Danimarka XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəllərində ABŞ və Qərbi Avropada iqtisadiyyatın pisləşməsi Danimarkaya da təsir etdi. 1981-1982-ci illərdə ölkədə böhran başladı. Ancaq 1984-cü ildən ölkənin iqtisadi vəziyyəti yaxşılaşmağa başladı. «İqtisadiyyatı sağlamlaşdırmaq» üçün 1980-ci ilin aprelində Yorgensen hökuməti uzunmüddətli iqtisadi proqram irəli sürdü. İxrac sahələrinin inkiaşfına xüsusi diqqət yetirilməsi nəzərdə tutulurdu.
İqtisadi problemlərin həllinə yanaşma üsulları ilə əlaqədar folketinqdə ziddiyyətlər gücləndi və 1981-ci ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələndi. Seçkilər nəticədə yenə də sosial-demokratların birpartiyalı hökumətinin 1982-ci ilin sentyabrına qədər hakimiyyətdə qalmasına səbəb oldu.
1982-ci ilin sentyabrında keçirilən parlament seçkiləri nəticəsində mühafizəkarlar partiyasının lideri P.Şlyüterin başçılığı altında burjua partiyalarının nümayəndələrindən ibarət koalisiyalı hökumət təşkil edildi. Hökumətin «sərt qənaət» xətti müxalifət tərəfindən kəskin tənqid edildi. 1984-cü ilin yanvarın 10-da təcili keçirilən növbədənkənar seçkilər hökumət koalisiyasının mövqeyini daha da gücləndirdi.
Danimarkanın xarici siyasəti ilk növbədə onun NATO və AİB-də iştirakı ilə müəyyən edilirdi. Həmçinin SSRİ və sosialist ölkələri ilə də normal münasibətlər davam etdirilirdi. 1983-cü ilin noyabrında folketinq Avropanın şimalında nüvəsiz zona yaratmaq təşəbbüsünü bəyəndi. 1984-cü ildə Qrenlandiyanın Danimarkanın tərkibində daxili muxtariyyət hüququnda qalaraq, öz ərazisini nüvəsiz zona elan etməsi böyük əks-sədaya səbəb oldu.
90-cı illərin birinci yarısında Danimarka iqtisadiyyatında yüksəliş artdı. Danimarkada sənayenin inkişafının mühüm xüsusiyyətlərindən biri olan ixtisaslaşdırılmış nadir istehsal sahələrinin mövcud olması bu dövrdə daha çox özünü göstərdi.
90-cı illərdə də Danimarka NATO-nun üzvü kimi öz öhdəliyini yerinə yetirirdi. Həmçinin ABŞ, Qərbi Avropa, Şimali Avropa, Rusiya və Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrin inkişafına da xüsusi diqqət yetirirdi. Danimarka BMT, ATƏT, Avropa İttifaqı və Avropa Şurası tərkibində də səmərəli fəaliyyət göstərirdi.
Dostları ilə paylaş: |