M.S.Qorbaçovun Sov.İKP MK-ın Baş katibi olduğu dövrdə SSRİ-nin xarici siyasəti. Qorbaçov Sov.İKP MK-nın Baş Katibi olduqdan sonra xarici siyasətdə də dəyişikliklər baş verdi. Belə ki, SSRİ xarici aləm üçün, xarici aləm isə SSRİ üçün dərk edilmiş oldu. Hərbi-iqtisadi istehsal və silahlanma sahəsində ABŞ-la yarışda tab gətirməyi bacarmayan SSRİ Qərb ilə Şərq arasında gərginliyi yumşaltmaq xəttini götürdü.
Qorbaçov öz xarici siyasətini « yeni siyasi təfəkkür tərzi» adlandırdı və bu siyasətin mahiyyəti ondan ibarət idi ki, dünyada böyük və ya kiçik dövlət yoxdur. Ən kiçik dövlət də bəşəriyyətə böyük faydalar verə bilər. Ona görə də, inzibati amirlik metodlarından əl çəkmək, ən kiçik dövlətin də mənafeyi ilə hesablaşmaq lazımdır. Çünki dünya elədir ki, vahid status-kvonu saxlamaq mümkün deyildir. Dünya daim dəyişilir. Dünya dövlətləri bir-biri ilə ancaq qarşılıqlı əlaqədə inkişaf edə bilər. Dünya dövlətlərdən birinin inkişafı digərinin inkişafını şərtləndirir. Ona görə də ayrı-ayrı dövlətlərin müdafiəsini deyil, bütün dünyanın müdafiəsini təşkil etmək lazımdır. Qorbaçov hakimiyyətə gəldikdən dərhal sonra 1985-ci ildə Cenevrədə, 1986-cı ilin oktyabrında isə Rekyavikdə ABŞ prezidenti Reyqanla görüşdü.
1987-ci ilin dekabrın 8-də Vaşinqtonda SSRİ ilə ABŞ arasında tarixdə ilk dəfə olaraq qısa mənzilli raketlərin məhv edilməsi haqqında saziş imzalandı.
1989-cu ilin fevralında Sovet qoşunları Əfqanıstandan çıxarıldı. Əfqanıstanda SSRİ-nin apardığı müharibə hər il ona 5 milyard rubla başa gəldi. Bu müharibə zamanı SSRİ-dən 15 min adam öldü, 35 min adam şikəst oldu, 300 nəfər isə itkin düşdü. Sovet-əfqan müharibələri dövründə Əfqanıstan özünün 1 milyon vətəndaşını itirdi.
SSRİ və ABŞ dövlət başçılarının (M.Qorbaçov və C.Buş) 1989-cu il dekabrın 2-3-də Malta görüşlərindən sonra beynəlxalq münasibətlərdəki gərginlik tamamilə zəiflədi.
1990-cı il (31 may-3 iyun) Vaşinqton zirvə görüşündə Almaniyanın birləşməsi məsələsi müzakirə olundu. Görüşdən sonra ABŞ SSRİ-nin təhlükəsizliyinə müdaxilə etməyəcəyi barədə bəyanat verdi. Sovet rəhbərliyi isə öz növbəsində Cənubi Afrikadakı, habelə, İran körfəzində, Cənub-Şərqi Asiya və Mərkəzi Amerikadakı regional münaqişələrə yumşaq münasibət bəsləyəcəyi öhdəliyini götürdü. SSRİ və ABŞ dövlət başçılarının Vaşinqton (1990) və Moskva (1991) görüşləri «Soyuq müharibə»yə son qoyulmasında çox mühüm addımlar oldu. Görüşən tərəflər ilk dəfə strateji hücum silahlarının ixtisar olunması, kimyəvi silahların çox hissəsinin məhv edilməsi və onların istehsalından imtina olunması barədə müqavilələr imzaladılar. 1990-cı ildə Parisdə keçirilən Avropa ölkələrinin müşavirəsində imzalanan «Ümumavropa evi yaratmaq haqqında» Xartiyaya (bunu bəzən «Paris Xartiyası» da adlandırırlar) SSRİ də qoşuldu. 1991-ci ildə SSRİ-nin razılığı ilə Varşava müqaviləsi təşkilatı və Qarşılıqlı iqtisadi yardım şurası buraxıldı.
Dostları ilə paylaş: |