Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İtaliya XX əsrin 50-60-cı illərində



Yüklə 2,21 Mb.
səhifə59/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   186
İtaliya XX əsrin 50-60-cı illərində. 1950-ci ildə İtaliya sənaye məhsulu istehsalına görə müharibədən əvvəlki səviyyəyə çatdı. XX əsrin 50-ci illərdə İtaliya sənayesində yüksəliş baş verdi və bu, fasilələrlə 1964-cü ilə qədər davam etdi. Yeni sənaye sahələri – elektronika, neft kimyası, maşınqayırma, avtomobil sənayesi yarandı. Hər il ölkədə sənaye məhsulu istehsalı 10% artdı. 1960-cı ildə isə bu artım 15,2% oldu. 1950-ci illə müqayisədə 1970-ci ildə İtaliyada sənaye məhsulu istehsalı və xarici ticarət 3 dəfədən çox artdı. Bu dövr ərzində ölkədə milli gəlir 2,5 dəfə, əmək məhsuldarlığı 2 dəfə çoxaldı. İnkişaf etmiş ölkələrin ümumi sənaye məhsulu istehsalında ölkənin payı çoxaldı. İtaliya bu cəhətdən dünya kapitalist ölkələri içərisində 6-cı yeri, Avropada isə 4-cü yeri tutdu. ETİ genişləndi. İtaliya daha çox inkişaf etmiş yeddi sənaye ölkəsinin siyahısına daxil oldu. Kimya sənayesində «Montekatini», elektroenergetikada «Edison», elektronika­da «Olivetti», avtomobil sənayesində «Fiat», rezin-polimer sənayesində «Pirelli» kimi böyük inhisar qrupları ölkənin iqtisadi həyatında mühüm rol oynayırdılar. Ölkədə istehsal edilən avtomobillərin 80%-ni «Fiat» verirdi. 1963-cü ildə «Montekatini» ilə «Edison» birləşərək «Montedison» adlandı. «Montedison» düynyada 4-cü kimya inhisari idi. «Pirelli» rezin konserni beynəlxalq xarakter daşıyırdı.

İkinci Dünya müharibəsinə qədər İtaliyada neft və qaz sənayesi zəif inkişaf etmişdi və neft kənardan gətirilirdi. Lakin müharibədən sonra Siciliyada zəngin neft yataqlarının olduğu aşkara çıxdı. ABŞ-ın «Yeddi bacı» firması isə qəfildən aşkara çıxartdı ki, Şimali İtaliyada zəngin qaz yataqları vardır. Ölkədə neft və qaz sənayesi sənaye sahələri içərisində inkişafına görə üçüncü yeri tutdu. Ən böyük artım isə polimer və maşınqayırma sənayesində idi. İtaliyanın dəmir filizi ehtiyatları olmadığına görə xaricdən gələn qırıntılar hesabına metallurgiya sənayesi inkişaf edirdi. Polad istehsalı da bu dövrdə artdı. Məsələn, əgər 1963-cü ildə ölkədə 10 milyon ton polad istehsal edilirdisə, 1966-cı ildə bu rəqəm 16 milyona çatdı.

1957-ci ildə çuqunun 82%-i, poladın 51%-i Dövlət sənayesinin yenidən qurulması institutunun nəzarəti altında idi. 1958-ci ildə İtaliyada iqtisadiyyatın dövlət bölməsinə rəhbərlik etmək üçün Milli nazirlik təşkil edildi. İtaliyada 1968-ci ildə bütün istehsal aparatının 30-35%-i, sərnişin donanmasının isə 65%-i dövlətə məxsus idi.

50-ci illərin sonunda İtaliya iqtisadiyyatı əsasən öz müstəqilliyini təmin etdi. İtaliya kapitalı Asiya, Afrika, Latın Amerikasına çıxmağa başladı. İtaliyada zəngin qızıl və valyuta ehtiyatı yarandı. Bununla belə yenə də onun iqtisadiyyatında ingilis, amerikan, İsveçrə inhisarlarının güclü mövqeyi vardı.

İtaliyada «iqtisadi möcüzə»nin baş verməsi səbəblərindən biri İtaliyada faşistlərin hakimiyyəti dövründə güclü dövlət inhisarçı kapitalizminin yaranması, digəri isə ETİ nailiyyətlərinin istehsala dərhal tətbiqi idi. 1948-ci ildə İtaliya «Marşal planı» əsasında ABŞ-dan 1,3 milyard dollar miqdarında yardım aldı ki, bu da onun sənayesinin inkişafında mühüm rol oynadı. İtaliyanın iqtisadi inkişafında mühüm rolu olan səbəblərdən biri də ölkə əhalisindən müəyyən illərdə İtaliyadan xaricə, yəni Almaniya, Fransa, Belçikaya işləməyə gedənlərin ölkəyə pul göndərməsi idi. XX əsrin 50-60-cı illərində İtaliyadan xaricə gedənlərin sayı 5 milyondan artıq idi. Yüksək sürətli inkişafın səbəblərindən biri də turizmlə bağlı idi. İtaliyaya 1968-ci ildə 27 milyon, 1970-ci ildə isə 32 milyona qədər turist gəlmişdi və bu ölkə iqtisadiyyatına xeyli gəlir gətirmişdi.

İtaliyada sənayenin inkişafı ziddiyyətli və qeyri-bərabər olması ilə fərqlənirdi: Cənub əslində şimalın müstəmləkəsi olaraq qalırdı. Oradan milyonlarla adam iş tapmaq üçün şimala köçürdü. Hətta iqtisadi inkişafın daha çox yüksəlişi dövründə işsizlərin sayı 1 milyonu keçirdi. Hər il 200 mindən çox adam isə hər cür iş və əmək şəraiti ilə razılaşaraq AFR, İsveçrə, Fransaya mühacirət etməyə məcbur olurdu.

İtaliya adambaşına düşən milli gəlirə görə bu illərdə qabaqcıl kapitalist ölkələrindən geridə qalırdı. 1968-ci ildə adambaşına düşən milli gəlirə görə İtaliya ABŞ-dan – 3 dəfə, Fransadan – 2 dəfə, Belçika və AFR-dən 1,5 dəfə, İsveçdən 2,5 dəfə geri qalırdı. İtaliyada sənayenin inkişafının mühüm xüsusiyyətlərindən biri də digər kapitalist ölkələrində olduğu kimi ən çox xidmət sənayesinə diqqət yetirilməsi idi.

İtaliyada bu dövrdə kənd təsərrüfatı 1/3 dəfə artdı. 1949-cu ildə mərkəz, cənub və Siciliyada kənd təsərrüfatını inkişaf etdirmək haqqında xüsusi planlar hazırlandı. 1961-ci ildə İtaliya parlamenti «yaşıl plan» adlı plan tərtib etdi ki, həmin plana görə ölkədə kənd təsərrüfatının inkişafına 550 milyard lir ayrılırdı. XX əsrin 50-60-cı illərdə İtaliyada kənd təsərrüfatının intensivləşməsi prosesi sürətləndi. Belə ki, bu dövrdə kənd təsərrüfatında yalnız traktorların sayı 10 dəfə artdı. Lakin bu dövrdə də İtaliyada kəndlilərin orta illik gəliri 300 dollardan yuxarı deyildi. Halbuki kəndlilərin illik gəliri Lüksemburqda – 2330, Fransada – 2160, Belçikada – 1616, AFR-də 1300, Niderlandda 1040 dollar idi. Həmin dövrdə İtaliya Avropa ölkələrinə meyvə və tərəvəz ixracını artırdı. Təsadüfi deyildir ki, onu «Avropanın bostanı»da adlandırırlar. Lakin İtaliyada bu dövrdə heyvandarlıq zəif inkişaf etmişdi. İtaliya ancaq quş əti ilə öz əhalisinin tələbatını ödəyə bilirdi.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin