Orucluq fətvaları... İbn Teymiyyə, İbn Bəzz, İbn Useymin
بسم الله الرحمن الرحيم
Ramazan ayını oruc tutmaq
və
bu ayda ibadət etməyin fəziləti (savabı).
Aləmlərin Rəbbi Allaha həmd-sənalar olsun. Onun qulu və elçisi Məhəmmədə, ailəsinə, əshabına və onların yolu ilə gedənlərə Allahın salat və salamı olsun.
Bu, ramazan ayında oruc tutmağın, ibadət etməyin və saleh əməllərlə yarışmağın fəziləti, sonra orucluqla əlaqədar bəzi əhəmiyyətli hökmlər haqda qısaca da olsa kiçik bir tövsiyədir.
Səhih hədislərdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan ayının gəlişi münasibəti ilə öz əshabəsini müjdələyər, bu ayda rəhmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladardı. Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: Ey xeyr istəyən kimsə! Buyur!. Ey şər istəyən kimsə! Geri çəkil!. Və hər gecə Allah təalə cəhənnəmdən kimlərisə xilas edər".
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ramazan ayı gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təalə sizi əhatə edər, rəhmətini nazil edər, günahları bağışlar və duaları qəbul edər. Allah təalə sizin bu ayda (xeyir işlər görmək üçün bir-birinizlə) yarışmanıza baxar və sizinlə Mələkləri önündə öyünər. Siz də öz nəfsinizdən Allaha xeyir nümayiş etdirin. Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır".
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar."
Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah təalə buyurur: Adəm övladının etdiyi hər bir əməl onun özü üçündür. Hər bir yaxşı əmələ onun on qatından yeddi yüzə qədər savab yazılır. Yalnız orucdan başqa. Oruc Mənim üçün tutulur və onun cavabını da Mən Özüm verəcəyəm. Bəndə (oruc tutmaqla) şəhvətini, yeməyini və içməyini Mənə görə tərk edir. Oruc tutan iki halda: orucunu açdıqda və Rəbbi ilə qarşılaşdıqda, - sevinir. Oruc tutan adamın ağzından gələn qoxu Allah qatında müşk ətrinin iyindən daha yaxşıdır".
Ümumiyyətlə Ramazan ayında oruc tutmaq və ibadət etməyin fəziləti haqda hədislər çoxdur.
Mömin bəndə bu fürsətdən səmərəli istifadə etməlidir. Ramazan ayına yetişməyin özü bir nemətdir. Ona görə bu ayda ibadətlərə qapanmaq və pis işlərdən çəkinmək lazımdır. Allah təalənin ona vacib etdiyi əməlləri layiqincə etməlidir. Xüsusən gündəlik beş vaxt namazı hər bir müsəlman kişi və qadın vaxtında, xüşu və rahatlıqla yerinə yetirməlidir. Çünki namaz islamın dirəyi və şəhadətdən sonra ikinci əsasıdır. Namazın kişilərə daha vacib olan haqqı onu, Allahın adını yüksəltməsini əmr etdiyi evlərdə, məscidlərdə camaat ilə qılmaqdır. Allah təalə buyurur: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!" (əl-Bəqərə: 43). "(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)." (əl-Bəqərə: 238). "Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" (əl-Muminun: 1-2). "Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin) varis olanlar. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!" (əl-Muminun: 9-11).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Bizimlə onlar (kafirlər) arasında olan fərq namazdadır. Kim onu tərk edərsə küfr etmiş olar".
Namazdan sonra ən əsas fərz zəkat verməkdir. Bu haqda Allah təalə buyurur: "Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!" (əl-Bəyyinə: 5). Allah təalənin kitabı və Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) sünnəsi (hədisləri), malının zəkatını verməyən adamın qiyamət günü əzaba düçar olacağı haqda xəbər verir.
Namaz və zəkatdan sonra ən əhəmiyyətli məsələ Ramazan orucunu tutmaqdır. Oruc tutmaq, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədisində buyurulan islamın beş əsasından biridir. Hədisdə deyilir: "Islam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Allahın elçisidir kəlməsinə şəhadət vermək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həcc etmək".
Müsəlman şəxs orucunu və digər ibadətlərini haram buyurulmuş söz və əməllərdən qorumalıdır. Çünki, oruc tutmaqda məqsəd Allah təaləyə ibadət etməkdir. Həmçinin müsəlman orucla öz nəfsini Rəbinin itaətinə alışdırmalı və ona səbri öyrətməlidir. Bu ibadəti etməkdə məqsəd sadəcə yeməy-içməyi tərk etmək deyil, bütün haramlardan və qadağalardan əl çəkməkdir. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhih hədislərin birində belə buyurur: "Oruc mühafizədir. Kim oruc tutsa həmin gün qadınla cinsi əlaqəyə girməsin və söyüş söyməsin. Əgər kimsə onu söyər və ya onunla vuruşarsa "Mən orucam!" desin". Digər hədisdə isə buyurur: "Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təalənin onun tərk etdiyi yemək-içməyə baxmaz".
Bu və digər dəlillərdən görsəndiyi kimi oruc tutan adam Allah təalənin haram buyurduqlarını tərk etməli, ona vacib edilənlərə isə sıx bağlanmalıdır. Yalnız belə halda onun Ramazan ayında bağışlanmasını, cəhənnəm atəşindən qurtulmasını, oruc və ibadətinin qəbul olunmasını demək mümkündür.
Bəzi məsələlər vardır ki, ola bilsin çoxları onu bilməsin.
Belə məsələlərdən: Müsəlman orucunu iman və ihtisabla (savabını Allahdan diləməklə) tutmalıdır. Bu ibadətdə riya və təkəbbürlük olmamalıdır. Həmçinin orucu digər insanlara: ailəsinə, qonşularına, yerli əhaliyə və s. - baxaraq deyil, Allahın onu vacib etdiyinə iman gətirərək tutmalı və orcunun savabını Allahdan diləməlidir. Ramazan ayında digər ibadətlər də bu əsasla edilməlidir. Yəni, başqa səbəblərlə deyil yalnız iman və ihtisabla edilməlidir. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) oruc tutarsa onun keçmiş günahları bağışlanar. Kim, Ramazan ayını iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar. Kim, Qədr Gecəsini iman və ihtisabla (savab qazanmaq üçün) ibadət edərsə onun keçmiş günahları bağışlanar."
Oruc tutanlara lazım olan bəzi əsas məsələlər:
Oruc tutan, yaralanarsa, bədənindən qan axarsa, qusarsa, yaxud ixtiyarı olmadan boğazına su və ya digər maddələr gedərsə bunların onun orucuna heç bir təsiri yoxdur. Lakin kim qəsdən özünü qusdurarsa onun həmin gün tutduğu oruc pozular. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim ixtiyarı olmadan qusarsa orucunu qəza etmir. Kim ki, özünü qusdurarsa o orucunu qəza etməlidir (əvəzinə bir gün oruc tutmalıdır)".
Ola bilsin oruc tutan adamın cənabət qüslü (cinsi yaxınlıqdan sonra çimmək), yaxud heyzli (aybaşı) və ya nifaslı (doğuşdan sonrakı vəziyyət) qadının qüsl alması sübh namazından sonraya qalsın. Belə hallar oruc tutmağa mane olmur. Cənabətli kişi və qadın, heyzli və nifaslı qadın sübh namazından sonra günəşin doğmasına qədər çimməli və namazını qılmalıdır.
Analiz üçün qan vermək və ya bədəni qidalandırmaq məqsədi ilə deyil adi məqsədlə vurulan iynələr oruca təsir etmir. Lakin iynənin vaxtını axşama saxlamaq mümkün olsa bu daha yaxşı olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hədisdə buyurur: "Səni şübhələndirən işi şübhə olmayanla əvəz et" "Kim şübhələrdən qorunarsa öz dinini və namusunu qorumuş olar".
Həmçinin namaz qılarkən tələsmək olmaz. Bəzi insanlar Ramazan ayında təravih namazlarını qılarkən çox tələsirlər. Hətta onların bu hərəkətləri dən yeyən toyuğun hərəkətlərinə bənzəyir. Belə namaz qılmaq namazı batil edir. Çünki namazı rahat qılmaq onun ərkanlarındandır (əsas şərtlərindəndir). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namaz qılarkən tələsməzdi. Hər fəqərəsi və əzası yerini alana qədər gözləyərdi.
Təravih və gecə namazlarının rükətlərinin sayına məhdudiyyət qoyulmadığı üçün səhabələr Ömər İbn Xəttabın (Allah onlardan razı olsun) xilafəti dövründə təravih namazını bəzən iyirmi üç rükət, bəzən on bir rükət qılırdılar. Ömərdən və digər səhabələrdən edilən bu rəvayətlər səhihdir.
Bəzi sələflər Ramazan ayında otuz altı rükət qılar və əlavə üç rükət vitr qılardılar. Bəziləri qırx bir rükət qılardılar. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) onların bu əməllərini qeyd edərək buyurur: Məsələ rahatdır...yaxşı olar ki, namazı quran, rüku və səcdə ilə uzun qılanlar rükətin sayını az etsinlər, namazın rükətlərini qısa qılanlar isə sayı çox etsinlər (məna ilə).
Lakin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə diqqət yetirən adam Ramazanda və başqa vaxtlarda deyilənlərin içərisində on bir və ya on üç rükət qılmağın ən yaxşı variant olduğunu görər. Çünki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) çox vaxt gecə namazlarını bu sayda qılardı. Həmçinin bu sayda qılmaq namaz qılan camaat üçün daha asan, rahat və xüşuya zəmin yaradan haldır. Kim bundan artıq qılarsa heç bir qəbahət yoxdur. Amma dediyimiz daha yaxşıdır. Təravih namazını camaat ilə qılan adam namazı imamla birlikdə bitirsin. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim imamla namaza başlayar və imam namazı bitirənə qədər onunla qalarsa Allah təalə onun üçün bütün gecəni namaz qılmaq savabını yazar".
Ona görə bütün müsəlmanlara bu ayda ibadətlərdə fəal olmağı tövsiyə edirik. Hər bir müsəlman bu ayda mənasını dərk edərək Quran oxumalı, dua etməli, yaxşı işləri əmr etməli və pis işlərdən çəkindirməlidir. Allah yolunda dəvət etməlidir. Kasıblar, fağırlar və möhtaclarla xoş davranmalıdır. Valideynlərinə bacardıqca çox yaxşılıq etməli, qohumluq əlaqələrini sıx tutmalı, qonşularla xoş davranmalıdır. Həmçinin xəstələri ziyarət etməli və bu kimi başqa yaxşılıqlar etməyə çalışmalıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Allah təalə bu ayda sizin yarışmanıza baxır və sizinlə mələklərin önündə öyünür. Siz də öz nəfsinizdən Allaha xeyir görsədin. Bədbəxt insan bu ayda Allahın mərhəmətindən məhrum olan kimsədir". Başqa bir hədisdə isə deyilir: "Bu ayda hansısa bir xeyir iş görərək Allaha yaxın olmaq, başqa vaxtlar fərz ibadət etməyə bərabər olar. Bu ayda fərz ibadət edərək Allaha yaxın olmaq, başqa vaxtlarda yetmiş fərz ibadət etməyə bərabərdir" həmçinin buyurmuşdur: "Ramazan ayında ümrə ziyarəti etmək, (digər rəvayətə görə: mənimlə edilən) həccə bərabərdir". Ümumiyyətlə bu ayda fəal olmaq haqda hədislər çoxdur. Allah təalədən arzu edirəm ki, bizim hamımızı bu ayda xeyirxah işlər görməyə müvəffəq etsin. Bizim oruc və namazlarımızı qəbul etsin. Hal-əhvalımızı və güzəranımızı xoş etsin. Bizi zəlalətə düşməkdən və fitnələrdən qorusun. Həmçinin Uca Allahdan istəyirəm ki, müsəlmanların rəhbərlərini islah etsin və onların sözlərini haqq üzərində bir etsin. Həqiqətən Allah hər şeyə qadirdir.
Yazan:
Şeyx, Əbdül Əziz ibn Abdullah ibn Bəzz
(Allah ona rəhmət etsin).
RAMAZAN AYININ BAŞLANMASI, BİTMƏSİ
VƏ AYI GÖRMƏYİN HÖKMLƏRİ:
-
Sual: Qəməri ayların başlanması hansı yolla isbat edilir?
Cavab: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə əsasən şaban ayının otuzuncu gecəsi günəş batandan sonra yeni doğmuş ayı bir nəfər, yaxud ramazan ayının otuzuncu gecəsində isə iki nəfər inamlı müsəlmanın görməsi kifayətdir. Beləliklə ayın əvvəli və sonu təyin edilir. Artıq günəş batandan sonra təzə doğmuş ayın neçə dəqiqə görsənməsi əhəmiyyət kəsb etmir.
(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi)
Ayın çıxışlarını isbat etmək üçün təqvimlərə əsaslanmaq olmaz.
-
Sual: Bəzi islam ölkələrində, müsəlmanlar oruc tutmaq üçün ayın görsənməsinə deyil, təqvimlərə əsaslanırlar. Bu nə dərəcədə doğrudur?
Cavab: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müsəlmanlara: "Təzə doğmuş ayı görməklə oruc tutmağı və onu görməklə də oruclarını açmağı əmr etmişdir. Ayı görmək mümkün olmadıqda isə otuz günü tamamlamağı əmr etmişdir"(Buxari və Müslim). Digər hədisdə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Biz yazıb-oxumaq bilməyən və ayları sayla hesablamayan ümmətik. Ayın günləri bu qədərdir deyib əl barmaqları ilə işarə etdi." Yəni, ayın iyirmi doqquz və ya otuz gün olduğunu vurğuladı". Səhih Buxaridə Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: "Yeni doğmuş ayı görməklə oruc tutun və onu görməklə də orucunuzu açın. Əgər ayı görə bilməsəniz onda şaban ayını otuz gün hesablayın". Başqa hədisdə isə buyurur: "Yeni doğmuş ayı görənə qədər oruc tutmayın və əks halda ayın günlərini otuz gün hesablayın. Yeni doğmuş ayı görənə qədər orucunuzu açmayın və əks halda ayın günlərini otuz gün hesablayın". Bu haqda hədislər həddindən artıq çoxdur və bütün hədislər ayların yeni doğmuş ayla hesablanmasını, görmək mümkün olmadıqda isə otuz günü tamamlamağı təkid edirlər. Həmçinin hədislərə görə oruc tutmaq üçün təqvimlərə əsaslanmaq olmaz. Ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyir ki, alimlər yekdilliklə deyirlər ki, bu işdə təqvimlərə əsaslanmaq düzgün deyildir. Haqq olan da budur.
(Şeyx: Əbdül Əziz İbn Bəzz).
Yeni doğmuş ay bir ölkədə görsəndikdə, onunla bağlı hökmlər digər ölkələrdə yaşayanlara məcburi deyildir.
-
Sual: Islam alimləri Ramazan orucunun və bayramının başlaması haqda böyük ixtilaf etmişlər. Bəziləri hədislərə, digərləri isə müasir astronomların dediklərinə əsalanırlarsa bu nə dərəcədə doğrudur?
Cavab: Doğru rəy Peyğəmbərin ona Allahın salavatı və salamı olsun hədisinə: "Ayı görməklə imsak edin, həmçinin ayı görməklə də iftar edin. Əgər ayı görə bilməsəniz onda sayını otuz edin" - əsaslanmaqdır.
Allah keçmişi və gələcəyi biləndir. O bizə, təzə doğmuş ayı gördükdə oruc tutmağı fərz etmişdir. Bu məsələ alimlər arasında icmaya (ittifaqa) bənzər bir məsələdir.
(Daimi elmi araşdırmalar və fətvalar mərkəzi).
-
Sual: Ölkə xaricində təhsil alan tələbələr orucluğun başlaması və bitməsini bilməkdən ötrü, hansı ölkəyə tabe olmalıdırlar?
Cavab: Bu sual, ayın müxtəlif çıxışları ilə əlaqəlidir. Alimlər ayın bir yerdə digər yerdən tez görsənməsi haqda ixtilaf etmişlər və Daimi elmi araşdırmalar və fətvalar mərkəzi də bu haqda tədqiqat aparmış və belə nəticəyə gəlmişdir ki:
Alimlərin bəziləri ayın müxtəlif çıxışlarını qəbul edir (yəni: bir ölkədə görsənən ay digərinə aid deyil), digərləri isə bunu etibarsız sayırlar (yəni: bir ölkədə görülən ay bütün ölkələri əhatə edir). Hər iki rəyin alimləri Quran və Sünnətdən dəlil gətirirlər. Sadəcə olaraq onların bu dəlilləri başa düşmələrində fərq vardır.
Bu məsələ üzərində böyük ixtilaf etmək elədə qorxulu deyil. Islam ümməti neçə əsrlərdir ki yaşayır və bu müddət ərzində müsəlmanlar ayı görməkdə yekdil olmamışlar. Hər bir dövlətin alimlər vasitəsi ilə iki rəydən birini seçməyə haqqı vardır.
(Daimi elmi araşdırmalar və fətvalar mərkəzi).
-
Sual: Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb xahiş edirik bizə bu haqda fətva verin?!
Cavab: Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də, islam alimləri deyilən məsələdə ta qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, sünnə və müqayisədən dəlillər gətirmişlər. Ola bilsin hər iki tərəf eyni dəlili gətirsin amma bu dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və onlar bir-birlərinə qarşı ehtiramla yanaşırdılar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o orucluğun daxil olmasını, yaxud olmamasını desə ona itaət etməyiniz vacibdir. Çünki hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar.
(Daimi elmi araşdırmalar və fətvalar mərkəzi).
-
Sual: Bütün islam dövlətləri, Səudiyyə Ərəbistanında toplanıb Ramazan ayının başlanması və bitməsini eyni tarixə təyin etmək üçün toplantı keçirmişdilər. Bəs nə üçün bu birlik baş tutmadı? Bu razılaşmaya müxalif olan müsəlmanlar şəriət baxımından nə dərəcədə doğru hərəkət edirlər?
Cavab: Islam dövlətləri heç vaxt Ramazan ayının eyni vaxtda daxil olmasında yekdil rəyə gəlməmişlər. Çünki elm əhlinin dediklərinə əsasən təzə ayın görsənməsi dövlətdən dövlətə fərqlidir. Hamıya məlumdur ki, ayın çıxış nöqtələri arasında fərq mövcuddur. Bu mənanı təkid edən hədisi İmam Müslim öz səhih kitabında rəvayət etmişdir. Və həmin rəvayətdə deyilir: Ibn Abbasın (Allah ondan razı olsun) köləsi olan Kureyb (Allah ona rəhmət etsin) deyir: Ummul Fadl bint əl-Haris (Allah ondan razı olsun) məni Şam vilayətinə Müaviyənin (Allah ondan razı olsun) yanına iş dalınca göndərmişdi. Mən Şama çatdım və onun işlərini görüb qurtardım. Elə bu günlərdə Ramazan ayı başladı, mən isə hələ də Şamda idim. Cümə gecəsi mən də təzə görsənən ayı gördüm. Sonra Ramazan ayının axır günlərində Mədinə şəhərinə qayıtdım. Abdullah İbn Abbas (Allah ondan razı olsun) məni görüb hal-əhval tutduqdan sonra təzə görsənən ay haqda danışdı və "Təzə ayı nə vaxt görmüsünüz?" – deyərək soruşdu. Mən, təzə ayı cümə gecəsi gördüymüzü ona xəbər verdim. O dedi: Sən öz gözlərinlə gördünmü? Mən: "Bəli, mən və bütün camaat təzə ayı gördük, oruc tutduq və Müaviyə də oruc tutdu" - deyərək cavab verdim. O dedi: Biz isə şənbə gecəsi görmüşük. Ona görə də biz ayı görənə qədər oruc tutacayıq və ya otuz günü tamamlayacayıq. Mən dedim: Məyər Müaviyənin (Allah ondan razı olsun) təzə ayı görməsi və oruc tutması sənin üçün kifayət deyilmi? O dedi: Xeyr, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə belə əmr etmişdir".
Hədisin məsələyə dəlil olması aşağıdakı bəndlərdə açıqlanır:
-
O zamanlar müsəlmanlar bir dövlət idilər və Müaviyə (Allah ondan razı olsun) də onların xəlifəsi idi. Ibn Abbas (Allah ondan razı olsun) da Müaviyənin (Allah ondan razı olsun) xilafətini tanıyanlardan biri idi. Əgər ayın çıxışlarının fərqli olması əhəmiyyət kəsb etməsəydi onda İbn Abbas (Allah ondan razı olsun) və Mədinə şəhərinin camaatı Müaviyəyə (Allah ondan razı olsun) müxalif olmazdılar.
-
Kureyb (Allah ona rəhmət etsin) Ibn Abbasa (Allah ondan razı olsun) özünün ayı görməsini və camaatında da görməsini xəbər verdi. Kureyb (Allah ona rəhmət etsin) özü etibarlı tabiinlərdən və Ibn Abbasın (Allah ondan razı olsun) ən inamlı rəvayətçilərindən idi. Onun çox rəvayətləri Buxari, Müslim və digər kitablarda mövcuddur.
-
İbn Abbas (Allah ondan razı olsun): " Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə belə əmr etmişdir" - deyərək cavab verir və bununla da məsələni Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət edir. Ibn Abbas (Allah ondan razı olsun) nə danışdığını yaxşı bilir. Həmçinin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət etdiyi sözün məsuliyyətini də dərk edirdi.
Amma həcc zamanı Ərafat gününün eyni vaxta təsadüf etməsinə gəldikdə isə: Bu gündə hamı eyni məkanda, Məkkədə olduğu üçün fikir də eyni olur. Əgər sən Məkkə şəhərindəsənsə onda ölkənlə Məkkə arasında olan ixtilafın sənə və sənin həccinə aidiyyatı yoxdur.
Allah daha yaxşı biləndir.
-
Sual: Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?
Cavab: Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür".
Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. Həmçinin Ibn Teymiyyə demişdir: "Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər".
Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər.
Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir.
(Şeyx, Əbdül Əziz ibn Bəzz).
-
Sual: Məsələn, Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əl-Cəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir?
Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Cəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan.
(Şeyx Saleh ibn Fovzan ibn Abdullah).
-
Dostları ilə paylaş: |