Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ



Yüklə 2,21 Mb.
səhifə31/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   186
70-ci illərdə AFR-in daxili vəziyyəti və xarici siyasəti. AFR sosial-demokratların hakimiyyəti dövründə (1969-1982-ci illər). XX əsrin 60-cı illərinin sonu – 70-ci illərinin əvvəllərində istər ölkənin daxili, istərsə də xarici siyasətində ciddi dəyişikliklər baş verdi. Burjuaziyanın realist fikirli dairələrinin mövqeyi gücləndi. «Soyuq müharibə» və revanş siyasətinin tərəfdarları azalmağa başladı. Bu özünü parlament seçkilərində də göstərdi. 1969-cu ilin sonunda keçirilən seçkilər nəticəsində Almaniya sosial-demokrat partiyası Azad demokratlar partiyası ilə ittifaqa girərək 48,5% səs toplayaraq «kiçik koalisiya hökuməti» təşkil etdilər. Sosial-demokratların 60-cı illərdə nüfuzunun xeyli atmasının səbəbi onların marksizmdən imtina edərək «demokratik sosializm» cəmiyyəti qurmağı başlıca məqsədləri elan etmələri idi. Sosial-demokratlar hakimiyyətə gələrkən xüsusi mülkiyyətin əsaslarına toxunmayacaqlarına bir daha söz verdilər. Hökumətin başçısı ASDP-dən Villi Brandt (onun əsil adı Herbert Framdır), xarici işlər naiziri isə Azad-demokratlardan Şeel oldu. Ona görə bu hökumət bəzən Brandt-Şeel hökuməti adlanırdı.

Villi Brandt Qərbi Almaniya və Avropa sosial-demokratiyasının uzun müddətli liderlərindən biri olmaqla bərabər, həm də tanınmış jurnalist idi. O, cəmiyyətin ağrılı problemlərindən açıq danışmış, AFR siyasətinə açıqlıq və aşkarlıq gətirmiş liderlərdən idi. Brandt hökuməti sosial büdcə proqramını genişləndirdi. 1970-ci ildə qəbul edilən bir sıra qanunlarda uşaqlara verilən müavinatın artırılması, əhalinin aztəminatlı qrupları üçün dotasiyaların verilməsi nəzərdə tutulurdu. 1971-ci ildə verilən «Sosial sığorta haqqında» qanunda tələbələr və digər sosial qrupların sığorta edilməsi nəzərdə tutulurdu. 1972-ci ildə verilən «Pensiya islahatı haqqında» qanuna əsasən pensiya almaq üçün yaş həddi müəyyən edildi. Villi Brandtın Almaniyada kansler təyin olunması sağların ciddi narazılığına səbəb oldu. Onlar göstərirdilər ki, İkinci dünya müharibəsində mühacir olmuş, Norveç ordusunun tərkibinə daxil olaraq almanlarla, lap olsun hitlerçilərlə döyüşmüş bir adamı rəhbər vəzifəyə təyin etmək düzgün deyildir. Lakin buna baxmayaraq əhali içərisində onun nüfuzu güclü olduğu üçün çağlar onun kansler təyin edilməsinə mane ola bilmədilər.

V.Brandt bir sıra qanunların bundestaqdan keçməsinə nail oldu. Təqaüdlər və əmək haqları artırıldı. Müəssisələrdə sahibkarların özbaşnalığının qarşısını almaq üçün istehsalat şuraları yaradıldı. Mənzil kirayəsinin son həddi müəyyənləşdirildi. Seçkilərdə ancaq 5% səs toplamış partiyanın parlamentə deputat verə bilməsi haqqında Ade­nau­erin dövründə verilmiş və ilk növbədə kommunistlərə qarşı çevrilmiş qanun ləğv edildi. Bununla bərabər o, 1972-ci ildə «Müəyyən peşələrə qadağa» adlı qanunun bundestaqdan keçməsinə mane olmadı. Həmin qanun isə müəssisələrdə kommunistlərin rəhbər vəzifələrdə işləməsinə qadağa qoyurdu.

1973-cü ildə bütün kapitalist ölkələrində olduğu kimi, Almaniyada da böhranqabağı şərait yarandı. Bu ilk növbədə 1973-cü ildə başlayan İsrail-Ərəb müharibəsi ilə əlaqədar neft satan ərəb ölkələrinin İsrailə kömək edən kapitalist ölkələrinə təziyiq göstərmək üçün neftin qiymətini bahalaşdırmaları ilə əlaqədar idi. 1974-1975-ci illərdə Almaniyada sənaye məhsulu istehsalı 7,9%, milli ərzaq məhsulları istehsalı 4%, elektrotexnika sənayesi istehsalı 10%, kimya sənayesi məhsulları istehsalı 16% aşağı düşdü. Qiymətlər 6% qalxdı. İşsizlərin sayı 1,2 milyona çatdı. İşsizlər əmək qabiliyyətli əhalinin 4 %-ni təşkil edirdi. Lakin Almaniyada əmək haqqı və məşğulluq səviyyəsi yüksək olduğuna görə bu böhran zəhmətkeşlərin həyat səviyyəsinə o qədər də güclü təsir göstərmədi. Almaniya xarici ticarət və daxili ehtiyatlar hesabına bu böhrandan çıxa bildi. 1974-cü ildə yenidən iqtisadi yüksəliş baş verdi. V.Brandtın dövründə Almaniyanın Avropaya və başqa ölkələrə kapital qoyuluşu artdı. Bu dövrdə Almaniya özü istehsal etdiyi məhsulun yarısını dünya bazarına çıxarır və bundan gələn gəlirdən öz borclarını ödəyir, faşizm qurbanlarına kompensasiya verir, güclü valyuta ehtiyatları yaradırdı.

1972-ci ilin noyabrın 19-da bundastaqa keçirilən növbədənkənar seçkilər hökumət koalisiyasına uğur gəlirdi. XDİ-XSİ bloku 44,9%, sosial-demokratlarla müstəqil demokratlar birlikdə 45,8% səs aldılar. V.Brandta qarşı sağların təzyiqi daha da gücləndi. Brandtın yaxın əməkdaşlarından birinin ADR-in kəşfiyyatçısı olduğu məlum oldu. Brandt 1974-cü il mayın 7-də istefa verməyə məcbur oldu. 1974-cü ilin mayın 16-da onun siyasətini davam etdirən, Brandt hökumətində maliyyə naziri vəzifəsini tutmuş sosial-demokrat Helmut Şmidt kansler oldu. Xarici işlər naziri Müstəqil demokratlar partiyasından Henşer oldu.

1976-cı ilin oktyabr ayının 3-də keçirilən bundestaq seçkilərində ASDP 42,6%, MDP 7,9%, XDİ-XSİ bloku isə 48,6% səs aldılar. Sosial-demokratlar müstəqil demokratlarla birlikdə yenə Helmut Şmidtin başçılığı altında hökuməti təşkil etdilər. Şmidt hökuməti 1976-cı ildə «Sənaye müəssisələrinin idarə edilməsində fəhlələrin iştirakı haqqında», 1977-ci ildə «Vətəndaşların pensiya təminatının qaydaya salınması haqqında», «Səhiyyə sistemində islahatlar haqqında», «Həmkarlar ittifaqları sistemində islahatlar haqqında» qanunların bundestaqın təsdiq etməsinə nail oldu. Helmut Şmidtin dövründə ASDP-nin üzvlərinin 47%-ni fəhlələr, 23%-ni qulluqçular, yerdə qalanını isə digər təbəqələr təşkil edirdi. Onun kansler olduğu dövrdə gəncər 18 yaşından səsvermə hüququ aldılar. Hərbi xidmət müddəti 18 aydan 12 aya endirildi. Pensiyalar və çoxuşaqlı ailələrə yardım artırıldı. O, «dəmir kansler» kimi tanındı.

Bu dövrdə XDİ hökumətə qarşı mübarizəni gücləndirdi. XDİ-nin 1977-ci ildə olmuş qurultayında partiyanın rəhbəri Helmut Kol MDP-ni vicdanlı partnyorluğa çağırdı. 1977-ci ildə Saksoniya və Saar vilayətində müstəqil demokratlarla xristian-demokratların birgə koalisiyalı hökuməti təşkil edildi. Torpaq landtaqlarına seçkilər göstərdi ki, xristian- demokratlar müstəqil demokratlara öz təsirini göstərməyi bacardılar. 1979-cu ildə may ayının 23-də Federal məclisdə ölkənin yeni prezidenti XDİ-dən olan K.Karstensa seçildi. Bu sağa doğru dönüşün başlanması demək idi. Ölkədə neonasist və terrorist təşkilatlar gücləndi. «Baader-Maynxoff» adlı terrorçu təşkilat tərəfindən AFR-in baş prokuroru E.Bubek və Alman sənayeçiləri Federal İttifaqının sədri Şlyayer öldürüldü. Bütün bu hadisələr müstəqil demokratların sosial-demokratlardan ayrılmasını sürətləndirdi.

XX əsrin 70-ci illərin sonlarında Almaniyada terrorizm güclənməyə başladı. Bu dövrdə Almaniyada 75-ə qədər terrorçu və neofaşist təşkilatlar fəaliyyət göstərirdi. Bunların içərisində milli demokrat partiyasını, Doğulmuşlar ittifaqını, Almaniya imperialist partiyasını, qırmızı fraksiyanı və s. göstərmək olardı. 1980-ci illərdə dövlət xüsusi ilə çox canlanmış terrorizmə qarşı fəal mübarizəyə başladı. Bu dəstələrin bir çoxu ləğv edilsə də, Almaniyada yenə də terrorizmlə mübarizə zəruri bir məsələ kimi diqqət mərkəzində idi.

V.Brandt öz xarici siyasətində beynəlxalq vəziyyəti düzgün qiymətləndirmək mövqeyini tutmuşdu. Çexoslovakiya hadisələrindən sonra hələ Kizengerin dövründə işlənib hazırlanmış «yeni şərq siyasəti» onun dövründə reallığa çevrildi. V.Brandt öz xarici siyasət xəttini «təmiz külək» adlandırırdı. Onun xarici siyasəti belə bir reallığa əsaslanırdı ki, AFR əvvəlki siyasətini davam etdirə bilməz. Münhen amirliyindən əl çəkməli, İkinci dünya müharibəsindən sonra əmələ gəlmiş sərhəd dəyişikliyini AFR qəbul etməlidir. Bu məqsədlə 1970-ci ilin avqustun 12-də faşizm işğalından ən çox əzab çəkən dövlətlərdən biri olan SSRİ, dekabrında isə Polşa ilə AFR arasında dostluq və əməkdaşlıq haqqında müqavilələr bağlandı. AFR həm SSRİ-yə, həm də Polşaya verilmiş torpaqlarından bir dəfəlik imtina etdi. Qərbi Berlinə aid 1971-ci ilin noyabrında ABŞ, Fransa, Böyük Britaniya və SSRİ arasında bağlanan saziş 1972-ci ildə qüvvəyə mindi. Sazişə əsasən Qərbi Berlin AFR-in ərazisi hesab edilmirdi, Qərbi Berlinlə beynəlxalq saziş və razılaşmalar genişləndirilirdi. ABŞ, İngiltərə və Fransanın Qərbi Berlində səlahiyyətləri beynəlxalq səviyyədə saxlanılırdı. 1972-ci ildə AFR-lə ADR arasında münasibətləri tənzimləyən xüsusi müqavilə bağlanması ilə Halşteyn doktrinası iflasa uğramış oldu. AFR ADR-in varlığını təsdiq etdi və onu bir dövlət kimi tanıdı. 1973-cü ildə AFR ilə Çexoslovakiya arasında müqavilə bağlandı AFR Sudet vilayətinin Çexoslovakiyaya birləşməsini qanuni hesab etdi. Bu isə Münhen amirliyinin üstündən xətt çəkmək demək idi. 1973-cü ilin mayında SSRİ ilə AFR arasında iqtisadi, texniki, mədəni əməkdaşlığa aid saziş bağlandı. Sosialist ölkələri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirildi. 1973-cü ildə həm ADR, həm də AFR BMT-yə daxil oldu. Bu Avropada Almaniyanın nüfuzunu artırdı. AFR 1975-ci il Helsinki müşavirəsində iştirak etdi. Elə həmin ildə «Yeddilər» qrupunun üzvü oldu. Birbaşa Avropa parlanmentinə seçkiləri müdaifə etdi. Siyasi inteqrasiyaya tərəfdar olduğunu göstərdi. AFR-in Fransa və İngiltərə ilə münasibətləri yaxşılaşdı. 1976-cı ildə AFR-in inkişaf etməkdə olan ölkələrə birbaşa kapital qoyuluşu 14,2 milyard marka idi. 1978-ci ilin mayında SSRİ ilə AFR arasında uzun müddətli əməkdaşlıq haqqında saziş bağlandı.

Şmidt hökuməti ABŞ-la yaxınlaşma siyasəti yeridirdi. Bu hökumət ABŞ-ın AFR ərazisində daha yeni hərbi qüvvələr yerləşdirməsinə razılıq verdi. AFR ABŞ-dan silah alınmasını artırdı. 1979-cu ildə birbaşa hərbi xərclər 40 milyard marka təşkil edirdi, halbuki 1976-cı ildə bu rəqəm 31,9 milyard marka idi. AFR NATO-nun hərbi xərclərinin 3% artırılmasına razılıq verdi. SSRİ-nin Əfqanıstana müdaxiləsini AFR müdafiə etmədi və Moskva olimpiadasının baykot edilməsində iştirak etdi.

1980-ci ilin ikinci yarısında ölkədə yeni iqtisadi böhran başlandı. 1980-1982-ci illərdə hökumətin vəziyyəti sürətlə pisləşməyə başladı. AFR 1974-1975-ci illərdə olduğundan daha artıq böhranlı vəziyyətlə qarşılaqdı. Ölkənin muzdla işləyən əhalisinin 9%-i (2,5 miylon adam) işsiz idi. Büdcə kəsiri iki dəfə artdı. Müharibədən sonrakı dövrdə ilk dəfə AFR-də sənaye və maliyyə kompaniyalarını iflas dalğası bürüdü. Antiböhran tədbirləri görmək istəyi hökumətin üzvləri arasında ixtilafları daha da gücləndirdi.

Böhran siyasi həyata da öz təsirini göstərdi. 1980-ci ildə seçkiqabağı mübarizə gücləndi. Seçkilərdə XDİ və XSİ müxalifət bloku təşkil edərək kanslerliyə XSİ-nin sədri Ştrausun namizədliyini irəli sürdülər, lakin alınmadı. XDİ hökumətin Yeni Şərq siyasətinin tənqid edərək göstərirdi ki, guya sosial-demokratlar AFR-də sosializm qurmaq istəyirlər. «Sovet təhlükəsi» haqqında onlar böhtan kampaniyasına başladılar. İri inhisarlar, katolik kilsəsi kütləiv informasiya vasitələrinin əksəriyyəti XDİ-XSİ blokunu müdafiə edirdilər.

1980-ci ilin oktyabrın 5-də keçirilən seçkilərdə ASDP 42,9%, MD 10,6%, XDİ-XSİ bloku isə 44,5% səs aldı. Lakin seçkilərdən sonra hökumət koalisiyasında daxili və xarici siyasətin bir sıra məsələlərində ixtilaflar yarandı. Müstəqil demokratların liderləri metallurgiya, dağ-mədən sənayesində fəhlələrin müəssisələrin idarə edilməsində iştirakına qarşı çıxdılar. Onlar AFR-in silahlandırılmasını və onun ərazisində ABŞ raketlərinin yerləşdirilməsini müdafiə etdilər. Sosial-demokratlar əhali içərisində nüfuzdan düşəcəklərindən qorxaraq bu məsələni müdafiə etmədilər. Hökumət koalisiyasında böhran yarandı. Müstəqil demokratlar XDİ-XSİ bloku ilə koalisiyaya girmək qərarına gəldilər. 1982-ci ilin sentyabrında H.Şmidt hökuməti istefaya getdi.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin