SOSİAL- MƏDƏNİ ANTROPOLOGİYADA İNSANLARIN YAŞA VƏ CINSƏ GÖRƏ FƏRQLİ
BIOLOJI və XRONOLOJİ YAŞ İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır. Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, davranışda impulsiv hallar) , həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi baş verir və psixi inkişaf müəyyən dövrlər və mərhələlər keçərək öz xüsusiyyətləri ilə biri digərindən fərqlənir. Fiziki antropologiya «insanin təkamülü, bioloji, ətraf mühit və mədəni faktorların təsiri altında təkamülün nəzəri modelinin bazasi əsasında xüsusi və ümumi dəyisikliklərin anaşılmasını» bir məsələ kimi qarşısına qoyur. Yaş problemi fiziki antropologiyanin bir çox alt bölmələri - insan ekologiyası, insan adaptasiyası, boy və inkişaf, genetika və paleoantropologiya üçün xüsusi rol oynayir. İnsan adaptasiyasinin öyrənilməsində insan populyasiyasının ətraf mühitə uyğunlaşması üsulları tədqiq olunur, boy və inkişafın öyrənilməsi isə ölçü, forma və proporsiyalarda, insan orqanizminin funksiyalarında dəyişikliklərin analizini nəzərdə tutur. Bu sahədə tədqiqatların əsasında bioloji yaş konsepsiyasi dayanır. Bioloji yaş - bu bir şəxsin əldə etdiyi morfoloji strukturun inkişafı və onlarla bağlı orqanizmin bütün insanların orta səviyyəsinə uyğun həyat fəaliyyətinin funksional hallarıdır. İnsanın bioloji yaşı öz ölçü şkalaları olan bir neçə növə ayrılır - sümük yaşı, bədənin inkişafına və cinsi inkişafa görə yaş, diş yaşı [38;48].
İnsanın ömrü mütləq yaş (xronoloji), fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə ifadə olunur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.
1. XRONOLOJİ, yəni pasport yaşı
2 . BİOLOJİ , və ya funksional yaş
3. SOSİAL, yaxud vətəndaşlıq yaşı
4. PSİXOLOJİ, yaxud psixi yaş
Bu yaş kateqoriyaları həm rəngarəng insan həyatını, həm onun mənalı ömür yolunun fiziki obyektini, həm də bioloji orqanizm olan sosial şəxsiyyətin mənəvi aləminin zənginliklərini əks etdirir. Həmin yaş növləri bir-birilə dialektik vəhdətdə inkişaf edir, biri digəri üçün zəmin rolunu oynayır. Xronoloji (təqvim) yaşla insanın ömrü aylara, illərə, mərhələlərə ayrılır, onunla ömür yaşı – mütləq yaşı müəyyənləşdirilir.Bu, uşaq anadan olan gündən hesablanır. Elə buna görədir ki, şagirdlərin komplektləşdirilməsi doğum haqqında şəhadətnamədə göstərilən təvəllüd tarixinə əsasən aparılır. Pasport yaşı ilə insanın vətəndaşlıq hüququ, həddi-buluğa çatdığı da təsdiqlənir.Fərdin inkişaf mərhələləri isə şərti yaş məfhumu ilə xarakterizə olunur. Fərdin yaşının real hüdudlarını mütləq yaşla (xronoloji) təyin etmək mümkün deyil. Çünki çağalığın, körpəliyin, cavanlığın , qocalığın hansı gündə, hansı saatda başlanıb-qurtaracağını dəqiq müəyyənləşdirmək mümkün deyil. Ona görə də şəxsiyyətin fərdi inkişafının bioloji, sosial və psixoloji olmaqla üç istiqamətini, yəni yaşın üç əsas növünü - bioloji, sosial və psixoloji yaşı fərqləndirmək elmi cəhətdən daha məqsədəuyğundur. Bioloji yaşın göstəricisi kimi bədənin böyüməsini, süd dişinin çıxmasını, fizioloji amilləri, cinsi yetişkənliyi, orqanizmin inkişafının daxili ritm və sürətini əsas götürürlər, bəziləri isə ontogenez inkişafa filogenez inkişafın təkrarı kimi baxırlar. Uşaq və gənclərdə boyun, dərinin sümüyün, əzələ sisteminin, daxili sekresiya vəzilərinin, sinir sisteminin, analizatorların, ümumi somatikanın, cinsiyyətin inkişafının diferensial getməsi, kamillik yaşına kimi müxtəlif variantlarda birinin digərindən fərqli yetişməsi bioloji yaşı səciyyələndirir [40;200]. Bioloji yaş orqanizmin inkişafı, yetkinləşməsi, qocalması – psixoloji yaşın formalaşması üçün təbii zəmin rolunu oynayır.
Antropologiyada insan inkişafının öyrənilməsində ətraf mühitin, bioloji amillərin, mədəni təsirlərin nəticəsində insanın yaşının öyrənilməsi əsas mərhələlərdəndir. Tədqiqatçılar bioloji və xronolji yaşı bir-birindən fərqləndirirlər. Bioloji yaş insanın sümüyünün, bədən quruluşunun, cinsi yetişkənliyinin göstəricisi kimi təqdim oluna bilər. İnsan antropogenezinin dövrləşməsi yaş üzrə aşağıdakı kimi müəyyən edilir:
Bioloji yaşın formalaşmasına etnoərazinin mövqeyi təsir göstərir. Etnik əlamətlərdən asılı olmayaraq şimal və yüksək dağlıq bölgələrdə boyun inkişafında ləngimələr olur. Bioloji və xrononloji yaş arasında boy və ümumi inkişafla müəyyən olunur. Xronoloji yaş insan anadan olduğu dövrdən götürülür və təqvim sisteminə əsaslanan yaşdır. Bioloji və xronoloji yaş üst-üstə düşməyə bilər. Yeni Qvineya və Amazonka əhalisində qan təzyiqi əlamətləri daha az müşayət olunur. Afrika massivlərində ət və süd məhsullarından kifayət qədər istifadə olunmasına baxmayaraq onların çəkisi 60 kqdan çox olmur. Qan-damar xəstəlikərinə rast gəlinmir [43;28].
Fərdi inkişafın bu və digər təzahürünün xronoloji uyğunlaşması ümumi bir tendensiyaya-ontogenezin ilkin mərhələlərindən uzaqlaşdıqca azalma tendensiyasina malikdir: həyatın ilk illərində artan orqanizmdə boy və inkişafın analoji fazalarının keçilməsinin zaman diapazonu bir neçə həftə və ya ayı keçmir, yetkinlik dövründə 2-3 il, ilk invalutsiya proseslerinin başlaması ilə isə artıq beş illiklərlə ölçülür, bununla belə yaşlanmanın analoji fazalarında fərdi dəyişikliklər onilliklərə çatır [38;50].
Bioloji yaş konkret şəxsə münasibətdə tələb olunan yaşın ekspert tərəfindən qiymətləndirməsi əsasında müəyyən edilir. Bədənin morfometriya əlamətləri, cinsi yetkinlik səviyyəsinin bal göstəriciləri, dişlərin cilalanması səviyyəsi istifadə olunur. Belə tədqiqatlarda bioloji ve xronoloji yaşlar illərlə ölçülür. Cinsi yetkinlik əlamətləri ballarla əks olunur: qol altında və qasıq nahiyəsində tüklərin inkişafı, süd vəzilərinin inkişafı. Müəyyən olunmuşdur ki, bir etnoterritorial qrupun daxilində individual fərqliliklərin olması ehtimalı çox böyükdür. Diş yaşına görə fərqlilik cinsi yetkinlik əlamətlərinə görə böyük deyil. Sümük yaşının kriteriyaları artan orqanizm ucun daha etibarlı işlənib hazırlanmişdır: bazu sümüyünün və biləyin sümükləşməsi səviyyəsi.
Ekstremal təbiət şərtlərində (Uzaq Şərq, dağlıq ərazi) irsi komponentlərdən asılı olmayaraq boy artımında gerilik müşahidə olunur. Pamirdə (Qərbi Pamirin tacikləri və Şərqi Pamirin qırğızları) uşaq və yeniyetmələrin inkişaf tempi dağətəyi zonalar ucun nəzərdə tutulmuş səviyyə ilə oxşar cəhətlərə malikdir. Taciklərdə (avropoid) və qırğızlarda (monqoloid) 12 yaşda süd vəzilərinin inkişafı demək olar ki, eynidir. Həmçinin dağətəyi zonalarda yaşayan qırğızlarla Moskvada yaşayan rusların da eyni yaşda göstəriciləri analojidir.
İ.N.Mşayuşevskayaya görə dağlıq yerlərdə artım proseslərinin ləngiməsi birbaşa qalxanabənzər vəzinin funksiyalarının azalması ilə bağlıdır. Uzunömürlülərin çox olduğu xalqlarda aparılan tədqiqatlar yeniyetmələrdə boy və inkişaf tempinin ləng getdiyini göstərmişdir. Bu daha çox abxazlara aiddir. Ləng inkişaf daha çox özünü bu regionun gürcü yeniyetmələri ilə müqayisədə göstərir.
Bioloji ve xronoloji yaşların müqayisəsinin analizi insan adaptasiyasi, boy və inkişafının öyrənilməsinin əsasını təşkil edir. Xronoloji yaş bu və ya digər təqvimlə insanın doğulduğu gündən hesablanır. Xronoloji yaş ətraf mühit və ya gen informasiyalarının təsirinə məruz qalmir. Buna görə də xronoloji yaş bioloji yaşın konstantı, bəzən isə surroqatı kimi çıxış edir. Bioloji yaşın tədqiqi bioloji yaşın xronoloji yaşın ekvavalenti kimi müəyyən olunan referent qrup vasitəsilə həyata keçirilir. Belə populyasiyalarda uşaqlar xronoloji yaşa görə qruplaşdırılır və hər xronoloji yaş üçün skeletin inkişaf səviyyəsi müəyyən olunur. Məsələn, 9 yaşlı uşaqlar arasında skeletin inkişafının reprezentativ səviyyəsi skelet inkişafının 9 ili ilə müəyyən olunur. Buna görə də bu skelet quruluşuna malik hər hansı bir varlıq 9 skelet yaşlı kimi qiymətləndirilir. Lakin əgər xronoloji yaş 7 və ya 11 yaşdırsa, onda o skeletin inkişafına görə ya geri qalır ya da tez inkişaf edib.
Menstruial yaş - xronoloji ve bioloji yaşın uyğun gəlməməsinin klassik nümunəsidir. Yüzlərlə populyasiyadan alınmış məlumatlara əsasən müəyyən olunmuşdur ki, menstruasiya 12-18 yaş arası başlayır. Asiyalılar şimal xalqlarına nisbətən daha tez bu dövrə çatır və bir cəmiyyətin içindəki qadınlardan daha yaxşı sosial-iqtisadi şəraitdə yaşayanlar daha tez yetkinlik yaşına çatırlar. Bir sözlə həm ətraf mühit, həm də genetik faktorlar bu prosesə təsir göstərir. Uşaqlıqda doymamaq menstruial yaşı ləngidir, çox yemək isə tezleşdirir. Beləliklə də, sosial-mədəni faktorların müxtəlifliyi və qida faktoru menstruial yaşın müxtəlifliyinə səbəb olur.
Bioloji yaşın ölçülməsinin bir neçə metodları mövcuddur. Üfiqi (eninə) - insan və heyvanların yaşlanması probleminə həsr olunmuş müasir tədqiqatların çoxunun əsasinda dayanir. Burada söhbət müxtəlif yaş qrupuna aid şəxslərin zamanın hər bir anında fiziki və psixiki funksiyalarının müqayisəli tədqiqatından gedir [35;42].
Sosial yaş isə insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən fərdin şəxsiyyətə çevrilməsi, başqa sözlə, şəxsiyyətin formalaşması və inkişafını sosial cəhətdən şərtləndirən həyat yolu, insanın qrupdakı mövqeyi, cəmiyyətdəki fəaliyyəti ilə bağlıdır. Həyat yolu ailə və ictimai təcrübədə, insanın cəmiyyətdəki mövqeyində, sinfi statusunda, fəaliyyətin əsas mərhələlərində, tarixi inkişafın gedişində dəyişir, kamilləşir, şəxsiyyətin təşəkkül tarixi olur.
Psixoloji yaş isə digər yaş növlərindən fərqli olaraq, birinci növbədə insanın fəaliyyəti ilə xarakterizə olunub, onun daxili hesablama sistemilə ölçülür.Burada insanın psixoloji yaşını müəyyənləşdirmək üçün onun psixoloji vaxtının fərdi xüsusiyyətlərini bilmək lazımdır [11;95].
İkincisi, insan öz gələcəyinin, gələcəkdə qazanacağı nailiyyətlərin,tutacağı mövqeyin, nüfuzun samballılığı, onların genişlənməsi hesabına, psixoloji baxımdan, mənən cavanlaşa, yaxud əksinə, acınacaqlı keçmiş hesabına daxilən xeyli qocala bilər.
Üçüncüsü, psixoloji yaş bir qədər çoxcəhətli məfhum olduğundan bəzən o, insan həyatının bütün sahələrinə uyğun gəlməyə də bilər. Məsələn, adam ailədə bütün düşünülmüş həyat planlarını tam surətdə yerinə yetirdiyi halda, peşə, sənət, ixtisas sahəsində psixoloji imkanları hələ sərf edilməmiş qala bilər. Beləliklə, şəxsiyyətin psixoloji yaşı onun psixoloji vaxtının sərf olunması ilə müəyyən edilməklə, bioqrafik miqyasda, şəxsiyyətin psixoloji xarakteristikası ilə, insanın daxili mənəvi inkişaf mənzərəsilə; psixoloji vaxtının səmərəli planlaşdırılması, həmin vaxtdan faydalı istifadəsi, şəxsiyyətin əldə etdiyi yüksəliş, uğurlar və bunların onun həyatında necə iz buraxması ilə müəyyənləşdirilir [15;86].
Sosial antropologiyada da xronoloji, psixoloji, sosial yaşın keyfiyyəti kimi ağıl yaşı (ingilis dilində Mental Age) anlayışı da işlənir. Ağıl yaşı uşağın həmyaşıdlarının icra etdiyi tapşırıqlara uyğun məsələləri yaş norması çərçivəsində həll edə bilməsi ilə müəyyənləşdirilir. Ağıl yaşı -MA xronoloji yaşa, başqa sözlə, yaş normasına uyğun gəlirsə uşağın (insanın) əqli normal inkişaf etmiş hesab olunur.
Şaquli (uzununa) - bütün həyatı boyu eyni qrup şəxslərin müəyyən zamandan bir tədqiqindən ibarətdir, həmçinin bu metodda nəsillərarası fərqliliklər nəzərə alınmır. Məsələn, eyni yaşlı qrupların müqayisəsi zamanı bioloji yaşların fərqli olması nəslin fərqli həyat tərzi ilə izah edilə bilər. Əgər bir nəsil aclıq yaşamışdırsa, bu nəslin bütün üzvlərinin bioloji inkişafının surətinə təsir göstərəcəkdir. Şaquli metodun catişmayan cəhəti odur ki, müşahidə edən müşahidə ediləndən daha tez dünyasını dəyişə bilər. Əkizlərin tədqiqi - yaş dəyişikliklərin xarakterinə təsir edən daxili ve xarici amillərin tədqiqində bu metod xüsusi rol oynayir. Rentqenoqrafik metod - bioloji yaşin öyrənilməsində skelet sümüyünün rentgenoqrafik göstəriciləri geniş istifadə olunur.
Uzunömürlülüyün öyrənilməsi ilə herontologiya məşğul olur. İnsanlar arasında bu halı formalaşdıran faktorlar arasında təbii-sosial şərtlərlə bağlı xarici və ailədən gələn daxili faktorlar mövcuddur. Tədqiqatlar göstərir ki, uzunömürlülər və onların birbaşa nəsilləri aşağı yaş dinamikasinda üstün mövqe tutmurlar, lakin bütün bunlarla birlikdə, yaş dəyişikliklərində orta və ya yüksək tempə malikdirlər. Eyni zamanda uzunömürlülərin çox olduğu qrupların tədqiqi uzunömürlülərə məxsus bəzi spesefik bədən quruluşu və funksional xarakteristikalarin olduğunu göstərmişdir: xəstəliklərin az olması, sabit və aktiv temperament və həyat tərzi. Uzunömürlülərin yaşlanma prosesi digərlərindən az fərqlənir, lakin eyni zamanda onlarda yaş dəyişikliklərin inkişafı ləng gedir [48;130].
. İnsan konstitutsiyası
1. Konstitutsional tiplərin təsnifatı
2. Konstitutsiyanın psixoloji və tibbi özəllikləri
3. Təbii şəraitin insan bədəninə təsiri və adaptiv tiplər
Insan konstitutsiyası çoxəsrli bir tarixə malikdir.‘‘Konstitutsiya” sözünün hərfi mənası vəziyyət,şərait,müəyyən əlamət və.s deməkdir.Yunan dilində olan bu termini müasir dövrdə daha çox qanun mənasında işlədirlər.Konstitutsional antropologiya insan bədəninin ümumi qanunauyğunluqlarını öyrənən bir elm sahəsidir.Müasir dövrdə belə hesab edirlər ki, bu sahənin əsasını qədim yunan həkimi Tibbin atası Hippokrat qoymuşdur.E.ə v əsrdə Hippokrat ilk dəfə olaraq insanların bədənlərinin quruluşunda müəyyən fərqlilikləri aşkar etmiş və onları təsvir etmişdir.O, insanların bədən quruluşlarını yaxşı, pis, zəif, güclü, solğun, təravətli, nəm və quru olan tiplərə bölmüşdü.Hippokratın fikrincə, həmən bu tiplərin yaranmasına səbəb insan bədənində olan mayelərdir. Bu mayelər isə əsasən dörd növə ayrılır: qan, selik, sarı öd və qara öd O bu maddələrin miqdarı ilə bədən tiplərinin yaranmasını qeyd edir, həmçinin göstərirdi ki, bədən tiplərinin formalaşması bu mayelər ilə bağlı olduğuna görə, onlar insanların psixoloji tipləri ilə də bağlıdır.İlk dəfə psixoloji tiplər haqqında məlumatı da Hipokkrat vermişdir(sanqvinik, melanxolik, xolerik, fleqmatik).
Bizim eranın ıı əsrində romalı həkim Qalen insan bədəninin ümumi quruluşunu onun habitusu kimi göstərirdi. O, habitus haqqında təlim irəli sürmüşdü və göstərirdi ki, insan bədənin ümumi quruluşu onun xarici görkəmini müəyyənləşdirən əsas xüsusiyyətdir, ümumiyyətlə isə insanı həyatı, davranışı çox hallarda onun bədən quruluşu ilə bağlıdır.
Qeyd etdiyimiz dövrdəki alimlər söylədikləri fikirləri misal gətirmir və sübut etməyə çalışmırdılar. Qədim dövr elminin əsas xüsusiyyətlərindən biri onun emprik səciyyə daşıması idi. Yəni onlar canlı şahidi olduqları hadisələri qeyd edir və bunu əsasında fikir yürüdürdülər.
Müasir dövr konstitutsional antropologiyanın inkişafı XIX əsrdən başlamışdır. Bu dövrdən etibarən insan konstitutsiyasına müxtəlif yanaşmalar yaranır. Bu yanaşmalardan biri somotopixoloji yanaşmadır. Somotopsixologiyada insan konstitutsiyası onun bədəninin ümumi vəziyyəti kimi göstərilir və qeyd olunur ki, hər hansı bir fərdin konstitutsiyası, yənibədənin quruluşu onun bədənində baş verən fizioloji, psixoloji prosesləri idarə edir və insanın öz mənini formalaşdırmasında müəyyən rol oynayır. Daha aydın qeyd etsək, insanın bədən quruluşu onun davranışına və həyat tərzinə müəyyən qədər təsir göstərir.
Bir çox tədqiqatçılar isə insan konstitutsiyasına fizioloji cəhətdən yanaşırlar və göstərirlər ki, insan konstitutsiyası ətraf mühitə qarşı mübarizədə insan bədəninin davamlılığının müəyyən bir vəziyyətidir. Bu yanaşma daha çox insanın ümumi sistemi, ətraf mühitin təsirlərinə qarşı necə davam gətirə bilməsini ön plana çəkir. Fizioloji yanaşmadan belə bir nəticəyə gəlinir ki, insan bədəninin ətraf mühitə qarşı mübarizə apara bilmək qabiliyyəti onun genefondunda möhkəmlənib. Konstitutsional tiplərin hansı formada olması onların bu və ya digər dərəcədə xarici mühitə qarşı mübarizə apara blmək qabiliyətləri ilə bağlıdır(əgər ətraf mühitə qarşı davamlıdırsa bir konstitutsional tip, davamlı deyilsə digər konstitutsional tip yaranır).
Digər yanaşma birbaşa genetik yanaşmadır. Bu yanaşmanının əsasını qoyanlardan biri isveçrəli alim Kander olmuşdur. O göstərirdi ki, insan konstitutsiyası onun orqanizminin somatik fatomudur. Yəni burada ən əsas fərdi xüsusiyyətlər insanın öz həyatı ilə bağlı deyil. Fərdi xüsusiyyətlər ana bətnində formalaşır. Faktiki olaraq insanın gələcək taleyini həll edən an yumurta hüceyrənin yaranması anıdır. İnsan yaranmağa başladıqdan sonra hansı genlər qoyulursa,həmin genlər də onun qalan həyatını müəyyənləşdirir.
XIX əsrdə konstitutsiyanın öyrənilməsində əsas rol oynayanlardan biri də amerikalı alim Kreçmer olmuşdur. Ümumiyyətlə, Kreçmer həm fiziologiya, həm psixologiya, həm də antropologiya elminin inkişafında müəyyən qədər işlər görmüşdür. Kreçmer insan konstitutsiyası və insan irsiyyətini eyni anlayış kimi qəbul edirdi. Buradan isə belə bir nəticəyə gəlmək olar ki, insanın bütün bədən quruluşunu müəyyən edən onun genləridir. Fizioloji yanaşmada insanın bədən quruluşunda irsiyyətin rolu qeyd olunur , amma xarici mühitə qarşı mübarizədə bu quruluşin dəyişilə biləcəyi də göstərilir. Genetik yanaşmada isə bu qəbul olunmur. Genetik yanaşmada insanın bədən quruluşunuformalaşdıran valideyinlərindən və əvvəliki nəslin nümayəndələrindən aldığı genetik materialdır. Hansı materila qoyulursa həmin material da özünü biruzə verir. İnsanda kiçik yaşlarda özünü göstərən amillər digər yaşlarda da davam edir. İnsan bədəninin qanunauyğunluqları ona genləri tərəfindən ötürülən qanunauyğunluqlardır.