Beynəlxalq əlaqələrinin genişliyi baxımından Ağqoyunlu dövləti Azərbaycanın siyasi tarixində mühüm yer tutur. Oğuz tayfalarının bir qolu olan Ağqoyunluların Azərbaycana köçü miladi tarixin VI-VII əsrlərinə aiddir. Bu tayfalar Göyçə gölündən Diyarbəkirə qədər olduqca nəhəng ərazidə məskunlaşmış, Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında və yaşadılmasında əhəmiyyətli rol oynamışdır.
Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı Pəhlivan bəy (1370-1388) tərəfindən qoyulmuş, bu ittifaq XIV əsrin 80-ci illərində olduqca əzəmətli qüvvəyə çevilmişdi. Sülalənin görkəmli hökmdarlarından Qara Yuluq Osman bəyin, Əli bəyin, xüsusilə Uzun Həsən və Yaqub Mirzənin dövründə Ağqoyunlular kifayət qədər möhkənləmlənmiş, Qaraqoyunlularla, teymurilərlə və osmanlı Türkiyəsi ilə uğurla rəqabət aparmışdı.
Ağqoyunlu dövlətinin yaradılması və yüksəlişi Uzun Həsənin adı ilə bağlı olmuşdur. Onun 1453-cü ildən etibarən köçəri tayfaları, hərbi-feodal əyanlarım mərkəzi hakimiyyətə tabe etmək üçün başladığı mübarizə uğurla nəticələndi. Bununla belə Uzun Həsən feodal əyanlarının xeyrinə də bir sıra güzəştlərə getməyə məcbur oldu. Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Lakin, ayrı-ayrı müəlliflərin Uzun Həsənin müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi fikri həqiqətə uyğun deyildir. Çünki müxtəlif etnosların yaşadıqları bu geniş ərazidə onları birləşdirmək siyasəti qısa müddətə olsa da uğur qazanmış, Ağqoyunlu dövləti beynəlxalq münasibətlər orbitinə daxil olmuşdu.
Ağqoyunlu dövlətinin başlıca rəqibi türk sultanı Fateh II Mehmet idi. Təsadüfi deyildir ki, Uzun Həsənin xarici siyasət xəttində başlıca yeri Osmanlı Türkiyəsi ilə münasibətlər tuturdu. II Mehmetin Kiçik Asiyanın şərqini istila etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmışdı. Türkiyə sultanı Cənubi Qafqazı, xüsusilə Azərbaycanı tutmağı, Şərqdən Qərbə gedən karvan yolunu və Avropa ilə ipək ticarətini öz əlinə almağı planlaşdırırdı.
Ağqoyunlular Trabzon - yunan dövləti ilə hələ XIV əsrin ortalarından dostluq əlaqəsi yaratmışdılar. Trabzon imperatorları Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idilər. Ağqoyunlu Tur Əlibəyin oğlu Qutluq bəy, Qara Yuluq Osman bəy və Uzun Həsən 1457-ci ildə Trabzon sarayı ilə qohum idilər. Ağqoyunlu dövlətinin yaradıcısı olan Uzun Həsən Trabzon imperatoru Kalo İohanın qızı Katerina ilə (Şərq mənbələri onu Dəspinə xatun adlandırırdılar) evlənmişdi. Uzun Həsən Dəspinə xatundan doğulan qızı Aləmşah Bəyimi bacısı oğlu Şeyx Heydərə ərə vermiş, Səfəvi hökmdarı Şah İsmayıl bu izdivacdan doğulmuşdu.
Yaranmış şəraitdə Uzun Həsənin elçiləri 1460-cı ildə olmuş Roma görüşündə iştirak etmiş və Uzun Həsən qaynı David Komnenə yardım etməyi öz öhdəsinə götürmüşdü. Zəifləmiş Trabzon imperatorluğunun Qərb-Şərq ticarətində rolu olduqca böyük idi. Hindistan və Çin tacirləri məhz burada avropalı tacirlərlə görüşürdülər. Məhz bununla əlaqədar türk səyyahı E.Çələbi Trabzondan bəhs edərkən vaxtilə bu şəhəri "Azərbaycan hakimi Sultan Uzun Həsənin genuyalıların əlindən aldığını", Ağqoyunlu hökmdarının bu şəhərdə "böyük bir daş körpü saldırdığını" yazırdı.
