
götürmüşdü. Saat 3-də aeroportun bağı ilə təpələrə tərəf çıxdıq. Təpələrə çatmamış aeroport yolunda təzə
tikilmiş evlərin yanından 50-yə qədər erməni bizi atəşə tutdu. Biz Xocalını aeroport ərazisindən ayırmaq üçün
qazılmış xəndəyə doluşduq. Burda yarım saata qədər onlarla atışdıq. Sonra kəndə rabitə şöbəsinə gəldik. Qarajın
qarşısından keçəndə
[51-52]
altı nəfər qara paltar geymiş erməni ilə rastlaşdıq. Mən dalbadal onların üstünə iki
qumbara tulladım. Özüm yerə uzandım. Sonra qarajın içindən keçib qəbiristanlığa girdim. Qəbiristanlığın
arxasındakı su arxına düşüb, qohumum Eldargilə gəldim. Orda da ermənicə danışırdılar. Qohumlarımdan heç
birini tapa bilməyib, meşəyə keçib, yenidən döyüş dostlarıma qarışdım. Bizi Şelli, Qaraqaya, həm də Kətik
istiqamətindən atəşə tuturdular. Əsgəran tərəfdən də iki tank gəlirdi. Əlifin əmri ilə «dəhliz» yaradıb
irəliləyirdik. Güllə Əlifin bir çiynindən dəyib o birində qaldı. heç nə deyə bilmədi. Onu sürüyüb, bir kolluğun
arasına qoydum. Mən tək qalmışdım. Arxada arvad-uşaq çox idi. Qaraqaya tərəfdən, yaxın məsafədən iki
erməni məni atəşə tutdu. Güllə sol budumu yaraladı. Sürünüb qaz borusunun arxasına keçdim. Snayper tüfəngi
ilə ermənilərin ikisini də atdım. Bu, camaatın irəliləməsinə xeyli kömək etdi. Sonra onların təpədəki postlarına
yaxınlaşıb, orda iki qumbara atdım. Postdan keçəndə dörd erməni meyidinin üstündən adladım. Çox qan
itirmişdim. Usubov Asif qarşıma çıxdı. O, Əlif Hacıyevin müavini idi. Mənə əmr etdi ki, dərəyə enib, maşında
xəstəxanaya yollanım. Özü isə camaatın müdafiəsinə tələsdi.
Dostları ilə paylaş: |