Şagirdin dərketmə üsulu (İntellekt tipi)
Şagirdlərin hansı dərketmə qabiliyyətinin daha fəal olduğunu müəllim
əvvəlcədən araşdırmalı və təlim zamanı qrupları müəyyənləşdirərkən bu
göstəriciləri nəzərə almalıdır.
Fərdlərarası dərketmə üsuluna aid olan şagirdlər bütün qruplara paylanır.
Onları ayrıca qruplaşdırmağa ehtiyac yoxdur. Fərddaxili dərketmə üsuluna aid
olan şagirdlərin isə vəziyyətdən asılı olaraq həm qruplarda, həm də fərdi şəkildə
çalışmasına şərait yaradılır.
Görmə dərketməsi iti olan uşaqlar bir qrupa toplanaraq onlara daha çox
görüntülü, şəkilli materiallar təqdim edilir. Sual oluna bilər ki, şagirdlərin oxu,
yazı, hesablama bacarıqlarının inkişafına yalnız şəkillər vasitəsi ilə necə nail
olmaq olar? Bu, müəllimin yaradıcı təfəkküründən çox asılıdır. Belə ki, görmə
dərketməsi iti olan şagirdlər bir qrupa toplanarkən, onlara təqdim edilən şəkil
əsasında mətn tərtib edib yazmaq, yazdığı mətni oxumaq, yazdıqları ilə bağlı
şərhlər vermək və ya təqdim edilən riyazi şəkillər əsasında məsələlər qurmaq,
onları həll etmək kimi tapşırıqlar vasitəsi ilə şagirdlərin yazı, oxu, nitq, hesablama
və s. bacarıqlarının inkişaf etdirilməsinə münbit şərait yaratmaq olar.
Eşitmə dərketməsi iti olan şagirdləri bir qrupa toplamaqla onlar üçün daha
çox səsli tapşırıqlar tərtib edilməsi təlim materiallarının daha yaxşı
mənimsənilməsinə geniş şərait yaradır. Əsrimiz texnologiya əsridir. Radio,
maqnitafon, televizor, kompüter səsli informasiyaların çatdırılması üçün uğurlu
vasitədir. Bəzən müəllimlər bölgələrdə texniki avadanlıqların kifayət qədər
olmadığını və ya elektrik enerjisi ilə bağlı problemlərin olduğunu səbəb
göstərməklə texnologiyaların təlim prosesində istifadəsinin çətin, bəzən də
mümkünsüz olduğunu bildirirlər. Hətta bütün göstərilənlər nəzərə alınsa belə,
müəllim səsli informasiyaların şagirdlərə çatdırılması üçün optimal yollar tapa
bilər.
Afət Süleymanova
Dostları ilə paylaş: |