Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
  1   2   3   4   5   6   7   8   9   ...   28

Az Book Library
Filosof Fikri

Xalid Hüseyni
ÇƏRPƏLƏNG UÇURAN
Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı
klassik hesab eləyirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası
yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətən-
daş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə,
müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab
sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır
və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sen-
timental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir
rəsm əsərinə bənzəyir.
Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng
uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından
biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu
bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür.
Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla
da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda
artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?..
Xalid Hüseyni ÇƏRPƏLƏNG UÇURAN
Бакы, “Əli və Nino” Nəşriyyatı, 2011
Xədicə İsmayıl
Üz qapağındakı rəsm:
Böyükağa Mirzəzadə
This procect was funded, in part, through a Grant Agreement with the
Embassy of the United States of America. The opinions, findings and conclusions

or recommendations expressed herein are those of the Author(s) and do not
necessarily reflect those of the United States Department of State.
Bu layihə, qismən, Amerika Birləşmiş Ştatlarının Səfirliyi ilə bağlanmış
Qrant Sazişi vasitəsilə maliyyələşdirilmişdir. Burada ifadə edilmiş fikirlər,
faktlar və nəticələr və ya məsləhətlər Müəllif(lər)ə aiddir və heç də
mütləq şəkildə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin
mövqeyini əks etdirmir.
ISBN - 978-9952-26-176-9
© Azerbaijani Translation, US Embassy Baku
© 2003 TKR Publications, LLC
BİR
Dekabr, 2001
Bu, 1975-ci ilin soyuq, yağmurlu bir günündə baş verdi. On iki yaşlı oğlanın
həyatının dönüş nöqtəsi idi o gün. Mən, indi gördüyünüz insana da həmin gün çev-
rildim. O anı da xatırlayıram hətta – dağılmış palçıq hasarın yanında çömbəlib,
donmuş bulağın sahilindəki dalana gizlicə boylandığım anı. O zamandan çox vaxt
keçib, amma həyatdan aldığım dərs budur ki, keçmişin keçəriliyi, keçmişi gömmək
barədə deyilənlər yalan imiş. Çünki keçmiş dişiylə-dırnağıyla yol tapıb, üzə çıxır.
İndi geriyə baxanda anlayıram ki, əslində son 26 ili elə o kimsəsiz dalana
boylanmaqla məşğul olmuşam.
Ötən yay dostum Rəhim Xan Pakistandan zəng elədi. Ora getməyimi xahiş
edirdi. Telefon dəstəyi qulağımda mətbəxin ortasında dayanıb, qulaq asır və
anlayırdım ki, xəttin o biri başındakı, sadəcə, Rəhim Xan deyil, həm də mənim gizli
günahlarla dolu olan keçmişimdi. Dəstəyi asandan sonra Golden Gate Parkının
şimal tərəfindəki Sprekels gölünün ətrafına dolandım. Sərin meh günorta
günəşinin bərq vurduğu suyun üzərində onlarla oyuncaq qayığı hərəkətə gətirirdi.
Sonra başımı yuxarı qaldırdım və göydə üzən bir cüt çərpələng gördüm. Mavi

quyruqlu qırmızı çərpələnglər parkın qərb tərəfindəki ağacların, külək dəyir-
manlarının üzərində rəqs edir, indi özümə “ev” saydığım San Fransiskonu
yuxarıdan aşağı süzən bir cüt göz kimi o tərəf-bu tərəfə vurnuxurdu. Və birdən-birə
beynimdə Həsənin pıçıltısını duydum: “Səndən ötrü min yol”. Çərpələng uçuran
dovşandodaq Həsən belə deyərdi.
Söyüd ağacının yanındakı skamyada oturdum. Rəhim Xanın dəstəyi asmazdan
əvvəl, lap axırda dediyi sözləri düşündüm. Yenə də yaxşı olmaq imkanı var. Göz-
lərimlə qoşa çərpələngləri axtardım. Həsəni, Babanı xatırladım. Əlini, Kabili. 1975-
ci ilin qışı gəlib hər şeyi dəyişənədək orda yaşadığım həyat gözümün önündən
keçdi... O qış ki, məni bu günə qoydu.
İKİ
Biz uşaq olanda, Həsənlə atamın evinə gedən yoldakı qovaq ağaclarına
dırmaşıb, güzgü parçası ilə pəncərələrə günəş şüasının əksini salar, qonşuları
narahat edərdik. Şalvarlarımızın cibləri tut qurusu və qozla dolu, iki uca budağın
üstündə üzbəüz oturub, yalın ayaqlarımızı aşağı sallardıq. Tut yeyə-yeyə növbə ilə
güzgü ilə oynar, gülə-gülə, qaqqıldaya-qaqqıldaya bir birimizə tut atardıq. Həsəni
indi də o ağacın üstündə təsəvvür edirəm – yarpaqların arasından süzülüb gələn
gün işığı onun demək olar ki, yupyumru çöhrəsində oynayır. Taxtadan yonulmuş
Çin kuklalarınınkına bənzər çöhrəsində yastı, geniş pərəkli burnu vardı. Qıyıq,
bambuk yarpaqlarına bənzəyən balaca gözləri işıqdan asılı olaraq, qızılı, yaşıl, hətta
hərdən firuzəyi rəngə çalırdı. Başının aşağısında yerləşmiş xırdaca qulaqları,
sonradan əlavə edilmiş ət parçası kimi üzündən pırtlayıb çıxan çənəsindəki yarığı
hələ də gözümün qabağındadır. Və əlbəttə ki, dovşan dodağı. Çinli kukla ustası
yorğunluqdan, ya da diqqətsizlikdən ehtiyatsızlıq edib sifətin düz mərkəzindən
bıçağını azca sola sürüşdürmüş olsa gərək.
Hərdən ağacın başında oturanda Həsəni dilə tuturdum ki, quşatanına qoz
qoyub qonşunun taygöz alman qoyun itinə tolazlasın. Həsən bunu etmək istəmirdi,
amma mən xahiş edəndə, əməlli-başlı xahiş edəndə, o yox deməzdi. Həsən mənə
heç vaxt yox deməmişdi. Onun quşatan atışı isə ölümcül olardı.
Həsənin atası bizi cinayət başında tutanda hirslənərdi, Əli kimi yumşaq
xasiyyətli bir adam nə qədər hirslənə bilərsə, o qədər. O, barmağını silkələyib, bizi
ağacdan aşağı salar və nə vaxtsa anasının ona dediyi sözləri təkrarlayardı:

– Şeytan da güzgü ilə işıq salır ki, müsəlmanları ibadətdən yayındırsın. – Sonra
da qaşqabaqla oğluna baxıb əlavə edərdi:
– O da bunu edəndə gülür.
– Bəli, Ata, – deyə mızıldayıb, Həsən gözünü aşağı, yalın ayaqlarına dikərdi.
Amma heç vaxt məni ələ verməzdi. Deməzdi ki, güzgü də, qonşunun itinə qoz
atmaq da həmişə mənim təşəbbüsümlə olub.
Qırmızı kərpicdən hörülmüş, bir ucu dəmirdən işlənmiş darvazaya dirənən
maşın yolunun kənarında qovaq ağacları sıralanmışdı. Bu darvaza da yolun atamın
imarətinə qədər uzanan hissəsinə açılırdı. İmarət kərpic cığırın solunda, arxa həyət
isə sonunda yerləşirdi.
Hamı razılaşırdı ki, Kabilin şimalında yerləşən yeni və zəngin rayonlardan biri
olan Vəzir Əkbər Xanda ən gözəl ev atam Babanındı. Bəlkə də, bütün Kabildə. Qı-
zılgül kolları ilə əhatələnmiş enli yol mərmər döşəməli, böyük pəncərəli geniş bir
evə aparırdı. Evdəki dörd hamamın döşəməsi Babanın öz əlləri ilə İsfahanda seçdiyi
qarışıq mozaik lövhələrlə örtülmüşdü. Divarlardan Babanın Kəlküttədən aldığı
qızılla işlənmiş qobelenlər, qübbələnmiş tavandan isə büllur çilçıraq asılmışdı.
Yuxarı mərtəbədə mənim yataq otağım, Babanın otağı, eləcə də daim tütün və
darçın qoxuyan, “qəlyanxana” hücrəsi – kabinet vardı. Baba və onun dostları Əlinin
açdığı süfrədən sonra bu hücrədə qara dəri kreslolara yayxanardılar. Onlar
qəlyanlarını doldurar – Baba buna qəlyanı kökəltmək deyərdi – və sevdikləri üç
mövzudan biri – siyasət, biznes, yaxud futbolu müzakirə edərdilər. Bəzən mən
Babadan onlarla oturmaqçün icazə istəyərdim, amma o qapını gövdəsi ilə bağlayıb:
– Get, – deyərdi. – Görürsən, böyüklər söhbət eləyir. Yeri, kitab oxu.
O qapını bağlayar, mən isə ürəyimdə “niyə o ancaq böyüklərlə söhbətə ayırır
vaxtını” deyə-deyə, bağlı qapı arxasında qalardım. Dizlərimi sinəmə sıxıb qapının
yanında yerə çökər, beləcə, onların gülüşünə, söhbətinə qulaq verə-verə bir saat,
bəzən iki saat oturardım.
Aşağıdakı qonaq otağının qövsvarı divarlarında xüsusi sifarişlə düzəlmiş
şkafların içində çərçivəyə salınmış ailə şəkilləri var idi: babamla Nadir Şahın 1931-ci
ildə, şahın qətlindən iki il əvvəl çəkdirdiyi köhnə, bozarmış şəklində ikisi də
ayaqlarında uzunboğaz çəkmə, çiyinlərində aşırma kəmər üzərində tüfəng,
ovlanmış maralın yanında dayanmışdılar. Bir az aralıda valideynlərimin toy şəkli də
vardı – Baba öz qara kostyumunda çox şıq görünür, anam isə ağ geyimdə gənc
şahzadəyə bənzəyirdi. Şəkillərdən birində Baba və onun ən yaxın dostu, iş ortağı
Rəhim Xan bizim evin qarşısında dayanıblar, heç birinin üzündə təbəssüm yoxdur –
bu şəkildə yorğun və tutqun görünən Babanın qucağındakı körpə mənəm. Babanın
qucağında olsam da, balaca barmaqlarımın sarıldığı çeçələ barmaq Rəhim
Xanınkıdır.
Qövsvarı divarın o başında yemək otağının ortasındakı qırmızı ağacdan
düzəlmiş yemək masasının başına rahatca 30 qonaq yerləşə bilərdi. Atamın qeyri-
adi qonaqlıqlar şakərini nəzərə alsaq, demək olar ki, hər həftə masanın ətrafı dolu

olurdu. Qonaq otağının bir başındakı hündür mərmər buxarı qış vaxtı həmişə
ocağın narıncı işığına boyanardı.
Geniş şüşə sürüşmə qapılar iki akr
1
sahəsi olan arxa həyətə və sıra-sıra albalı
ağacları ilə əhatələnmiş yarımdairəvi meydançaya açılırdı. Baba və Əli həyətin şərq
divarı boyunca kiçik tərəvəz bostanı düzəldib, pomidor, nanə, bibər və əslində heç
vaxt bar gətirməyən qarğıdalı əkmişdilər. Həsənlə mən ona “Qarımış qarğıdalı
divarı” deyirdik. Bağın cənubundakı yapon əzgilinin kölgəsində qulluqçuların evi –
Həsənlə atasının yaşadığı balaca, sadə palçıq daxma var idi.
1964-cü ilin qışında, anam məni doğarkən öldükdən bir il sonra Həsən bax elə
burda, bu kiçik daxmada dünyaya gəlmişdi.
Malikanədə yaşadığım on səkkiz il ərzində mən Həsənlə Əlinin olduğu tərəfə
cəmi bir neçə dəfə ayaq basmışam. Günəş təpələrin arxasında gizlənəndə və biz
oynamaqdan doyanda Həsənlə yollarımız ayrılardı. Mən qızılgül kollarının arası ilə
Babanın imarətinə, Həsən isə doğulduğu və bütün ömrünü yaşadığı palçıq
daxmaya gedərdi. Bu daxma təmiz, boş bir cüt kerosin lampası ilə yüngülcə
işıqlandırılan yer kimi yadımda qalıb. Otaqda hər divarın dibində bir döşək
qoyulmuşdu, onların arasında kənarları köhnəlib süzülmüş əldə toxunma Herat
palazının üstündə üç ayaqlı stul, küncdə isə Həsənin şəkil çəkdiyi taxta stol var idi.
Çılpaq divarların yeganə bəzəyi üzərində tikişlə “Allahu-Əkbər” sözləri işlənmiş
qobelen idi. Baba onu Əli üçün Məşhəd səfərlərindən birində almışdı.
Həsənin anası Sənubər onu 1964-cü ilin soyuq bir qış günü elə bu balaca
daxmada doğmuşdu. Mənim anam doğuş zamanı qanaxmadan ölmüş, Həsən isə
anasını doğulandan bir həftə keçməmiş itirmişdi. Onun anasız qalmasının səbəbini
əfqanların çoxu ölümdən betər sayardı: Sənubər köçəri müğənni və rəqqaslara
qoşulub qaçmışdı.
Həsən anası haqqında heç danışmazdı, sanki, o heç zaman mövcud
olmayıbmış. Anasını arzulayıb-arzulamadığı, onun kimə bənzədiyini, harda
olduğunu düşünüb-düşünmədiyi məni çox maraqlandırırdı. Görəsən, o, anası ilə
görüşmək istəyirdimi? Mən heç zaman görmədiyim anamın acısını çəkdiyim kimi o
da anasının acısını çəkirdimi? Bir gün biz atamın evindən yeni İran filminə baxmaq
üçün İstiqlal orta məktəbinin yanındakı hərbi barakların içi ilə Cinema Zeynəb
kinoteatrına gedirdik. Baba bizə bu kəsə yolla getməyi qadağan etmişdi, amma
həmin gün o, Rəhim xanla birgə Pakistanda idi. Biz barakların ətrafındakı hasarı
aşdıq, balaca bulağın üstündən atladıq və köhnə, atılmış tankların toz yığdığı açıq,
çirkli sahəyə gəlib çıxdıq. Tanklardan birinin kölgəsində bir qrup əsgər toplaşıb,
siqaret çəkir, kart oynayırdı. Onlardan biri bizi görəndə, yanındakı əsgəri dümsük-
ləyib, Həsəni çağırdı.
– Ey, oğlan! Mən səni tanıyıram.
Biz onu birinci dəfə idi ki, görürdük. Başı daz qırxılmış, cod qara saqqallı,
enlikürək kişi idi. Bizə altdan-altdan kinayəli təbəssümlə baxması məni qorxutdu.
“Yoluna davam elə”, – Həsənə pıçıldadım.

– Eşitmirsən?! Həzara
2
! Səninlə danışanda üzümə bax! – deyə əsgər çımxırdı.
O, əlindəki siqareti yanındakı oğlana verib, baş və şəhadət barmaqlarından bir
dairə düzəltdi. O biri əlinin orta barmağını həmin dairənin içərisinə soxdu, çıxartdı,
soxdu, çıxartdı.
– Mən sənin ananı tanıyırdım, bunu bilirdin? Mən onu çox yaxşı tanıyırdım. Elə
bu bulağın yanında onu altıma almışdım.
Əsgərlər güldü. Onlardan birindən zingiltiyə bənzəyən səs çıxdı. Mən Həsənə
dedim ki, fikir verməsin, yoluna davam etsin.
– Əcəb şirin, dar mamışı vardı, – deyə irişən əsgər, göz vurub, yanındakının
əlinə vurdu.
Sonra, qaranlıqda film başlayandan sonra, yanımda Həsənin içini çəkməsini
eşitdim. Göz yaşları yanaqlarından aşağı süzülürdü. Oturacağımdan dartıldım, qo-
lumu Həsənin boynuna dolayıb, özümə tərəf çəkdim. O, başını mənim çiynimə
qoydu.
– Kiminləsə səhv salmışdı, – pıçıldadım. – O səni başqası ilə səhv salmışdı.
Deyilənlərə görə, Sənubər qoşulub qaçanda heç kim təəccüblənməyibmiş.
Əksinə, Quran hafizi olan Əli özündən on doqquz yaş cavan, gözəl, amma o qədər
də yaxşı ad çıxarmayan, haqqında söz-söhbət gəzən Sənubərlə evlənəndə hamının
əli üzündə qalmışdı. Əli kimi onun da məzhəbi şiə, milləti həzara idi. Əlinin əmisi
qızı olduğundan evlənmələri təbii qarşılanmalı idi. Amma bu sadaladıqlarımdan
kənarda Əli və Sənubəri birləşdirən çox az cəhət vardı, xarici görünüşləri isə lap
fərqli idi. Sənubərin parıldayan yaşıl gözləri və şıltaq üzü, şayiələrə inansaq, saysız-
hesabsız kişiləri günaha batırmışdı. Əlinin isə üzünün aşağı hissəsindəki əzələlər
anadangəlmə iflic olduğundan o, gülümsəmək qabiliyyətini itirmişdi və daim
kədərli siması vardı. Daş sifətli Əlinin xoşbəxt, yaxud məyus olduğunu sezmək çətin
olurdu, çünki onun yalnız qıyıq qəhvəyi gözləri təbəssümlə işıqlanar, ya da kədər-
dən dolardı. Deyirlər ki, gözlər insanın ruhuna açılan pəncərədir. Hisslərini yalnız
gözləri ilə ifadə etdiyindən Əli bu deyimin ən bariz misalı idi.
Eşitmişdim ki, Sənubərin cəzbedici yerişi və yırğalanan yanları kişiləri çirkin
xəyallara sövq edərmiş. Əlininsə keçirdiyi poliomielit xəstəliyi onun sağ ayağını ta-
mamilə qurutmuş, sümüklə saralmış dəri arasında kağız qalınlığında əzələdən
başqa bir şey qoymamışdı. Xatırlayıram, bir gün, səkkiz yaşım olanda Əli məni bir
az naan
3
almaq üçün bazara aparırdı. Onun arxasınca gedə-gedə yerişini
yamsılamağa çalışırdım. Əlinin çöp kimi qurumuş ayağını sallayıb yer süpürürmüş
kimi yarımdairələrlə sürüməsini, hər dəfə həmin ayağını yerə basanda bütün
bədəninin son dərəcə sağa əyilməsini təqlid edirdim. Yıxılmadan atdığı hər addım
bir kiçik möcüzə idi. Onu yamsılamağa çalışanda az qala çirkab gölməçəsinə
yıxılmışdım. Öz hərəkətlərimə pıqqıldamağıma geri çevrilən Əli onu yamsıladığımı
gördü. Heç nə demədi. Nə o zaman, nə də ondan sonra. Sadəcə, yoluna davam
elədi.

Əlinin sifəti və yerişi qonşuluqdakı bəzi uşaqları qorxudardı. Amma əsas
problem bir az böyük uşaqlar idi. Onlar küçədə Əlinin arxasınca düşər, onun sən-
dələyə-səndələyə gəzməyini yamsılayardılar. Bəziləri onu Babalu – qulyabanı
çağırardılar. “Ey, Babalu, bu gün kimi yemisən?” deyə qışqıranların səsi gülənlərin
xoruna qarışardı.
– Bu gün kimi yemisən, yastı burun Babalu? – sədaları kəsilməzdi.
Uşaqlar Əli və Həsənin həzaralara məxsus monqoloid üz cizgilərinə görə
onlara “yastıburun” deyirdilər. İllər boyu mənim həzaralar barədə bildiyim elə bu
idi ki, onların nəsli moğollardan gəlirdi və bir az da çinlilərə bənzəyirdilər. Məktəb
kitablarında onlar haqqında, demək olar ki, heç nə yazılmamışdı, əsil-kökləri
barədə isə çox səthi məlumat vardı. Günlərin bir günü Babanın kabinetində
qurdalananda anamın köhnə tarix kitablarından birini tapdım. Müəllifi Xorəmi adlı
bir iranlı idi. Kitabın üstündən tozu üfürdüm, onu həmin gecə özümlə gizlicə yatağa
apardım. Kitabda həzaraların tarixinə həsr olunmuş tam bir bölmə tapmağıma
heyrətlənmişdim. Həsənin xalqına həsr olunmuş tam bir bölmə! Burda oxudum ki,
mənim xalqım – puştular həzaraları təqibə və basqıya məruz qoymuşdular. Ya-
zılmışdı ki, 19-cu əsrdə həzaralar puştulara qarşı üsyana cəhd etmiş, lakin puştular
“üsyanı deyilməyəcək zorakılıqla yatırmışdılar”. Kitabda deyilirdi ki, mənim xalqım
həzaraları qırıb, torpaqlarından didərgin salıb, evlərini yandırıb, qadınlarını isə
satıblar. Kitabda o da deyilirdi ki, puştuların həzaraları təqib etməsinin səbəbi
puştuların sünni müsəlman, həzaraların isə şiə olması idi. Burda mən bilmədiyim,
müəllimlərimin heç vaxt demədiyi çox şey yazılmışdı. Babanın da heç vaxt de-
mədiyi şeylər... Bildiklərim də vardı, məsələn, insanların həzaraları siçanyeyən,
yastıburun, eşşək çağırması. Mən qonşuluqda bəzi uşaqların Həsənə bu sözləri
qışqırdıqlarını eşitmişdim.
Bir həftə sonra dərslər bitəndə mən kitabı və həzaralar haqqında bölməni
müəllimimə göstərdim. O, bir neçə səhifəyə göz gəzdirib, güldü və kitabı geri qay-
tardı. Kağızlarını yığa-yığa:
– Şiələr bunu yaxşı bacarırlar – özlərini qurban kimi təqdim etməyi... – dedi.
O “şiə” sözünü deyəndə üzünü turşutdu – elə bil ki, hansısa xəstəlikdən
danışırdı.
Amma eyni millətdən, hətta eyni ailədən və qandan olmasına baxmayaraq,
Sənubər də qonşu uşaqlar kimi Əlini lağa qoyardı. Eşitdiyimə görə, o, ərinin xarici
görünüşünü bəyənmədiyini heç kimdən gizlətmirdi.
– Bu da ərdi? – deyə o rişxənd edərdi. – Bundansa qoca eşşəkdən daha yaxşı
ər çıxardı.
Çox adam şübhələnirdi ki, bu izdivac Əli və onun əmisi – Sənubərin atası
arasında bir növ sövdələşmədi. Deyilənə görə, beş yaşından yetim qalmış və heç
bir irsi, malı olmayan Əli əmisini biabırçılıqdan qurtarmaq, namusunu bərpa etmək
üçün bu qızla evlənmişdi.

Əli onu lağa qoyanlara heç vaxt cavab verməzdi. Məncə, həm də ona görə ki,
arxasınca sürüdüyü qurumuş ayağı ilə onları qovsa da, çata bilməzdi. Amma əsa-
sən ona görə ki, onu incidənlərə qarşı immuniteti vardı Əlinin: Sənubər Həsəni
doğanda Əli elə bil öz sevincini, padzəhrini tapmış oldu. Hər şey çox sadə idi. Nə
mama həkimi vardı, nə anestezioloq, nə də bahalı müayinə aparatları. Sənubər Əli
ilə birgə ləkəli, üzsüz döşəkdə uzanmışdı, mamaça da ona kömək edirdi. Zahının
ciddi köməyə ehtiyacı da yox idi, çünki hətta doğulanda da Həsən öz təbiətinə
sadiq idi – o heç kimi incidə, ağrıda bilməzdi. Bir az deyinmə, bir az gücənmə və
Həsən işığa çıxdı. O dünyaya təbəssümlə gəldi. Boşboğaz mamaçanın qonşunun
qulluqçusuna, onun da öz növbəsində qulağı olan hər kəsə dediklərinə görə,
Sənubər Əlinin qucağındakı körpəyə gözünün ucu ilə baxıb, onun dovşan dodağını
görəndən sonra acı-acı qəhqəhə çəkibmiş.
– Al, – deyibmiş. – İndi sənin əvəzinə həmişə dişini ağardacaq ağıldankəm
uşağın da var. – O, Həsəni qucağına belə almaqdan imtina elədi və doğuşdan beşcə
gün sonra çıxıb getdi.
Baba mənə süd vermiş dayəni Həsənə də süd vermək üçün evə gətirdi. Əli
deyirdi ki, o, nəhəng Budda abidələrinin şəhəri – Bamiyandan gəlmiş mavi gözlü
həzara qadın idi.
– Əcəb şirin oxumağı vardı, – deyə Əli xatırlardı.
Həsən və mən həmişə qadının bizə nə oxuduğunu soruşardıq, hərçənd ki,
sualın cavabını bilirdik – Əli bunu bizə dəfələrlə demişdi. Biz, sadəcə, Əlinin oxu-
mağını eşitmək istəyirdik.
O, boğazını arıtlayıb başlayardı:
Uca dağ başında durmuşdum,
Allahın aslanı Əlini çağırdım
Ay Əli, Allahın şiri, insanların şahı
Bizim kədərli ürəyimizə bir sevinc gətir.
Sonra o bizə xatırladardı ki, bir döşdən süd içən adamlar arasında qardaşlıq
olur və bu qohumluğu zaman belə qıra bilmir.
Həsənlə mən eyni qadının südünü içmişdik, biz ilk addımımızı eyni həyətdə,
eyni çəmənlikdə atmışdıq. Həyatımızdakı ilk sözləri də bir damın altında demişdik.
Mənim ilk sözüm Baba idi.
Onunku – Əmir – mənim adım.
İndi o günlərə baxanda anlayıram ki, 1975-ci ilin qışında və ondan sonra baş
verənlərin əsası elə bu ilk sözlərlə qoyulubmuş.

1 Akr – təqribən 0,4 hektara bərabər sahə ölçü vahidi.
2 Həzara – həzaralar, yaxud xəzərlər (və ya xəzərlilər). Əfqanıstanda yaşayan
türksoylu köçəri xalq. Məzhəbləri şiəlikdir.
3 Naan – təndirdə bişən, lavaşdan azacıq qalın çörək.
ÜÇ
Danışırlar ki, atam Bəlucistandaykən yalın əllərlə Himalay ayısıynan
güləşibmiş. Əgər bu söhbət atam deyil, başqa birisi haqqında olsaydı, boşlayardılar
ki, “laaf”dır
4
– əfqanların hər şeyi şişirtmə adəti, təəssüf ki, milli azara çevrilmişdi;
əgər kimsə oğlunun həkim olduğunu deyib lovğalanırdısa, demək, ən böyük ehti-
malla onun oğlu bir dəfə məktəbdə biologiya testindən keçmiş olmalı. Amma heç
kəs Baba haqqında deyilən hər hansı sözün həqiqiliyinə şübhə etməzdi. Əgər kimsə
şübhə etsəydi belə, Babanın kürəyində belinə doğru uzanan üç caynağın buraxdığı
paralel, kələ-kötür cırmaq izi şübhələrə yaxşı cavab idi. Mən Babanın ayı ilə gü-
ləşini dəfələrlə təsəvvürümdə canlandırmışdım, bu, hətta yuxuma da girirdi. Amma
bu yuxularda mən güləşənlərin hansının ayı, hansının Baba olduğunu ayırd eləyə
bilməmişdim.
Babanın sonradan dillərdə gəzən təxəllüsünə çevrilmiş adı –Tufan ağa adını da
ilk dəfə Rəhim Xan demişdi. Bu ləqəb çox dəqiq verilmişdi. Atam fövqəladə gücə
malik, qəzəbli Puştu kişisi idi – özü kimi ipə-sapa yatmaz qəhvəyi, cod, qalın
saqqalı, söyüd ağacını kökündən qopara biləcək qədər güclü görünən əlləri və qara
gözlərinin, Rəhim xanın dediyi kimi, “şeytanı diz üstə çökdürüb, aman dilətdirəcək”
baxışı var idi. Qonaqlıqlarda, onun iki metrlik qaməti otağa daxil olanda
günəbaxanlar günəşə dönən kimi adamların gözü də ona tərəf çevrilərdi.
Hətta yatanda belə, Babaya məhəl qoymamaq mümkün deyildi. Mən
qulağıma pambıq tıxar, yorğanı başıma çəkərdim, amma yenə də Babanın traktor
mühərrikinin gurultusuna oxşayan xoruldaması divarı dəlib qulağıma çatardı.
Halbuki yataq otaqlarımız üst mərtəbənin müxtəlif başlarında idi. Anam onunla bir
otaqda necə yatırmış, görəsən? Nə zamansa anamı görmək imkanım olsa, ondan
soruşacaqlarımın uzun siyahısında bu sual da var idi.
1960-cı illərin sonunda, mənim beş, ya altı yaşım olardı, Baba yetimxana
tikməyə qərar verdi. Bu məsələni Rəhim Xandan eşitdim. Heç bir memarlıq
təcrübəsi olmasa da, Baba uşaq evinin layihəsini də özü çəkibmiş. Ona deyirlərmiş
ki, axmaqlıq eləməsin və memar tutsun. Əlbəttə ki, Baba öz bildiyi kimi elədi və

hamı onun inadkarlığı qarşısında acizliyini başını bulamaqla bildirirdi. Sonra Baba
bu işi də bacardı – yenə hamı başını buladı, amma bu dəfə onun qələbəsinə
heyranlıqla. Beləcə Kabil çayının cənubunda, Meyvənd küçəsinin əsas zolağının düz
kənarında ikimərtəbəli yetimxananın tikintisinə sifariş verildi. Rəhim Xanın
dediyinə görə, Baba bütün layihənin pulunu özü veribmiş – mühəndislərə, elektrik-
lərə, çilingərlərə, fəhlələrə, hətta “bığlarının yağlanmasına ehtiyac olan” şəhər

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin