Artıq köhnəlmiş olduğu deyilən «afaniz» termininə dair yeni baxışlar



Yüklə 70,73 Kb.
Pdf görüntüsü
tarix22.04.2017
ölçüsü70,73 Kb.
#15359

 

Artıq köhnəlmiş olduğu deyilən «afaniz» termininə dair yeni baxışlar 



Şahin Böyükağa oğlu Əlibəyli 

 

Current views on term of «afaniz» which is now thought outdated 

Shahin Boyukaga oglu Alibeyli 

 

Новые взгляды к термину «афаниз», считающимся уже устаревшим  

Шахин Боюкага оглы Алибейли 

 

 

Psixologiya,  psixiatriya  və  seksologiyada  işlənən  və  ciddi  araşdırılmasına 

ehtiyac  duyulan  bir  termin  var  ki,  ona  afaniz  (aphanisis)  deyirlər.  Mənbələrin  çoxunda 

sinonim qismində «afanizis» məfhumu daha tez-tez işlənir. Halbuki burada «is» sonluğu 

terminin latın dilində yazılması naminə artırılmış şəkilçidir və əslində onsuz da keçinmək 

olardı. Hətta qeyd edilən terminin «afaniz» şəklində yazılması daha doğrudur.  

«Afaniz»  termini  ilk  dəfə  ingilis  psixoanalitiki  Ernest  Cons  (Ernest  Jones) 

«tərəfindən  1927-ci  ildə  «Qadın  seksuallığının  erkən  inkişafı»  («Early  development  of 

female sexuality») əsərində elmi dövriyyəyə daxil edilmişdir. Yunanca aphanisis – aradan 

getmə,  itmə,  yox  olma,  yoxa  çıxma,  aphanizo  –  gözdən  itirəm,  görünməz  oluram,  itib 

gedirəm deməkdir. 

Qeyd  edək  ki,  «afaniz»  sözündən  istifadə  olunmaqla  bəzi  terminlər 

düzəldilmişdir. Bunlardan bir neçəsini xatırlaya bilərik: 

– «afaniz fenomeni», yaxud «afanizis fenomeni»; 

– «afaniz hadisəsi», yaxud «afanizis hadisəsi»; 

– «afaniz konsepsiyası», yaxud «afanizis konsepsiyası»; 

– «afanizik effekt», yaxud «afanizik təsir»; 

– «afanizik nəticə»; 

– «afaniz təhlükəsi», «afanizis təhlükəsi», «afaniz qorxusu», «afanizis qorxusu», 

«afaniz riski», «afanizis riski», «afanizik təhlükə» və başqaları. 

Ancaq «afaniz» termininin həm elmə yeridilmə tarixinə, həm də daşıdığı məna 

yükünə  münasibətdə  müəlliflər  arasında  ciddi  fikir  ayrılığı  var.  Məşhur  rus  filosofu  və 

psixoloqu,  psixoanaliz  sahəsində  mütəxəssis,  fəlsəfə  elmləri  doktoru  Valeri  Moiseyeviç 

Leybin  birinci  dəfə  2001-ci  ildə,  sonra  2010-cu  ildə  «Psixoanaliz  üzrə  lüğət-sorğuluq», 

həmçinin  2015-ci  ildə  «Qısa  psixoanalitik  lüğət-sorğuluq»  kimi  əsərlərində  «afanizis» 

termininin bir qədər əvvəl qeyd edilən şəkildə, yəni 1927-ci ildə E. Cons tərəfindən elmə 

keçdiyi fikrini təsdiqləmişdir [7]. 

Ancaq  britaniyalı  psixiatr  və  Freyd  məktəbinə  məxsus  psixoanalitik  Çarlz 

Frederik Raykroft (Charles Frederick Rycroft) «Tənqidi psixoanaliz lüğəti»ndə «afanizis» 

termininin düz 21 il sonra – 1948-ci ildə elmə daxil olduğunu yazmışdır [10]. 

Sonuncu  mənbənin  təsiri  altında  olan  rus  psixiatrları  Viktor  Stanislavoviç 

Pervıy,  Vasili  Fyodoroviç  Suxoy,  Yevgeniya  Gennadiyevna  Qrineviç  və  Marianna 

Vladislavovna  Markova  2013-cü  ildə  çap  etdirdikləri  «Psixiatrik  lüğət»də  yalnız  «daxil 


 

edilmiş»  kəlmələrinin  yerinə  «təklif  edilmiş»  sözlərini  yazmaqla  və  Consun  britaniyalı 



psixoanalitik olduğunu göstərməklə qənaətlənməli olmuşlar [8, səh. 63]. 

İndi  «afanizis»  termininin  definitiv  tərəfi  və  səciyyəvi  cəhətləri  haqqında 

danışaq. V. M. Leybinin lüğətində həmin terminə belə bir tərif verilmişdir: «Afanizis – 

cinsi  meylin itirilməsinin  mümkünlüyü ilə  əlaqədar olan  nevrotik həyəcandır»  [7].  Ç.  F. 

Raykroftun lüğətində «afanizis» termininin «həzz alma qabiliyyətinin tam itirilməsindən 

əvvəl  keçirilən  qorxunun  ifrat  dərəcəsini  təsvir  etmək  üçün»  bir  məfhum  olduğu 

göstərilmişdir [10]. 

Görkəmli  fransız  filosofları,  psixoanalitik  və  yazıçıları  Jan  Laplanş  (Jean 

Laplanche)  və  Jan-Bertran  Pontalis  (Jean-Bertrand  Pontalis)  bir  yerdə  «Psixoanaliz  üzrə 

lüğət»  (orijinal  adı  «Bibliotheque  de  Psychanalyse»)  kitabını  ərsəyə  gətirmişlər  ki, 

afanizisdən danışarkən belə gözəl mənbəyə müraciət etməmək sadəcə mümkün deyildir. 

Məşhur  sovet  və  rus  filosofu,  Yeni  dövr  Avropa  fəlsəfi  fikrini  öyrənməklə  məşğul  olan 

tarixçi,  fəlsəfə  elmləri  doktoru  Nataliya  Sergeyevna  Avtonomova  tərəfindən  rus  dilinə 

tərcümə olunaraq elə onun redaktorluğu ilə 1996-cı ildə çap edilən, 2010-cu ildə yenidən 

işıq üzü görən həmin kitabda «Afanizis» məqaləsində verilmiş məlumatdan yeri gəldikcə 

yararlanacağıq. Etibarlı mənbədə «afanizis» istilahının E. Cons tərəfindən daxil edilmiş bir 

termin olmaqla seksual arzunun itməsini bildirdiyi nəzərə çatdırılmışdır [6]. 

E.  Consa  görə,  afanizis  hər  iki  cinsdə  kastrasiyadan  daha  artıq  qorxu  törədir. 

Həqiqətən afanizis – kastrasiya kompleksi ilə əlaqədar olan bir termindir.  

2005-ci ildə  Paris Psixoanaliz Cəmiyyətinin titulyar üzvü  Alen Jibo  və həmin 

vaxt  hələ  psixologiya  elmləri  namizədi,  baş  elmi  işçi,  Müasir  Psixoanaliz  Cəmiyyətinin 

direktoru  olmuş  Andrey  Vladimiroviç  Rossoxinin  redaktorluq  etdikləri  «Fransız 

psixoanalitik  məktəbi»  adlı  kitabda  bir  mövzuda  insanın  afanizis  riskinə  məruz  qalması 

haqqında  danışılmışdır.  Görkəmli  rusiyalı  filosof,  fəlsəfə  elmləri  namizədi,  psixoanaliz 

klassiklərinin  elmi  işlərinin  tərcüməçi  və  kommentatoru  Vladimir  Vasilyeviç 

Starovoytovun elə həmin mövzuda anafizis barəsindəki qeydinə nəzər saldıqda bu terminin 

E.  Cons  tərəfindən  daxil  edilməsi  və  seksual  arzunun  itməsini  bildirməsi,  hər  iki  cinsin 

nümayəndələrində kastrasiyadan daha artıq qorxu törətməsi haqqında olan fikirlər bir daha 

təkrarlanmışdır [12, səh. 156].  

E.  Cons  məhz  qadın  seksuallığını  öyrənərkən  «afanizis»  anlayışını  elmə  daxil 

etmişdir.  E.  Cons  «afanizis»  anlayışı  altında  «seksual  həzz  yaşama  qabiliyyətinin  tam 

itməsini»  başa  düşmüşdür.  Consun  afanizis  konsepsiyası  kastrasiya  kompleksi  ilə  sıx 

əlaqədardır.  Consun  təsəvvürlərinə  görə,  afanizis  qadınlarda  sevimli  obyektin  itirilməsi 

qorxusuna, kişilərdə  isə kastrasiya qorxusu çərçivəsindən kənara çıxan daxili bir dəhşətə 

əsaslanır. E. Consun söylədiyi fərziyyəyə inansaq, bir sıra şərtlər üzündən bəzi kişilərdə 

daha  qüvvətli  seksual  duyğular  yaşamağa  və  həyəcanlı  anlar  keçirməyə  can  atmaqla 

əlaqədar olaraq kastrasiya qorxusu müşahidə edilir [7]. 

E. Consun fikrincə, kişidə seksuallığın sönməsi (tamamilə itməsi) və kastrasiya 

tam  üst-üstə  düşmür,  məsələn,  «...  kişilərin  bir  çoxu  şübhəsiz  ki,  penisin  aradan 

götürülməsilə  seksuallığın  itməyəciyini güman  edərək erotik illət daxil olmaqla  müxtəlif 

səbəblər üzündən kastrasiyanı arzulayır; bu və başqasının qarışdırılması ona əsaslanır ki, 


 

anafizisin  ümumi  ideyası  konkret  olaraq  (ölüm  haqqında  fikirdən  əlavə)  kastrasiya 



qorxusunda özünü göstərir» [6]. 

Cons güman etmişdir ki, qadınlarda afanizis qorxusu sevimli obyektin itirilməsi 

qorxusu  ilə  əlaqədardır.  E.  Cons  güman  etmişdir  ki,  afanizis  qorxusu  hər  iki  cinsdə 

kastrasiya qorxusuna nisbətən daha fundamental bir narahatlıqdır. İsrarlı tədqiqatçı məhz 

belə  bir  arqumentindən  böyük  sənətkar  Ziqmund  Freydin  (Sigmund  Freud;  1856–1939) 

qadın  seksuallığı  səbəbilə  diskussiyalarında  ortaya  qoyduğu  baxışlar  əleyhinə  istifadə 

etmişdir.  Əgər  psixoanalizin  banisi  Ziqmund  Freyd  kastrasiya  qorxusunun  oğlanda 

seksuallığın sönməsinə gətirib çıxardığını və gələcəkdə onun libidosunun anasından digər 

seksual  obyektlərə  keçirilməsini  hesab  edirdisə,  artıq  E.  Cons  seksual  arzunun  itməsinin 

heç  də  kastrasion  kompleksin  müstəsna  təsir  qüvvəsinin  nəticəsi  olmadığı  mövqeyindən 

çıxış etməyə başlamışdı [7].  

E. Consun irəli sürdüyü müddəa ilə Z. Freydin fikri arasında ziddiyyət qabarıq 

şəkildə  görünür:  əgər  Z.  Freyd  kastrasiya  kompleksini  və  fallos  primatını  (birinciliyini, 

üstünlüyünü) oğlanlarda olduğu kimi, qızlarda da seksual inkişafın əsası hesab edirdisə, 

artıq E. Cons əzəldən, lap başlanğıcdan ancaq özünə məxsus məqsədi və təzahür formaları 

olan  qadın  seksuallığının  orijinallığını  (spesifik  xüsusiyyətini)  vurğulamış,  onu  mühüm 

əlamət kimi nəzərə çarpdırmışdır [6]. 

Kastrasiya  kompleksinin  psixoanalitik  başa  düşülməsində  dəqiqləşdirmələrini 

edən E. Consun söylədiyi ideyaya görə, kişi və qadın seksuallığının infantil inkişafı heç də 

həmin kompleksin təsiri altında deyil, məhz afanizis hadisəsi sayəsində həyata keçir [7].  

E.  Consa  görə,  qız  və  oğlanın  seksuallığının  ümumi  məxrəcini  kastrasiya 

kompleksində deyil, məhz afanizisdə axtarmaq lazımdır [6]. 

E.  Consun  nəzəriyyəsinə  görə,  afanizis  bütün  nevrozların  əsasını  təşkil  edir. 

Cons  hesab  etmişdir  ki,  afanizis  qarşısında  keçirilən  qorxu  istənilən  nevrozun  əsas 

səbəblərindən biridir. 

Qeyd edək ki, «afanizis» terminini fikirləşmiş və onunla bağlı müddəalarını bir 

konsepsiya (nəzəriyyə) halına salmağı bacarmış Ernest Cons həmin hadisənin (fenomenin) 

öyrənilməsi sahəsində xeyli iş görmüşdür. Ancaq E. Consun yaratdığı «afanizis» anlayışı 

psixoanalizdə heç də hamılıqla qəbul edilməmişdir. Onun afanizislə bağlı fikirlərinin bütün 

psixoanalitiklər tərəfindən təsdiqlənməməsinin səbəbi kastrasiya kompleksi ilə bağlantıda 

mükəmməlliyin çatışmamasıdır.  

Məşhur  amerikan  psixoanalitiki  və  psixoloqu,  neofreydizmin  hakim  mövqeyə 

malik  çox  nüfuzlu  simalarından  biri  Karen  Xorni  (Karen  Horney;  1885–1952)  qadın 

seksuallığı problemlərini öyrənərək belə bir nəticəyə gəlmişdir ki, seksual tələbatın həqiqi 

dəyərindən  xeyli  yüksək  qiymətləndirilməsi  çox  vaxt  dərində  məxfi  saxlanılan  qorxunu 

gizlədir,  bunu  bir  kimsəyə  bildirmir.  Zərif  cinsin  həmin  kateqoriyaya  mənsub  olan 

nümayəndələri  sanki  heteroseksual  təzahürlərində  digər  qadınların  onlara  bir  əngəl 

olmayacaqlarına, çətinlik yaratmayacaqlarına tam əmin deyillər. K. Xorninin bu yanaşması 

öz-özlüyündə E. Cons tərəfindən təsvir edilmiş afanizisi xatırladır. Fərq yalnız bundadır ki, 

burada seksual təəssürat yaşama, intim xarakterli yaddaqalan anları duyma qabiliyyətinin 

itiriləcəyi  səbəbindən  həyəcanlanmaqdan  və  qorxu  keçirməkdən  söhbət  getmir,  sadəcə 

hansısa xarici təsirin ona həmişə mane olacağından ehtiyatlanma haqqında danışılır. Elə bil 



 

hər zaman qarşısının kəsiləcəyindən çəkinmə hissi qadının rahatlığını pozur. K. Xorninin 



1934-cü  ildə  çap  etdirdiyi  «Məhəbbətin  qiymətinin  həddindən  artıq  şişirdilməsi»  adlı 

məqaləsində  öz  əksini  tapmış  rəyinə  görə,  məhz  belə  ehtiyatlanma  (həyəcan  siqnalı) 

seksuallığın  real  dəyərinin  xeyli  artıq  götürülməsinə  öz  «töhfəsini»  verir,  onun  əslində 

olduğu qiymətinin həddindən artıq səviyyəyə çatdırılmasına təkan verir.  

E. Cons kimi K. Xorni də nevrotik qadınların müdafiəsinin müxtəlif növlərini 

onların səksəkəli (daim bir siqnal olaraq təhlükə bildirən) hallarından irəli gəlməsi kimi 

nəzərdən  keçirməyə  cəhd  göstərmişdir.  Lakin  E.  Cons  kişi  arzularının  və  kişiliyin 

fiksiyasının  afanizis  təhlükəsindən  bir  müdafiə  olduğunu  zənn  etdiyi  halda,  K.  Xorni 

əvvəlcə bunların ataya münasibətdə insestuoz arzulardan qorunma olduğunu güman etmiş, 

sonra isə onların mazoxistik meyldən uzaq düşməklə mühafizə edilməkdən ibarət olduğu 

qənaətinə gəlmişdir [7].  

Subyektin  afanizisinin  mahir  tədqiqatçılarına  bir  klassik  nümunə  kimi  İntibah 

epoxasının  məşhur  fransız  yazıçı-esseisti  və  filosof-humanisti  Mişel  Eykem  de  Monten 

(Michel Eyquem de Montaigne) göstərilə bilər. «Onun başlıca əxlaqi prinsipinə görə, insan 

öz xoşbəxtliyini dinin vəd etdiyi kimi göylərdə deyil, yerdəki həyatda axtarmalıdır» [1, səh. 

55, sol sütun]. Təliminin çıxış nöqtəsi skeptisizm olmuş məşhur filosof uzun illər ərzində 

ərsəyə gətirdiyi «Təcrübələr» adlı başlıca əsərində seksual meylin itməsi, onun səbəb və 

nəticələri haqqında dolğun məlumat vermişdir. Lakin həmin dövrdə «afaniz» termini hələ 

mövcud deyildi. 

XX əsrin səksəninci illərindən etibarən «afanizis» termininə daha çox seksoloji 

ədəbiyyatda  rast  gəlindi.  Ümumiyyətlə,  seksual  meyl  pozğunluqlarının  müxtəlif 

formalarını  ifadə  etmək  üçün  təklif  edilmiş  terminlər  həddən  ziyadə  çoxdur  və  onlar 

arasında bir qarma-qarışıqlıq hökm sürür [2]. Bu baxımdan «afanizis» termini də istisnalıq 

təşkil  etmədi.  Məşhur  polyak  həkim-seksoloqu,  habilitasiya  keçmiş  doktor,  Polşada 

seksologiyanın  pioneri  Kazimej  İmelinski  (Kazimierz  Imielinski)  1986-cı  ildə 

«Seksologiya  və  seksiatriya»  kitabında  «afanizis»  terminini  «anafrodiziya»,  «cinsi 

soyuqluq»,  «hiposeksuallıq»,  «seksual  anesteziya»,  «seksual  hipesteziya»  və  «seksual 

frigidlik» kimi anlayışlarla eyniləşdirmişdir. Rus dilinə «Seksologiya və seksopatologiya» 

kimi  tərcümə  edilən  həmin  kitabın  çap  olunmasından  sonra  «afanizis»  termini  öz  yerini 

möhkəmləndirməyə başladı [4, səh. 228] 

K.  İmelinskinin  «afanizis»  terminini  əslində  bir-birinin  tam  eyni  olmayan 

müxtəlif  anlayışlara  bərabər  tutması  haqqında  bir  neçə  kəlmə  demək  lazım  gəlir.  Haqlı 

olaraq müəyyən qədər narazılıq doğuran, mübahisəyə səbəb olan həmin fikir müəlliflərin 

bir  qismi  tərəfindən  rahatlıqla  qəbul  edilmədi.  Çünki  «seksual  anesteziya»  və  «seksual 

hipesteziya» terminlərinin eyni olmadığı heç kimdə şübhə doğurmur, «hiposeksuallıq» və 

«seksual  frigidlik»  istilahlarının  eyniləşdirilməsi  heç  də  bütün  mütəxəssislərin  ürəyincə 

olmur, ümumiyyətlə, qeyd edilən pozğunluğun yalnız qadın cinsli şəxslərə şamil edilməsi, 

yoxsa  hər  iki  cinsin  nümayəndələrini  əhatə  etməsi  sualı  cavabsız  qalır.  Amma  çox 

keçmədən bir neçə fərqli anlayışın  «afanizis» termini ətrafında eyniləşdirilməsi barəsində 

olan  fikir  başqa  mənbələrə  köçürüldü.  Xeyli  sayda  mənbədə  artıq  K.  İmelinskinin  təsiri 

açıq-aydın  özünü  göstərirdi.  Ukraynalı  cərrah-uroloq  və  androloq,  professor  Aleksey 

Vladimiroviç  Lyulko  tərəfindən  tərtib  edilmiş  və  1994-cü  ildə  işıq  üzü  görmüş 



 

«Seksologiya, seksopatologiya və andrologiyadan sorğu kitabı»nda [11, səh. 13, 23], cinsi 



tərbiyə  və  seksual  mədəniyyət  problemlərilə  ciddi  şəkildə  məşğul  olmuş  rus  jurnalisti, 

psixoloq və pedaqoqu Vladimir Vladimiroviç Şaxicanyanın 1991-ci ildə buraxdırdığı və 

1999-cu ildə təzədən nəşr etdirdiyi «Bu haqda 1001 sual» əsərində [13, səh. 399] bunun 

şahidi oluruq. 

Böyük  stajı  olan  və  praktik  işini  elmi  fəaliyyətilə  qovuşduran  məşhur  rus 

seksoloqu,  tibb  elmləri  namizədi,  seksologiya,  psixoterapiya,  urologiya  və  ginekologiya 

üzrə  mütəxəssis  Yuri  Petroviç  Prokopenko  1991-ci  ildə  «İllüstrasiyalı  seksoloji  lüğət», 

1995-ci  ildə  «Seksoloji  illüstrasiyalı  lüğət»  (əlavələr  edilmiş  və  genişləndirilmiş  ikinci 

nəşr),  1999-cu  ildə  «Tam  seksoloji  lüğət»  (yenidən  işlənmiş  və  əlavələr  edilmiş  üçüncü 

nəşr)  kitablarında  «afanizis»  və  «frigidlik»  terminlərinin  eyni  olduğunu  göstərmişdir. 

Sonuncu  kitabda  Y.  P.  Prokopenko  «afanizis»  termininin  artıq  köhnəlmiş  tibbi  termin 

olduğunu vurğulamışdır. Ancaq elə həmin mənbədə nədənsə termin latınca «aphanasis» 

kimi  verilmişdir  [9,  səh.  30,  sağ  sütun].  Başqa  mənbələrdə  terminin  «afanazis»  şəklinə 

salınması  müşahidə  edilmədiyindən  bunu  mətn  yığımı  zamanı  mexaniki  olaraq  yol 

verilmiş bir səhv kimi başa düşmək lazım gəlir. 

Tibb  elmləri  namizədi,  Nikolay  Fyodoroviç  Katanov  adına  Xakasiya  Dövlət 

Universitetinin nəzdindəki Tibbi-Psixoloji-Sosial İnstitutun sosial iş kafedrasının dosenti, 

Rusiya  Təbiətşünaslıq  Akademiyasının  professoru  Tatyana  Vladimirovna  Anafyanova 

2011-ci  ildə  «Regionda  deviant  davranışlı  qrup  və  şəxslərlə  aparılan  sosial-tibbi  işin 

xüsusiyyətləri» adlı dərs vəsaitində «afanizis» və «frigidlik» terminlərinin eyniləşdirilməsi 

ənənəsinə sadiq qalmışdır [3]. 

Bəzi  müəlliflər  afanizisi  hətta  «anorqazmiya»  halına  müncər  etməkdən 

çəkinməmişlər.  2013-cü  ildə  Yevgeni  Avqustoviç  Kaşenko  və  Anna  Nikolayevna 

Kotenyovanın bir yerdə ərsəyə gətirdikləri «Bu haqda yeniyetmə ilə açıq söhbət» kitabında 

«frigidlik»  termininin  sinonimi  kimi  «afanizis»,  «anorqazmiya»,  «hiposeksuallıq»    və 

«seksual  hipesteziya»  anlayışları  göstərilmişdir.  «Keçid  yaşı»  seriyasından  olan  həmin 

kitabda  «frigidlik»  termini  «qadınlarda  cinsi soyuqluğu bildirən  köhnəlmiş termin» kimi 

səciyyələndirilmişdir.  Göründüyü  kimi,  «afanizis»lə  bərabərləşdirilən  terminlər  sırasına 

daha biri («anorqazmiya») salınmışdır [5]. 

Ümumiyyətlə, seksologiyaya dair lüğətlərin əksəriyyətində «afanizis» məfhumu 

«anafrodiziya», «cinsi soyuqluq», «hiposeksuallıq»  və «seksual hipesteziya» anlayışlarına 

bərabər  tutulur,  «insanın  psixi  və  somatik  sahələrində  hər  hansı  kənarlanma  olmadan 

seksual meylin azalması» kimi şərh edilir. 

Seksologiyaya həsr olunmuş digər lüğətlərdə «afaniz» istilahına rast gəlinmir. 

Buradan belə  anlaşılır ki, insanın afanizis  riskinə  məruz qalması onun seksual 

arzusunun  itməsi  təhlükəsinin  real  şəkildə  təzahür  etməsidir.  Beləliklə,  psixoloji, 

psixoanalitik və seksoloji ədəbiyyatların hamısında afanizis dedikdə məhz seksual meylin 

itməsi nəzərdə tutulur.  

Ancaq təbabətdə frigidlik halını bildirmək üçün işlədilmiş «afanizis» termininin 

yalnız əvvəllər lazım gəldiyini, artıq unudulduğunu və hazırda ona müraciət olunmadığını 

düşünmək düzgün yanaşma sayılmazdı. Məsələ bundadır ki, afanizis ətrafında müzakirələr 

yenidən  canlanmış,  ancaq  bu  dəfə  «məcrasını»  dəyişərək  bir  qədər  fərqli  səmtə  yan 



 

almışdır.  Belə  ki,  «afanizis»  termini  predmetin  itməsinə  münasibətdə  tətbiq  edilməyə 



başlamışdır. 

Fransız filosofu (freydist, strukturalist, poststrukturalist) və psixiatrı, psixoanaliz 

tarixində ən nüfuzlu və sözükeçən simalardan biri Jak Mari Emil Lakan (Jacques Marie 

Emile  Lacan;  1901–1981)  seminarlarından  birində  («Psixoanalizin  dörd  əsas  anlayışı») 

subyektin  əmələ  gəlməsi  üçün  iki  zəruri  komplementar  əməliyyat  olan  uzaqlaşma  və 

separasiya  kimi  anlayışları  daxil  etmişdir.  Onun  mülahizəsində  uzaqlaşmanın  məna 

(törədilməni  bildirən)  və  varlıq  arasında  subyektin  parçalanması,  bölünməsi  prosesi  baş 

verməsi ilə əlaqələndirilməsi nəzəri cəlb edir (şəkil 1).  

 

Şəkil  1.  Jak  Lakanın  mülahizələrinə  görə  məna  və  varlıq  arasında  subyektin 



parçalanması prosesinin baş verməsi ilə uzaqlaşmanın əlaqələndirilməsinin sxemi 

1  –  varlıq  (subyekt);  2  –  mənasızlıq  (cəfəngiyat);  3  –  məna  (Başqası);  4  – 

əlaqədə uzaqlaşma (yadlaşma) 

 

J.  Lakan  belə  bir  fikir  irəli  sürmüşdür  ki,  məna  seçimi  subyektin  varlığının 



itməsinə,  mövcudluğunun  aradan  qalxmasına  gətirib  çıxarır.  J.  Lakan  həmin  fenomeni 

«afanizis»  adlandırmışdır.  Varlığın  seçilməsi  ona  gətirib  çıxarır  ki,  subyekt  mənasızlıq 

(cəfəngiyat)  halına  düşür.  Beləliklə,  Lakan  varlığın  itməsini  Başqasının  sahəsində 

bildiricinin mövcudluğu ilə əlaqələndirmişdir. 

Sloven kulturoloqu və freydomarksizm cərəyanının sosial filosofu Slavoy Jijek 

(Slavoj  Žižek;  1949-cu  ildə  doğulmuşdur)  şəxsiyyətin  mahiyyəti  (nüvəsi)  və  onun 

individual  həyatının  keçdiyi  simvolik  hekayətləri  arasında  bir  uçurum  –  uyğunsuzluq, 

rabitəsizlik  olması  və  yaxud  olmamasının  dialektikası  nöqteyi-nəzərindən  afanizis 

konsepsiyasını işləyib hazırlamışdır.  

 

İstifadə olunmuş mənbələr 



1.  Azərbaycan  Sovet  Ensiklopediyası.  On  cilddə  [Mətn].  Bakı,  Azərbaycan 

Sovet Ensiklopediyasının baş redaksiyası, VIII cild, 1984, 608 səh.  

2. Əlibəyli Ş. B. Seksual meylin keyfiyyət pozğunluqlarının fenomenologiyası 

və təsnifatı [Mətn]. Bakı, «Gənclik» nəşriyyatı, 2005, 530 səh.  

3.  Анафьянова  Т.  В.  Особенности  социально-медицинской  работы  с 

лицами  и  группами  девиантного  поведения  в  регионе.  Учебное  пособие  [Текст]. 

Москва, издательство «академия естествознания», 2011 


 

4. Имелинский К. Сексология и сексопатология / Оригинальное название: 



«Zarys seksuologii i seksiatrii» / Перевод с польского кандидата биологических наук 

Александра  А.  Бруенка  под  редакцией  профессора  Георгия  Степановича 

Васильченко [Текст]. Москва, издательство «Медицина», 1986, 424 стр.  

5.  Кащенко  Е.  А.,  Котенёва  А.  Н.  Откровенный  разговор  про  это  с 

подростком  (серия  «Переходный  возраст»)  [Текст].  Возрастное  ограничение  16+. 

Москва, издательство «Эксмо», 2013, 344 стр. 

6. Лапланш Ж., Понталис Ж.-Б. Словарь по психоанализу / Оригинальное 

название: «Bibliotheque de Psychanalyse» [Текст]. Редактор и переводчик: Наталия 

Сергеевна  Автономова.  Москва,  издательство  «Центр  гуманитарных  инициатив», 

2010, 752 стр. 

7.  Лейбин  В.  М.  Словарь-справочник  по  психоанализу  [Текст].  Москва, 

издательство «АСТ», 2010, 956 стр. 

8.  Первый  В.  С.,  Сухой  В.  Ф.,  Гриневич  Е.  Г.,  Маркова  М.  В. 

Психиатрический словарь. Более 8000 слов и словосочетаний (серия «Медицина») 

[Текст]. Ростов-на-Дону, издательство «Феникс», 2013, 640 стр.  

9. Прокопенко Ю. П. Полный сексологический словарь [Текст]. Издание 

третье,  переработанное  и  дополненное.  Москва,  издательство  «Рипол  классик», 

1999, переплет, уменьшенный формат, 400 стр.  

10.  Райкрофт  Ч.  Ф.  Критический  словарь  психоанализа  (серия 

«Библиотека  психоаналитической  литературы»)  /  Перевод  с  английского  Л.  В. 

Топоровой, С. В. Воронина и И. Н. Гвоздева под редакцией кандидата философских 

наук  С.  М.  Черкасова  [Текст].  Санкт-Петербург,  издательство  Восточно-

Европейского Института Психоанализа, 1995, 288 стр. 

11.  Справочник  по  сексологии,  сексопатологии  и  андрологии  / 

Составитель профессор А. В. Люлько [Текст]. Киев, издательство «Здоровья», 1994, 

240 стр.  

12.  Французская  психоаналитическая  школа  (серия  «Антология 

современного психоанализа») [Текст] / Под редакцией А. Жибо и А. В. Россохина. 

Санкт-Петербург, издательство «Питер», 2005, 576 стр. 

13.  Шахиджанян  В.  В.  1001  вопрос  про  это  [Текст].  Новое  издание, 



Москва, издательство «Вагриус», 1999, 656 стр. 

Yüklə 70,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin