Dini arxetip süjetlər
İlk növbədə qeyd edək ki, dinlə ədəbiyyatın sıx əlaqəsi nəticəsində bir çox dini süjet və obrazlar ədəbiyyatda öz əksini tapmışdır. Bədii əsərlərdə dini motivlər məhz dini süjetlər, dini obraz və dini simvol şəklində təzahür edir.
Həm Qərb, həm Şərq ədəbiyyatında, eləcə də, Azərbaycan ədəbiyyatında dörd Səmavi kitabda (Tövrat, İncil, Zəbur, Quran) bir çox rəvayətlərin ( Hz.Yusif peyğəmbər, Hz.İbrahim peyğəmbər, Hz.Musa peyğəmbər, Hz.Adəm və Həvva ilə bağlı rəvayətlərin) təkrarlanması vardır. Əllbəttə ki, bu rəvayətlərin bədii ədəbiyyatda istifadə olunması da dini süjetli əsərlərin yaranmasına səbəb olur. Bədii ədəbiyyatda bir və ya eyni dini süjet əsasında təkrar əsərlərin yazılmasına dini arxetip süjetlər də deyilir. Belə ki, həmin əsərlərin əsas qayəsi eyni bir dini süjet olsa da, o, müxtəlif müəlliflərin təxəyyül süzgəcindən keçirilərək müxtəlif ifadə və təsvir vasitələrinin köməyi ilə ərsəyə gətirilir, bir sənət nümunəsinə çevrilir, eyni zamanda müəllif dinə münasibətini, öz dünyabaxışını bədii əsərdə ifadə edir. Məs: Şərqdə “Yusif və Züleyxa” dastanı kimi məşhur olan mövzunu ilk dəfə qələmə alan Qul Əli özünün “Qisseyi-Yusif” (Yusif dastanı) əsərini yazır. Yusif əhvalatı, onun məzmun və süjeti çoxdan bəri Şərq xalqları arasında yayılmışdı. Bu rəvayətə “Tövrat” və “İncil”də rast gəlirik. Quranda isə “Sureyi-Yusif” adı ilə geniş şəkildə təsvir olunur.
Dini kitablarda öz əksini tapmış Adəm və Həvva əhvalatına bir çox yazıçılar müraciət edərək gözəl sənət nümunələri yaratmışlar. Məs: Azərbaycan ədəbiyyatında H.Cavid “Hübuti-Adəm” poemasını, Qərb ədəbiyyatında ingilis yazıçısı Con Milton “İtirilmiş cənnət” əsərini yazmışlar. Bundan başqa, M.Füzuli “Həqiqətüs-Şühəda”əsəri ilə A.Bakıxanovun “Riyazül-Qüds” əsəri eyni məsələdən - Kərbəla hadisələri və İmam Hüseyn (ə) müsibətindən bəhs edir.
Ümumiyyətlə, dini süjetlərə müraciət edərək əsər yazanlar çoxdur. Məs: alman yazıçısı Höte “Muhamməd”, H.Cavid “Peyğəmbər”, Vaşinqton İrvinq “Peyğəmbərin həyatı” əsərində bəşəriyyətin sonuncu peyğəmbəri olan Rəsulullah (s) haqqında yazmışlar. Alman yazıçısı F.Q.Klonştok “Messiada” epopeyasında Hz.Musa peyğəmbərin obrazını yaratmağa çalışmışdır. İtalyan şairi T.Tasso “Azad edilmiş Qüds”, “Müqəddəs Məryəmin göz yaşları”, “Dünyanın yaranmasının yeddi günü” əsərlərinin, Con Milton “Qaytarılmış cənnət” əsərinin müəllifidir. Bayron “Qabil” əsərində ilk insan övladı olan Qabilin qardaşı Habili öldürməsini qeyd etmişdir.
Dostları ilə paylaş: |