50-60-cı illərdə Kanada iqtisadiyyatı. 50-60-cı illərdə Kanada inkişaf etmiş kapitalist ölkələri qrupunda olduğunu təsdiq etdi. Bu dövrdə Kanadada iqtisadiyyatın inkişafı çox sürətlə gedirdi. Belə ki, sənaye məhsulu istehsalına görə Kanada kapitalizm dünyasında 5-7-ci yerləri bölüşürdü. Lakin adambaşına düşən sənaye məhsulu istehsalının həcminə, əmək məhsuldarlığına və milli gəlirə görə isə ABŞ-dan sonra II yeri tuturdu. Ölkədə neft emalı, dağ-mədən, neft kimyası, elektronika, aviasiya sənayesi inkişaf etdi. Kanada kapitalist ölkələri içərisində nikel, asbest, uran, dəmir filizi, sink, qızıl, platin, gümüş, mis, qurğuşun, alüminium, qəzet kağızı, ağac kütləsi istehsalına görə ilk yerlərdən birini tuturdu. Kanada-ABŞ inteqrasiya sistemində Kanada tabe tərəf olaraq qalırdı. Gəlir verən sahələrə ABŞ daha çox nüfuz edirdi.
Liberalların 22 illik fəaliyyəti, xüsusilə son dövrlərdə onların yeritdiyi siyasət ölkədə müəyyən narazılığa səbəb oldu. Belə ki, xalq Kanadada ABŞ-ın hökmranlığı ilə razılaşa bilmirdi. Liberallarla rəqabətdə olan mühafizəkarlar partiyası bundan çox məharətlə istifadə etdi. Onlar özlərini sadə kanadalıların müdafiəçisi kimi göstərərək liberalları tənqid etməyə başladılar ki, onlar Kanadanı ABŞ-ın 49-cu ştatına çeviriblər. Bunun nəticəsi idi ki, 1957-ci ilin iyunun 10-da keçirilmiş parlament seçkilərində mühafizəkarlar qələbə çaldılar, və onların lideri Difenbeykerin başçılığı altında yeni hökümət təşkil edildi. Mühafizəkarlar vergiləri azaltdılar, sosial təminat sistemini yaxşılaşdırdılar, fermerlərə kredit verdilər, işsizliyin qarşısını almaq üçün ictimai işlər komitəsi yaratdılar, ictimai işlər üzrə proqramın həyata keçirilməsi üçün 1 milyard dollar vəsait ayırdılar. Lakin bütün bu tədbirlər ölkədə iqtisadiyyatın enməsinə gətirib çıxardı. Valyuta ehtiyatları azaldı. Nəticədə hökümət Kanada dollarının devalvasiyasını tətbiq etməyə məcbur oldu. Mühafizəkarlar höküməti ilə ABŞ arasındakı münasibətlər kəskinləşdi. Belə ki, ABŞ-ın nüvə raketlərini Kanadada yerləşdirməsinə hökumət razı olmadı. Lakin Kanada inhisarçı dairələri ABŞ-ı müdafiə etdilər. Senat Difenbeyker hökümətinə etimad göstərmədi.
1963-cü il aprelin 8-də keçirilən növbədənkənar parlament seçkilərində liberallar yenidən qələbə çaldılar və Lestor Pirsonun başçılığı altında yeni liberallar höküməti təşkil edildi. Bu hökumət Kanada ərazisində ABŞ raketlərinin yerləşdirilməsinə razılıq verdi. Həmçinin 1964-cü il dekabrın 15-də müstəqil Kanada bayrağının təsis edilməsi haqqında qanun qəbul edildi. Lestor Pirson 1968-ci ildə istefa verdi. Onun yerini mənşəcə fransız kanadalı Pyer Elliot Tryudo tutdu. O, hakimiyyətə gələn kimi öz siyasətində qətiyyətli mövqe tutdu. 1969-cu ildə parlament Kanadada ingilis dili ilə bərabər fransız dilinin də eyni hüquqa malik olması haqqında qanun qəbul etdi. Bu hökumət həmçinin durğunluq keçirən rayonlara, o cümlədən Kvebekə maliyyə yardımını gücləndirdi.
Dostları ilə paylaş: |