1946-1949-cu illərin vətəndaş müharibəsi. Yunanıstan xalq azadlıq qüvvələri 1944-cü ilin martında Karpenisidə Xalq hökuməti təşkil etdilər. 1944-cü ilin sentyabrın 2-də başda Papandreu olmaqla «milli birlik» hökuməti təşkil edildi. 1944-cü ilin oktyabrın 4-də Yunanıstan faktiki olaraq alman qoşunlarından azad olduqdan sonra buraya ingilis qoşunları daxil oldular. Tezliklə İngiltərə komandanlığı ELAS dəstələrinin tərksilah edilməsi haqqında əmr verdi.
1945-ci ilin aprelin 9-da yunan hökumətinin başında mühafizəkar Pulqaris durdu və vətənpərvərlərə qarşı kütləvi təqibə başladı. Daxili siyasi vəziyyət vətəndaş müharibəsinə gətirib çıxartdı. İqtisadi çətinlik və antifaşistlərə qarşı terror və təqiblər buna səbəb oldu. 1945-ci ildə kommunistlərin başçılığı ilə Afina, Pirey, Solonikdə kütləvi çıxışlar oldu. Yunan xalqının təzyiqi və beynəlxalq ictimai rəyi əsasında 1945-ci ilin noyabrında mötədil burjua partiyalarının nümayəndələrindən ibarət hökumət təşkil olundu. Hökumətə liberal partiyanın lideri Sofulis başçılıq edirdi. Lakin monarx-faşist dairələri yunan demokratlarını məhv etməyə başladılar. Təkcə 1945-ci ildə 1289 vətənpərvər öldürüldü.
1946-cı ilin martın 31-də Sofulis hökuməti parlament seçkiləri təyin etdi. Vəziyyət daha da gərginləşdi. Bununla əlaqədar bir neçə nazir istefa verdi. Kommunistlər və digər demokratik təşkilatlar seçkiləri baykot etməyi qərara aldılar. Seçkilərdə «xalq» (monarxist) partiyası qələbə çaldı və onun lideri Saldaris 1946-cı il aprelin 18-də yeni hökumət təşkil etdi.
Ölkədə vətəndaş müharibəsi başlanmış oldu. Seçkilərdən bir qədər sonra vətənpərvərlərlə hökumət qoşunları arasında toqquşma baş verdi. 1946-cı ilin oktyabrında Markos Vafiadis başda olmaqla partizan dəstələri Yunanıstan Demokratik Ordusu ilə birləşdi.
1947-ci il aprelin 1-də Yunanıstan kralı II Georq öldü və taxta onun qardaşı Pavel keçdi. 1947-ci ilin yanvarından yunan hökumətinə xalq partiyasının lideri D.Maksimos başçılıq etdi. O, qanlı rejim yaratdı. 1947-ci ildə Türkiyə və Yunanıstanla əlaqədar Trumen doktrinası verildi. 1947-ci ildə Mərkəzi Yunanıstanda hökumət 60 min ordu topladı. Demokratik ordu isə 15 min idi. Lakin buna baxmayaraq hökumət qoşunlarının keçirdiyi əməliyyat baş tutmadı. Rumeliya və Qərbi Makedoniyada xalq silahlı qüvvələri onlara sarsıdıcı zərbə vurdular. 1947-ci ilin mayında Qramos rayonunda hökumət qoşunları məğlubiyyətə uğradılar. Bununla əlaqədar olaraq Maksimos hökuməti istefaya getdi. 1947-ci ilin sentyabrın 7-də liberal və xalq partiyasının nümayəndələrindən ibarət hökumət təşkil edildi.
1947-ci ilin dekabrında kommunist və digər demokratik təşkilatlar qanundankənar hesab edildilər, 62 demokratik qəzet bağlandı. 1947-ci ilin sonunda 30 min vətəndaş, 20 min əsgər və zabit hərbi düşərgələrə göndərildi. 15 min adam həbs edildi. 5322 adam edam edildi. Silahlı mübarizə zamanı azad edilmiş yerlərdə xalq hakimiyyət orqanları təşkil edilmişdi. Orada 1947-ci ilin dekabrın 23-də başda general Markos Vafiadis olmaqla Müvəqqəti Demokratik hökumət təşkil edilmişdi. Bu hökumətdə kommunistlər əksəriyyət təşkil edirdi.
Yunanıstan Azadlıq Ordusuna (YAO) qarşı növbəti hücum əməliyyatı 1948-ci ilin yazında başladı. İyunda onlar hücuma keçdilər. Xalq silahlı qüvvələri mühasirəyə alındığı üçün Vitsi rayonunda toplaşdılar. 1949-cu il avqustunda hökumət qoşunları Vitsini tutdular. 1949-cu ilin avqustun sonunda YAO-nun dəstələri Qramos rayonunda məğlubiyyətə uğradılar və onların qalıqları Yunanıstanı tərk etdilər.
Bununla mühafizəkar qüvvələr amerikan-ingilis imperializminin köməyi ilə demokratik qüvvələri üzərində qələbə çalmış oldular.
Dostları ilə paylaş: |