Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


Misir-Babilistan münasibətləri yeni şahlıq dövründə



Yüklə 1,65 Mb.
səhifə5/60
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2553
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60

II Mövzu

Misir və Mesopotamiyanın beynəlxalq əlaqələri

2.1. Yeni şahlıq dövründə Misirin yüksəlişi.


Misir fironlarının işğalçı yürüşləri

E.ə. XVII əsrin sonunda üsyanlar zamanı Orta Şahlığın zəiflədiyi bir dövrdə şərqdən Misirə müxtəlif tayfa birləşmələri basqın edirlər. Misirə gəlmiş bu tayfaların etnik tərkibi müxtəlif olmuşdur. Qədim müəlliflərdən Manefon Misiri işğal etmiş bu tayfaları «qiksos» adlandırmışdı.

Qiksoslar müxtəlif köçəri tayfalardan ibarət idilər. Onlar Fələstin və Sina yanmadasında hərbi demokratiya mərhələsini yaşayırdılar. Kəskin sosial mübarizə Misiri daxilən zəiflətmişdi. Bundan istifadə edən hiksoslar tədricən Misir deltasına soxul­muş­dular.

Misir əhalisi və ordusu qiksoslara müqavimət göstərə bilmirdi. Qiksoslar Şimali Misirdə məskən saldılar, deltanın şərq hissəsindəki Avaris şəhərini istehkama və dövlətin paytaxtına çevirdilər. Qiksos hökmdarları da firon rütbəsini daşıyırdılar. Qiksos fıronları XV -XVI sülalələrə mənsub olmuşlar. Manefon və sonrakı antik müəlliflər altı qiksos hökmdarının adını çəkir, onların fəaliyyəti haqqında məlumat verirdi. .

Mənbələrə görə, Qiksoslar Misirdə 150 ilə yaxın ağalıq etmişdilər. Sonuncu qiksos hökmdarı Apopinin dövründə hakimiyyət zəifləməyə başladı.

Qiksos ağalığına qarşı mübarizə Yuxarı Misirdə başladı. Fiv fironları uzun müddət hiksoslara xərac verməklə az - çox XVII sülalənin müstəqilliyini saxlayırdılar. E.ə. XVI əsrin ortalarında qiksos hökmdarlarına qarşı ölkədə narazılıq artırdı. Firon Sekenenra misirlilərin azadlıq mübarizələrinə başçılıq edirdi. Lakin onun hiksoslara qarşı çıxışı müvəffəqiyyətsizliyə uğradı. O, ilk döyüşdə əsir düşdü və işgəncə ilə edam edildi. Sekenenranın uğursuz çıxışı mübarizəni dayandırdı.

Az sonra qiksoslara qarşı mübarizəyə firon Kamos başçılıq etdi. Saray əyanları müxtəlif bəhanələrlə Komosu mübarizədən yayındırmağa cəhd göstərsələr də o, Fiv allahı Amonun əmrinə əsasən işğalçılara qarşı mübarizəni davam etdirdi və ardıcıl olaraq müvəffəqiyyətlər qazanmağa başladı. Çətin vəziyyətdə qalan qiksos sülaləsinin son hökmdarı Apopu Kür ölkəsinin hökmdarına hərbi yardım üçün müraciət edərək məktub yazır və qasidlə göndərir. Lakin Apopinin qasidi məktubla bərabər Kamosun əlinə keçir. Kamos qasidi geriyə, Avaric şəhərinə qaytarır.

Kamosun qiksoslara qarşı mübarizəsi qələbə ilə nəticələndi. Kamosu bir qalib kimi Fiv şəhərində təntənə ilə qarşıladılar. Kamosun və döyüşlərin şücaəti haqqında yazılar Amon məbədində Daş lövhələrə həkk olundu. Misir qiksos hakimiyyətindən azad oldu.

Qiksosların üzərində ilk qələbə Misirdə Fiv şəhərinin mövqelərini möhkəmlətdi. Kamosun vəfatından sonra hakimiyyətə onun qardaşı I Yaxmos (e.ə. l580-1558) gəldi. Yaxmos qiksoslara qarşı Avaris uğrunda döyüşlərdə qələbə çaldı. Misir tarixinin Yeni Şahlıq dövrü başlandı. Yeni Şahlıq e.ə.XYI-XI əsrlərdə mövcud olmuşdur.

I Yaxmos XVIII sülalənin birinci hökmdarı idi. Onun hərbi yürüşü şərqdə Fələstinin cənubuna kimi çatmışdı. Üç illik mühasirədən sonra burada Laruxön şəhəri tutuldu. Sonra I Yaxmos cənub istiqamətində müharibələr apardı. I Yaxmos mərkəzləşdirilmiş Misir dövləti yaratmaq siyasə­tini yürüdürdü.

I Yaxmosun varisi I Amenxotep həmçinin Efiopiyaya yürüş təşkil etdi və həbəş qoşunu məğlubiyyətə uğradıldı. Bu ərazi bir vilayət kimi Misirə birləşdirildi. Efiopiyanı idarə etmək üçün canişin təyin edildi. XVIII sülalənin ilk hökmdarlarının hərbi yürüşləri nəticəsində Misirin əvvəlki sərhədləri bərpa olundu. Yeni şahlığın ərazisi Sina yarımadasından Nilin ikinci keçidinə qədər uzanırdı.

