(Şeyx: Ibn Cibrin).
Heyzli qadının oruc tutması haqda.
-
Sual: Qadın heyz (aybaşı) olduqda orucunu pozmalı və onun əvəzinə başqa gün oruc tutmalıdırmı?
Cavab: Heyzli qadının oruc tutması düzgün deyildir. Heyz olan kimi orucunu açmalı və təmizləndikdən sonra əvəzində başqa günlərdə qəza tutmalıdır.
(Daimi elmi araşdırmalar mərkəzi).
Oruclu halda yenidən qan axmasının başlanması.
-
Sual: Nifaslı (doğuşdan sonra qanaxma olan) qadın bir həftədən sonra təmizlənib müsəlmanlarla birgə Ramazan ayında oruc tutur və bir neçə gündən sonra yenidən qanaxma başlayır. Belə halda o orucunu pozmalıdırmı? Oruc tutduğu və tutmadığı günlərin qəzasını etməlidirmi?
Cavab: Nifaslı (doğuşdan sonra qanaxma olan) qadının təmizləndikdən sonra bir neçə gün oruc tutması və qirx gün ərzində qanaxmanın yenidən qayıtması halında, təmizləndiyi günlərdə tutduğu orucu doğrudur. Qanaxma başladıqdan sonra təmizlənənə və ya qırx günün tamamına qədər orucu və namazı saxlamalıdır. Çünki bu günlər nifas günləri sayılır. Nifas qırx gün davam etdikdən sonra onun müddəti qurtarır. Qırx gündən sonra qadın qüsl alıb təmizlənməli və namazlarını qılmalıdır. Əgər bu müddətdən sonra qanaxma dayanmazsa onda hər namaz üçün təmizlənməli və dəstəmaz almalıdır. Bu müddətdə qadının əri də ona yaxınlıq edə bilər. Çünki qırx gündən artıq axan qan nə oruca, nə namaza nə də cinsi əlaqəyə mane olmur. Əgər qırx gündən artıq axan qan əvvəlki heyz vaxtı ilə eyni vaxta təsadüf etsə onda bu qan heyz qanı sayılır və belə halda namaz qılınmır.
(Şeyx: Əbdül Əziz Ibn Bəzz).
Dərman qəbul etmək.
-
Sual: Bəzi qadınlar orucu qəzaya qoymamaqdan ötrü qəsdən Ramazan ayında heyzin (aybaşının) qarşısını almaq üçün xüsusi dərmanlardan istifadə edirlər. Bu nə dərəcədə doğrudur? Və bunun müəyyən bir çərçivəsi varmı?
Cavab: Mənim fikrimcə qadınlara bunu etmək məsləhət deyil. Onlar Allahın qəza və qədəri ilə razılaşmalıdırlar. Çünki bu aylıq adətin öz hikməti vardır. Müəyyən dərmanlarla onun qarşısını almaq qadınların sağlamlıqlarına zərərlidir. Ona görə də belə əməllərdən çəkinmək lazımdır.
(Şeyx: Ibn Useymin).
Cənabət qüslünü sübhə qədər gecikdirmək.
-
Sual: Cənabət, heyz və ya nifas qüslünü sübhə qədər gecikdirmək olarmı?
Cavab: Sübhdən əvvəl təmizlənən qadın oruc tutmalıdır. Təmizlik qüslünü isə sübhdən sonraya saxlamaq olar. Amma bunu gün çıxan vaxta qədər gecikdirmək olmaz. O, günəş çıxmadan əvvəl çimməli və namazını qılmalıdır. Həmçinin cənabətli adam da belə etməlidir.
(Şeyx: Əbdül Əziz Ibn Bəzz).
Hamilə və südverən qadın.
-
Sual: Ramazan ayında oruc tutmayan hamilə və ya südverən qadın nə etməlidirlər? Kəffarənin miqdarı nə qədər olmalıdır?
Cavab: Hamilə və ya südverən qadın üzrsüz yerə orucunu poza bilməzlər. Əgər üzrlü səbəbə görə oruclarını pozublarsa orucu qəza etməlidirlər. Çünki onlar da xəstə adamın hökmündədirlər. Allah təalə buyurur: "(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...." (əl-Bəqərə: 184).
(Şeyx: İbn Useymin).
-
Sual: Bir qadının ramazan ayında uşağı olub və sonra uşağa süd verdiyi üçün orucunu qəza edə bilməyib. Sonrakı Ramazan ayında yenidən uşağı olmuşdur. Belə halda o keçən Ramazan ayının orucu əvəzinə pul paylaya bilərmi?
Cavab: O qadın iftar etdiyi günlərini qəza etməlidir. Hətta arada başqa Ramazan ayı olsa da yenə orucu qəza etməlidir. Çünki onun bu orucu gecikdirməkdə səbəbi vardır. Bilmirəm, məyər o qadın qış aylarında günaşırı oruc tuta bilməz? Əgər uşağın südünün kəsilməsindən qorxursa buna heç ehtiyac yoxdur. Allah onun südünə bərəkət verəcəkdir. Lakin çalışıb Ramazan orucunu qəza etməlidir.
(Şeyx: İbn Useymin).
Müsafirlik və oruc.
-
Sual: Səfərdə olan adamın orucunu açması üçün, həmin səfərin çətin olub olmaması şərtdirmi? Müsafirin oruc tutması yaxşıdır yoxsa iftar etməsi?
Cavab: Səfərin çətin və ya rahat olmasından asılı olmayaraq müsafir orucunu aça bilər. Səfərin maşın, təyyarə və ya piyada olmasının heç bir təsiri də yoxdur. Çünki şəriət müsafirə səfərdə olarkən orucunu açmağa icazə vermiş və onun üçün heç bir şərt kəsməmişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) və onun səhabələri səfərdə olarkən bəziləri oruc tutar digərləri isə iftar edərdilər. Lakin heç kəs buna görə bir-birinə irad tutmazdı. Onlar səfər zamanı çətinliyə düşəndə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) oruclarını açmağı tövsiyə edərdi.
(Daimi elmi araşdırmalar mərkəzi).
Iftarın səbəbi bitdikdə nə etmək.
-
Sual: Mən müsafir idim və bu müddətdə oruc tutmurdum. Səfərimin sonuncu günü evimə gəldikdə artıq əsr namazının vaxtı idi. Belə halda mən yemək içməkdən imtina etməliyəm, yoxsa yeyib içə bilərəm?
Cavab: Bəli, iftar etmək səbəbi bitdikdə, artıq yemək içməkdən imtina etmək lazımdır. Əgər səfər gündüz vaxtı qurtarıbsa, günün qalan hissəsində iftara qədər yemək içməkdən imtina etmək lazımdır. Çünki Allah təalə səfərdə olan müddətdə yeməyə icazə vermişdir. Amma artıq səfər bitmişdir. Həmçinin xəstə adam da belədir. Əgər onun xəstəliyi gündüz bitərsə onda günün qalan hissəsini yemək içməkdən imtina etməlidir. Təbii ki, sonra həmin bu günün qəzasını etmək lazımdır.
(Şeyx: Ibn Cibrin).
Orucun qəza edilməsi.
-
Sual: Xəstəlik sağaldıqdan sonra orucu qəza etmək lazımdırmı?
Cavab: Əgər xəstəlik sağalmışdırsa onda bütün qalan orucları qəza etmək lazımdır. Yox əgər xəstəlik daimidirsə və həkimlərin dediyinə əsasən bu xəstəliyin sağalma ümidi yoxdursa, yaxud adam həddindən artıq qocadırsa və oruc tutmaqda çətinlik çəkirsə onda iftar etdiyi hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir və belə halda orucunun qəzası yoxdur.
(Daimi elmi araşdırmalar mərkəzi).
Qəzanı etmək qaydaları.
-
Sual: Mən on yeddi yaşlı qızam. Sualım belədir ki, mən ilk oruc tutduğum iki il bəzi günləri oruc tutmamışam. Indi mən nə edim?
Cavab: Sən tez bir vaxtda ardıcıl olmasa da müxtəlif vaxtlarda mütləq həmin orucların qəzasını tutmalısan. Çox alimlərin dediyinə əsasən əgər orucun qəzasını üzrsüz olaraq digər Ramazana qədər saxlamısansa onda sən qəza etməyinlə bərabər əlavə hər günün əvəzinə bir nəfəri yedizdirməlisən.
(Şeyx, Ibn Cibrin).
Ramazan orucunu qəsdən tərk etmək.
-
Sual: Islamın bütün əsaslarını yerinə yetirən lakin illər boyu səbəbsiz yerə oruc tutmayan müsəlmanın hökmü nədir?
Cavab: Ramazan ayını oruc tutmaq islamın əsaslarından biridir. Həddi buluğa çatmış insanın orucu bilərəkdən tərk etməsi ən böyük günahlardandır. Ona görə də o tövbə etməli və çoxlu yaxşı əməllər, nafilələr etməlidir. Həmçinin dinin digər əsaslarına: namaz, zəkat, həcc və s. - xüsusi diqqət yetirməlidir. Amma həmin adam keçən oruclarını qəza etmir. Çünki belə günahı qəza etmək əvəz edə bilməz. Günahı qəzadan çox yuxarıdadır.
(Daimi elmi araşdırmalar mərkəzi).
Təravih və ya gecə namazları.
-
Sual: Təravih və küsuf namazlarında Quranı əzbər deyil, kitaba baxaraq oxumaq olarmı?
Cavab: Ramazan ayında qılınan təravih və gecə namazlarında Qurana baxıb oxumaq olar. Çünki belə etməklə bütün Quranı möminlərə eşitdirmək mümkündür. Şəriət dəlillərində namaz vaxtı Quranın oxunması təkidlə qeyd edilir. Lakin bu dəlillər kitabdan deyil əzbərdən oxumağa aiddir. Amma rəvayətlərin birində deyilir ki, Aişə (Allah ondan razı olsun) öz köləsi Zəkvana Ramazan ayında gecə namazlarında onun üçün imam dayanmasını əmr etdi. Zəkvan isə əzbər deyil kitabdan oxuyurdu. Bu rəvayəti Buxari müəlləq olaraq rəvayət etmişdir.
(Şeyx: Əbdül Əziz Ibn Bəzz).
Gecə namazları iki-iki qılınır.
-
Sual: Bəzi məscid imamları təravih namazlarını bir salamla dörd-dörd və ya daha çox qılırlar. Həmçinin ikinci rükətdən sonra da təşəhhüdə oturmurlar. Bununla belə bu əməlin sünnəyə uyğun olmasını iddia edirlər. Bu nə dərəcədə doğrudur?
Cavab: Bu əməl düzgün deyildir. Bir çox alimlər belə etməyin məkruh və ya haram olmasını deyirlər. Çünki Ibn Ömərin (Allah ondan razı olsun) Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdə buyurulur ki: "Gecə namazları iki-iki qılınır" (Buxari və Müslimin rəvayətidir). Aişə (Allah ondan razı olsun) isə deyir ki, "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə vaxtı on bir rükət namaz qılardı. Hər iki rükətdən sonra salam verər və sonda bir rükət vitr qılardı" (Buxari və Müslimin rəvayətidir). Bu mənada olan hədislər həddindən artıq çoxdur. Aişənin (Allah ondan razı olsun) digər rəvayətində deyilir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə dörd rükət namaz qılardı. Qıldığı namazların uzunluğu və gözəlliyi haqda soruşmağına dəyməz! Sonra yenə dörd rükət qılardı. Qıldığı namazların uzunluğu və gözəlliyi haqda soruşmağına dəyməz!..." (Buxari və Müslimin rəvayətidir). Hədisdə məqsəd ardıcıl bir salamla dörd rükət qılmaq deyil, iki qılıb salam verdikdən sonra iki qılmaqdır. Çünki əvvəldə dediyimiz hədisində bunu açıqlamışdır. Həmçinin, "Gecə namazları iki iki qılınır" sözü də bunu təsdiqləyir və açıqlayır. Ona görə də bütün hədisləri qəbul etmək və ümumi hədisləri təfsilatlı hədislərlə açıqlamaq lazımdır.
(Şeyx: Əbdül Əziz Ibn Bəzz).
Təravih namazı.
-
Sual: Təravih namazı sadəcə sünnətdir yoxsa təkid edilmiş sünnətdir? Bu namaz necə qılınır?
Cavab: Təravih namazı təkid edilmiş sünnətlərdəndir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu namazı qılmağa təşviq edərək buyurmuşdur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar...". Səhih hədislərdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir neçə gün ardıcıl olaraq səhabələri ilə təravih namazını qılmışdır. Sonra onun fərz olunmasından ehtiyat edərək təravih namazını hər kəsin ayrıca qılmasını tövsiyə etmişdir. Səhabələr də Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) buyurduğuna əsasən bəziləri tək, bəziləri iki və ya üç nəfər birlikdə qılardılar. Sonra Ömər (Allah ondan razı olsun) öz xilafəti dövründə təravih namazının bir imamın arxasında qılınmasını əmr etdi. Çünki bu namazda camaat toplanır və Quranı dinləyirlər. Elə o gündən bu günə qədər müsəlmanlar bu əməli davam etdirməkdədirlər.
O zamanlar təravih namazlarını iyirmi üç rükət qılardılar. Namazın daxilində Quranı çox oxuyardılar. Məsələn, Bəqərə surəsini on iki və ya səkkiz rükətdə oxuyardılar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) təravih namazı üçün müəyyən say təyin etmədiyi üçün məsələ genişdir. Istəsə rükətləri azaldar Quran oxunuşunu çox edər, yaxud rükətləri çox edər Quran oxumağı isə azaldar.
(Şeyx: Ibn Cibrin).
Qunut duası.
-
Sual: Ramazan ayında vitr namazında qunut duasını oxumaq nə dərəcədə doğrudur?
Cavab: Vitr namazında qunut tutmaq sünnətdir. Və bəzi hallarda tərk etmək olar.
(Şeyx: Əbdül Əziz Ibn Bəzz).
Orucluğun müxtəlif məsələləri haqda
Şeyx İbn Useyminin (Allah ona rəhmət etsin!) fətvaları.
-
Sual: Orucun vacib edilməsində hikmət nədir?
Cavab: Əgər biz Allah təalənin bu ayəsini oxusaq "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)" (Əl-Bəqərə: 183).
Bu ayədən göruruk ki orucun hikməti Allahdan olan qorxu və Ona olan ibadətdir. Təqva: haram edilənləri tərk etmək və əmr olunanları isə yerinə yetirməkdir.
Həmçinin Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Kim yalan danışmağı və ona əməl etməyi, cahilliyi tərk etməzsə Allahın, onun yeməyini və içməyini tərk etməsinə, ehtiyacı yoxdur". (Əl-Buxari\1903)
Buradan belə aydın olur ki, oruc tutan kimsə hər bir haram işdən çəkinməli və vacib olan əməlləri yerinə yetirməlidir. Ona qiybət etmək, yalan danışmaq, nəmmamlıq (sözgəzdirənlik) və s. etmək olmaz. Ümumiyyətlə bütün haramlardan çəkinmək, bacardığı qədər yaxşı işlər görmək və vacib olan əməlləri yerinə yetirmək lazımdır. Bunu bir ay ərzində edən insan, ilin qalan hissəsində öz nəfisini doğru istiqamətdə yönləndirə bilər. Amma təəsüflər olsun ki, oruc tutanların çoxusu oruclu günləri ilə digər günləri arasında heç bir fərq görmürlər. Onlar əvvəlki kimi vacib əməlləri tərk etməkdə və haram işlər görməkdə davam edirlər. Öz üzərlərində orucun məsuliyyətini hiss etmirlər. Bu adı çəkilən əməllər orucu batil etmir, amma onun savabını azaldır. Hətta ola bilsin ki, onun bu pis əməlləri orucunun savabı bərabərliyində olsun və nəticədə orucun savabını başa-baş itirsin.
-
Sual: Ağır işdə işləyən şəxs ona çətin olduğundan orucu aça bilərmi?
Cavab: buna görə orucu açmaq olmaz və əgər buna görə oruc tuta bilmirsə Ramazan ayında icazəyə çıxsın. Çünki oruc islamın ərkanlarından biridir və onu tutmamaq olmaz.
-
Sual: Kiçik qız uşağı bilməyərək heyzli (aybaşı) ola-ola oruc tutub bunun hökmü nədir və nə etməlidir?
Cavab: Heyzli (aybaşı) qadın oruc tutmamalıdır və o heyz (aybaşı) günlərində tutduğu orucların qəzasını etməlidir. Burada belə bir məsələ də vardır: Əgər kiçik qız uşağına birinci heyz (aybaşı) gəlibsə və o utandıqından bu haqda ailəsinə xəbər verməyib və oruc tutmayıbsa onda tutmadığı bir aylıq orucu qəza etməlidir. Çünki heyz (aybaşı) olan qadın artıq həddi-büluğa yetişib və oruc tutmaq ona vacibdir.
-
Sual: Bir kişi ailəsi və uşaqları üçün ruzi qazancı ilə məşğul olub oruc tutmaqdan yayınmışdır. Bu adam nə etməlidir?
Cavab: Bu insan orucu tərk edərkən Təvil edib (mənasını yozub) fikirləşibsə ki, xəstə adama oruc tutmaq vacib olmadığı kimi yeməksiz dayana bilməyən adama da oruc tutmaq vacib deyil. Bu zaman o sağdırsa tutmadığı orucları qəza edir, ölübsə onun əvəzinə yaxınları bu orucları tutur, yaxud bunu da bacarmırlarsa onda onun adından bir günün əvəzində bir nəfəri yedizdirirlər. Yox əgər o oruc tutmayarkən heç bir təvil etməyibsə (mənasını yozmayıbsa) bu haqda alimlər deyirləri ki: "hər bir müvəqqəti ibadət üzürsüz yerə, bilərəkdən vaxtından çıxarılarsa bu əməl ondan qəbul olunmaz və bunun əvəzinə başqa yaxşı iş görmək, çoxlu tövbə edib bağışlanma diləmək, nafilələr etmək lazımdır". Amma onun orucu tərk etməsinin səbəbi unutmaq yaxud cahillik olarsa onda orucunu qəza etməlidir.
-
Sual: Bir kəs Ramazan ayının başlamasını bilməyib və birinci gün oruca niyyət etməyib sonra Sübh namazından sonra eşidib ki, bu gün artıq Ramazan ayıdır, bu halda nə etməlidir?
Cavab: o eşitdiyi vaxtdan oruc tutmalı və Ramazandan sonra ehtiyat üçün bu günün əvəzinə qəza tutmalıdır.
-
Sual: Bir kəs müəyyən səbəb üzündən orucunu açıb və günün bir hissəsində həmin səbəb götürülübsə günün qalan hissəsində oruc tutmalıdırmı?
Cavab: O günün qalan hissəsini oruc tutmalı deyil çünki onun oruc açması şəriətə müvafiq olan səbəb üzündəndir.
-
Sual: Bir adam daimi xəstəliyə tutulub və həkim ona oruc tutmağı yasaq edibsə bu adam nə etməlidir?
Cavab: Əgər insan müalicəsi olmayan daimi xəstəliyə tutulubsa bu zaman o, hər günün əvəzinə bir nəfər yedizdirir.
-
Sual: Müsafir adamın orucu necə olmalıdır?
Cavab: Müsafir adamın Ramazan ayında oruc tutması daha yaxşıdır. Əgər iftar edərsə bunun bir zərəri yoxdur. O, iftar etdiyi günlərin qəzasını tutur. Əgər iftar etmək ona daha asandırsa iftar etmək daha yaxşıdır. Çünki Allah təalə Onun rüxsətlərinə (asanlaşdırdığı işlərə) əməl edilməsini sevir.
-
Sual: Müsafirə oruc tutmaq çətinlik yaradarsa o nə etməlidir?
Cavab: çətinlik çox ağır olmazsa bu zaman onun oruc tutması məkruhdur (bəyənilmir), çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun hamının bir nəfərin başı üzərinə toplaşmasını gördü və nə baş verdiyini soruşdu, cavabında orucdur dedilər. O buyurdu: "Səfərdə oruc tutmaq yaxşılıqdan deyildir". Əgər bu çətinlik ona çox ağır olarsa bu zaman iftar etmək vacibdir. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun səfərdə olarkən insanlar orucun çətinliyindən şikayətləndilər və Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucunu açdı. Sonra Peyğəmbərə bəzilərinin oruc açmadıqları xəbəri deyildikdə o buyurdu: "Onlar asi olanlardır, onlar asi olanlardır". Amma məşəqqətsiz olan səfərdə oruc tutmaq daha yaxşıdır.
-
Sual: Hal-hazırda müsair texnika səbəbi ilə səfərə çıxmaq çox asan olduğundan oruc tutmaq da ağır olmur, belə halda müsafirin nə etməsi daha yaxşıdır?
Cavab: Səfərə çıxan insan istəsə iftar edər yaxud da oruc tutar. Peyğəmbər ona Allahın salavatı və salamı olsun öz səhabələri ilə səfərə çıxardılar onlardan bəziləri oruc tutar bəziləri isə iftar edərdilər. Amma buna baxmayaraq biri-digərinə irad tutmazdı. Amma səfər rahat olarsa oruc tutmaq daha yaxşıdır. Çünki bu işdə üç fayda vardır:
1- Peyğəmbəri ona Allahın salavatı və salamı olsun örnək götürmək.
2- Oruc tutmağın asan olması. Çünki hamılıqla tutulan oruc daha asan olur.
3- Tez bir zamanda yükünü boynundan atmaq.
-
Sual: Süd verən qadın iftar edə bilərmi? O nə vaxt qəza etməlidir? Orucun əvəzinə yemək yedizdirə bilərmi?
Cavab: Süd verən qadın oruc tutmaqla südün azalacağından, bunun da uşağına zərər verəcəyindən qorxarsa bu zaman iftar edə bilər amma sonra həmin bu orucun qəzasını tutmalıdır. Çünki onun vəziyyəti xəstənin vəziyyətinə oxşayır. Bu səbəb getdikdən sonra o orucunu tutmalıdır və əgər bu il tuta bilməsə o birisi il tuta bilər. Orucun əvəzinə kəffarə olaraq yemək vermək isə həmin səbəb və ya xəstəliyin daimi olması zamanı edilir.
-
Sual: Orucun məşəqqətindən, aclıq və susuzluqdan, günün çox hissəsini yataraq keçirmək oruca mənfi təsir göstərirmi?
Cavab: Bu oruca mənfi təsir göstərmir, əksinə bu çətinlikdə çoxlu savab vardır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun Aişəyə (Allah ondan razı olsun) demişdir: "Sənin savabın çətinliyin qədərdir". Insanın Allaha itaətində çətinliyi nə qədər çox olarsa savabı da bir o qədər çox olar. Belə çətinliklə üzləşdikdə sərin yerdə oturmaq və su ilə sərinlənmək olar.
-
Sual: Ramazan ayında hər gün niyət etmək lazımdır yoxsa bir aylıq oruc niyəti kifayətdir?
Cavab: Ramazan ayında birinci gün bir dəfə niyət etmək kifayətdir. Çünki oruc tutan hər gün axşam niyət etməsə də artıq onun bir ay oruc tutmaq niyyəti var idi. Amma orucu Ramazan ayı əsnasında müəyyən səbəb üzündən kəsərsə onda yenidən niyət etmək lazımdır. Çünki onun orucu səbəb üzündən kəsilmişdir və buna görə də niyəti təzələmək lazımdır.
-
Sual: Qəti olaraq orucu açmaq niyətində olan adam yeyib-içməsə də iftar etmiş sayılırmı?
Cavab: Məlum olduğu kimi oruc niyət etməklə tərk etməyi birlikdə cəm etməkdir. Insan oruc ilə yemək-içməyi tərk edərək Allaha yaxınlaşmağı niyət edir. Həqiqətən o orucu açamaq niyətində olarsa bu onun orucunu batil edər. Amma bu Ramazan ayında olarsa günəş batana qədər yeyib-içməkdən imtina etmək vacibdir. Sonra bu orucun qəzasını tutmalıdır. Çünki Ramazan ayında üzürsüz yerə iftar edən gündüz vaxtı yeyib-içməkdən imtina etməli sonra isə orucu qəza etməlidir. Amma onun oruc açmaq niyəti tərəddüdlü (qeyri qəti) olarsa bu haqda alimlərin ixtilafı vardır. Bəziləri belə halda orucun batil olmasını deyirlər, çünki tərəddüd etmək əzmə (qəti istəkə) ziddir. Digər alimlər isə orucun batil olmadığını deyirlər. Çünki əsas niyyətin qalmasıdır. Niyət onu qəti dəyişmək istəyinə düşənə qədər davam edir. Mən də bu fikri daha doğru hesab edirəm. Allah daha yaxşı biləndir.
-
Sual: Oruc olarkən unudaraq yeməyin hökmü nədir? Onu görənlər nə etməlidirlər?
Cavab: Oruc olarkən unudaraq yeyib-içənin orucu düzdür, amma yadına düşən anda yeyib-içməyi tərk etməlidir. Hətta tikə onun ağzında olarsa onu çıxartmaq vacibdir. Belə halda orucun düzgün olmasına dəlil Əbu Hüreyrənin Allah ondan razı olsun etdiyi rəvayətdir: Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Kim oruclu alarkən unudaraq yeyib-içərsə orucnu davam etdirsin. Sadəcə olaraq Allah onu yedizdirib və içizdirmişdir." Həmçinin unutmaqla edilən qadağalı işə görə cavabdehlik yoxdur. Allah təalə buyurur: "Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!" Allah təalə də buyurmuşdur ki: - Artıq (belə də) etdim, (sizin duanızı qəbul etdim). Bunu görən insan isə onu xatırlatmalıdır və bunu etmək vacibdir. Çünki bu, münkəri dəyişmək deməkdir. Oruc tutanın oruc vaxtı yeyib-içməsi münkərdir. Amma burada onun üzrü unutmaq olduğu üçün ona günah yazılmır, lakin onu görənlərə isə bunu inkar etməməkdə heç bir üzr yoxdur.
-
Sual: Oruc tutan sürmədən istifadə edə bilərmi?
Cavab: Oruclu adama sürmə işlətmək, gözə və qulağa damla axıtmaq olar. Hətta bunun dadını boğazında hiss etsə belə bunun təsiri yoxdur çünki bu nə yemək nə də içməkdir. Qadağa yemək-içmək və onların mənasında olan şeylərədir. Ona görə də yemək-içmək mənasında olmayan şeyləri ona aid etmək düzgün deyildir. Bu dediklərimiz Ibni Teymiyyənin (Allah rəhmət etsin) seçdiyi rəydir və düzgün rəy də budur. Amma burnuna damla tökərkən qəsdən onu içəri salarsa orucu batil edər. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "oruclu olmadığın halda istinşaqı (burunu təmizləməyi) dərindən et!".
-
Sual: Oruclu olarkən misvakdan və ətirdən istifadə etmək olarmı?
Cavab: Doğrusu odur ki, oruclu olarkən gün ərzində misvakdan istifadə etmək olar. Həmçinin növündən asılı olmayaraq ətirdən də istifadə etmək olar. Amma ki, burnu ilə dərindən nəfəs alıb onu içəri salmasın çünki bu onun mədəsinə gedə bilər.
-
Sual: Orucu batil edən şeylər hansılardır?
Cavab: Orucu pozan şeylər bunlardır:
-
Cinsi əlaqədə olmaq.
-
Yemək.
-
Içmək.
-
Şəhvət ilə məni (sperma) çıxartmaq.
-
Yemək və içmək mənasında olan şeylər.
-
Qəsdən qusmaq.
-
Heyz (aybaşı) və ya nifas (doğuşdan sonra) qanının çıxması.
Deyilən bu şeylər üç şərt əsasında olmalıdır ki, orucu batil etsin.
-
Elm.
-
Xatırlamaq.
-
Qəsd.
Dostları ilə paylaş: |