SSRİ L.İ.Brejnevin Sov. İKP MK-nin Baş katibi olduğu dövrdə (1964-1982-ci illər). Sovet İKP MK-nın 1964-cü ilin oktyabr plenumunda Leonid İliç Brejnev Sov. İKP MK-nın birinci katibi seçildi. Aleksey Nikolayeviç Kosıgın isə SSRİ Nazirlər Sovetinin sədri təyin edildi. 1964-cü ilin noyabrında yeni bir plenum çağrılaraq şəhər və kənd partiya təşkilatları yenidən birləşdirildi. Böyük islahatçı olan Kosiginin başçılığı ilə sənaye və kənd təsərrüfatında köklü dəyişikliklərin zəruriliyi ilə əlaqədar islahatlar keçirilməyə başlandı. 1965-ci ilin martında Mərkəzi komitənin xüsusi plenumunda kənd təsərrüfatında təxirə salınmaz tədbirlər haqqında məsələ müzakirə edildi. Plenum kənd təsərrüfatının inkişafının ləng getməsinin səbəblərini aşkara çıxartdı. Bu səbəblər, əsasən obyektiv iqtisadi inkişaf qanunlarının lazımınca nəzərə alınmaması, bəzən isə bunlara etinasızlıq göstərilməsi, ictimai mənafe ilə şəxsi mənafenin əlaqələndirilməməsi, kənd təsərrüfatı məhsulları istehsalını artırmağa kolxozçularda və sovxoz fəhlələrində maddi maraq oyatmaq prinsipinin pozulması idi. Səbəblərdən biri də rəhbərlik praktikasında, xüsusilə planlaşdırma, qiymətqoyma, maliyyələşdirmə və kreditləşdirmə sahəsində subyektivist xarakterli hərəkətlərin getdikcə daha üstün yer tutması idi. Kolxoz və sovxozlar üzərinə əsassız istehsal tapşırıqları qoyulur, kənd təsərrüfatı bitkilərinin coğrafi yerləşdirilməsində özbaşnalığa yol verilirdi.
Plenum kənd təsərrüfatındakı geriliyin səbəblərini aradan qaldırmaq üçün qərarlar qəbul etdi. Taxılın satın alınmasına dair 1965-ci il üçün müəyyən edilmiş plan azaldılıb. 4 milyard puddan 3 milyard 400 milyon puda endirildi və bu plan 1970-ci ilədək sabit və dəyişilməz elan edildi. Kəndlilərə istədiyi kimi mənzil tikmək, istədiyi qədər mal-qara saxlamaq icazəsi verildi. Kəndlilərdə maddi maraq yaratmaq üçün kolxozların dövlətə olan borcları silindi. Belə bir yeni qayda qoyuldu ki, kolxozlardan gəlir vergisi heç də əvvəllər olduğu kimi, ümumi gəlirdən deyil, xalis gəlirdən tutulsun. Kolxoz torpaqlarının əsaslı sürətdə yaxşılaşdırılması üçün çəkilən xərclərin hamısını dövlət öz üzərinə götürdü. Dövlət kolxozçular, fəhlə və qulluqçuların şəxsi yardımçı təsərrüffatları məsələsində subyektivist səhvləri də düzəltdi. Kənd yerləri, şəhərlər və şəhərətrafı zonalarda yardımçı şəxsi təsərrüfatlar üzərinə əvvəlki illərdə qoyulmuş lüzumsuz və əsassız məhdudiyyətlər aradan qaldırıldı. Mal-qarası olan şəxslərdən vergi tutulması ləğv edildi, mal-qara sahiblərinə qüvvətli yem satmağa icazə verildi. Kəndlilər yük avtomobilləri ilə yanaşı həm də digər avtomobilləri dövlətdən ala bilərdilər. Kənd təsərrüfatına əsaslı vəsait qoyuluşu artırıldı, kənd təsərrüfatının texniki bazası möhkmələndirildi. Böyük torpaq sahələrində meliorasiya işləri görmək nəzərdə tutulurdu. Sənayedə olduğu kimi, kənd təsərrüfatında da sabit plan tətbiq edildi. Artıq qalan məhsul 50%, bəzən də 100% artıq qiymətlə dövlətə satıla bilərdi. Kolxozçulara pul və kənd təsərrüfatı məhsulu şəklində təminatlı əmək haqqı verilməsi qaydasının tətbiq edilməsi məsləhət görüldü.
Kənd təsərrüfatı mütəxəssislərinin və kənddə işləyən müəllimlərin, həkimlərin imtiyazları artırıldı. Onlar mənzillə təmin edilməli, onlara elektrik enerjisi pulsuz verilməli idi. Onların maaşları da çox olmalı idi. Bütün bu tədbirlərdən məqsəd kənd təssərrüfatını, onun məhsuldarlığını sabit sürətlə yüksəltmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın maddi vəziyyətini yaxşılaşdırmaq idi.
Sov. İKP MK-nın 1965-ci ilin sentyabr plenumunda isə sənaye ilə əlaqədar məsələ müzakirə edildi. Plenum sənayenin idarə olunmasını yaxşılaşdırmaq, sənaye istehsalında planlaşdırmanı təkmilləşdirmək və iqtisadi həvəsləndirməni gücləndirmək haqqında məsələ müzakirə etdi. Bu məsələnin müzakirəyə qoyulmasına səbəb sənayenin çox böyük ehtiyat mənbələrindən daha mükəmməl və daha yaxşı istifadə etmək mülahizələri idi. Digər tərəfdən son illərdə sənayedə milli gəlirin artım sürətinin azalması, əsas istehsal fondlarının hər rubl hesabı ilə sənaye məhsulu buraxılışının azalması, əmək məhsuldarlığının artım sürətinin yavaşıması, yeni müəssisələrin işə salınmasının ləngiməsi, yeni qurğuların istifadəyə gec verilməsi, elmi nailiyyətlərin istehsalata ləng tətbiqi kimi xoşagəlməz hallar aşkara çıxmışdı. Yüngül, yeyinti, kimya, meşə, kağız, tikinti materialları ölkənin tələbatını ödəmirdi. İdarəetmə işində sahə prinsipinin pozulması sənayenin inkişafına mənfi təsir göstərirdi. Bu plenumda sənayeni idarə etməyin ərazi-istehsalat prinsipindən yenidən sahə prinsipinə keçirildi, xalq təsərrüfatı şuraları ləğv edildi, yenidən nazirliklər yarandı. Müəssisələrdə xüsusi həvəsləndirmə, ictimai-mədəni tədbirlər və mənzil tikintisi fondları təşkil edildi. On üçüncü əmək haqqı verilməyə başladı.
Plenum iqtisadiyyata planlı rəhbərlik formalarını və müəssisələrdə təsərrüfatçılığı təkmilləşdirmək işinin üç əsas istiqamətini müəyyən etdi. Bu istiqamətlər aşağıdakılar idi: iqtisadiyyatın dövlət xətti ilə planlaşdırılmasının elmi səviyyəsini yüksəltmək; müəssisələrin təsərrüfat müstəqilliyini və təşəbbüsünü genişləndirmək, təsərrüfat hesabını möhkəmlətmək; qiymət, mənfəət, kredit kimi vasitələrin köməyi ilə istehsalatda iqtisadi həvəsləndirməni gücləndirmək.
Bu plenumdan sonra müəssisələrə qiymət istehsal etdiyi məhsulun miqdarına görə geyil, keyfiyyətinə və satılmış məhsulun həcminə görə verilməyə başladı. Müəssisələr dövlət tərəfindən verilmiş planları əvvələcədən öz müəssisələrinə uyğun şəkildə azalda və ya çoxalda bilərdilər.
Əhalinin asudə vaxtının təşkilinə, onun dispanserləşdirilməsinə, kütləvi bədən tərbiyəsi və idmana xüsusi diqqət yetirilməyə başlandı.
Ümumiyyətlə, 1965-ci il plenumlarında irəli sürülürdü ki, iqtisadiyyatı inkişaf etdirməyin ekstensiv metodlarından daha çox intensiv metodlarına üsütünlük verilsin, elmi nailiyyətlərin istehsala tətbiqi gücləndirilsin.
Ölkədə sosial sahədə də tədbirlər görüldü. 1966-cı ildə məcburi orta təhsilə keçmək haqqında SSRİ Nazirlər Soveti xüsusi qərar qəbul etdi. Təhsil və səhiyyəyə, təqaüdlərə ayrılan vəsait artırıldı.
1966-cı ildə olmuş Sovet İKP XXIII qurultayında 1966-1970-ci illəri əhatə edən səkkizinci beşillik plan qəbul edildi. Bu beşillik plan SSRİ tarixində «qızıl beşillik» adlandı. Bu beşillikdə SSRİ iqtisadiyyat özünün ən yüksək inkişaf göstəricilərini nümayiş etdirdi. Beşillik ərzində təqribən 1900 iri sənaye müəssisəsi və obyekti işə salındı. Sənaye məhsulları istehsalı 47% əvəzinə 50%, milli gəlir 38% əvəzinə 41%, kənd təsərrüfatı məhsulunun orta illik həcmi əvvəlki beşillikdə olan 12% əvəzinə 21% artdı. 1970-ci ildə ölkədə 186 milyon tondan çox, yəni özünün bütün tarixi ərzində ən çox taxıl yığıldı. 1966-1970-ci illərdə yarım milyard kvadrat metrdən artıq mənzil sahəsi istifadəyə verildi.
70-ci illərdə SSRİ artıq xammal və material, enerji və əmək ehtiyatları problemi ilə üzləşməyə başladı. Bunlar üçün çox böyük məsrəf sərf edilməsi tələb olunurdu. Artıq iqtisadiyyatı ekstensiv yolla inkşaf etdirmək imkanları tükənmişdi. Lazım gəlirdi ki, iqtisadiyyatı inkşaf etdirməyin intensiv yollarına (elmi nailiyyətlərdən istifadə etmək) keçilsin. 1971-ci ildə olmuş partiyanın XXİV qurultayında bu məsələlər öz geniş əksini tapdı. Qurultayda həm də sosial sahəni əhatə edən mühüm qərarlar qəbul edildi. Qurultay partiyanın nizamnaməsində də dəyişiklik edərək «Birinci Katib» sözünü «Baş Katib» sözü ilə əvəz etdi.
70-ci illərin əvvəllərində iqtisadiyyatın inkişafında durğunluq özünü göstərməyə başladı. Ölkənin durğunluq vəziyyətinə düşməsinin səbəbi ilk növbədə iqtisadi vəziyyətin dəyişməsinə vaxtında siyasi qiymət verilə bilməməsi idi. SSRİ-nin silahlanmaya öz büdcəsinin yarıdan çoxunu sərf etməsi də səbəblərdən biri idi. SSRİ - də olan alimlərin 1/ 3 hissəsi hərbi sahədə çalışırdı. Həmçinin əsrin ən böyük tikintisi hesab edilən Baykal – Amur magistralının (BAM) çəkilişi də ölkəyə çox böyük xərcə başa gəlirdi. Vəziyyəti çətinləşdirən amillərdən biri də SSRİ–nin Şərqi Avropa ölkələrində qoşun saxlaması idi. Digər təsiredici amillərdən biri SSRİ–nin Yaxın və Orta Şərqdə baş verən hadisələrə qarışması, Ərəb ölkələrinə və azadlıq uğrunda mübarizə edən digər ölkələrə kömək etməsi idi. Ölkə daxilində sosial xərclərin artması da durğunluğu səbəb olan amillərdən idi. Belə ki, 70-ci illərin əvvəllərində ölkədə orta aylıq əmək haqqı 70 manat oldu. Hər nəfərə 50 manatdan az düşən ailələrdə uşaqlar üçün müavinət təyin edildi. Bütün bunlar onunla nəticələndi ki, 1980-ci illərin əvvələrində durğunluq böhran qabağı vəziyyətlə əvəz olundu. Ölkədə ət və yağ məhsulları talon sistemi ilə əhaliyə satılmağa başladı. Kənd təsərrüfatı bu illərdə cəmi 6% artdı. Ölkədə mili gəlir 60 – ci illərlə müqayisədə 2,5 dəfə aşağı düşdü. SSRİ–də iqtisadiyyatda baş verən böhran ideologiya və siyasətdə də özünü birüzə verdi. Nəzzəriyyə praktikadan ayrı düşdü. İnsanlar sözdə bir şey, işdə isə başqa şey gördülər. Zəhmətsiz gəlirlər çoxaldı. Xəlvəti iqtisadiyyat ölkədə canlandı.
Leonid İliç Brejnev dövrünü bəzən ədəbiyyatda «Neostalinizm», «qızıl əsr» dövrü kimi də qiymətləndirirlər. Bu dövrdə inzibatı amirlik sisteminin yerini inzibatı-bürokratik sistem tutdu. Stalini ittiham etməkdən əl çəkildi, partiya dövlət nomenklaturası ənənəsi gücləndirildi. «Kadrların sabitliyi» xətti irəli sürüldü «Partiyanın birliyi uğrunda mübarizə» şüarı altında baş xəttə uyğun gəlməyən hər bir hərəkət heçə endirilirdi.
1976-cı ildə olmuş Sov. İKP-nin XXV qurultayında 1976-1980-ci illəri əhatə edən X beşillik planın direktivləri qəbul edildi. Bu qurultayda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd seçildi. Partiya aparatı sürətlə şişməyə başladı. Orada işləyənlərin sayı 18 milyonu ötüb keçdi. Kommunist partiyasının diktaturası hökm sürməyə başladı. Bu, 1977-ci ildə qəbul edilən SSRİ-nin üçüncü konstitusiyasında da öz əksini tapdı. Konstitusiyanın 6-cı maddəsində partiyanın rəhbər rolu təsbit olundu. İndi müəssisələrdə, təşkilatlarda partiya komitələrinin razılığı olmadan heç bir məsələ həll edilə bilməzdi. 1982-ci ilin noyabrında L.İ.Brejnev vəfat etdi.
Dostları ilə paylaş: |