Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Fransa Fransua Mitteranın (1981-1995) və Jak Şirakın (1995-2007) prezidentliyi dövründə



Yüklə 2,21 Mb.
səhifə44/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   186
Fransa Fransua Mitteranın (1981-1995) və Jak Şirakın (1995-2007) prezidentliyi dövründə. 1981-ci ilin aprel-may aylarında keçirilən prezident seçkilərində dörd namizəd irəli sürülsə də, Fransa sosialist partiyasının lideri Fransua Mitteran Kommunist partiya­sının lideri Jorj Marşeyə, «Fransa demokratiyası naminə ittifaq» partiyasının lideri Jiskar D`Estenə, «Yeni respublikanı müdafiə birliyi» partiyasının lideri J.Şiraka qalib gələrək 15,7 milyon (51,8%) səs topladı və prezident vəzifəsini tutdu. Parlament seçkilərində də sollar qalib gələrək Pyer Moruanın başçılığı altında hökumət təşkil etdilər. Sosialistlər təkpartiyalı hökumət təşkil etmək imkanına malik olsalar da, Mitteran kommunistlərə onun siyasi kursunu müdafiə etmək şərtilə hökumətin tərkibinə daxil olmağı təklif etdi. FKP bununla razılaşdı ancaq ikinci dərəcəli rolla kifayətlənməli oldu. Onlar 44 nazir vəzifəsindən 4-nü tutdular. Beləliklə sol partiyalar hakimiyyətə gəldilər və hələ 1972-ci ilin iyununda birlikdə imzaladıqları proqramı həyata keçirməyə başladılar.

Yeni hökumətin fəaliyyətinin birinci ili zəhmətkeşlərin xeyrinə olan bir sıra islahatlarla əlamətdar idi. Sənayedə dövlət bölməsi 18%-dən 32%-ə qalxdı. 36 bankın milliləşdirilməsi nəticəsində bankın verdiyi kreditin 75%-nə dövlət nəzarət etməyə başladı. 9 iri sənaye inhisar qrupu - metallurgiya, elektronika, kimya, təyyarəqayırma, hərbi sənaye və s. sahələr milliləşdirildi.

Senzura ləğv edildi. Dövlət təhlükəsizliyi məhkəməsi fəaliyyətini dayandırdı. Xarici vətəndaşların statusu möhkəmləndirildi. 9 May və 8 Mart qeyri-iş günü hesab edildi. İlk dəfə Fransua Mitteranın dövründə Fransada ölüm cəzası ləğv edildi. İş həftəsi 39 saata endirildi. Pulu ödənilən məzuniyyətin müddəti 5 həftəyə qədər uzadıldı. Əmək haqqı 10% artırıldı. Təqaüd və az təminatlı ailələrə verilən müavinat 25% yüksəldi. Ümumdövlət orqanların səlahiyyətlərinin azadılması yolu ilə bələdiyyə idarələrinin hüquqlarının genişləndirilməsi proqramı həyata keçirilməyə başlandı. Bunlar 1936-1937-ci illərdə Xalq Cəbhəsi dövründən sonra olan ən böyük islahatlar idi. Bir sözlə, F.Mitteranın prezidentliyinin ilk illərində Fransada əsil firavanlıq dövləti yarandı.

Lakin inhisarların təzyiqi və 1980-1982-ci illərin iqtisadi böhranının təsiri altında hökumətin siyasi xətti bir qədər mühafizəkarlaşdı. Çünki tezliklə aydın oldu ki, xərclər artır, büdcənin kəsiri dəhşətli miqyas alır. Hökumət islahatları saxladı və «sərt iqtisadi siyasət» elan etdi. Vergilər və qiymətlər artırıldı, bir sıra müəssisələr bağlanıldı. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü, işsizlik yenidən artdı. Milliləşdirilmə dayandırıldı. 1983-cü ildə vergiləri artırmaq yolu ilə «iqtisadiyyatın sağlamlaşdırılması» proqramı qəbul edildi. Lakin inhisarların mənfəəti və onların başqa ölkələrə güclü kapital ixracı məhdudlaşdırılmadı. Xüsusi təşəbbüsə daha çox üstünlük verilməyə başlandı. Bütün bunlar hökumət daxilində ixtilaf törətdi. 80-ci illərdə irqi və milli ziddiyyətlərin də təzahürü gücləndi. 1972-ci ildə yaradılmış Le Penin başçılıq etdiyi «Milli Cəbhə» (MC) ziddiyyətləri daha da qızışdırırdı. Onlar «Fransa fransızlar üçündür» şüarı altında gəlmələrin qovulmasını tələb edirdilər.

1984-cü ilin yayında gənc texnokrat Loran Fabius baş nazir təyin olundu. Onun qeyri-populyar və daha sərt iqtisadi siyasət yeridəcəyini güman edən kommunistlər hökumətin tərkibində iştirak etməkdən imtina etdilər. Beləliklə, sol qüvvələrin hökumətində kommunistlərin iştirakı cəmi 3 il davam etdi. Bu, bir tərəfdən, sol koalisiyanın böyük imkanlarını, digər tərəfdən onun təcrübəsizliyini, sosialistlərlə kommunistlər arasında müəyyən fikir ayrılığının mövcud olduğunu üzə çıxartdı. Təcrübə habelə həddindən çox milliləşdirmənin səmərəsizliyini də göstərdi.

1986-cı ilin mart ayında keçirilmiş seçkilərdə sağ təmayüllü partiyalar qələbə çaldılar. Başda J.Şirak (Respublikanın müdafiə birliyi partiyası) olmaqla yeni hökumət təşkil edildi. Sol prezidentlə sağ hökumətin qeyri-adi «yanaşı yaşaması» başlandı. J.Şirak prezident-sosialist F.Mitteranın ziddinə gedərək sənaye müəssisələrinin öz əvvəlki sahiblərinə qaytarmağa və zəhmətkeşlərin hüquqlarına hücum etməyə başladı. İri kapitala qoyulan vergilər ləğv edildi, immiqrasiya məhdudlaşdırıldı. Biznesin dövlət tənzimlənməsi zəiflədildi, bütün qüvvələr inflyasiya ilə mübarizəyə yönəldildi. İşsizliyin daha da artmasına gətirib çıxaran bu tədbirlər xalq kütlələrini J.Şirak hökumətindən narazı saldı. Hökumət ölkənin xarici siyasətində amerikapərəst istiqaməti gücləndirdi. Bütün bunlar ölkədə Mitteran tərəfə yenidən dönüşə səbəb oldu.

1988-ci ilin mayında prezident seçkilərində bütün əsas partiyaların nümayəndələri səsə qoyulmuşdu. İkinci tura ancaq Mitteran və Şirak çıxdı. Əhəmiyyətli səs üstünlüyü ilə (46%-ə qarşı 54%) Mitteran qələbə qazandı. İkinci yeddi ili üçün o, prezident seçildi. FKP-nin namizədi ən az səs aldı (6,8%) MC-nin lideri Le Pen isə 14,4% səs topladı.

Mitteran yenidən prezident seçiləndən sonra Milli məclisə vaxtından əvvəl seçkilər keçirdi. Onun tərəfdarları yenidən sağ partiyalar üzərində qələbə çaldılar.

Fransada 1988-ci ilin baharında və yayında keçirilmiş prezident və parlament seçkilərindən sonra yeni siyasi vəziyyət yarandı. Baş nazir vəzifəsini FSP-dan olan M.Rokar tutdu. Bu hökumət «heç-heçə» siyasəti yeritməyə başladı. Belə ki, nə biznesin hədsiz genişlənməsinə, nə də dövlət bölməsinin tam bərpasına qayıdıldı. Bazar infrastrukturunun və dövlət müəssisələrinin saxlanılması xətti yeridilməyə başlandı. Hökumət böyük gəlirlər üzərində vergini bərpa etdi. Bununla belə, sosial proqramı genişləndirmədi və əmək haqqının səviyyəsini artırmadı. Rokar belə hesab edirdi ki, inflyasiyanın aşağı həddinin saxlanılması iqtisadi artımın ən mühüm amillərindəndir. Lakin o, bu siyasətlə işsilzik prob­lemini həll etmədi. Ölkədə işsizlərin sayı 8 milyondan çox idi.

1990-cı ilin payızında FSP-də Rokara qarşı müxa­lifət gücləndi. Müxalifətə isə başçılığı Edit Kresson edirdi. 1991-ci ilin may ayının 15-də Mitteran Rokarın istefasına və Kressonun baş nazir təyin edilməsinə nail oldu. Kresson Fransada yüksək texnologiya sahəsini müdafiə etmək üçün proteksionizmin vacibliyini və ticarətdə Avropa və üçüncü dünya ölkələrinə müdaxilənin zəruriliyini elan etdi. Əslində onun siyasəti qollistlərin iqtisadi siyasəti ilə eyniyyət təşkil edirdi. O, özəlləşdirmə ideyasını müdafiə edirdi və bunu real­laşdırmaq sahəsində müəyyən tədbirlər görüldü. Baş nazirin xırda və orta müəssisələri inkişaf etdirmək planı Tet­çer və Reyqanın bu məsələdəki xəttindən heç də fərq­lənmirdi. Lakin, o, fransız «dəmir ledisi» kimi Fransada və dünyada tanına bilmədi.



FSP-nin populyarlığının azalması özünü 1992-ci ilin martında keçirilən bölgələr üzrə seçkilərdə daha aydın göstərdi. 1992-ci ilin aprelində Mitteran Pyer Bereqornanı baş nazir təyin etdi. O əvvəlki sosialist baş nazirlərdən fərqli olaraq işsizliyə qarşı mübarizəni, dövlətin maliyyə bazasını möhkəmləndirməyi, nisbi özəlləşdirmənin davam etdirilməsini, Maastrixt müqaviləsinin ratifikasiya edilməsinə hazırlaşmağı öz hökumətinin başlıca vəzifələri elan etdi. Lakin bu vəzifələr yerinə yetirilə bilmədi. Sənayedə isə heç bir artım müşahidə edilmədi. Ölkədə yenə də işsizlik qalırdı və artırdı. Mitteranın prezidentliyinin son üç ilində dövlət büdcəsinin kəsiri 90 milyard frankdan 165 milyard franka qalxdı.

1993-cü ilin martında keçirilən parlament seçkilərində «məsuliyyət və etibar» devizini irəli sürən düşünülmüş islahatlar keçirməyi, cinayətkarlıq, terrorizm, sosial ədalətsizlik və işsizliyə qarşı mübarizə aparmağı vəd edən sağlar qələbə çaldılar. Parlamentdə 577 yerdən 448-ni onlar tutdular. Sosialistlər cəmi 54, kommunistlər isə 26 mandat qazandılar. Mojaritar sistem Le Penin partiyasına və ekoloqistlərə («yaşıllar» partiyasına) parlamentdə yer tutmağa imkan vermədi. Sağların çoxluq təşkil etdiyi hökumətə Eduard Balladur başçılıq etdi. O, Şirakın on ildən artıq seçki kampaniyasının keçirilməsi üzrə məsləhətçisi olmuşdu. Şirak koalisiyanın lideri kimi qalaraq prezident seçkilərinə hazırlaşmağa başladı. Balladur hökuməti iflas həddində olan sosial təminat sistemini xilas etməyi və işsizliyə qarşı mübarizəni özünün prioritet (yəni ən mühüm, ən başlıca) vəzifəsi elan etdi. Bu siyasətin maliyyə bazasını təmin etmək üçün hökumət 100 milyard frank həcmində dövlət istiqrazları buraxdı, dolayı vergiləri, benzin və spirtin qiymətini artırdı. Həmçinin dövlət aparatının xərclərini azaltmaq üçün qənaət kampaniyası başladı. Büdcə gəlirlərinin artırılmasında özəlləşdirmənin ikinci dalğası mühüm rol oynadı. Görülən tədbirlər büdcə kəsirini azaltmağa və yeni iş yerləri təşkil etməyə imkan verdi. Məşqulluq səviyyəsini artırmaq üçün hökumət əmək haqqı fondlarından alınan vergini də xeyli ixtisar etdi. Hökumət immiqrasiyanı xeyli məhdudlaşdırdı, qanunsuz immiqrantların işlə təmin edilməsinə qarşı mübarizə apardı. Bütün bu tədbirlər xalq tərəfindən bəyənildi. İnflyasiya 1,8%-ə qədər endi, büdcə kəsiri azaldı, iqtisadi artım müşahidə olundu. Baş nazirin imici artdı. Fransız xalqı onu gələcək prezidentliyə əsas namizəd kimi görməyə başladı. Lakin bu Şirakı çox narahat etdi. 1995-ci ilin fevralında keçirilən prezident seçkiləri bunu bir daha nümayiş etdirdi. Şirak koalisiyası tərəfindən hökumətin siyasətinin tənqidi öz işini gördü. Şirak çox çətinliklə prezident seçkilərində (Balladur – 18,5%, Le Pen – 15%, Robber – 8,7% səs aldılar) 20,6% səs alaraq qələbə qazandı. Sosialist və kommunist partiyasının böhran keçirməsi də 1995-ci ildə J.Şirakın prezident seçilməsinə şərait yaratdı. J.Şirak Alen Jüppeni baş nazir təyin etdi. Hökumət büdcə kəsirinin və dövlət borclarının ləğv edilməsinə çalışacağını, valyuta-maliyyə sistemini sabitləşdirməyin, dövlət bölməsini yenidən təşkil etməyin vacibliyini elan etdi. Lakin onun sosial xərcləri azaltması ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılandı. Hökumət xalqın təzyiqi altında güzəştə getməyə məcbur oldu. Belə bir şəraitdə J.Şirak vaxtından əvvəl parlamenti buraxdı. 1997-ci ilin may-iyun aylarında keçirilən yeni parlament seçkilərində sağ partiyalar ciddi məğlubiyyətə uğradılar, cəmi 250 mandat ala bildilər. Sosialist partiyası 252, kommunistlər 39, yaşıllar isə 7 mandat qazandılar. Sosialist partiyasının lideri Lionel Jospen bütün sol qüvvələrin konsilidasiyasına (siyasi əməkdaşlığına) nail olmağı bacardı və baş nazir oldu. «Qırmızımtıl-qırmızı-yaşıl» alyansın təşkil etdiyi yeni hökumət özünün son dərəcə işgüzarlığı və fəallığı ilə fərqlənirdi. Jospen özünü həm sərt, qətiyyətli, həm də mühakiməli, ehtiyatlı bir siyasətçi kimi göstərə bildi. Hökumətin siyasəti «sol realizm» adını aldı. Jospen ağrılı problemlərin həllini tarazlaşdırmaq üçün yol tapmağı bacardı. Gəlmələrlə əlaqədar olan qanunvericiliyə yenidən baxıldı, minimum əmək haqqının artırılması və məşğulluq səviyyəsinin yüksəldliməsi məsələsinə diqqət artırıldı. Yaranmış mürəkkəb vəziyyətdən çıxmaq üçün konstruktiv variantlar işlənib hazırlandı. Mətbuat bu siyasəti «insan simasında modernləşdirmə» adlandırdı.

Sağların müqavimətinə baxmayaraq Jospen 1997-ci ildə iri müəssisələrindən alınan vergiləri 15% artırdı. Bu tədbir büdcə kəsirini azaltmağa imkan verdi. Lakin 1998-ci ildə yenidən vergi yükü bir qədər azaldıldı. Məhz bütün bunların nəticəsində sənaye məhsulu istehsalı 1996-cı ildəki 1,7%-ə qarşı 1997-ci ildə 6,7% artdı. Xoşagələn dünya konyukturası yaranmış oldu. Belə şəraitdə hökumət işsizliyə qarşı mübarizəyə başladı. İctimai işlər genişləndirildi. 2000-ci ildən 35 saatlıq iş həftəsi haqqında qanun qüvvəyə mindi. İşsizlik 10%-ə qədər azaldı.

İqtisadi vəziyyətin sabitləşməsi, J.Şirakla L.Jospen arasında qarşılıqlı anlaşmanın olması ölkədəki siyasi gər­ginliyin zəifləməsinə səbəb oldu. Ancaq «ənənəvi parti­yaların» böhranı davam etməkdə idi. Milli ziddiyyətlər də getdikcə kəskinləşirdi. Korsika adasında münaqişə xüsusilə genişlən­mişdi. Burada güclü seperat qruplar fəaliyyət göstərirdi. Hökumət və parlament Korsika üçün xüsusi qanun işləyib hazırladı. Bu qanun yerli idarə orqanlarına geniş səlahiyyətlər verirdi. Lakin korsikalıları tamamilə sakit­ləşdirmək mümkün olmadı.

Muxtariyyət əhvali-ruhiyyəsi Bretan yarımadaşında, baskların İspaniya ilə sərhədboyu məskunlaşdıqları rayonlarda və xarici departamentlərdə, Komor adalarında və Yeni Kaledoniya arxipelaqında da özünü göstərdi. Biri istisna olmaqla Komor adalarına istiqlaliyyət verildi. Yeni Kaledoniyanın taleyi isə 1998-ci ildə keçirilən yerli referendumla həll edilmiş oldu. Baskların tələbi ödənilmədi.

2000-ci il sentyabrın 24-də Şirakın təşəbbüsü ilə prezidentin səlahiyyətlərinin 7 ildən 5 ilə endirilməsi haqqında keçirilən referendumda iştirak edənlərin 73%-i hökumətin bu təklifini bəyəndi.

2002-ci ilin yazında keçirilən prezident seçkilərində yenə də J.Şirak qələbə çaldı. Həmin ildə keçirilən parlament seçkilərində isə yenə də sosialistlər qələbə çaldılar. Lionel Jospen yenə də baş nazir oldu. Daxili siyasətdə onlar yenə də əvvəlki xətti davam etdirməyə başladılar.

Seçkilərin I turunda MC-nin lideri Le Penin J.Şiraka yaxın səs toplaması fransız xalqını çox narahat etdi. II turda xalq öz müdrikliyini nümayiş etdirdi.

J.Şirakı Jan Pyer Raffareni prezident seçkilərindən sonra baş nazir təyin etdi. J.P.Raffaren hökuməti təhsil, sığorta, səhiyyə və təqaüd təminatı sahəsində islahatlar keçirdi. Hökumət dövlət qulluqçüları üçün minimum iş stajını artırdı. Bu staj 37,5 ildən 40 ilə qaldırıldı. Məhkəmə, ordu və polis sistemində də islahatlar aparıldı. Yerli orqanların hüquqları genişləndirildi.

2002-ci ilin noyabr ayında Xalq hərəkatı uğrunda ititfaq partiyası yaradıldı. Onun rəhbəri keçmiş daxili işlər naziri Nikola Sarkozi oldu. 2005-ci ilin mayın 29-da Avropa konstitusiyası ilə əlaqədar keçirilən referendumda əhalinin 55%-i «yox» cavabını verdi. Bu fransızların faktiki olaraq Raffarenin siyasətini bəyənmədiklərini nümayiş etdirməsi, işsizliyin yüksək səviyyəyə qalxmasına və iqitsadi artımın zəifləməsinə etirazı demək idi. 2005-ci ilin iyununda J.Şirak Raffaren hökumətini buraxdı və Dominika de Vilpenin başçılığı altında yeni hökumət təşkil etdi.

2005-ci ilin oktyabrında Fransa iki həytə ağır sosial-iqitsadi böhran yaşadı. Ölkənin 40 şəhərində komendant saatı elan edildi. Özbaşınalıqla mübarizə üçün 12 min polis və jandarmdan istifadə edildi. Hökumət problemi yumşaltmaq üçün bir sıra proqramlar hazırladı. İlk növbədə yeniyetmələri işlə təmin etmək nəzərdə tutuldu. «Birinci iş kontraktı haqqında qanun» ölkədə 12 həftə davam edən tətil və nümayişlərə səbəb oldu. Baş nazirin nüfuzu düşdü.

2007-ci ilin fevralında parlament üç yeni konstitusiya qanununu bəyəndi. Bunlar prezidentin cinayət statusunda dəyişikliklər, ölüm cəzasının qadağan edilməsinin konstitusiyada öz əksini tapması və Fransanın dənizarxası ərazisi olan Yeni Kaledoniyada seçkilər haqqında idi. 1958-ci il Konstitusiyasına 22 dəyişiklik edildi. Birinci qanuna əsasən parlament prezidenti 2/3 səslə, vəzifəsindən kənarlaşdıra bilərdi.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin