Nəsimi əsərlərində arxetip
Nizami obrazlarının Nəsimi poeziyasında işlənməsi bir qədər mürəkkəb məsələdir. Əvvəla, ona görə ki, məlum olduğu kimi, Nizami Gəncəvi əsərlərinin qəhrəmanlarına dahi şairdən daha öncə yazıb yaratmış sənətkarlar – Əbülqasim Firdovsi, Qətran Təbrizi, Xaqani Şirvani yaradıcılığında da, Nizamidə olduğu kimi geniş ampluada olmasa da, hər halda rast gəlinir. Bununla yanaşı, şairin obrazları - Leyli və Məcnun, Fərhad və Şirin, İskəndər Zülqərneyn, Bəhram Gur haqqında xalq arasında əfsanə və rəvayətlər də geniş yayılmışdı və gəncəli müdrik bunu özü də əsərlərində (“Xosrov və Şirin”, “Leyli və Məcnun” və “İskəndərnamə”də) dəfələrlə qeyd etmişdir. Müasir nəzəri terminlə ifadə etsək, həmin obrazlar artıq arxetipləşmiş obrazlar hesab oluna bilərlər. Karl Qustav Yunqun nəzəriyyəsinə görə, arxetip obraz deyil, insanlar tərəfindən qeytri-iradi yaradılan obrazların ilkin sxemidir. Dünya ədəbiyyatında dominant arxetiplər əsasən İlah arxetipi, İblis arxetipi, müdrik qoca, qatil, xəsis, kölgə və sairə arxetiplər vardır. Şərq ədəbiyyatında aşiq arxetipi (klassik aşiq obrazları) də geniş yayılmışdır. Arxetip anlayışının tədqiqi ilə məşğul olan professor Valeriya Muxina yazır ki, “arxetiplər çoxdan bildiklərimizi dərk etməyimizə kömək edir – onlar bizim sələflərimizin əlamət və modelləridir” (18, s. 169). Bütün bu xüsusiyyətlərdən çıxış edərək Şərq əfsanələrində, şifahi və yazılı ədəbiyyatında geniş işlənən aşiq obrazlarını da orta əsrlər klassik şeirində, o cümlədən də Nəsimi poeziyasında işlənən aşiqlərin arxetipi saymaq olar.
Nəsiminin şeirlərindən aydın olan düşüncəsinə görə, insanın bütün fəaliyyətini tənzimləyən üç qüvvə vardır: Qəlb, Ağıl və Nəfs. Şairin əsərlərində bunların hər üçünün təsəvvüf poeziyası ənənəsinə uyğun arxetipik obrazı yaradılmışdır. Lakin nə qədər ənənəvi olsa da, Nəsimi qələmində onların poetik təqdimi həm hürufilikdən gəlmə, həm də şairin özünün fəlsəfi-poetik axtarışlarının təzahürü olaraq fərqli çalarlar da qazanmışdır. Qəlb eşqin mənbəyi və təminatçısıdır. Qəlbin diqtəsi insanı Aşiqə çevirir. Nəsiminin lirik qəhrəmanı bütün varlığı ilə sevən, həyatının ali məqsədini məhbubunun vüslətində görən bir Aşiqdir.
Dostları ilə paylaş: |