ADR XX əsrin 50-80-ci illərində. ADR-in konstitusiyası qüvvəyə mindikdən sonra 1949-cu il oktyabrın 11-də V.Pik ölkənin prezidenti seçildi. Oktyabrın 12-də isə O.Qrotevolun başçılığı altında ADR hökuməti təşkil edildi. ADR-də çoxpartiyalı sistem formal olaraq saxlanıdı. Lakin əsas rolu AVSP oynayırdı. Xalq palatasına seçilən deputatların 114-ü AVSP-dən, 52-si isə Milli-demokratik, kəndli demokratik, liberal - demokratik partiyalarından idi. Xalq palatası ali dövlət orqanı idi. Əvvəl ADR-də ikipalatalı parlament mövcud idi. Lakin 1958-ci ildən Torpaq palatısı ləğv edildi. 1960-cı ildə V.Pikin ölümündən sonra prezident vəzifəsi ləğv edildi. Nəticədə Dövlət Şurası adlanan xüsusi orqan təşkil edildi ki, onun sədri dövlətin başçısı hesab edilirdi.1950-ci ildə olmuş AVSP-nin III qurultayında AVSP-nin MK-nın baş katibi Volter Ulbrixt seçildi. Bu partiya SSRİ-nin təcrübəsindən istifadə edərək ictimai həyatın bütün sahələrini öz nəzarəti altına aldı. ADR-də də beşillik plan irəli sürüldü. 1950-ci ildə həmçinin ölkədə Dövlət Təhlükəsizliyi nazirliyi təşkil edildi. Yarandığı ilk gündən ADR SSRİ-nin təsiri altında fəaliyyət göstərməyə başladı. Ona görə də iki alman dövləti arasında fikir ayrılıqları yarandı. 1950-ci ildə SSRİ ADR-dən aldığı təzminatı iki dəfə azaltdı və ADR-in birləşmiş silahlı qüvvələrdə iştirakının mümkünlüyünü qeyd etdi. 1952-ci ildə ADR-də rəsmən elan edildi ki, o sosializm əsaslarının quruculuğuna başlayır. Kəndin kooperativləşdirilməsi, sənayenin dövlətləşdirilməsi başlandı. Dövlət sistemindəki kadrların siyasi təmizlənməsi keçirildi.
Stalinin ölümündən sonra ADR rəhbərliyi öz siyasətində müəyyən dəyişikliklər etməyə cəhd göstərdi. 1953-cü ilin iyunun 10-da AVSP MK-si belə bir qərar dərc etdirdi ki, «buraxılmış səhvləri» düzəltmək üçün «yeni kurs»a başlayır. Vergi siyasətində, kəndlilərə və sənətkarlara münasibətdə hökumət dəyişiklik etmək qərarına gəldi. Əhalinin həyat səviyyəsinin aşağı olmasından, sovet qoşunlarının Şərqi Almaniya ərazisində qalmasından narazılığını bildirildi. Bu çıxışların qarşısını almaq üçün sovet tankları işə düşdü, 300-ə qədər insan həlak oldu. İyunun 17-də baş verən bu hadisələr AVSP rəhbərliyini düşünməyə vadar etdi. SSRİ-nin verdiyi kredit və maddi kömək sayəsində müxtəlif malların qiyməti aşağı salındı, fəhlə və qulluqçuların əmək haqqı yüksəldildi. Yüngül sənaye və mənzil tikintisinə ayrılan vəsait artırıldı. Kənd təsərrüfat kooperativlərinə könüllü daxil olmaq prinsipinə ardıcıl əməl edilməyə başladı. 3 minə qədər xırda müəssisələr sahiblərinə qaytarıldı. AVSP-nin ortodoksal qanadının mövqeyi möhkəmləndi. AVSP rəhbərliyi ümumalman probleminin nizama salınmasında sərt mövqe tuturdu (Qərbdə bu siyasət «Ulbrixt doktrinası» adlanırdı) ADR hökuməti AFR-lə uzanan bütün sərhədləri «qadağan edilmiş zona» hesab etmək haqqında qərar qəbul etdi. 1953-1955-ci illərdə SSRİ ilə Qərb dövlətləri arasında alman problemi ilə əlaqədar gedən danışıqlar nəticəsində ADR qəti olaraq sovet blokuna inteqrasiya edilmiş oldu. 1954-cü ildə SSRİ ADR-dən təzminatın qalan hissəsini də almaqdan imtina etdi. 1954-cü ilin martında SSRİ ADR-in tam suverenliyini tanıdığını bildirdi. Bununla belə, SSRİ ADR-in təhlükəsizliyi və xarici siyasəti üzərində nəzarət öhdəliyini özündə saxladı. 1955-ci ilin mayında ADR Varşava müqaviləsi təşkilatına daxil oldu.
50-ci illərin sonunda Qərbi Berlin məsələsi ilə əlaqədar ADR-də vəziyyət yenidən gərginləşdi. SSRİ hər iki alman dövlətinin və Qərbi Berlinin qəti olaraq statusunu müəyyən etmək məsələsini həll etməyi Qərb dövlətlərindən tələb etdi. 1961-ci ilin yayında ADR-dəki Berlinin açıq sərhədindən kütləvi Qərbə axın başlandı. Əgər ADR-i 1959-cu ildə 144 min, 1960-cı ildə 203 min adam tərk etmişdirsə, 1961-ci ilin iyulunda 30 min, avqustun iki həftəsində isə 48 min adam tərk etdi. SSRİ qəti addım olaraq 1961-ci ilin avqustunun 13-dən 14-nə keçən gecə Berlinin qərbi ilə şərqi arasında hasar çəkdi. ADR rəhbərliyi bu hasarın dövlət sərhədini möhkəmləndirmək və qərb agenturasının təsirini azaltmaq məqsədi ilə çəkildiyini bildirdi. Berlin hasarı Qərblə Şərq arasında «dəmir pərdə» simvoluna çevrildi.
1963-cü ildə ADR-də də digər sosialist ölkələrində olduğu kimi iqtisadi islahatların həyata keçirilməsinə başlandı, «sosialist bazarı»nı təşkil etmək məsələsi ortaya atıldı. Xalq müəssisələri təsərrüfat hesabına keçirildi, onların müstəqilliyi artırıldı. ADR iqtisadi inkişafın yüksək sürətinə nail oldu və sosialist ölkələri içərisində lider dövlətlərdən birinə çevrildi.ADR rəhbərliyi tədricən belə hesab edirdi ki, SSRİ-nin bir çox lazımsız ideoloji və siyasi diktələrindən imtina etmək artıq zərurətə çevrilmişdir. ADR-in 1968-ci ildə qəbul edilən konstitusiyasında bildirilirdi ki, əvvəlki dövlət quruluşu saxlanılır və «ADR alman millətinin sosialist dövlətidir». 1968-ci il Çexoslovakiya hadisələrini ADR rəhbərliyi müdafiə etdi və bu əməliyyatda iştirak etdi.
1971-ci ildə V.Ulbrixt öz xahişi ilə partiyanın fəxri sədri qalmaqla, AVSP MK-nın birinci katibi vəzifəsindən azad edildi. Onu Erix Honnekker əvəz etdi. Güclü ideoloji nəzarət altında fəal iqtisadi və sosial siyasət yeritmək qərara alındı. Dövlət təhlükəsizliyi xidmətinin səlahiyyətləri genişləndirildi. Honnekker əhalinin həyat səviyyəsini yüksəltmək yolu ilə cəmiyyətdə sosial sakitliyə nail olmağa çalışırdı. Ona görə də 70-ci illərdə fasiləsiz olaraq ADR-də qiymətlərin sabit saxlanması şəraitində əmək haqları və pensiyalar artırıldı, mənzil tikintisi genişləndirildi. Dünyada iqtisadi konyuktura 70-ci illərdə xoşagələn olmasa da, ADR-də bu dövrdə, yəni 70-ci illərin birinci yarısında milli gəlir 30% artdı. Honnekker rejimi ümumialman probleminə münasibətdə dəyişiklik yaratdı. O «Təcrid olunma» xəttini götürdü. «Sosialist alman milləti» konsepsiyası rəsmi olaraq tanındı. ADR-in 1974-c il konstitusiyasında göstərildi ki, dövlətin siyasəti vahid Almaniyanın bərpasıdır. İki alman dövlətinin əhalisinin əlaqəsi məhdudlaşdırıldı. Bu proses 1989-cu ilə qədər davam etdi.
Dostları ilə paylaş: |