Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
–Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Qara Balıq anasının bircəsi idi.
Bir neçə gün idi ki, o, fikrə dalır, az danışırdı. könülsüz və tənbəl-tənbəl o tərəf-bu-tərəfə gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə elə bilirdi ki, sadəcə olaraq balasının kefi yoxdur, bu kefsizlik tezliklə keçib gedəcəkdir. Lakin… Demə, Balaca Balığın dərdi varımış…
Bir gün səhər tezdən, günəş doğmamış, Balaca Balıq anasını yuxudan oyadıb:
–Anacan, –dedi, sənə bir neçə kəlmə sözüm var.
–Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çixaq, –deyə Ana Balıq gözlərini ovuşdurdu və əsnədi.
–Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək burdan gedəm, –deyə Balaca Balıq etiraz etdi.
Anası heyrətlə ona baxıb soruşdu:
–Doğurdan getmək istəyirsən?
–Bəli, anacan, hökmən getməliyəm!
–Axı, alaqaranlıqda hara getmək istəyirsən?
–İstəyirəm, gedim görüm, arx harada qurtarır. Bilirsənmi, anacan, uzun müddətdir ki, fikirləşirəm, görəsən arx harada qurtarır? Amma indiyə qədər bir nəticəyə gələ bilməmişəm.
Dünən gecədən gözümü yummayıb hər şeyi götür- qoy etmişəm. Belə qərarə gəlmişəm ki, özüm gedib arxın qurtaracağını tapım. Bilmək istəyirəm başqa yerlərdə nə var, nə yox…
–Mən də uşaq olanda belə fikirlərə düşmüşəm, balacan! Arxın nə əvvəli var, nə axırı. Elə gördüyün nə varsa odur. Arx həmişə axır və qurtarmır.
–Yox, anacan, belə deyil. Hər şeyin axırı var. Məsələn, gecə sona çatır, həftə, ay, il… Məgər bunların sonu olmur?
Balaca Qara Balığın qızışdığını və dil ağıza qoymayıb danışdıqını görən ana Balıq dedi:
–Boş-boş sözləri bir kənara qoy, dur gəzməyə çıxaq. İndi danışmaq yox , gəzib dolanmaq vaxtıdır.
–Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Burdan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən elə bilərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boş-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm həyat elə bir qarış yerdə o yan-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur?
– Balaca, dəli olubsan? Dünya! Dünya! O başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadir ki, biz yaşyırıq, həyat da ki, elə gördüyün yaşayışdan ibarətdir!
Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı:
– Qonşu, –dedi,–uşaqla nəyin üstündə belə höcətləşirsən? Deyəsən, bu gün gəzmək fikriniz yoxdur?
Ana Balıq qonşunun səsini eşidib cavab verdi:
–Gör, zəmanə necə dəyişib?! Uşaqlar öz analarına cib-cib öyrətməyə başlayıblar.
–Necə məgər? –deyə qonşu iri Balıq soruşdu.
–Gör bu cırtdan haralara getmək istəyir?! Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur? Nə bilim, axmaq-axmaq sözlər!
Qonşu iri Balıq:
–Balaca,–dedi,–de görüm sən nə vaxtdan belə filosof və alim olubsan ki, bizim xəbərimiz yoxdur?
Balaca Balıq dedi:
–Xanım, mən bilmirəm siz alim, filosof nəyə deyirsiniz? Hər gün təkrar olunan cansıxıcı gəzintilərdən cana doymüşam. Belə yorucu həyatı daha davam etdirmək istəmirəm. İstəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam, özü də göz qulaqları bağlı balıqlar kimi qalmışam.
Qonşu Balıq:
–Vay,–dedi,–gör bu nələr danışır ?!
Ana Balıq dilləndi :
–Heç düşünməzdim ki, bir dənə uşağım ola, o da belə çıxa! Bilmirəm, balamın qulağını kim doldurub…
Balaca Balıq dedi:
–Heç kəs mənim qulağımı doldurmayıb. Anlamaq üçün mənim özümün ağlım, görmək üçün də gözüm var!
Qonşu Balıq Balaca Balığın anasına dedi:
– Bacı, o pıç-pıç danışan İlbız yadındadırmı?–Yaxşı yadıma saldın, yadımdadır! Tez-tez uşağımın yanına gələrdi. Görüm onu gorbagor olsun!
Balaca Balıq dedi:
–Bəsdir, ana! O, mənim dostum idi!
–Balıqla İlbizin dostluğunu eşitməmişdik, bunu da eşitdik!
Balaca Balıq :
– Mən də balıqlarla İlbizin düşmənçiliyini eşidməmişdim! Amma siz o biçarənin başını yediniz!–dedi.
Qonşu dilləndi:
– Bu, keçmişin söhbətidir.
– Keçmişi siz özünüz yada saldınız!
Anası dedi:
- Elə ölməli idi! Məgər oturub-durub nələr danışdıqları yadından çıxıb?!
– Onda məni də öldürün! Çunki mən də onun dediklərini deyirəm,–deyə Balaca Balıq gileyləndi.
Axır ki, nə başınızı ağrıdım, səs-küyün sədası başqa balıqları da oraya çəkib gətirdi. Balaca Balığın sözləri hamını əsəbiləşdirmişdi. Qoca balıqlar bir-bir söhbətə qarışıb Balaca Balığa acıqlandılar:
–Elə düşünürsən ki, sənə rəhm edərik?!
–Bir qulaqburması bəsdir!
Balaca Qara Balığın anası onlara müqavimət göstərdi:
–Kənara çəkilin! Uşağıma toxunmayın!
Bu zaman balıqlardan bir başqası Balaca Balığın anasına dedi:
–Xanım, uşağını lazımınca tərbiyələndirmədiyin üçün əzab çəkməlisən!
Qonşu Balıq sözə başladı:
–Sizinlə qonşu olduğuma xəcalət çəkirəm!
Başqa bir balıq dilləndi:
–Nə qədər ki, bu məlunun işi… Göndərək qoca İlbizin yanına.
Balıqlar Balaca Balığı tutmaq istədilər. Dostları onu təhlükədən uzaqlaşdırdılar. Anası baş gözünə döyür, ağlayır və deyirdi:
–Allah, sən saxla! Uşağım əlimdən gedir. nə edim? Başıma haranın daşını salım.?
Balaca Balıq dedi:
–Anacan, mənim üçün ağlama, geridə galmış bu qoca balıqların halına ağla.
Balıqlar yerbəyerdən çığırdılar:
–Təhqir eləmə!
–Get! Sonra peşman olsan, daha bizdən incimə!
–Bunlar cavanlıq əlamətidir. Getmə!
–Buraların nəyi pisdir?!
–Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir. Qayıt!
–Ağlını başına yığıb getməkdən imtina etsən, onda bilərik ki, doğurdan da başa düşən bir balıqsan!
–Biz sənə öyrəşmişik, getmə!
Ana Balıq doluxsunaraq dilləndi:
- Mənə rəhmin gəlsin, bala! Getmə!
Balaca Balıq onların dediklərinə etina etmədən uzaqlaşdı. Həmyaşıdlarından bir neçəsi onu arxın gölməçəyə tökülən yerinə qədər ötürüb geri döndülər. Balaca Balıq dostlarından ayrılarkən dedi:
–Görüşənə qədər, dostlar! Məni unutmayın!
Dostlar:
–Heç unudarıqmı? Sən bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, heç yuxumuza da girməzdi. Görüşənə qədər, ağıllı və cəsur dost!–dedilər.
Balaca Balıq şırrımnan aşağı sürüşüb arxa nisbətən suyu çox olan gölməçəyə düşdü. Əvvəlcə özünü itirdi. Sonra üzməyə və gölməçədə dolanmağa başladı. Balaca Balıq bu vaxtadək bu qədər suyun bir yerə yığışdıqını görməmişdi. Suda minlərlə çömçəquyruq gəzirşirdi. Balaca Balığı görən kimi onu məsxərəyə goydular:
– Bir bunun təhər-tövrünə bax! Sən nə məxluqsan?!
Balaca Balıq ani olaraq fikirləşib:
–Xahiş edirəm, təhqir etməyin,–dedi,–mənim adım Balaca Balıqdır. Siz də adınızı deyin, tanış olaq!
Çömçəbalıqlardan biri dedi:
–Biz bir-birrimizi ” Çömçəquyruq ” çağırırııq.
O biriləri yerdən dedilər:
– Əslimiz, nəcabətimiz var.
–Dünyada bizdən gözəli tapılmaz! Sənin kimi yöndəmsiz deyilik!
Balaca Balıq onlara belə cavab verdi:
–Sizin bu qədər xudpəsənd olduğunuzu bilmirdim. Amma nadanlıq üzündən belə danışdığınız üçün sizi bağışlayıram.
Çömçəquyruqlar səsləndilər:
–Deməli biz nadanıq?
–Nadan olmasaydınız başa düşərdiniz ki, hər kəs üçün öz təhər-tövrü xoşdur. Allaha şükür, sizin heç adınız da özünüzünkü deyil.
Çömçəquyruqlar əvvəl əsəbiləşdilər. Sonra Balaca Balığın haqlı olduğunu görüb sözlərini dəyişdilər.
–Sən özünü nahaq yerə yorusan,–dedilər,–biz səhərdən axşama qədər dünyanı gəzirik, amma özümüzdən, ata və anamızdan, saysız-hesabsız balaca qurdlardan, böcəklərdən başqa heç kəsi görmürük.
Balaca Balıq soruşdu:
–Siz ki, gölməçədən qıraqa çıxa bilmirsiniz, dünyanı gəzib dolanmakdan necə dəm vura bilərsiniz?
Çömçəquyruqlar təəccübləndilər:
– Məgər gölməçədən başqa da özgə dünya var?
Bəs necə? Özünüz fikirləşin, görün yaşadığınız su hardan axıb və sudan kənarda nələr var?
–Sudan qıraqda da yer olar? Biz indiyə qədər sudan başqa heç yeri görməmişik. Ha, ha, ha! sən dəli olubsan, nədir?!
Balaca Qara Balığı da gülmək tutdu. Fikirləşdi ki, çömçəquyruqları başa salmadan çıxıb getsin . Sonra belə qərarə gəldi ki, onların anaları ilə də bir-iki kələmə danışsın.
–Ananız haradadır?
Bu zaman Qurbağanın gur səsi onu diksindirdi. Qurbağa gölməçənin qırağındakı, iri daşın üstündə ötürmüşdü. Suya baş vurdu, gəlib Balığın qarşısında dayandı:
–Mən buradayam, –dedi, –qulluq?!
–Möhtərəm xanım, salam!
–Ey əsl–nəcabətsiz vücud! Nə əllaməlik edirsən? Bunları uşaq görüb axmaq-axmaq danışırsan? Bir belə ömür eləmişəm, görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir.
Yaxşı olar ki, işinin dalısınca gedəsən, mənim uşaqlarımı yoldan çıxarmayasan.
–Yuz il də ömür eləsən, yenə geri qalmış, nadan qurbağa kimi qalacaqsan!
Qurbağa hirsləndi və Balaca Qara Balığın üstünə cumdu. Bu zaman gölməçənin dibi bir-birinə qarışdı. Balaca Balıq aldığı təkandan dığırlandı, özünü dərədən axan enli arxda gördü. Dərə əyri-üyrü idi. Dağın başından baxanda dərənin suyunu enli, ağ ipə oxşatmaq olardı. Dərənin bir yerində dağdan qopub arxa düşmüş iri bir daş suyu iki yerə bölürdü. Iri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Günəşin hərarətindən ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən iri, yumuru Xərçəngə tamaşa edirdi. Elə bu an oradan üzüb keçmək istəyən Balaca Balığın gözləri xərçəngə sataşdı. O, bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. xərçəng Balaca Balığı görüncə:
–Nə ədəbli Balıqsan, –dedi, –gəl qabağa. Balaca, gabağa gəl!
Balaca Balıq:
–Mən dünyanı gəzməyə gedirəm,–deyə xərçəngə cavab verdi, canabınızın yeminə çevirilmək istəmirəm!
–Niyə belə bədbinsən, qorxaqsan, Balaca Balıq?
–Nə bədbinəm, nə də qorxaq. Gördüklərimi deyirəm.
- Çox yaxşı, indi de görüm gözlərin nə gördü və əqlin nə kəsdi ki, səni ovlayacağımı xəyalına gətirdin?
–Özünü bilməməzliyə vurma!
–Bilirəm, Qurbağanın hərəkətlərinə işarə edirsən. Lap uşaqsanmış ki, baba! Qurbağalarla aram olmadığı üçün onları ovlayıram. Onlar elə xəyal edirlər ki, dünyanın yeganə məxluqlarıdılar və hamıdan xoşbəxtdilər. Istəyirəm onları başa salam ki, dünya kimin əlindədir. Sən isə qorxma, qadası! Gəl qabağa. Qorxma, gəl!
Xərçəng bu sözləri deyib yanlarını basa-basa Balaca Balığa tərəf yeridi.
Xərçəng elə gülməli yeriyirdi ki, Balığı ixtiyarsiz olaraq gülmək tutdu.
–Ay yazıq,–dedi,–sən heç yeriməyi də bacarmırsan. Hardan bilirsən dünya kimin əlindədir?!
Balaca Balıq xərçəngdən aralandı. Bu zaman suyun üzərinə kölgə düşdü. Gözlənilməz zərbədən xərçəng səndələyə-səndələyə suyun dibinə batdı. Xərçəngi bu halını görən Kərtənkələni gülmək elə tutdu ki, az qaldı sürüşüb suya düşsün. Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi.
Balaca Balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb ona və Xərçəngə tamaşa edir. Qoyun-keçi sürüsü də suya yaxınlaşdı. “Mə-mə! Bə-bə!” səsləri dərəni başlarına götürdü.
Balaca Balıq sürünü su içib qurtarana qədər gözlədi. Sürü gedəndən sonra kərtənkələni səsləyib:
–Kərtənkələcan,–dedi,–mən arxın qurtaracağını axtarmağa gedən Balaca Qara Balığam. Sən bilikli, zəkalı heyvansan. Buna görə də səndən bəzi şeyləri soruşmaq istəyirəm.
–Xətrin hər nə istəyir, soruş.
–Yolda məni nərə balıqla, saqqa quşu ilə, Balıqudan quşla çox qorxudublar. Bunlar haqqında bir şey bilirsənsə mənə de!
Kərtənkələ dedi:
–Nərə balıqlar və Balıqudanlar bu tərəflərdə tapılmazlar. Xüsüsilə Nərə balıqlar. Çünki onlar dənizdə yaşayırlar. Amma saqqa quşuna elə bu həndəvərdə rast gəlmək olar. Məbadə aldanıb kisəsinin içərisinə girərsən.
- Kisə nədir? –Balaca Balıq onun sözünü kəsib soruşdu.
–Saqqa quşunun boğazının altında xeyli sututan kisə var. Bəzən təcrübəsiz, xam balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Saqqa quşu tox olanda balıqları kisəsində ehtiyat saxlayır.
–Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün çarə yolu yoxdur?
–Yoxdur. Kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncər verərəm. Saqqa quşunun çənginə düşəndə dediyim kimi edərsən.
Kərtənkələ qayadakı yarığa sürünüb xəncərlə qayıtdı. Balaca Balıq xəncəri alıb dedi:
–Kərtənkələ, sən çox mehribansan, bilmirəm sənə necə təşəkkür edim?
–Canım, təşəkkür nəyə lazımdır, mənim belə xəncərim çoxdur, sənin kimi ağıllı balıqlara bağışlayıram.
–Məgər məndən qabaq da buradan keçən olub?
––Çoxları keçib. İndi onlar özləri üçün böyük dəstə düzəldiblər…
Kərtənkələ bunları deyib qulağını daşdakı yarığa dayadı:
–Di, sağ ol,–dedi,–balalarım yuxudan ayıldığı üçün getməliyəm.
Kərtənkələ yarığa girdi. Balaca Balıq isə çarəsiz qalıb yola düşdü. Hey öz-özünə sual verirdi: “Doğurdanmı arx dənizə tökülür? Saqqa quşun gücü elə mənə çatsın?! Balıqudan quşun bizimlə nə düşmənçiliyi var? ”
Balaca Balıq üzə-üzə gedir və fikirləşirdi. Yolboyu təzə şeylər görür, öyrənirdi. Şəlalənin başı üstə axmasından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir və möhkəmlənirdi.
O, sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca Balıq suyun çoxalmasından ləzzət alırdı. Xeyli gedəndən sonra o, çoxlu balığa rast gəldi. Anasından ayrılandan bəri balıq görməmişdi. Bir neçə Rizə balıq onu dövrəyə aldı və soruşdu:
–Elə bil qəribsiniz?
–Bəli, qəribəm. Uzaq yerdən gəlirəm.
Rizə balıqlar dedilər:
- Hara getmək fikrindəsən?
–Arxın qurtardığı yeri tapmağa gedirəm.
- Hansı arxın?
–Biz buna arx yox, çay deyirik.
Balaca Balıq heç nə demədi. Rizə balıqlardan biri dilləndi:
–Xəbərin var ki, Saqqa quşu yolu kəsib?
–Xəbərim var, bilirəm…
Başqa bir rizə balıq soruşdu:
–Onu da bilirsən ki, Saqqa quşunun nə geniş kisəsi var?
–Onu da bilirəm.
–Bunları bilə-bilə yenə getmək fikrindəsən?
–Bəli, bütün bunları bilirəm və getməliyəm.
Balıqlar arasında səs yayıldı ki, uzaq yollardan gəlmiş Balaca Qara Balıq çayın qurtaracağını tapmaq istəyir və Saqqa quşundan da qorxmur.
Rizə balıqlardan bir neçəsi Balaca Qara Balıqla getmək istədi, lakin böyüklərin qorxusundan səslərini çıxartmadılar. Hətta onların bir neçəsi Balaca Qara balığa yanaşıb qımıldandı.
–Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik…
Çayın qırağında bir kənd var idi. Kəndin qadınları və qızları çayın içində qab-qacaq və paltar yuyurdular. Balaca Balıq onların səs-küyünə bir xeyli qulaq asdi və uşaqların islanmış bədənlərinə tamaşa etdi, sonra yola düzəldi. O qədər getdi ki, axşam oldu. Balaca bir daşın altına girib yatdi. Gecəyarı ayıldı və gördü ki, Ay suya düşüb, hər yeri işıqlandırır.
Balaca Balıq ayı çox istəyirdi. Gecələr Ay suya düşəndə yuvadan çıxıb onunla bir neçə kələmə danışmaq həsrətindəydi. Amma hər dəfə anası ayılıb onu yuvasına dartar və yenidən yatırdardı. Bu dəfə Balaca Balıq Ayın qarşısına çıxdı:
–Salam, ey mənim göyçək ayım!
Ay da Balaca Qara Balığı mehribanlıqla qarşıladı:
–Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara?
–Dünyanı səyahətə çıxmışam.
–Dünya çox böyükdür, sən hər yeri gəzə bilməzsən.
–Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm.
–Ürəyim çox istəyirdi ki, səhərə qədər yanında qalam, amma böyük bir qara bulud mənə tərəf gəlir. Qorxuram işığımın qabağını kəssin.
–Ey qəşəng Ay, sənin işığını çox sevirəm. Ürəyim istəyir ki, nurun həmişə yoluma işıq saçsın.
–Mənim Balığım, düzünü axtarsan mənim işığım yoxdur, işığı mənə Günəş verir, Mən də onu yerə Saçıram. Bilirsənmi ki, adamlar yaxın gələcəkdə uçmaq, gəlib mənim üzərimə düşmək arzusundadırlar?
–Bu mümkün deyil!
–Düzdür, bu çox çətin işdir, ancaq insan öz istədiyinə…
Ay sözünü qurtara bilmədi. Qara bulud gəlib onun üzünü örtdü, yerə qaranlıq çökdü. Qara balıq yenə də tək-tənha qaldı. Bir neçə dəqiqə heyrət içərisinə qaranlığa baxdı. Sonra daşın altına çəkilib yatdı… Subh tezdən ayılanda başının üstündə pıç-pıçla danışan bir neçə Rizə balıq gördü. Onlar Qara Balığın yuxudan ayıldığını görüb dedilər:
–Sabahın xeyir!
Qara Balıq onları tanıdı:
–Sabahınız xeyir olsun!–dedi. Nəhayət, ardımca gəlib, mən diyən yola düşdünüz?
Rizə balıqlardan biri:
–Bəli,–dedi,–ancaq hələ də qorxu canımızdan çıxmayıb.
Bir başqa balıq :
–Saqqa quşunun fikri bizi rahat buraxmır,–deyə diləndi.
Balaca Qara Balıq:
- Siz çox fikirləşirsiniz. Hər şeyə fikirləşmək, özü də bir dəfəyə fikirləşmək düz deyil. Yola düşən kimi qorxu bizi tərk edəcəkdir,–deyə cavab verdi.
Birlikdə yola düşmək istədilər. Gördülər ki, dövrələrindəki su yuxarı qaxdı, başları üzərinə örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmağa imkan qalmadı. Balaca Qara Balıq o saat başa düşdü ki, Saqqa quşunun kissəsinə düşübdür.
Balaca Qara Balıq dedi:
–Dostlar, biz Saqqa quşunun kissəsinə düşmüşük, lakın xilas olmaq üçün yol var.
Rizə balıqlar ağlayıb ah-zar etməkə başladılar.
- Artıq bizm qaçmaqa yolumuz yoxdur! Təqsir səndədir. Bizi yoldan çıxardın!
–İndi bizim hamımızı “qurt” eləyib udacaq.
Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu Saqqa quşu idi, gülürdü və gülə-gülə deyirdi:
- Rizə balıqlar necə də girimə geçib! Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç ürəyim gəlmir, sizi “qurt” eləyib udum. Ha! Ha! Ha! Ha!
Rizə balıqlar yalvarmaqa başladılar:
–Həzrəti-ağayi Saqqa quşu, sənin tərifini çoxdan eşitmişik, lütf edib mübark dimdiyinizi bir qədər aralasaydınız buradan xilas olub mübarək vucudunuza duaçı olardıq.
Saqqa quşu dedi:
–Mən hələ bu saat sizi “qurt” eləyib udmaq fikrində dəyiləm. Kisəmdə ehtiyat balıqlar var, bir qarnımın altına baxın.
Kisənin aşağı hissəsində iylənmiş bir neçə Rizə balıq var idi.
Rizə balıqlar bir səslə dedilər:
–Həzrət-ağayi Saqqa quşu, bizim günahımız yoxdur, bu Balaca Qara Balıq bizi yoldan çıxardıb…
Balaca Balıq:
–Qorxaqlar!–dedi. –Siz elə xəyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmdillik edib sizi buraxacaq?
Rizə balıqlar qorxuya düşüb dedilər:
–Heç nə danşdığını da bilmirsən. İndi görəsən ki, həzrəti-ağayi Saqqa quşu bizi necə bağışlayacaq və səni necə “qurt” eləyəcəkdir!
Saqqa quşu dilləndi:
–Doğrudur, sizi bağışlayıram, ancaq bir şərtlə!
–Şərtinizi buyurun, qurban!
–Azadlığınızı bu boşboğaz balıqı öldürməklə əldə edə bilərsiniz.
Balaca Qara Balıq bir qədər dala çəkilib Rizə balıqlara:
–İnanmayın,–dedi,–bu hiyləgər bizi bir-birimizin canına salmaq istəyir, mənim başqa fikrim var!…
Rizə balıqlar azadlığa çıxmaq istəyi ilə Balaca Qara Balığın dediklərinə qulaq asmadılar, qalxıb onun üstünə düşdülər. Balaca Balıq yavaş-yavaş arxaya çəkilib:
–Qorxaqlar!–dedi,–Hər halda girə düşmüsünüz, qaçmağa da yolunuz yoxdur. Mənə də ki, gücünüz çatmaz!
–Biz azadlıqa çıxmaq istəyirik, onun üçün də səni öldürməliyik!
–Ağlınızı başınıza yığın! Məni öldürsəniz də qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Hiləgər quşa inanmayın!
–Sən əsla bizim fikrimizi çəkmirsən, bu sözləri öz canını qurtarmaq ücün deyirsən!
–Elə isə qulaq asın, sizə nicat yolu göstərim. Mən özümü ölülüyə vurub ölü balıqların içərisində gizlənəcəyəm. Görək Saqqa quşu sizi azad edəcəkdirmi?! Əgər sözümə qulaq asmasanız bu xəncərlə hamınızı qıraraq, quşun da kissəsini parçalayıb çıxaram. Siz isə …
Rizə balıqlardan biri onun sözün kəsib:
–Daha bəsdir!–dedi,–Mən bu sözlərə inanmaq istəmirəm. –O, bu sözləri deyə-deyə ağlamağa başladı.
Balaca Qara Balıq onun ağladığını görüb dedi:
–Bu anasının naz-naz balasını niyə yanınıza salıb gətiribsiniz?
O, xəncərini çıxarıb balıqların üstünə cumdu. Rizə balıqlar çarəsiz qalıb Balaca Qara Balığın təklifini qəbul etdilər. Yalandan bir-birləri ilə dalaşmağa başladılar. Balaca Qara Balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar:
–Həzrəti-ağayi Saqqa quşu,–dedilər,–füzül Qara Balığı öldürdük.
Quş güldü:
–Çox yaxşı iş gördünüz,–dedi,–bunun əvəzinə sizin hamınızı diri-diri udacağam, qarnımda istədiyiniz qədər gəzərsiniz.
Rizə balıqlar macal tapmamış bir andaca Saqqa quşu onları uddu. Qara Balıq istə cəld xəncərini çəkib mökəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı.
Saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopardı, başını suya salıb Balaca Qara Balığı yenidən tutmaq istədi. Lakin gücü çatmadı…
Günorta idi. Artıq nə dağ görünürdü, nə dərə. Çay axıb geniş düzənlikdən keçirdi. Çayın sağ-solundan tökülən kiçik çaylar onun suyunu qat-qat artırırdı. Balaca Qara Balıq suyun çoxluğundan ləzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. O yan-bu yana baş vurdu, heç yana çıxa bilmədi. Az qala qərq olmuşdu. Ürəyi istədiyi qədər üzəndən sonra da əli bir yana çatmadı. Birdən gördü ki, burnunda mirvari dişləri olan uzun bir heyvan ildırım sürət ilə ona hücum edir. Balaca Qara Balıq hiss etdi ki, heyvan o saat onu parça-parça edəcəkdir. Çapalayıb tez suyun üzərinə qalxdı . Bir mütdətdən sonra suyun altına endi. Yolun yarısında minlərə balıq dəstəsinə rast gəldi. Onlardan birini saxlayıb soruşdu:
–Qardaş, qəribəm, uzaq-uzaq yerlərdən gəlirəm. Deyin görüm bura haradır?
O dönüb Balaca Qara Balığa dedi:
–Qardaş bizim dənizə xoş gəlibsən!
Balıqlardan biri dedi:
–Bütün çaylar və arxlar bura tökülür.
Başqa bir balıq isə:
–İndi get bir az gəz. Suyun üzünə çıxmaq istəsən Balıqudandan ehtiyatlı ol. Bu günlər o heç kəsdən qorxmur. Hər gün dörd-beş balıq ovlanmasa yaxamızdan əl çəkmir,–dedi.
Balaca Balıq dəniz balıqlarının dəstəsindən aralanıb təklikdə üzməyə başladı. Az sonra dənizin üstünə çıxdı. İndi o, qızmar günəşin yandırıcı hərarətini öz kürəyində hiss edir, bundan ləzzət alırdı. Aramla üzür, öz-özünə deyirdi: “Bu saat ölüm çox asanlıqla mənim sorağıma gələ bilər. Yaşamağa qadir olduğum halda onu özümə yaxın buraxmamalıyam”
Balaca Qara Balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəldi, onu götürüb apardı. Balaca Balıq Balıqudanın uzun dimdikləri arasında çapalasa da özünü xilas edə bilmədi. Balıqudan dimdiyi ilə onun belini elə bərk sıxırdı ki, az qala canı çıxacaqdı. Digər tərəfdən də Balaca Qara Balıq sudan qıraqda nə qədər sağ qala bilərdi? Ölümün qabağını almaq üçün lap Balıqudanın qarnına getməyə razı idi, axı, oradakı nəmişlikdən istifadə edə bilərdi. Buna görə Balıqudana dedi:
–Nə ücün məni sağ-sağ udmursan? Mən o, balıqlardanam ki, öləndən sonra bütün bədənim zəhərə dönər.
Balıqudan heç nə deməyib fikrə getdi:
“Ay hoqqabaz, istəyirsən məni dilləndirib aradan çıxasan?”
Sahil getdikcə yaxınlaşırdı. Balaca Qara Balıq “quruya çatsaq daha iş bitdi” deyə düşündü və nəhayət Balıqudana dedi:
–Bilirəm məni balaların üçün aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, bədənim zəhər kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?!
Balıqudan bir anlıq fikrə getdi: “Ehtiyat yaxşı şeydir. Hər ehtimala qarşı onu özüm yeyim, balalarım üçün isə başqa balıq tutum… Birdən bu, bir kələk işlədər… Yox, canım, heç bir kələk işlədə bilməz”. Sora gördü ki, Qara Balıq sustalıb candan düşür. Öz-özünə dedi: “Deyəsən öldü, artıq onu özüm də yeyə bilmərəm”. Zərif və yumşaq balığı yeməkdən ehtiyat elədi. Ancaq yenə Qara Balığı səsləyib ölüb-ölmədiyini müəyyən etmək istədi. Düşündü ki, yarımcandırsa yesin, ölübsə … Dimdiklərini aralayan kimi Qara Balıq onun ağzından xilas oldu. Balıqudan aldandığını görüb, Balaca Qara Balığı təqib etdi. Balaca Qara Balıq havada ildırım kimi şığıyıb aşağı düşür, ağzını açıb dənizin rütübətli havasını udurdu. Nəhayət suya düşdü. Köksünə yeni nəfəs doldu. Balıqudan da ildırım sürəti ilə şığıyıb arxasınca suya baş vurdu, aman verməyib yenə də Balığı uddu. Balaca Qara Balıq bir xeyli vaxt başına nə gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer qaranlıq və rütübətlidir, çıxış yolu isə yoxdur. Elə ki, gözləri qaranlığa alışdı, ağlayıb anasını istəyən bir Rizə balıq gördü. Yaxınlaşıb ona nəsihət verdi:
–Qalx ayağa, ay balaca ! Başına çarə qılmaq haqqında fikirləş, ağlamaqdan, ananı çağırmaqdan bir şey çıxmaz.
Rizə balıq soruşdu:
–Sən kimsən? Məgər görmürsən get-gedə məhv oluram? Ana… Ay ana, hardasan, imdadıma çat! Daha mən səni görə bilmiyəcəyəm, ana!
Balaca Qara Balıq:
–Daha bəsdir, canım,–dedi,–sən bütün balıqları rüsvay elədin.
Rizə balıq ağlamağına ara verən kimi Balaca Qara Balıq dedi:
–Mən balıqudanı öldürüb bütün balıqları azad etmək fikrindəyəm. Səni onun qarnından xilas edəndən sonra bunu həyata keçirmək istəyirəm.
–Sən özün ölümlə əlbəyaxasan. Balıqudanı necə öldürə bilərsən?
Balaca Qara Balıq xəncərini göstərib dedi:
– Bunla onun qarnını cıracağm. Hələlik mənə qulaq as, gör nə deyirəm. Mən balıqudanın qarnında o tərəf-bu tərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu zaman o məni məsxərəyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki, dimdiklərini açıb gülməyə başladı, cəld özünü bayıra at.
–Bəs sən?
–Mənim fikrimi çəkmə. Bu bədcinsi öldürməmiş bayıra çıxası deyiləm.
Balaca qara Balıq bu sözləri deyib Balıqudanın qarnında o tərəf-bu tərəfə var-gəl etməyə başladı. Rizə balıq isə onun ağzından bayıra atıldı və suya düşdü. Çox gözlədi, xilaskarından xəbər çıxmadı. Birdən gördü ki, Balıqudan havada mayallaq vurub fəryad qoparır…Nəhayət, o müvazinətini itirib şappıltı ilə suya düşdü, yenə bir qədər çapalayandan sonra taqətdən düşdü. Lakin Balaca Qara Balıqdan yenə də xəbər çıxmadı və indiyə qədər də bir səs-soraq yoxdu.
Burada Qoca Balıq nağılını bitirdi. Üzünü on bir min doqquz yüz doxsan doqquz nəvə və nəticəsinə tutub dedi:
–Daha yatmaq vaxtıdır, balalarım, gedin yatın!
Nəvə-nəticələri ondan soruşdular:
–Nənəcan, axı sən Balaca Qara Balığın başına sonra nələr gəldiyinı demədin?
Qoca Balıq dedi:
–O da sabahkı gecəyə qalsın, balalarım. Artıq yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın!
On bir min doqquz yüz doxsan doqquz bala Balıq bir ağızdan: –Gecəniz xeyrə qalsın!–dedi və yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca Qızıl Balıq isə nə qədər çalışdısa yata bilmədi. Sübhədək dəniz barədə fikirləşdi…