Trabzon Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə, oradan da Avropaya əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirləri Trabzon vasitəsilə aparılan ticarətdən böyük gəlir götürür, bu şəhər vasitəsilə Krımdakı ticarət faktoriyaları ilə əlaqə saxlayırdılar. Məhz buna görə də II Mehmet 1461-ci ildə Ağqoyunlu dövlətinə qarşı müharibəyə başlamazdan əvvəl Ağqoyunluların müttəfiqi Trabzon imperiyası üzərinə güclü qoşun göndərmişdi.
Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci il yayın əvvəllərində baş vermiş Qoyluhisar döyüşü olmuşdu. Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vurmuş, Osmanlı sərkərdəsi Həmzə bəyin qoşunu ağır məğlubiyyətə uğradılmışdı. Qoyluhisarı geri qaytarmaq üçün sultan II Mehmet böyük bir qüvvə ilə ağqoyunlulara qarşı yürüşə başlamışdı. Yaranmış şəraitdə Uzun Həsən bütün Yaxın Şərqdə diplomat qadın kimi tanınan anası Sara xatunu sultanın düşərgəsinə göndərmişdi. Qaynaqların məlumatına görə, danışıqlar zamanı Sara xatun və II Mehmet bir-birilərinə "ana" və "oğul" deyə müraciət edirdilər. Uzun Həsən Sara xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, qarşısına iki ağır vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki teymurilər və qaraqoyunlularla müharibədən çıxmış Ağqoyunlu dövlətinə öz qüvvələrini səfərbər etmək üçün vaxt lazım idi.
Vaxt qazanmaq Sultan II Mehmetə də lazım idi, çünki o Qərbdə yarımçıq qoyduğu işğalçılıq planlarını həyata keçirməyə tələsirdi. Sara xatun danışıqlar yolu ilə bu məqsədə nail oldu. Lakin Sara xatun II Mehmeti Trabzonu fəth etmək fikrindən daşındıra bilmədi, onun başlıca məqsədi Avropa ilə ipək ticarətini Türkiyənin əlində cəmləşdirmək idi. Azərbaycanlı tədqiqatçılardan ilk olaraq Ə.Şahmalıyev Osmanlı-Ağqoyunlu rəqabətində ipək təcarətinin izlərini, erməni tacirlərinin bu prosesdə mənfur rolunu araşdırmış, Avropa diplomatiyasının Osmanlı-Ağqoyunlu rəqabətini düşmənçiliyə çevirmək planlarının elmi izahını vermişdi.
Trabzon üzərinə yürüşə ciddi hazırlaşmış II Mehmet Uzun Həsənin arxadan hücumundan ehtiyat etdiyinə görə, Sara xatun başda olmaqla Ağqoyunlu elçilərini də özü ilə apardı. İki tərəfdən mühasirəyə alınan Trabzon şəhəri bir aylıq mühasirədən sonra türklər tərəfindən zəbt edildi. Bununla da, Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Yaranmış şəraitdə Sara xatun öz gəlininin - Dəspinə Xatunun Trabzon taxtına varislik hüququnu irəli sürdü və bundan istifadə edərək Trabzon xəzinəsini sultanla bölüşüb geri qayıtdı.
Trabzon şəhərinin fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Avropaya iki mühüm çıxış yolundan başlıcasını itirdi. Osmanlı sərkərdəsi Xıdır bəy Trabzonun canişini təyin edildi. Bununla da Trabzon şəhəri öz ticarət–iqtisadi əhəmiyyətini itirərək tənəzzülə uğramağa başladı.
Yaranmış şəraitdə Osmanlı dövlətinə həm şərqdən və həm də qərbdən zərbə endirmək üçün Uzun Həsən Avropa dövlətləri ilə əlaqələri günişləndirmək yolu tutdu. Osmanlı imperiyasının siyasəti Azərbaycanla Avropa ölkələri arasında tranzit karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük alınırdı (gömrüyün miqdarı bəzən 4-5 faizdən çox olurdu). Əslində bu gömrüyü bilərəkdən erməni tacirləri yüksəldirdilər. Istanbulda güclü iqtisadi mövqeləri olan erməni tacirləri Roma papası və xristian Avropa dövlətləri agentlərinin tapşırığı ilə Türkiyəyə qarşı olduqca məkrli və çoxşaxəli iş aparır, iki türk dövlətini bir-birinə qarşı qoymaq üçün dəridən qabıqdan çıxırdılar.
Osmanlı işğalları Avropada Macarıstan, Habsburq krallığı, Venesiya, Roma papası, Neapol, Polşa üçün ciddi təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə mənfi təsir göstərir, Avropa ölkələri bu iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasında ziddiyyət salmağa çalışırdılar. Təsadüfi deyildi ki, Uzun Həsən osmanlılara qarşı mübarizə aparan Qaraman bəyliyi, Kipr krallığı və Rodos feodal dövləti ilə də sıx əlaqə saxlayır, həmin ölkələri öz başçılığı altında Sultana qarşı antitürk koalisiyasında birləşdirməyə çalışırdı.
Qərblə-Şərq arasındakı ticarətdə vasitəçilik edən Venesiya respublikası ilə Türkiyə arasında 1463-cü ildən 16 ilə qədər davam edən (1463-1479) müharibənin başlanması Ağqoyunlu dövlətinin diplomatik manevr imkanlarını olduqca artırdı. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyi ilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edilmiş, Venesiya dojunun məsləhəti ilə bu məqsədlə iki missiya yaradılmışdı. Ağqoyunlu dövlətinin xeyrinə olan məqamlardan biri də Kiçik Asiyada yaşayan tayfaların Türkiyə əleyhinə olan üsyanlarının mütəmadi xarakter alması idi. Hətta Qaraman tayfa başçılarından olan Pir Əhməd və Qasım bəy Uzun Həsənə müraciət edərək ondan hərbi yardım istəmişdilər.
Venesiya hökumətinin elçiləri 1471-ci ilin payızında Uzun Həsənin sarayına gəldilər.Bunların içərisində Katerino Zeno, İosafat Barbaro, Ambroco Kontarini, Bartolomeo Liompardo və başqaları var idi. Lakin Venesiya diplomatlarının səfərinə Uzun Həsən elə də əhəmiyyət vermədi, çünki Venesiya verdiyi sözə əməl etməmiş, Uzun Həsən Osmanlı ilə müharibənin ağırlığını təkbaşına daşımalı olmuşdu. 1472-ci ildə Katerino Zeno Uzun Həsənin düşərgəsində Polşa, Macarıstan və Rusiya diplomatları ilə görüşmüş, bu avropalı diplomatlar Uzun Həsənin oğlu, istedadlı sərkərdə Mirzə Yusif xanın Qaraman əmirliyindən keçməklə Aralıq dənizinin sahillərinə olan yürüşünün şahidi olmuşdu.
1475-ci il mayın 30-da A.Kontarini İtaliya katolik monaxı Lüdviqlə görüşdü. Aparılmış diplomatik danışıqlar göstərdi ki, Ağqoyunlu dövləti osmanlılara qarşı mübarizədə Avropa ölkələrinin etibarlı müttəfiqi ola bilər.
Uzun Həsən antitürk koalisiyasının yaratmaq üçün öz elçiləri İsaq, Xoca Mirak, Hacı Məhəmməd, Həsən Əzən və Murad bəyi Avropa ölkələrinə, xüsusən Venesiyaya, Roma, Almaniya, Polşaya göndərir və danışıqlar aparırdı. Venesiya diplomatlarının səfər qeydlərində onlarla birlikdə Moskva, Neapol, Roma, Burqundiya, Macar, Çex və Polşa elçilərinin də Uzun Həsənin sarayında olduqları göstərilirdi.
Təbrizdə Venesiya hökuməti ilə aparılan danışıqlar nəticəsində 1472-ci ilin yazında Türkiyə əleyhinə hərbi ittifaq bağlandı. Əldə edilmiş razılaşmaya görə, 1472-ci ilin yazında Uzun Həsən Osmanlı Türkiyəsinə qarşı müharibəyə başlamalı idi. Istedadlı Ağqoyunlu sərkərdəsi Uzun Həsənin oğlu Mirzə Yusif xanın başçılığı altında 12 minlik qoşun Ərzincandan Qaraman istiqamətində irəliləyərək bir sıra döyüşlərdən sonra Aralıq dənizi sahillərinə çıxdı. Lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirməli olanlar Venesiya gəmiləri ilə rastlaşmışdılar.
Venesiya respublikası Uzun Həsənin uğurlarından, habelə Türkiyənin ağır vəziyyətindən istifadə edərək, gizli surətdə İstanbuldakı səfirlərinin vasitəsilə, Türkiyədən ticarət üstünlüyü əldə etmək üçün rəqib tərəflə diplomatik danışıqlar aparmış və beləliklə də, müharibənin bütün ağırlığı Ağqoyunlu dövlətinin üzərinə düşmüşdü. Yaranmış şəraitdə Ağqoyunlu dövləti yalnız öz qüvvəsinə arxalanmaqla Osmanlı dövlətinə qarşı təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmışdı. Uzun Həsən çox keçmədən Venesiyanın məkrli niyyətlərinin mahiyyətinə varmışdı, bunu onun Venesiya elçilərinə sonrakı soyuq münasibəti aydın şəkildə göstərirdi.
Hərbi kəşfiyyatın köməyi ilə Ağqoyunlu qüvvələrinin dağınıq olduğunu və hərbi əməliyyata Uzun Həsənin başçılıq etmədiyini öyrənən II Mehmet şahzadə Mustafanın başçılığı altında Ağqoyunlulara qarşı 60 min nəfərlik qoşun göndərdi. Nəticədə Ağqoyunlu süvariləri Beyşehir döyüşündə türklər tərəfindən məğlub edildilər, Qaraman osmanlılar tərəfindən fəth edildi, Mirzə Yusif xan və iki qardaşı əsir tutularaq II Mehmet tərəfindən edam edildilər.
Qaraman əmirliyinin tutulması ilə Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə əlaqəsi tam şəkildə kəsilməsə də, olduqca zəifləmişdi. Ağqoyunluların Avropaya başlıca çıxışı Moskva knyazlığının ərazisi ilə Polşaya, oradan da digər Avropa ölkələrinə istiqamətlənmişdi. Venesiya ilə əldə olunmuş gizli razılaşmaya əsasən, Türkiyə Qərbdən hücum olmayacağına təminat almışdı, belə ki, Venesiya doju Venesiya ilə Ağqoyunlular arasında Türkiyəyə qarşı imzalanmış müqavilənin mətnini türk diplomatlarına göstərməklə Uzun Həsənə xəyanət etmişdi. Odur ki, II Mehmet bütün hərbi qüvvələrini Ağqoyunlulara qarşı çevirmək qərarına gəlmişdi.
Osmanlı ordusu 1473-cü ilin baharında güclü artilleriyanın müşayiəti ilə Ərzincana tərəf hərəkət etdi. Sultan Uzun Həsənin Venesiyadan odlu silahlar almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini bildirdi (əslində Venesiya Uzun Həsəni növbəti dəfə aldatmışdı). Venesiya ilə Ağqoyunluların Aralıq dənizi sahilində birləşməsinə imkan verməmək üçün Sultan Uzun Həsəni Anadolunun şərqində əzmək fikrində idi. Uzun Həsən isə düşmən qüvvələrini əlverişsiz təbii şəraiti olan yerdə haqlamaq üçün irəli buraxmışdı. Osmanlılar Fəratın sağ sahili ilə Malatiyaya qədər irəliləmiş, çayın sol sahilində Ağqoyunlu qüvvələrinin mövqe tutduğu aydın olmuşdu.
Uzun Həsən dərə döyüşünün ustası idi və keçmiş döyüş təcrübələrindən istifadə edərək, oğlu Uğurlu Məhəmmədin başçılıq etdiyi əsas qüvvələri Fəratın sahilində pusquda qoymuşdu. Uzun Həsənin döyüş planına görə, Ağqoyunlu sərkərdələrindən biri Osmanlı süvarisinə hücum etməli və döyüşə-döyüşə geri çəkilərək türk süvarilərini piyadalardan ayırmalı və düşmən qüvvələrini Fəratın sol sahilinə çəkməli idi. Nəticədə Uğurlu Məhəmmədin qoşunları onları mühasirəyə alaraq məhv etməli idilər. Uzun Həsənin döyüş planı baş tutdu. 1473-cü il avqustun 1-də Uzun Həsənin seçdiyi döyüş taktikası nəticəsində Ağqoyunlu süvariləri Türkiyə qoşununun zərbə qüvvəsini Fəratın sol sahilinə keçirdilər və Malatiya döyüşü adlanan bu vuruşmada türk qoşunlarının süvari qüvvəsi məhv edildi.
Məğlubiyyət Osmanlı qoşununda döyüş intizamının pozulmasına və böyük ruh düşkünlüyünə səbəb oldu. Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərmiş, lakin Uzun Həsən taktiki səhvə yol verərək sultan II Mehmetin sülh təklifini qəbul etməmişdi. Mənbələr türk qoşununun döyüş ruhunu bərpa etmək üçün «II Mehmetin gördüyü yuxunu»un da məzmunundan xəbər verirlər.
1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri Ərzincanla Ərzurum arasındakı Otluqbeli (Tərcan) düzündə, Üçağızlı dərəsi adlanan yerdə II Mehmetin qoşunlarını qabaqladılar. Döyüşün planına görə, həm qarşıdan, həm də cinahlardan hücum edən Ağqoyunlu atlıları Türkiyə qoşununu dərədən düzə çıxmağa qoymamalı idi. II Mehmetin qoşunu geri çəkildikdə isə onu Uzun Həsənin özünün başçılıq etdiyi süvarilər qarşılamalı idi.
Lakin Uzun Həsənin məqsədini başa düşən II Mehmet bütün diqqəti ön cəbhəyə verdi və Otluqbeli döyüşü osmanlıların qələbəsi ilə başa çatdı. Bununla belə, tərəflərin hərbi əməliyyatları davam etdirmək üçün qüvvəsi qalmamışdı.
Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinin hərbi qüdrətinə ağır zərbə vuruldu. Bu dövlətin mövcudluğu onun dövlətçilik uğrunda apardığı müharibələrinin nəticəsi ilə sıx bağlı idi. Xarici siyasətində hər hansı uğursuzluq ölkə daxilindəki narazı qrupların mərkəzi hakimiyyətə qarşı qiyamını şərtləndirməklə Ağqoyunlu dövlətinin süqutunu sürətləndirirdi. Köçəri hərbi əyanların və oturaq feodalların mərkəzi hakimiyyətə qarşı mübarizəsi Otluqbeli döyüşündən sonra elə vüsət almışdı ki, ölkənin müxtəlif yerlərində baş vermiş qiyamlarda hətta hökmdarın oğlanları da iştirak edirdi. Hadisə və proseslərin təhlili göstərir ki, Uzun Həsənin hakimiyyəti illərində hakimiyyət dairələrində belə parçalanma şərti xarakter daşımışdı.
Sultan II Mehmet Otluqbeli döyüşündən sonra Ağqoyunlu dövlətinə qarşı növbəti müharibəyə hazırlaşmağa başlamış və bu məqsədlə Xorasan hakimi Hüseyn Baykaraya məktub yazaraq Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün iki tərəfdən hücuma keçməyi təklif etmişdi. Türk sultanı Ağqoyunlu dövləti daxilindəki hər hansı narazılıqdan istifadə etməyə çalışırdı. Bu baxımdan Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin 1474-cü ildə Şirazda üsyanı II Mehmet tərəfindən dəstəklənmiş, hətta atasına qarşı qiyamda məğlub olmuş Ağqoyunlu hökmdarının oğlunu İstanbulda böyük təntənə ilə qarşılayaraq, qızı Gövhərxan sultanı Uğurlu Məhəmmədə ərə vermişdi. Bu nikahdan Uğurlu Məhəmmədin Gödək Əhməd adlı bir oğlu olmuşdu. II Mehmet Uğurlu Məhəmmədi Sivasa - Azərbaycan-Türkiyə sərhədinə hakim təyin etmişdi. Lakin oğlunu bağışlamayan Uzun Həsən hərbi kəşfiyyatın köməyi ilə Uğurlu Məhəmmədi ələ keçirib Təbrizdə edam etdirmişdi.
Uzun Həsən Ağqoyunlu dövlətinin mövcudluğu uğrunda ölüm-dirim savaşı aparırdı. Onun yeritdiyi daxili və xarici siyasət məhz bu məqsədə xidmət edirdi. Bununla belə, Ağqoyunlu hökmdarının apardığı aramsız müharibələr dövlətin iqtisadi özülünü sarsıtmış, daxili ziddiyyətləri gücləndirmişdi. Müxtəlif ölkələrlə aparılan müharibələrin əsas ağırlığı ilk növbədə xalqın üzərinə düşürdü. Vergi və mükəlləfiyyətlərin ağırlığını, feodal özbaşınalıqlarının əziyyətini kəndlilər, sənətkarlar, xırda tacirlər və şəhər əhalisi çəkirdi.
Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə əlaqələrinin genişlənməsinə baxmayaraq (Uzun Həsən hətta Polşa kralı ilə qohum olmaq istədiyini də məktub vasitəsilə krala bildirmişdi), xarici siyasətdə bir sıra uğursuzluqlardan qurtula bilməmişdilər. Belə ki, Ağqoyunlu dövlətinin mövcudluğu dövründə Misir sultanlığı və Suriya ilə münasibətlər nizama salınmadı. Halbuki onların qüvvələrindən teymurilərə və osmanlılara qarşı istifadə oluna bilərdi. Məhz buna görə də, Misir sultanı Uzun Həsənin Türkiyə əleyhinə ittifaq bağlamaq təklifini qəbul etmədi və Ağqoyunlu hökmdarına qarşı onun oğlu Uğurlu Məhəmmədə hərbi qüvvə ilə yardım göstərdi.
Gürcü knyazları da Türkiyəyə qarşı Ağqoyunlu hökmdarı ilə əlbir hərəkət etməkdən boyun qaçırdılar. Uzun Həsən 1462, 1464, 1472 və 1475-ci illərdə Misir və Suriya məmlüklərinə qarşı, 1474-1477-ci illərdə isə Gürcüstana yürüşlər etmiş, Tiflis və Qori, eləcə də ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal olunmuşdu. Uzun Həsənin gürcü hökmdarı VI Baqratla bağladığı 1477-ci il sülhünə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına keçmişdi. Ağqoyunlu hökmdarı gürcü knyazlarından iri məbləğdə bac alaraq sərkərdə Xəlil bəy Bəktaşini Tiflisə canişin təyin etmişdi.
Uzun Həsənin ölümündən sonra Yaqub Mirzənin dövründə (1478—1490) Ağqoyunlu ordusu Süleyman bəy Bican oğlunun başçılığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid (1482-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanlarının Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı planları reallaşmadı. Yaqub Mirzənin sərkərdələri - Süleyman bəy və Bayandur bəy məmlüklərin nəinki Ağqoyunlu dövlətinə 1480-ci il yürüşünün qarşısını aldılar, hətta yürüş zamanı məmlük sultanı Qayıt bəy və məşhur sərkərdələri döyüşdə öldürüldülər.
Yaqub Mirzə də Uzun Həsənin siyasətini davam etdirərək Şirvanla dostluq əlaqələrini saxlayır və nikah diplomatiyası yolu ilə bu əlaqələrin genişlənməsinə çalışırdı.
Ağqoyunlu dövləti qısa zaman kəsiyində olsa da, Yaxın Şərqin, Cənubi Qafqazın və Mərkəzi Asiyanın siyasi həyatında mühüm rol oynamışdı.