II. SSRİ (1991-ci ildən Rusiya Federasiyası)
SSRİ üçün İkinci dünya müharibəsinin nəticələri
1945-ci ilin mayın 9-11-də Avropada, sentyabrın 2-də isə Sakit okean və Uzaq Şərqdə müharibənin qurtarması ilə İkinci dünya müharibəsi başa çatdı. Altı il davam edən bu müharibə öz nəticələrinə görə SSRİ üçün daha ağır idi. Müharibədə SSRİ 27 milyon nəfər adam itirdi ki, bu İkinci dünya müharibəsində ölənlərin təxminən 40%-nə bərabər idi. SSRİ-nin itkisi ABŞ-ın itkisindən təxminən 70 dəfə çox idi. Yalnız Berlin ətrafında SSRİ-dən 300 min nəfərə qədər insan həlak oldu ki, bu da ABŞ-ın bütün müharibə boyu itkisinə bərabər idi.
Müharibə SSRİ-yə həm də çox böyük maddi zərər vurdu. Müharibə nəticəsində SSRİ-də 1710 şəhər, 70 min kənd, 65 min km.dəmiryolu xətti, 32 min sənaye müəssisəsi, 98 min kolxoz, 1876 sovxoz, 2890 Maşın-traktor stansiyası dağıdıldı. Kənd təsərrüfatında əkin sahələri 36,8 milyon hektar əksildi. Əhalinin kişi qisminin sayı azaldı. Müharibənin sonunda 1923-cü ildə anadan olmuş, yəni 1941-ci ildə 18 yaşı olan kişilərdən sağ qalanlar 3%-dən çox deyildi. Müharibə əslində kişilərin bütöv bir nəslini məhv etdi. Bu, ölkədə demoqrafik vəziyyətə uzun illər öz təsirini göstərdi. Əkin sahələri yararsız hala düşdü. Ölkə öz milli sərvətinin 1/3 hissəsini itirdi.
İkinci dünya müharibəsi nəticəsində SSRİ-də 11 min adam Sovet İttifaqı qəhrəmanı adı ilə (Azərbaycandan 121 nəfər) 7 milyon adam isə müxtəlif orden və medallarla təltif edildi. Yeganə G.K.Jukov dörd dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Ümumiyyətlə, İkinci dünya müharibəsində SSRİ-yə dəymiş maddi və hərbi zərər 2 trilyon 169 milyard rubl (1941-ci il qiymətləri), ancaq hərbi zərər isə 600 milyard rubldan artıq idi. Xarici mütəxssislərin fikrincə, SSRİ-yə dəymiş zərəri ödəmək üçün 25 il vaxt lazım idi.
İkinci dünya müharibəsindən sonra SSRİ dünyanın ikinci böyük–super dövlətinə çevrildi. Artıq dünya hadisələrinin heç biri onun iştirakı olmadan həll edilə bilməzdi. Müharibə həm də SSRİ-yə imkan verdi ki, azad edilməsində iştirak etdiyi Avropa ölkələrində «sovet modeli»ni tətbiq etsin. Müharibənin sonunda SSRİ Silahlı qüvvələrində 11 365 min nəfər adam var idi ki, bu da ABŞ ordusundan sonra ikinci yerdə dururdu.
İkinci Dünya müharibəsi nəticəsində SSRİ-nin ərazisində də dəyişikliklər oldu. Belə ki, Postdam və Paris konfranslarının qərarları əsasında Köniqsberq (Kalininqrad), həmçinin Pribaltika respublikaları, Zakatpat Ukraynası, Bukovina və Bessarabiya SSRİ-yə verildi.
1944-cü ilin oktyabrında Tuva Xuralı SSRİ hökümətinə Tuva respublikasının SSRİ tərkibinə daxil olması xahişi ilə müraciət etdi. Tuva RSFSR-in muxtar vilayəti oldu. SSRİ ilə Polşa arasında qarşılıqlı ərazi mübadiləsi haqqında müqavilə bağlandı. SSRİ mərkəzi Belostokda olan rayonu Polşaya verdi. Polşa da öz növbəsində mərkəzi Vladimir-Volınski şəhərində olan rayonu SSRİ-yə verdi.
1947-cı ilin fevralın 10-da Finlandiya ilə bağlanmış Paris sülhünə əsasən Petsamo vilayəti Finlandiyadan alınaraq, yenidən SSRİ-yə verildi. Xanko yarımadası da SSRİ-nin 1954-cü ilə qədər ixtiyarında qaldı. Yaponiya İkinci dünya müharibəsində məğlub olduğuna görə 1904-1905-ci illərdə olmuş rus-yapon müharibəsi nəticəsində Rusiyadan alınmış Kuril adaları və Saxalinin cənub hissəsi də yenidən SSRİ-yə qaytarıldı. Port-Arturda SSRİ 1954-cü ilə qədər öz hərbi bazalarını yerləşdirmək imkanı qazandı.
1946-cı ildə SSRİ Əfqanıstanla iki ölkə arasında sərhədin Amudərya çayı axarı üzrə müəyyən edilməsi haqqında saziş bağladı.
Ümumiyyətlə, İkinci dünya müharibəsi SSRİ-yə maddi və hərbi zərər vursa da, digər tərəfdən onun ərazi və siyasi nüfuz cəhətdən uğurlar qazanmasına gətirib çıxartdı.
Dostları ilə paylaş: |