I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin geniş­lənməsi ilə səciyyələnir. I Amenxotepin bacısına evlənən I Tutmos bu nigaha əsasən hakimyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi mövqeyini möhkəmləndirmək məqsədi ilə yürüş təşkil etmiş və burada baş vermiş üsyanı yatırmışdı.

I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı qənimət kimi ələ keçirdiyi hərbi əsirlərin sayı məlum deyildi.

I Tutmos Fələstin və Suriyanı keçərək Mesogotamiyanın şimalına çatmış və orada Mitanni hökümdarını məğlubiyyətə uğrat­mışdı. O, Fərat çayına çatmış ilk Misir fironu idi. XVIII sülaləsinin ilk fironları Misiri yenidən qüdrətli dövlətə çevirdilər. Fironlar işğal edilmiş ölkələrdən ilbəil xərrac alırdılar. Qələbədən sonra ələ keçirilmiş qənimət Misirə gətirilirdi. Ölkədə məbəd tikintisi genişləndirilirdi. I Tutmos əvvəlki fironlardan fərqli olaraq özünə ehram yox, yer altında qayalıqlar arasında sərdabə tikdirmişdi. Onun ölümündən sonra hakimiyyətə əvvəlcə oğlu II Tutmos, sonra isə nəvəsi III Tutmos gəldi.

III Tutmos e.ə.1504-l450-ci illərdə Misirin hökmdarı olmuşdu. O, Misirin xarici siyasəti kökündən dəyişdi və fəal işğalçılıq müharibələrinə başladı. III Tutmos ilk növbədə Suriya və Fələstinə yürüş etdi. Yürüşün nəticəsi bütün Suriyanın və Fələstinin fəth edilməsi oldu. Bu ərazi çoxlu şəhər-dövlətlərdən ibarət olmasına baxmayaraq, yaxşı müdafiə olunmaq imkanlarına malik idi. Hündür qala divarları olan Suriya şəhərləri hər hansı bir ordunun qarşısını uzun aylar ala bilərdi. Misirliləri Mektddo şəhəri yaxınlığında “330 hökmdar” öz döyüşçüləri ilə gözləyirdi. Döyüşün ilk anlarındaca Misir ordusu başdan sovdu yığılmış «üç yüz otuz» Suriya-Fələstin drujinasının müdafiə xəttini dağıtdı və onlar atlarını, döyüş arabalarını ataraq şəhərə tərəf qaçmağa başladılar. Lakin firon Mekiddo şəhərini döyüş məqamında ələ keçirə bilmədi. Şəhər mühasirəyə alındı, yeddi ay mühasirədən sonra tutulmuşdu.

Mekiddo şəhəri tutulduqdan sonra Misirin geniş işğalçılıq siyasəti daha da genişləndi. III Tutmos demək olar ki, hər il Suriya ərazisinə yürüş edir, şəhər və vilayətləri işğal edirdi. Hakimiyyətinin 29-cu ili Suriyada Uarqet qalası alnıır və Ardat şəhərinin kənarı boşaldılır. 30-cu ildə Oront çayı üzərində Kadeş şəhərinin ətrafı işğal olunur, lakin şəhəri tutmaq mümkün olmur. Firon Tsumuru və Ardat şəhərlərinə tərəf hərəkət edir, Ullaza şəhəri alınır, III Tutmos Mitanniya daxil oldu, Fınikiya və Nuxaşşe ölkəsinə hücum edir. Hakimiyyətinin 42-ci ilinə qədər Tutmos tərəfindən 15-dən artıq yürüş həyata keçirilir. Bu zaman III Tutmos şimalda Fərat çayı üzərində Karkəmiş şəhərinə qədər, Suriya və Mesopatomiyanın qovuşduğu yerəcən gəlib çatmışdı.

Suriya uğrunda uzun illər davam edən mübarizədə Oront çayı üzərində Kadeş şəhəri və Şimali Suriyada Tunib şəhəri, əsasən də Mitanni şahları Misirin başlıca rəqibləri olaraq qalırdı.

III Tutmosa ən güclü müqavimət göstərən və Şimali Suriya uğrunda onun rəqibi olan dövlət Mitanni şahlığı idi. Mitanni şahlığı bu zaman öz qüdrətinin zirvəsində idi. Bütün Suriya dövlətləri firona qarşı mübarizədə Mitannini özlərinə dayaq hesab edirdilər. Mitannini fəth etmədən bütün Suriyanı ələ keçirmək ağlasığmaz idi. Lakin ilk döyüşdə Mitanni ordusu darmadağın edilmişdi.

Mitannini şahı Fərata çəkilmişdi. Müharibəni davam etdirmək üçün Tutmosa gəmilər lazım idi. Onlann çox hissəsi tələsik Finikiyada düzəldildi və Fərata gətirildi. Ordu ilə Fərata keçən firon orada Mitanni ordusımu tapa bilmədi. Onlar daha uzağa çəkilmişdilər. III Tutmos sahildəki qayanın üzərində qələbə nişanı qoyaraq çayaşağı şəhər və kəndləri talan edə - edə üzməyə başladı.

Göz qabağında olan müvəffəqiyyətə baxmayaraq, hakimiyyətinin 33-cü ilində Tutmos Mitanni məsələsini həll edə bilmədi. III Tutmos tərəfindən Misirin fəth etdiyi hüdudlar sonradan, demək olar ki, dəyişmədi.

Karnak şəhərindəki ümumdövlət məbədi Amonun və onun «oğlu» Tutmosun qələbələrinin abidəsinə çevrildi. Bu məbədin divar və qüllələrində fironun ustaları onun tərəfindən Amona bağışlanmış ləl-cəvahiratın, Suriya-Fələstindən gətirilmiş bitki və heyvanların, Amonun iştirakı ilə düşmənləri öldürən Tutmosun şəkillərini çəkirdilər.

III Tutmosun dövründə Misirin sərhədi cənubda dördüncü Nil keçidindən başlayırdı və Şimali Suriyaya çatırdı. Tutmosun qələbə­ləri hətta yüz illər sonra da dillər əzbəri olmuşdu. Onun şəkilləri bər-bəzək əşyaları üzərində xoşbəxtlik gətirən və düşmən qüvvələrini qorxuya salan talisman kimi gəzdirilirdi.

III Tutmos XV əsrin ortalarında -54 il hökümdarlıq etdikdən sonra vəfat etdi. Onun vəfatından dərhal sonra Suriya - Fələstini narazılıq bürüdü. Suriyalılıar elə bilirdilər ki, yeni firona qarşı müvəfəqiyyətlə müqavimət göstərə biləcəklər və bununla da çox kobut səhv etmişdilər. III Tutmosun oğlu və varisi Amenxotep Misir fironlarının az qala ən sərti və qorxulusu idi. O, əla hərbi hazırlıq keçmişdi və həddən artıq güclü və dözümlü idi. Hələ onsəkkiz yaşında ikən o, atası tərəfindən hökumət işlərinə cəlb edilmişdi və dövlət işləri ilə məşğul idi. Atası vəfat etdikdən sonra isə hakimiyyət tamamilə onun əlinə keçdi.

Amenxotep hakimiyyətinin 7-ci ilində Fələstinin şimalına yürüş etdi. İtaət etməyən Şamiş - Adumu şəhərinin müqaviməti qırıldı. Katna şəhəri yaxınlığında Amenxotep düzmənin döyüş arabalarını görüb onlara hücum etdi və aparıcını öldürdü. Amenxotep Fərata, torpaqlarının şimal sərhədinə çatdıqdan sonra geri döndü. Onun varisi IV Tutmosun dövründə Misir Mitanni ilə dostluq münasibətləri yaratdı. Mitanni şahı Artadama qızını firona ərə verdi.

IV Tutmosdan sonra hakimiyyətə III Amenxotep gəldi. Şahlığının 5-ci ili o, Efıopiyada baş verən üsyanı yatırdı, bundan sonra cənuba tərəf yürüş etdi və sələflərindən heç birinin getmədiyi, Xora sularına gedib çıxdı və öz sərhəd nişanəsini ora həkk etdi. Bu, III Amenxotepin şəxsən iştirak etdiyi yeganə «birinci qalibiyyətli yürüş» idi.

Yaxın Şərqin böyük dövlətləri öz qüdrətli qonşularını narahat etmirdilər. Misir silahının gücü və Misir qızılının parıltısı onları üzüyola etmişdi. III Amenxotep zaman-zaman bu «qardaş»larına qızıldan hədiyyələr bağışlayırdı. Efıopiya və Misir qızıl məbədləri, Suriya - Fələstindən alınan xərac və hərbi qənimətlər fironların xəzinələrini saysız-hesabsız qızılla doldurmuşdu. Babil şahı Kadaşman-Xarbe öz misirli «qardaş»ından qızını ona ərə verməyi xahiş edəndə firon düşünmədən cavab vermişdi ki, Misir şahzadəsi heç vaxt başqa ölkəyə ərə verilməyib. Təhqir olunmuş Babil şahı isə öz qızına firona verməyə razı oldu. Başqa şahlara qızlarını verməyən Amenxotep, onların qızlarını Misirə yığmışdı. Ona iki Babil şahzadəsi, üç Mitanni və bir Artsava şahzadəsi verilmişdi. Onların heç biri sarayda əhəmiyyətli bir yer tutmurdu. Sarayda deyilirdi ki, Babilistan, Aşşur, Mitanni və Het tamamilə Misir şahının əlindədir.

III Amenxotepin dövrü ziddiyətli bir dövr olmuşdur. Bir tərəfdən Misir sarayı dünya hökümranlığı iddiası edir, xəyali təbəələri sırasında Babil, Aşşur və qitə Yunanıstanının əhalisini görürdü. Digər tərəfdən laqeyidcəsinə Suriya -Fələstin torpaqlarında Het şahlığının fitnə-fəsadına və riyakarlıqla itaət edən hökümdarların hərəkətlərinə sakitliklə dözürdü. Əslində yeni şahlıq dövrü Misir fironları Misirin əvvzlki qüdrətini bərpa edə bilmədilər.

2.2. Misir-Babilistan münasibətləri yeni şahlıq dövründə

Dövrü səciyyələndirən yazılı kitabələrin, müxtəlif xarakterli sənədlərin təhlili göstərir ki, Babil-Misir əlaqələrinin ən zəngin dövrü Misirdə yeni şahlıq dövrünə təsadüf edir. Məhz bu zaman iki dövlət arasında müqavilə bağlanmış və hökmdarlar müəyyən edilmiş sərhədlərin pozulmamasına and içmişdilər.

E.ə. XV əsrin ortalarından Babilistan yenidən Ön Asiyanın qüdrətli dövlətləri sırasına çıxır, onun qonşu ölkələrə mədəni - siyası təsiri güclənir. Kassi- Babil şahlığı dövründə Babilistan Misirlə diplomatik əlaqələr yaradır və sonralar bu əlaqələr daha da genişlənir. Babilistan Misir əlaqələri haqqında XIX əsrin sonlarında Misirdə Ell-Amarn arxivindən tapılmış diplomatik məktublar ətraflı məlumat verirlər. Amarn arxivində firon III Amenxotepin Babil şahı Kadaşman -Enlilə (e.ə.1374-1360) iki məktubu və Kadaşman-Enlilin ona üç cavab məktubu, II Burna-burnaşın (e.ə.1359-1333) III Amenxotepe bir, IV Amenxotepə (Exnaton) beş məktubu, Babilistandan Misirə və Misirdən Babilistana göndərilən hədiy­yələrin siyahısı qorunub saxlanmışdır.

Göründüyü kimi, Babil - Misir yazışmaları e.ə.XIY əsrin təxminən yarım əsrlik dövrünü əhatə edir. Lakin məktublardakı bəzi qeydlər Babilistan- Misir əlaqələrinin əsasının e.ə XV əsrin ikinci yarısında, kassi şahı I Karaindaşın dövründə qoyulduğunu göstərir. Məsələn, kassi şahı II Burna-burnaşın Exnatona yazdığı bir məktubda göstərilirdi: «Karaindaşın dövründən, sənin əcdadlarının səfirləri mənim əcdadlarımın yanına gələn vaxtdan indiyə qədər onlar (II Burna-burnaş və Exnatonun əcdadları) dost olmuşlar.» Buradan aydın olur ki, Misir fironu ilk olaraq Babilistana səfirlər göndərmiş və onunla dostluq əlaqələri yaratmağa cəhd göstərmişdir. Bu şübhəsiz ki, I Karaindaşın dövründə Babilistanın beynəlxalq nüfuzunun olduqca artdığını göstərirdi.

II Burna-burnaşın başqa bir məktubundan aydın olur ki, kassi şahı I Kuriqalzu (e.ə.XIY əsrin əvvəlləri) qədim Fələstin və Suriyanın Misir əleyhinə ittifaq bağlamaq təklifini rədd etmiş və Misir fironunu özünün müttəfiqi adlandırmışdı. Yenə II Burna-burnaşın Exnatona yazdığı bir məktubda I Kuriqalzunun Misirdən çoxlu qızıl aldığı göstərilirdi.

Ümumiyyətlə, Babilin Misirdən aldığı mallar içərisində qızıl əsas yer tuturdu. I Kuriqalzunun dövründən başlayaraq ölkədə inşaat işlərinin geniş miqyas alması bu qiymətli metala ehtiyacı xeyli artırmışdı. Təsadüfi deyil ki, istər Kadaşman - Enlil, istərsə də II Burna-burnaş Misir fironlarından qızıl göndərmələrini xahiş edərkən onun inşaat işləri üçün lazım olduğunu xüsusi qeyd edirdilər. Kadaşman Enlil III Amenxotepə yazırdı: «haqqında sənə yazdığım qızıla gəldikdə isə, nə qədər mümkünsə çoxlu qızıl göndər, sənin səfirlərinin mənim yanıma gəlməsindən də tez göndər. Onu indi nə qədər mümkünsə tez, bu biçin vaxtı, ya Duzu (iyun-iyul), ya da Ab (iyul-avqust) ayında göndər ki, mən gördüyüm işi başa çatdıra bilim».

Məktubda daha sonra deyilirdi: «əgər sən bu biçin vaxtı - Duzu və ya Ab ayında mənim yazdığım qızılı göndərsən, onda mən qızımı sənə verərəm. Və əgər sən Duzu və Ab aylarında qızı göndərməsən və beləliklə, mən gördüyüm işi başa çatdırmasam, ondan sonra göndərməyinin nə mənası var? Mən işi qurtardıqdan sonra qızıl mənim nəyimə lazımdır. Əgər sən onda mənə üç min taland qızıl göndərsən də, mən qəbul etməyib geri qaytaracam və qızımı sənə ərə verməyəcəm».

Kadaşman-Enlinin bu «ultimatumu» tezliklə öz təsirini göstərir və II Amenxotep Kadaşman Enlinin yeni evi üçün zəngin mebel dəsti, qiymətli ağac növlərindən olan, qızıl və fil sümüyü ilə hasiyələnmiş çarpayılar, taxtlar, kürsülər və s. göndərir.

Hədiyyələrin siyahısından sonra adətən onların bəzəyini təmsil edən qızıl, gümüş və başqa qiymətli metalların ümumi çəkisi göstərilirdi. III Amenxotepin Kadaşman Enlilə göndərdiyi hədiyyələrin tərkibində 4 kq-dan çox qızıl, 600 qr -a yaxın gümüş var idi.

Tikinti ilə bağlı qızıl sifariş verilməsinə II Burna-burnaşın Exnatona məktublarında da rast gəlirik: «Mən tikinti işinə başlamışam və bu haqda qardaşıma yazmışam, qoy qardaşım mənə çoxlu yaxşı qızıl göndərsin və mən öz işimi başa çatdırım.» Başqa bir məktubunda II Burna-burnaş fironun ona yalnız iki minə (yəni 1 kq) qızıl göndərməsindən narazı qaldığını bildirərək yazırdı:

«Mənim əjdadlarımla sənin əjdadların dostluq əlaqələri yaradandan bir-birinə zəngin hədiyyələr göndərmiş və heç vaxt bir-birinin ədalətli xahişini rədd etməmişlər. İndi isə qardaşım hədiyyə kimi mənə yalnız iki mina qızıl göndərmişdir, əgər qızıl çoxdursa sən də atanın göndərdiyi qədər göndər. Əgər o kifayət qədər deyilsə, onda heç olmasa, atan göndərdiyinin yarısını göndər. Nə üçün sən yalnız iki minə qızıl göndərmisən? İndi allahın evində - məbəddə işim çoxdur və tezliklə onu başa çatdırmaq istəyirəm. Ona görə də çoxlu qızıl göndər».

Qızılın əsasən insaat işlərinə sərf edilməsi haqqında Durr-Kuriqalzudan tapılmış və e.ə XIII əsirə aid olan sənədlər daha ətraflı məlumat verirlər, bu sənədlərin xeyli hissəsi Durr - Kuriqalzudan tikilən iki sarayın müxtəlif hissələrini bəzəmək, mebelləri haşiyələmək, bəzək əşyaları hazırlamaq və s. üçün sənətkarlara verilən qızıl, gümüş, qiymətli və yarımqiymətli daşların qəbzləridir. Qeyd etmək lazımdır ki, Babil şahlarının adətən, Misirə «yaxşı qızıl» sifariş vermələrinə baxmayaraq, alınan qızılın keyfiyyəti həmişə yüksək olmurdu. Mənbələrə görə, XVIII sülalənin sonlarından Misirdə bəzən qızılın əyarlılığını süni şəkildə aşağı salmaq təcrübədən keçirdilirdi. Tarixi dəqiq müəyyən olmayan bir üzüyün təhlili onun tərkibində 75 faiz mis, 25 faiz isə qızıl olduğunu göstərmişdir. El-Amarn məktublarında Misirdən göndərilən qızılın keyfiyyətindən narazılığına tez-tez rast gəlmək olur. Məsələn, Kadaşman-Enlil məktublarının birində Misir fironunun göndərdiyi 30 minə (15kq) qızılın gümüşə bənzədiyini göstərirdi.

II Burna-burnaş Exnatondan xahiş edirdi ki, o, göndərəcəyi qızılı məmurlarına etibar etməsin və yalnız özü görəndən sonra onu möhürləyib yola salsın. Daha sonra o yazırdı: «Qardaşım əvvəl göndərdiyi qızılı özü görməmiş və onu qardaşımın məmuru möhürləyib göndərmişdir. Ona görə də onun gətirdiyi 40 mina qızılı kürəyə qoyduqdan sonra onun çəkisi düz gəlməmişdir. II Burna-burnaşın xahişinə baxmayaraq, Misir yenə də keyfiyyətsiz qızıl göndərməkdə davam edirdi. «Sənin göndərdiyin səfirə gəldikdə isə - deyə II Burna-burnaş başqa bir məktubunda yazırdı ki, onun gətirdiyi 20 mina qızılın çəkisi düz olmamışdır və onu kürəyə qoyduqdan sonra heç 15 mina da qızıl alınmamışdır».

Qaynaqların təhlili göstərir ki, Babilistanla Misir arasında vaxtaşırı baş verən düşmənçiliyə baxmayaraq, nəinki ticarət-iqtisadi, habelə siyasi əlaqələr də heç zaman kəsilməmiş, ayrı-ayrı hökmdarların dövründə isə «nigah diplomatiyasından» da istifadə edilmişdi.

El-Amarn məktublarında qızılla yanaşı, Babil şahlarının başqa sifarişlərinə də rast gəlmək olur. Məsələn, Kadaşman-Enlil və II Burna-burnaş Misir fironlarından «umamu» adlanan heyvanın canlıya bənzər müqəvvasını göndərmələrini xahiş edirdilər. II Burna-burnaşın məktubunda onların həm suda, həm də quruda yaşayan heyvanlar olduğu göstərilirdi. Görünür, burada Babilistanın heyvanat aləminə yad olan timsah və begemot nəzərdə tutulurdu. Ola bilsin ki, Babil şahları bu qəribə heyvanlar haqqında eşitmiş və onları öz saraylarında nümayiş etdirmək istəmişdilər.

Bunlarla yanaşı Babilistan Misirdən çoxlu məişət əşyaları, bəzək şeyləri, paltarlar və b. mallar alırdı. Babilistanın Misirdən aldığı malların çeşidini öyrənmək baxımından Exnatonun II Burna-burnaşa göndərdiyi hədiyyələrin siyahısı böyük maraq doğurur. Dörd sütundan və 307 sətirdən ibarət bu siyahıda qızıl, gümüş tunc və b. materiallardan onlarca nəfıs əşyanın adı göstərilir. Qızıldan müxtəlif qablar, onlarla qızıl üzük, qolbağı, boyunbağı, Pamassu (hami-allah) allahının qızıl heykəlləri, daş qablar, fil sümüyündən müxtəlif əşyalar və s. - Exnatonun II Burna-burnaşa göndərdiyi hədiyyələrin tam olmayan siyahısı bunlardır.

Babilistanla Misir arasında ticarət əlaqələri hər iki ölkəyə iqtisadi mənfəət verməklə yanaşı, siyasi əlaqələrin möhkəmlən­dirilməsi üçün də zəruri idi. Təsadüfi deyil ki, II Burna-burnaş məktublarda bunu dəfələrlə qeyd edirdi. Hələ ilk məktub­larının birində o, III Amenxatepe yazırdı. «Sənin atanla mənim atam əvvəllər bir-biri ilə dost olduqları kimi, gəl indi biz də bir-birimizlə dost olaq və qoy bizim aramızda bədxah sözlər deyilməsin”.

Başqa bir məktubda II Burna-burnaş Exnatona bildirildi ki, «şahlar arasında qardaşlıq, dostluq, ittifaq və başqa əlaqələr o zaman ola bilər ki, qiymətli daşlar ağır gəlsin, gümüş ağır gəlsin, qızıl ağır gəlsin.»

Göründüyü kimi, ölkələr arasında hər cür münasibətlərin inkişafı ticarət əlaqələrinin miqyasından asılı idi. Bu əlaqələr isə, qeyd edildiyi kimi, hər iki ölkə üçün faydalı idi. Babilistana zəruri mallar göndərən Misir əvəzində özü üçün eyni dərəcədə zəruri olan mallar alırdı. Amarn məktubları Babilistanın Misirə göndərdiyi mallar haqqında da aydın təsəvvür yaradır. Bu malların içərisində lazurit üstünlük təşkil edirdi.

Qeyd etmək lazımdır ki, hələ III Tutmosun salnaməsində Misirin Mesopotamiyadan lazurit aldığı göstərilirdi. Kadaşman-Enlil və II Burna-burnaşın Misirə göndərdiyi hədiyyələrin içərisində demək olar ki, həmişə lazuritə və ya lazuritdən hazırlanmış əşyalara rast gəlmək olur. Məsələn, II Burna-burnaş Exnatona ümumiyyətlə, 8 mina lazurit (4kq) və lazuritdən bir sıra qiymətli əşyalar göndərmişdi.

Məlum olduğu kimi, Mesopotamiyada lazurit və s. qiymətli və yarımqiymətli daşlar yox idi və ən qədim zamanlardan Mesopotamiya dövlətləri bu qiymətli malları xaricdən alırdılar. Mənbələrdə lazuritin Mesopotamiyaya müasir Əfqanıstanın Bədəxşan rayonundan və ya Urmiya gölü zonasından gətirildiyi göstərilir.

Görünür, kassilər dövründə Babilistan şərqlə sıx ticarət əlaqələri saxlamış və oradan çoxlu miqdarda lazurit və başqa mallar almışdır. Bu dövrdə Babilistanda dekorativ tətbiqi sənətdə lazurit və başqa qiymətli və yarımqiymətli daşlardan geniş istifadə edilməsi, habelə onların idxalı bunu sübut edir.

Lazuritlə yanaşı, Misirə daha çox çənk arabası göndərilirdi. II Burna-burnaş Exnatona 10 cüt at, 5 çənk arabası göndərmişdi. El-Amarn məktublarında Babilistanın Misirə göndərdiyi bir sıra başqa malların da adı çəkilir. Məsələn, II Burna-burnaşın dövründə Misirə çoxlu qiymətli əşya göndərilmişdi. Bunlar əsasən lazurit, gümüş, qızıl, tunc və fil sümüyündən bəzəklər və məişət şeylərindən ibarət idi.

İstər Babilistan, istərsə də Misir tərəfi yuxarıda adları çəkilən malları bir-birinə hədiyyə göndərdiklərini yazmalarına baxmayaraq, bunun əslində mübadilə məqsədi güddüyü və iqtisadi ehtiyacla bağlılığı açıq göstərilirdi. Amarn məktublarının təhlili göstırir ki, xarici ticarəti öz əllərinə alan bu və ya digər ölkənin hökmdarı qarşı tərəfə hədiyyələr göndərərkən onların əvəzində layiqli cavab hədiyyəsi gözləyirdi və daha doğrusu, nə gözlədiyini açıq yazırdı. Amarn məktublarında söhbət adi hədiyyə mübadiləsindən deyil, iki böyük dövlət arasında müntəzəm ticarət əlaqələrindən gedirdi. Təbiidir ki, bu əlaqələr müəyyən beynəlxalq normalarına əsasən bir-birinin hüquq bərabərliyini tanımağı tələb edirdi. Ehtimal ki, bu münasibətlər iki dövlət arasında bağlanmış müqavilələrlə tənzim olunurdu. Amarn məktublarında belə bir müqavilənin mövcudluğuna işarə olunurdu.

Müəyyən olunmuş normaların hər hansı şəkildə pozulması cavab tədbirləri ilə qarşılanırdı. II Burna-burnaşın məktubundan gətirdiyimiz aşağıdakı fikir məhz bu mənada başa düşülməlidir: “Sənin səfirlərin üç dəfə mənim yanıma gəlmiş, lakin sən onlarla mənə heç bir qiymətli hədiyyə göndərməmisən. Ona görə mən də sənə heç bir qiymətli hədiyyə göndərməmişəm. Nə sən qiymətli bir şey əldə etdin, nə də mən”.

Exnatona yazdığı bütün məktublarında öz şərəfini və dövlətin mənafeyini uca tutan II Burna-burnaşın narazılığının əsas səbəbi aşağıdakı sətirlərdə aydınlaşır: «Sonra o (II Burna-burnaşın səfıri) dedi ki, mənim qardaşımın ölkəsində hər şey vardır və onun heç bir şeyə ehtiyacı yoxdur. Mənim də ölkəmdə hər şey vardır və mən də hər bir şeyə ehtiyac hiss etmirəm. Yaxşı münasibətlər bizə şahlardan qalmışdır və biz də bir-birimizə firavanlıq arzulamışıq. Qoy, bizim aramızdakı bu əlaqələr daha da möhkəm olsun».

Bununla II Burna-burnaş özünün Misir fironu ilə bərabər səviyyəli hökmdar olduğunu qabarıq şəkildə nəzərə çarpdırır. II Burna-burnaş Exnatona yenə kiçik hədiyyə - 4 mina lazurit və 5 cür at göndərir və çoxlu yaxşı hədiyyələr göndərə bilməməsini yolun çətinliyi, su təchizatının pisliyi, havanın istiliyi ilə izah edir. Elə buradaca o, Exnatondan çoxlu yaxşı qızıl göndərməsini xahiş edir.

Ticarət əlaqələrinin normal inkişafına mane olan səbəblər təkcə bunlar deyildi. Daha təhlükəli maneə Babilistandan gedən karvanların yolda qarət edilməsi, tacirlərin isə öldürülməsi idi. Belə qarətləri əsasən Misirin nüfuz dairəsində olan Şərqi Aralıq dənizi ölkələrinin hökümdarları edirdilər. Bu da təsadüfi deyildi. Məlum olduğu kimi, Exnaton ölkədə kəskin daxili çəkişmələr şəraitində özünün məşhur dini islahatını həyata keçirirdi. Bu çəkişmələr Misirin hərbi gücünü xeyli zəiflətmişdi. Başı islahata və öz rəqibləri ilə mübarizəyə qarışan Exnaton fəal xarici siyasət yeritmirdi və əslində Misirdən asılı olan Şərqi Aralıq dənizi dövlətlərini başlı-başına buraxmışdı. Bu dövlətlər arasında daimi ixtilaflar və daxili çəkişmələr hökm sürürdü. Onlar Misir fironuna bir-birindən şikayət edir, hər biri öz qonşusunu Misirə xəyanətdə təqsirləndirirdi. Misir hökmdarı bu şikayətlərə qibtə ediləcək dərəcədə səbirlə yanaşır və adətən heç bir tədbir görmürdü.

II Burna-burnaşın sonrakı məktubunda Babilistan tacirlərinin ölümü ilə nəticələnənə daha ağır qarətin xatırlanması fironun öz nüfuz dairəsinə daxil olan ərazilərdə karvan yollarının təhlükə­sizliyini təmin etmək üçün ciddi tədbir görə bilmədiyini göstərir və bu, Exnatonun dövründə Misirin beynəlxalq vəziyyətinin mürəkkəbliyini bir daha sübut edir. II Burna-burnaş yazırdı: «mənim Ahu-tabu ilə səfərə çıxan tacirlərim ticarət işləri ilə əlaqədar Kinahiddə ləngimişdilər. Ahu-tabu oradan qardaşımın yanına yola düşdükdən sonra Balumemenin oğlu Şumadda və Akkadlı Şaratunun oğlu Şutatna öz adamlarını göndərərək Kinahiddəki Hinnatuni şəhərində mənim tacirlərimi öldürmüş və pullarmı ələ keçirmişlər. Buna görə mən Azzanı sənin yanına göndərmişəm. Ondan soruş və o, hər şeyi sənə desin. Kinahhi sənin ölkəndir və onun şahları sənin qullarındır. Mən sənin ölkəndə zorakılığa məruz qalmışam. Onların qarşısını al və qarət etdikləri pulları ödə».

Məktubda daha sonra deyilirdi: «mənim qullarını öldürən adamları isə edam et və onların qanının intiqamını al. Əgər sən bu adamları öldürməsən, onlar yenidən bu işə qayıdacaq. Ya mənim karvanlarımı, ya da sənin səfirlərini öldürəcəklər. Belə olduqda bizim aramızda səfirlərin gediş gəlişi kəsilər və əgər belə olsa, onda onlar sənə qarşı çıxarlar».

Göründüyü kimi, Exnatonun hakimiyyəti illərində Şərqi Aralıq dənizi ölkələrində Misirin mövqeyinin zəifləməsi Babilistan-Misir ticarət əlaqələrini xeyli çətinləşdirmişdi. Babilistan ticarət karvanlarının qarətində Suriya və Fələstin hakimlərinin iştirakı, onların Ön Asiya ticarətində öz müstəqilliklərini bərpa etmək, Misirin Babilistan və başqa dövlətlərə birbaşa ticarət əlaqələrinə mane olmaq cəhdlərindən irəli gəlirdi. Ehtimal ki, Misirin Babilistanla əlaqələri bu ölkələr üçün daha təhlükəli idi. Məktubda Hananeylərin Misirdən ayrıla biləcəyini açıqca qeyd edilirdi. Bu məsələ ilə bağlı bir faktı da xatırlatmaq yerinə düşərdi. Hananeylər Misirə qarşı çıxış etmək istərkən kömək üçün məhz Babilistana müraciət etmiş, lakin Kuriqalzudan rədd cavabı almışdılar. Bu Şərqi Aralıq dənizində ağalıq üçün Misirin Babilistanla ittifaqının mühüm əhəmiyyətə malik olduğunu göstərirdi.

E.ə.XVI yüzillikdə Mitanni və Babilistandan asılı vəziyyətə düşən Assuriya XV yüzillikdən başlayaraq, Misirlə əlaqələri genişləndirməyə və öz keçmiş qüdrətini bərpa etməyə çalışırdı. Exnatonun müasiri olan I Aşşur Uballitin (e.ə.1365-1330) dövründə Assuriya Mitanni və Babilistanın təhlükəli düşməninə çevrilir. İstər Mitanni, istərsə də Babilistan şahları Misir-Assuriya yaxınlaşmasının və Assuriyanın yüksəlişinin təhlükəli nəticələrini yaxşı görürdülər və ona görə də bu ittifaqa mane olmağa çalışırdılar. II Burna-burnaş Exnatona məktubunda assuriyalıları öz təbəələri adlandırır və tələb edir ki, firon onlarla heç bir əlaqə saxlamasın.

Tarixi şəraitin mürəkkəbliyinə baxmayaraq, Babilistanla Misir arasında ticarət əlaqələri kəsilmirdi və hətta bu “nigah diplomatiyası” - qohumluq əlaqələri ilə möhkəmləndirilirdi. Amarn yazılarından məlum olduğu kimi, Kadaşman Enlilin bacısı və qızı, habelə II Burna-burnaşın qızı müvafiq olaraq III Amenxotep və Emxatona ərə vermişdilər. Digər tərəfdən Kadaşman-Enlilin III Amenxotepin qızını almaq arzusuna Misir fironuna rədd cavabı vermişdi. Bu fakt əksər hallarda Misir fironunun Babil şahına etinasız münasibəti, ona yuxarıdan aşağı baxmağı ilə izah olunur. Əslində isə bu qədim Misir taxt-tacı varisliyi adəti ilə bağlı idi. Bu adətə görə «taxt-tac yalnız qadın xətti ilə keçirdi. Firon arvadı taxt-tac varisi hesab olunurdu. Taxt-taca istənilən mənşəli adam iddia edə bilərdi. Və əgər o məlikəyə evlənirdisə, dərhal şah taxtına çıxırdı. Məlikə öz mənşəyinə görə məlikə idi, şah isə ona evləndikdən sonra şah olurdu.»

Amarna dövründən sonra Babilistanla Misir arasında ticarət əlaqələri zəifləyir, lakin tamamilə kəsilmir. II Ramzesin hakimiyyəti illərində iki ölkə arasında daha bir diplomatik qohumluq əlaqəsinin yarandığı güman edilir. XIX sülalə dövrünə aid sənədlərdə Misirin Babilistandan müxtəlif mallar, xüsusilə at, gümüş, qiymətli daşlar, sürtgü yağı idxal etdiyi göstərilir.

E.ə. XIII əsrin başlanğıcında Babilistanla Xett dövləti arasında əlaqələr genişlənir. Misirə və Assuriyaya qarşı hər iki dövlətinin mövqeyini möhkəmlətmək məqsədilə Xett şahı III Xattusili Babil şahı Kadaşman-Turqu (e.ə.1281-1264) ilə qarşılıqlı hərbi yardım haqqında müqavilə bağlayır. Müttəfiqlik borcunu yerinə yetirən Kadaşman-Turqu Misirlə əlaqəni kəsmiş və Xett şahına Misirlə müharibə edərsə, piyada qoşunlar və cənk arabaları ilə kömək edəcəyini vəd etmişdi.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin