dayandım və üzümü çevirdim. Yuxarı baxıb, gülümsədim. Yüksəklikdə mənim
çərpələngim saat kəfgiri kimi sağa-sola rəqs edir, Kabilin qış səhərlərini yadıma
salan uçan kağız quşların səsini çıxarırdı. İyirmi beş il idi ki, çərpələng
uçurmamışdım, amma yenə də özümü on iki yaşında hiss edir, köhnə instinktlər
məni ağuşuna alırdı.
Yanımda birisinin dayandığını hiss edib, aşağı baxdım. Söhrab idi. Əllərini
plaşın ciblərinə daha da dərinə gizlətmişdi. Ardımca gəlirdi.
– Sınamaq istəyirsən? – deyə soruşdum. Heç nə demədi. Amma mən ipi onun
üçün çıxaranda, o da əlini cibindən çıxarmışdı. Tərəddüd elədi. Sonra çərpələngin
ipini əlinə aldı. Boş buraxılmış ipi yığmaq üçün kələfi fırladanda ürəyim tez-tez
döyünməyə başladı. Biz sakitcə yan-yana dayanmışdıq. Boyunlarımız yuxarı
yönəlmişdi.
Ətrafımızda uşaqlar qaçdı-tutdu oynayırdı. Kimsə indi də hind filminin
saundtrekini dinləyirdi. Bir sıra yaşlı kişi torpaq üstə sərilmiş müşəmbə üzərində
namaz qılırdılar. Yaş ot, ocaq tüstüsü və kabab ətri havaya dolmuşdu. Kaş ki,
zamanı durdura biləydim. Sonra gördüm ki, tək deyilik. Yaşıl çərpələng yaxınlaşırdı.
İpi izləyib, çərpələngi bizdən otuz addım o tərəfdə dayanan uşağın idarə etdiyini
gördüm. Saçları “yarımboks” qırxılmış oğlanın əynindəki t-shirtün yaxasında qara
böyük hərflərlə THE ROCK RULES sözləri yazılmışdı. Ona baxdığımı görüb,
gülümsədi. Əlini yelləyib, salamladı. Mən də ona əl yellədim. Söhrab ipi mənə
verirdi.
– Əminsən? – deyib, götürdüm.
O, ipi qaytarıb, kələfi əlimdən aldı.
– Okey, – dedim. – Nə deyirsən, bəlkə, bu çərpələngin dərsini verək?
Söhraba baxdım. Gözlərindəki boş, işıqsız ifadə, şüşə effekti yox idi. Canlanmış
gözləri bizim çərpələnglə yaşıl çərpələng arasında gəzirdi.
Üzü bir az qızarmış, gözləri alışmışdı. Oyaq idi. Canlıydı. Axı heç nəyə
baxmayaraq, o yenə də uşaq idi. Bunu necə unuda bilərdim?
Yaşıl çərpələng hərəkət edirdi.
– Gəl gözləyək, – dedim. – Onun bir az yaxınlaşmasına imkan verək.
Rəqib iki dəfə aşağı dalıb, bizə tərəf üz tutdu.
– Gəl, yaxına gəl, – dedim.
Yaşıl çərpələng bir az da yaxınlaşdı, indi ona hazırladığımız tələdən tam
xəbərsiz, bir az da bizim çərpələngdən yuxarıda süzürdü.
– Bax, Söhrab, indi sənə atanın sevimli fəndlərindən birini – qaldır-daldır
fəndini göstərəcəyəm.
Söhrab yanımda burnundan sürətlə nəfəs alırdı. Kələf onun balaca ovuclarında
fırlanır, yaralı biləyindəki vətərlər rübab simlərini xatırladırdı. Gözümü qırpdım, bir
an üçün kələfi tutan ovuclar gözümə dovşandodaq oğlanın dırnaqları yeyilmiş,
qabarlı-döyənəkli əlləri kimi göründü. Sonra hardasa qarğa qarıltısı eşidib, yuxarı
baxdım. Park təzə, gözqamaşdıracaq dərəcədə parlaq ağ rəngdə qara
bürünmüşdü. Qar ağ yüklü ağacların budaqlarından səssizcə yerə düşürdü.
Burnuma şalğam qovurmasının, tut qurusunun qoxusu gəldi. Hardasa yandırılan
portağal qabığının turş ətri ağac kəpəyi və qoz qabıqlarının qoxusuna qarışırdı. Qar
səsi batıraraq qulaqbatıran sükuta qərq etmişdi hər yeri. Sonra uzaqdan, bu
səssizliyin içindən bir səs bizi evə çağırırdı. Sağ ayağını çəkən adamın səsi.
Yaşıl çərpələng düz bizimkinin üstündə idi.
– Birbaşa tələyə düşür. İndicə məqamıdı, – dedikcə, gah Söhraba, gah da bizim
çərpələngə baxırdım.
Yaşıl rəqib tərəddüdlü görünürdü. İstiqamətini düzəldib aşağı daldı.
– Budur gəldi, – dedim.
Fəndi mükəmməl işlətmişdim. Bunca ildən sonra köhnə qaldır-daldır fəndi.
Əlimi boşaldıb, sonra ipi çəkdim, yaşıl çərpələngi havada gah batırıb, gah da üzü-
yuxarı yönəldirdim. Əlimin kənarı ilə bir neçə dəfə ipi dartmaqla çərpələngi saat
əqrəbinin əleyhinə dairəvi hərəkətlərlə süzdürürdüm. Birdən-birə rəqib çərpələn-
gin üstünə qalxdım. Yaşıl indi küy içində ora-bura vurnuxurdu. Amma çox gec idi.
Artıq Həsənin fəndi ilə onu ilişdirmişdim. İpi tarım çəkdim və çərpələng şahə
qalxdı. Bizim ipin onun çərpələngini doğramasını az qala hiss edirdim. Taxta
çərçivənin şaqqıltısını da, sanki, eşidirdim.
Sonra, elə buna bəndmiş kimi, çərpələng fırlana-fırlana nəzarətdən çıxdı.
Arxamızdakı adamlar alqışlayırdı. Kimi fit, kimi əl çalırdı. Mən nəfəsimi dərə
bilmirdim. Son dəfə belə həyəcanı 1975-ci ilin qışında, son çərpələngi kəsəndən
sonra Babanın damdan əl çalıb, məni alqışladığını görəndə keçirmişdim.
Söhraba baxdım. Ağzının küncündə dodaqları azacıq qaçmışdı.
Təbəssüm.
Boynunu büküb gülümsəyirdi.
Azacıq. Amma gülümsəyirdi.
Arxamızda uşaqlar yerindən götürülmüşdü. Bir dəstə çərpələng uçuran,
qışqırışaraq, ağacların başı üstündə nəzarətsiz fırlanan çərpələngi izləyirdi.
Gözümü yumub açdım. Təbəssüm artıq yox idi. Amma o gülümsəmişdi. Mən onu
görmüşdüm.
– İstəyirsən, o çərpələngi sənin üçün tutum?
Qırtlağının qalxıb enməsindən udqunduğunu güman etdim. Külək saçlarını
sığallayırdı. Mənə elə gəldi ki, o başı ilə təsdiqlədi.
– Səndən ötrü min yol, – dediyimi eşitdim.
Sonra çevrilib, qaçdım.
Bu, sadəcə, bir təbəssüm idi, başqa heç nə. Bu, hər şeyi yoluna qoymayacaqdı.
Bu, heç nəyi yoluna qoymamışdı. Sadəcə bir təbəssüm. Bir zərrəcik. Meşədə
ağacdan havaya uçan quşun qanadlarından titrəyən bir yarpaq kimi.
Amma mənə bu da qənimətdi. Qollarımı açıb, qəbul edirəm. Çünki yaz
gələndə qar dənəcikləri bir-bir əriyir. Ola bilsin ki, indi də mən ilk qar dənəciyinin
əridiyini görürdüm.
Qaçdım. Yekə kişi bir dəstə qışqıran uşağın yanına düşüb qaçırdı. Amma
mənim vecimə deyildi. Qaçırdım. Külək üzümə çırpılırdı, dodaqlarımdakı
təbəssümsə Pəncşir vadisindən də böyükdü.
Mən qaçırdım.
43 Dan Rather və Tom Brokaw - Amerikanın məşhur telejurnalistləri, CBS və
NBC telekanallarının aparıcıları
XALİD HÜSEYNİ
Xalid Hüseyni (1965-ci il, 4 mart) — əfqan əsilli Amerika yazıçısıdır.
1980-ci ildə Amerikada siyasi sığınacaq almış əfqan diplomatının oğludur.
San-Diyeqoda Kaliforniya universitetinin tibb fakültəsini bitirib. “Çərpələng
uçuran” adlı (ing. The Kite Runner) ilk kitabının nəşri ilə məşhurlaşıb və “Oxucu
seçimi 2007” mükafatını qazanıb. Əsərə eyni adlı film çəkilib.
2003-cü ildə nəşr edilmiş “Çərpələng uçuran” romanı dünyanın bir çox
ölkələrində çap edilərək, ən çox satılan kitablardan biri olub. İkinci romanı “Min
möhtəşəm günəş” 2007-ci ildə satışa buraxılıb.
Dostları ilə paylaş: |