Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
içində barmaqlarını sürüşdürüb, barmaqlarıma daraqladı. Həmin o Polaroid
şəkildəki Söhrab idi, qolu Həsənin ayağına sarınmış, başı atasının buduna
söykənmiş uşaq. Həmin şəkildə ikisi də gülümsəyirdi. Biz otağın bu başından o
başına keçdikcə, zınqırovlar səs salırdı.
Ancaq qapıya qədər gedib çata bildik.
– Əlbəttə, – arxamızdan Asif səsləndi. – Mən demədim ki, sən onu havayı
götürəcəksən.
Geri çevrildim.
– Nə istəyirsən?
– Onu qazanmalısan.
– Nə istəyirsən?

– Bizim səninlə bir çözülməmiş hesabımız qalıb. Yadındadır? Unutmayıbsan ki?
Nahaq narahat olurdu. Mən Davud Xanın şahı devirdiyi o günü heç vaxt
unutmaram. Ondan sonrakı bütün həyatım boyu Davud Xanın adını hər eşidəndə
gözümün qarşısına quşatanını Asifin üzünə tuşlamış Həsən gəlir, xatirəmdə onun
Asifi “bunu atsam, səni qulaqyeyən – Qoşxor yox, təkgöz Asif çağıracaqlar” deyə
hədələməsi canlanırdı. Həsənin cəsarətinə necə paxıllıq etdiyimi də xatırlayıram.
Asif geri oturdulmuşdu, amma söz vermişdi ki, ikimizdən də intiqamını alacaq.
Həsəndən heyfini çıxa bilmişdi. Görünür, indi də mənim növbəm idi.
– Yaxşı, – dedim. Başqa nə deyəcəyimi bilmirdim. Yalvarmayacaqdım, çünki
belədə o, daha çox həzz alacaqdı bu məqamdan.
Asif keşikçiləri otağa çağırdı.
– Qulaq asın mənə, – dedi. – Bir neçə an sonra mən qapını bağlayacam. Sonra
bu adamla mən keçmiş haqq-hesabımızı çürüdəcəyik. Nə eşitməyinizdən asılı
olmayaraq, içəri girməyin! Eşitdiniz məni? İçəri girməyin.
Keşikçilər başını tərpətdi. Asifə, sonra mənə baxdılar.
– Baş üstə, Ağa sahib.
– Hər şey bitdikdən sonra ikimizdən birimiz bu otaqdan sağ çıxacaq, – dedi
Asif. – Əgər bu odursa, qoyun getsin, o azadlığını qazandı. Anladınız?
Yaşlı keşikçi boynunu uzatdı.
– Amma, ağa sahib....
– Əgər o çıxsa, onu buraxacaqsınız, – Asif qışqırdı. Keşikçilərin ikisi də diksindi,
amma yenə də başları ilə əmri anladıqlarını təsdiqlədilər. Çevrilib otaqdan çıxmaq
istəyəndə onlardan biri əlini Söhraba tərəf uzatdı.
– Qoyun qalsın, – Asif dedi və irişdi. – Qoyun baxsın. Belə dərslərin oğlan
uşaqlarına faydası var.
Keşikçilər otaqdan çıxdı. Asif təsbehini yerə qoydu. Əlini qara jiletinin döş
cibinə uzatdı. Ordan çıxartdığı əşya məni heç təəccübləndirmədi. Paslanmayan
metaldan beşbarmaq idi.
ONUN SAÇLARINDA GEL və dodağının üstündə Klark Geybl
40
üslubunda nazik
bığ var. Gel yaşıl bibər rəngli cərrah papağına hopub, üzərində Afrika qitəsi
formasında iz buraxıb. Bu yadımdadır. Bir də ki, onun tünd dərili boğazında qızıl
Allah yazılı zəncir. O, mənə diqqətlə baxır, anlamadığım bir dildə – deyəsən,
urduca – tez-tez danışır. Gözlərim onun qırtlağında ilişib. Adəm alması yuxarı-aşağı
tərpənir və mən ondan yaşını soruşmaq istəyirəm – çox gənc görünür və hansısa
xarici serialın qəhrəmanına oxşayır. Amma mən sual vermirəm, elə hey təkrar
edirəm: – Məncə, onunla yaxşıca döyüşdüm.
Məncə, onunla yaxşıca döyüşdüm.
BİLMİRƏM, ASİFİN DƏRSİNİ, doğrudan da verə bildimmi. Məncə yox. Necə edə
bilərdim axı bunu? Bu, mənim həyatımda ilk davam idi. Həyatım boyu heç kimə
yumruq belə atmamışdım.

Asiflə davanın bəzi hissələri olduqca aydın şəkildə yadımda idi. Asifin
beşbarmağı əlinə taxana qədər musiqi yandırması yadımdadır. Girərkən diqqətimi
çəkən, üzərində uzunsov Məkkə şəkli olan namaz xalçası hansısa məqamda
divardan qırılıb, başıma düşdü. Onun tozu məni asqırtdı. Asifin üzüm dənələrini
sifətimə sürtməsi, nərildəyəndə tüpürcəkdən parıldayan dişləri və bərəlmiş qan
çanağı gözləri yadımdadır. Davanın ortasında onun çalması düşdü, çiyninə qədər
uzanan sarışın saçları töküldü.
Və son, əlbəttə ki. Bunu mən açıq-aydın xatırlayıram. Ömrümün sonuna qədər
də xatırlayacam.
Əsasən yadımda olan budur: Beşbarmağın axşamçağı günəşinin işığında
parıltısı; ilk zərbələrdə onun soyuqluğu və bir neçə saniyə içində qanımın istisindən
qızması. Məni divara çırpması, vaxtilə, ola bilsin ki, şəkil asılmış mismarın kürəyimə
sancılması. Söhrabın qışqırığı. Tabla, qarmon, dilrüba səsi. Yenə divara çırpılmağım.
Beşbarmağın çənəmi əzməsi. Dişlərimin qarnıma getməsi, onları udmağım, onları
təmizləmək və fırçalamaq üçün ömrüm boyu nə qədər vaxt sərf etdiyimi
düşünməm. Yenə divara çırpılmağım. Döşəmədə uzanmağım, parçalanmış üst
dodağımdan axan qanın açıq bənövşəyi xalçada ləkə qoyması, belimdən qopan
ağrı və bir daha nəfəs alıb-almayacağımı düşünməyim. Qabırğalarım sınarkən
vaxtilə Həsənlə Sindbad haqqında köhnə filmlərdəki döyüş səhnələrini yamsılamaq
üçün qılınc düzəldəndə qırdığımız budaqların səsini çıxarması. Söhrabın yenə
qışqırması. Üzümün bir tərəfinin televizor altlığının küncünə dəyməsi. Yenə budaq
qırılması səsi, amma bu dəfə sol gözümün altından. Musiqi. Söhrabın qışqırması.
Saçlarımı çəngələyən barmaqların başımı geri dartması, paslanmaz metalın
parıltısı. Budur gəldi. Yenə budaq şaqqıltısı, amma bu dəfə burnumda. Ağrıdan
yerə yıxılanda dişlərimin əvvəlki kimi düzülmədiyinin fərqinə varmağım. Təpik-
lənməyim. Söhrabın qışqırması.
Bilmirəm, hansı məqamda gülməyə başladım, amma belə oldu. Gülmək də
ağrılı idi – çənəm, qabırğam, boğazım ağrıyırdı. Amma mən gülür, hey gülürdüm.
Daha bərkdən güldükcə ondan daha möhkəm zərbələr gəlirdi. Daha möhkəm
yumruqlayır, cırmaqlayırdı.
“GÜLMƏLİ NƏ VAR?” deyə bağırırdı. Tüpürcəyi gözümə düşdü. Söhrab bir
daha qışqırdı.
“GÜLMƏLİ NƏ VAR?” Asif yenə qışqırdı. Daha bir qabırğa şaqqıldadı. Bu dəfə
sol aşağı qabırğalardan biriydi. Gülməli olan o idi ki, 1975-ci ilin qışından bəri ilk
dəfə mən rahatlıq hiss edirdim. Gülürdüm, çünki şüurumun hansısa kiçicik bir
guşəsində bu məqamın gəlməsini arzuladığımı görürdüm. O zaman təpənin
üstündə Həsənə nar atıb onu davaya çəkməyə çalışdığımı xatırladım. O isə heç nə
etmədən, eləcə dayanıb, qırmızı nar şirəsinin onun köynəyindən qan kimi
axmasına baxmış, heç nə etməmişdi. Sonra narın birini əlimdən almış, alnına çırpıb
parçalamışdı. “Razı qaldın? Rahatlandın?”,– deyə qışqırmışdı. Mənsə nə razı
qalmış, nə də rahatlanmışdım o zaman. Zərrə qədər də. İndi isə rahatlıq gəlmişdi.

Mənim cismim sınmışdı – necə pis zərbə aldığımdan yalnız sonra xəbər tutdum –
amma ruhum sağalmışdı. Nəhayət ki. Gülürdüm.
Və son. Bu səhnəni özümlə qəbrə aparacam.
Mən yerdə gülürdüm. Asif mənim sinəmin üstündə oturmuşdu, tamamilə
anlaqsız sifətindən sallanan saqqalı üzümdən cəmi bir neçə millimetr aralıda
sallanırdı. Bir əli boğazımda düyünlənmiş, o biri, beşbarmaq geydiyi əli isə çiyni
səviyyəsində idi. Düyünlənmiş yumruq növbəti zərbə üçün yuxarı qaldırılmışdı. O,
yumruğunu hər dəfə daha yuxarı qaldırırdı.
Sonra “Bəsdir” sözlərini eşitdik. Nazik səslə deyilmişdi.
İkimiz də boylandıq.
– Xahiş edirəm, etməyin daha.
Yetimxana direktorunun Fəridlə mənə dediyi sözləri xatırladım. Adı nə idi?
Zaman? Demişdi ki, uşaq o alətdən ayrılmır. Hara getsə, onu da şalvarının
kəmərinə taxar, demişdi.
– Bəsdi.
Sürmə qarışıq göz yaşları yanaqlarında üzüaşağı süzülür, qırmızı boya ilə
qarışırdı. Alt dodağı əsir, burnunun seliyi axırdı. “Bəsdi”,– dedi.
Əli çiynindən yuxarıda quşatanın elastik rezinlə bərkidilmiş çanağını tutmuş,
onu sona qədər gərmişdi. Çanağın içində nəsə sarı, parıltılı bir şey vardı. Gözlə-
rimdən qanı silib, bunun masanın ayaqlarını bərkidən halqa olduğunu gördüm.
Söhrab quşatanı Asifin üzünə tuşlamışdı.
– Daha eləməyin, Ağa, xahiş edirəm, – dedi. Səsi xırıldayır və əsirdi. – Onu
incitməyin.
Asifin ağzı tərpəndi, amma söz çıxmadı. Sanki, nəsə demək istəmiş amma vaz
keçmişdi. Handan-hana “sən nə etdiyini düşünürsən?”– dedi.
– Xahiş edirəm, dayanın, – dedi Söhrab. Yaşıl gözlərinə dolan yaş sürmə ilə
qarışırdı.
– Qoy onu yerə, Həzara. – Asif fısıldadı. – Yerə qoy, yoxsa buna etdiyim sənə
edəcəyimin yanında yüngül qulaqburması olacaq.
Göz yaşları axdı. Söhrab başını buladı.
– Xahiş edirəm, Ağa, – dedi. – Dayanın.
– Qoy onu yerə.
– Onu incitməyin.
– Yerə qoy.
– Xahiş edirəm.
– YERƏ QOY!
– YERƏ QOY! – Asif boğazımı buraxıb, Söhraba bağırdı.
Söhrab əlini açanda quşatanın vıyıltısını eşitdim. Sonra isə Asifin qışqırığını. O,
bir an əvvəl sol gözünün olduğu yerə əlini vurdu. Barmaqlarının arasından qan
süzülüb axdı. Tək qan deyildi, qanla bərabər ağ, geləbənzər maye də vardı. Buna
selikli qişa deyilir, aydınca xatırladım. Hardasa oxumuşdum bunu. Selikli qişa.

Asif xalçada fırlanırdı. O tərəfdən bu tərəfə, qışqıra-qışqıra yumalanır, əlini isə
qan axan çuxurdan çəkmirdi.
Gedək, – Söhrab dedi. Əlimdən tutub, mənə ayaq üstə qalxmağa kömək etdi.
Əzişdirilmiş bədənimin hər santimetri ağrıdan sızıldadı. Arxamızda, Asif hələ də
bağırırdı.
– ÇIXARIN! ÇIXARIN BUNU! – deyə qışqırırdı.
Səndələyə-səndələyə qapını açdım. Keşikçilər məni görəndə gözləri bərəldi və
mən həmin anda necə göründüyüm haqda düşündüm. Hər nəfəs dərəndə
qarnımdan ağrı qopurdu. Keşikçilərdən biri puştu dilində nəsə dedi və onlar
yerindən götürülüb, bizim yanımızdan keçərək otağa girdilər. Otaqda Asif hələ də
“Çıxarın!” deyə qışqırırdı.
– Gəl, – Söhrab qolumdan dartdı. – Gedək!
Ayaqlarım dolaşa-dolaşa koridoru keçdik. Söhrabın balaca əlləri əlimin içində
idi. Bir daha çevrilib, orda baş verənlərə baxdım. Keşikçilər Asifin başı üstündə
əyilib onun üzündə nəsə edirdilər. Onda anladım: metal kürə hələ də onun göz
çuxurunun içində idi.
Dünya başıma fırlanır, ətrafımdakı əşyalar yuxarı-aşağı, o tərəf-bu tərəfə
yellənirdi. Söhraba söykənərək, səntirləyə-səntirləyə pilləkənləri aşağı endim.
Yuxarıdan hələ də Asifin yaralı heyvan səsini xatırladan bağırtısı gəlirdi. Çölə, gün
işığına çıxa bildik. Qolum Söhrabın boynuna dolanmışdı, Fəridin bizə tərəf qaçdığını
gördüm.
“Bismillah! Bismillah!” deyən Fəridin mənim görüntümdən gözləri
böyümüşdü.
Qolumu boynuna salıb məni qaldırdı. Qaça-qaça məni maşına qoydu.
Deyəsən, qışqırdım. Onun səndəllərinin maşının pilləsinə qalxmasını, qara,
çatlamış dabanlarını necə şappıldatdığını gördüm. Sonra mən maşının arxa
oturacağında “Land Cruiser”in tavanının cırılıb qopmuş üzlüyünə baxır, qapının
açıq qalmasını xəbər verən siqnalın cingiltisini eşidirdim. Maşının ətrafında qaçan
ayaq səsləri, Fəridlə Söhrabın bir-biri ilə qısaca nə isə danışdığını eşitdim. Maşının
qapısı çırpıldı və mühərrik işə düşdü. Sonra maşın yerindən götürüldü və mən
alnımda balaca bir əl hiss etdim. Küçədə səslər eşidilir, kimsə qışqırırdı. Sonra mən
burnunu çəkən Söhrabın arxasındakı pəncərədə ağacların rənglərinin qarışdığını
gördüm. Fərid isə hələ də “Bismillah! Bismillah!” deyə təkrarlayırdı.
Bundan sonra mən huşumu itirdim.
38 Yeni Zaman – NewAge – Qərbdə yaradılmış qeyri-dini cərəyan. Qərb və
Şərq mifologiyası və mistikasının qarışığından yaranmış bu psixoloji təlimin insanın
özünümotivasiyası, daxilən möhkəmlənməsinə xidmət etdiyi bildirilir.
39 Parçami – Əfqanıstan Xalq Demokrat Partiyasının Parçam (bayraq)
fraksiyasının tərəfdarları. Xəlqi fraksiyasından fərqli olaraq Parçam ölkəni Sovet

İttifaqından daha asılı vəziyyətdə görmək istəyirdi. 1979-cu ildə SSRİ-nin köməyi ilə
hakimiyyətə gəlib.
40 Klark Geybl – ABŞ aktyoru, “Küləklə sovrulanlar” filmində baş rolun ifaçısı
İYİRMİ ÜÇ
Dumanın içində sifətlər peyda olur, gözümün qarşısında qalır və yavaş-yavaş
əriyib gedir. Onlar mənə baxır, sual verirlər. Hamısı sual verir. Kim olduğumu
bilirəmmi? Haram ağrıyır? Mən kim olduğumu bilirəm və hər yerim ağrıyır. Onlara
demək istəyirəm, amma danışmaq ağrıdır. Bilirəm, çünki bir müddət əvvəl, bəlkə
bir il, bəlkə iki il, bəlkə də on il əvvəl üzündə qırmızı boya və gözünün yaşı sürməyə
qarışmış bir oğlan uşağı ilə danışmağa cəhd elədim, çox ağrıyırdı. Uşaq. Hə, indi də
onu görürəm. Biz hansısa maşındayıq. Uşaqla mən. Maşını sürən Sürəyya deyil,
çünki Sürəyya heç vaxt belə sürətlə sürmür maşını. Uşağa nəsə demək istəyirəm.
Vacib olduğu üçün demək istəyirəm bunları. Amma nə demək istədiyimi
xatırlamıram. Ya da demək istədiyimin niyə vacib olduğunu xatırlamıram. Bəlkə də
ona demək istəyirəm ki, ağlamasın, artıq hər şey yaxşı olacaq. Bəlkə də yox.
Bilmirəm niyə, bu barədə düşünə də bilmirəm, amma uşağa minnətdarlıq eləmək
istəyirəm.
Sifətlər. Onların hamısının başında yaşıl papaqlar var. Onlar gözdən itir və
yenidən peyda olur. Sürətlə danışır, mənim anlamadığım sözləri deyirlər. Başqa
səs-küyü, zəng və həyəcan siqnallarını eşidirəm. Sonra daha çox sifət. Hamısı mənə
baxır. Onların heç birini xatırlamıram, bir o Klark Geyblsayağı bığı və gelli saçları
papağında Afrika qitəsi formalı iz buraxmış kişidən başqa. Cənab serial qəhrəmanı.
Gülməlidir. İndi gülməyim gəlir. Amma gülmək də ağrıdır.
Özümdən gedirəm.
O, DEYİR Kİ, ADI AİŞƏDİR, peyğəmbərin arvadının adı. Dən düşən saçlarını
ortadan ayırıb və arxadan at quyruğu kimi yığıb. Burnunda günəş formalı pirsinq
var. Gözünə taxdığı ikifokuslu eynək gözlərini daha böyük göstərir. Onun da
əynində yaşıl geyim var, əlləri yupyumşaqdır. Mənim ona baxmağıma gülümsəyir.
İngiliscə nəsə deyir. Sinəmin bir tərəfində sancı hiss edirəm.
Huşumu itirirəm.

YATAĞIMIN YANINDA KİŞİ dayanıb. Onu tanıyıram. Tünd dərisi və caydaq
boyu, uzun saqqalı var. Onun geydiyi papağa nə deyirdilər? Pakol? Onu bir tərəfə
çəpəki taxmağı mənə kimisə – çox məşhur bir adamı xatırladır, amma adını yada
sala bilmirəm. Bu adamı tanıyıram. O, bir neçə il əvvəl məni harasa aparmışdı.
Tanıyıram onu. Ağzımda problem var.
Su qovuqlarının səsini eşidirəm.
Huşumu itirirəm.
SAĞ QOLUM YANDIRIR. Eynəkli və günəş pirsinqli qadın qolun üstündə əyilib,
sistem iynəsini venama birləşdirir. Deyir ki, mənə vurulan Potassiumdur. “Arı
sancması kimidir, elə deyil?” soruşur. Elədir. Adı nədir bu qadının? Peyğəmbərlə
əlaqəsi vardı. Onu da bir neçə il əvvəldən tanıyıram. Saçını arxadan at quyruğu
kimi yığırdı. İndi isə arxaya daranıb zanbaq kimi yığılıb. İlk dəfə söhbət etdiyimizdə
Sürəyya da saçını belə yığmışdı. Nə zaman olmuşdu bu? Keçən həftə?
Yadıma düşdü! Aişə!
Ağzımda nəsə var. Sinəmə də nəsə sancılıb.
Yenə qaranlığa qərq oluram.
BİZ BƏLUCİSTANIN SÜLEYMAN dağlarındayıq və Baba qara ayı ilə güləşir. Bu,
mənim uşaqlığımdakı Baba – Tufan ağadır. Bu, yataqda yorğanın altında əriyib
getmiş, yanaqları solğun, gözləri çuxura düşmüş zəif adam yox, ucaboy güclü Puştu
kişisi idi. İnsan və vəhşi yaşıl otun üstündə əlbəyaxa olub, Babanın buruq şabalıdı
saçları dalğalanır. Ayı nərildəyir, bəlkə də bu Babadır. Pəncələrlə əllər bir-birinə
qarışıb, qan, tər, tüpürcək ətrafa sıçrayır. Onlar tappıltı ilə yerə yıxılırlar və Baba
ayının sinəsində oturub, barmaqları ilə onun sifətini deşir. O mənə tərəf, yuxarı
baxır və mən özümü görürəm. Bu mənəm. Ayı ilə döyüşən mənəm.
Oyanıram. Uzundraz, qaraşın kişi yatağımın yanındadır. Adı Fəriddir, indi
yadıma düşür. Maşındakı uşaq da yanındadır. Uşağın sifəti yadıma zınqırov
cingiltisini salır. Susamışam.
Yenə özümdən gedirəm.
Huşum gedib, gəlir.
KLARK GEYBLSAYAĞI bığları olan kişinin adı doktor Faruqi imiş. O, serial
qəhrəmanı deyil, boyun-kəllə cərrahı imiş. Bununla belə, mən yenə də onun
barəsində hansısa tropik adada baş verən qaynar süjetli sabun operasının
qəhrəmanı kimi fikirləşirəm. Ad da qoymuşam – Armand.
Hardayam? Soruşmaq istədim. Amma ağzım açılmadı. Qaşqabağımı sallayıb,
deyinməyə çalışdım, əslində isə ancaq xorultu çıxdı. Armand gülümsədi; dişlərinin
ağlığı gözümü qamaşdırdı.
– Hələ olmaz, Əmir, – dedi. – Amma tezliklə danışarsan. Məftilləri çıxarandan
sonra. O, ingiliscə kəskin, sözləri uzadan urdu ləhcəsi ilə danışırdı.
Məftillər?

Armand qollarını sinəsində çarpazlayıb; əlinin üz tərəfi tüklüdür, barmağında
nişan üzüyü var.
– Sən yəqin ki, harda olduğunu, nə baş verdiyini düşünürsən. Bu, tamamilə
normaldır. Cərrahiyyədən sonra adam belə çaşqın olur. Mən sənə bildiyimi da-
nışım.
Mən ondan məftilləri soruşmaq istəyirdim. Cərrahiyyədən sonra nə demək
idi? Aişə harda idi? Onun mənə gülümsəməsini, yumşaq əlləri ilə əlimi tutmasını
istəyirdim.
Armand qaşlarını çatıb, birini qaldırdı və önəmli bir şey danışırmış kimi dedi:
– Sən Peşəvərdəki xəstəxanadasan. İki gündür burdasan. Çox ağır zədələr
alıbsan, Əmir. Sənə deyim ki, sağ qaldığına görə, bəxtin yaman gətirib, dostum. –
Bu sözləri deyərkən o, barmağını saat kəfkiri kimi yellədirdi. – Dalağın zərbələrdən
dağılıb, ola bilsin ki, bəxtindən, dağılma bir az yubanıb, çünki buraya gələndə qarın
boşluğunda qanaxma hələ yeni idi. Ümumi cərrahiyyə bölümündəki həmkarlarım
dalağın bir hissəsini kəsib götürməli olublar. Əgər bir az tez dağılmış olsaydı,
qanaxmadan ölərdin.
O, venadaxili iynənin sallandığı qolumu dümsükləyib, gülümsədi.
– Yeddi qabırğan qırılıb. Onlardan biri pnevmotoraksa səbəb olub.
Qaşlarımı çatdım. Ağzımı açmağa çalışdım. Məftilləri xatırladım.
– Bu o deməkdir ki, ağciyərin zədələnib, – Armand izah etdi. O, sol tərəfimdən
sallanan şəffaf plastik borunu göstərdi. – Biz sızıntını bu boru ilə qapadıq.
Sinəmdən çıxan plastik kanal yarıyacan su ilə doldurulmuş qaba birləşirdi. Su
qovuqlarının səsi ordan gəlirdi.
– Müxtəlif yırtıcı-kəsici zərbələr də alıbsan. Yəni dərin cırılıb.
Ona dediklərini başa düşdüyümü söyləmək istədim. Yazıçı idim axı. Yenə
ağzımı açmaq istədim. Məftillər yadımdan çıxmışdı.
– Bu kəsiklərin ən pisi üst dodağında idi, – Armand sözünə davam etdi. –
Zərbədən üst dodağın paralanıb, düz ortadan. Amma narahat olma, plastik
cərrahlar dodağını tikib. Onların fikrincə, əla nəticə olacaq. Amma çapıq qalacaq.
Bunsuz mümkün olmadı. Sol tərəfdə də orbital sınıq var – göz çuxurunun sümüyü
sınıb. Onu da düzəltməli olduq. Çənəndəki məftilləri altı həftədən sonra
çıxaracaqlar. O vaxta qədər sən ancaq məhlul şəklində qida qəbul edə bilərsən. Bir
az çəki itirəcəksən. Ondan sonra bir müddət Xaç atası filminin birinci seriyasındakı
Al Paçino kimi danışacaqsan. – Armand özü öz zarafatına güldü. – Amma bu gün
sənin də öhdənə bir iş düşür. Bilirsən, nə etməlisən?
Başımı buladım.
– Bu gün sənin işin qaz buraxmaqdır. Bunu etsən, sənə məhlullarını yedirdə
biləcəyik. Hava buraxmasan, yemək yoxdur, – deyib, yenə güldü.
Az sonra Aişə venama birləşdirilmiş sistemi dəyişdi və yatağın baş tərəfini
istədiyim şəkildə qaldırdı. Başıma gələnləri düşündüm. Dağılmış dalaq. Sınmış
dişlər, Zədələnmiş ağciyər. Əzilmiş almacıq sümüyü. Amma pəncərədə çörək

qırıntısını yeyən göyərçinlərə baxdıqca, beynimdə Armandın – doktor Faruqinin
dediyi başqa sözlər fırlanırdı: “zərbədən dodağın paralanıb” – demişdi. “Düz
ortadan. Düz ortadan. Lap dovşandodaqlarda olduğu kimi.
FƏRİDLƏ SÖHRAB ertəsi gün də yanıma gəldilər.
– Bu gün bizi tanıdın? Kim olduğumuz yadındadır? – Fərid zarafatla soruşdu.
Mən başımla təsdiqləyəndə sevindi. – Əlhəmdülillah! Daha sayıqlamazsan.
– Çox sağ ol, Fərid, – məftillə bərkidilmiş çənəmlə deməyə çalışdım. Armand
haqlı idi: səsim Xaç Atasındakı Al Paçinonun səsi kimi gəlirdi. Bir də ki, hər dəfə
dilim sınmış dişlərin boş yerinə dəyəndə təəccüblənirdim. – Deyirəm sağ ol, hər
şey üçün.
O əlini yellədi, bir az qızardı.
– Bəsdir, təşəkkürə dəyməz, – dedi. Söhraba tərəf çevrildim. Əynində yeni
paltar vardı. Bir az əyninə böyük olan açıq-qəhvəyi rəngli pirhan-tümban və qara
araqçın geymişdi. Aşağı, ayaqlarına baxır, yataqdakı sistem şlanqı ilə oynayırdı.
– Biz heç bir-birimizlə yaxşı tanış ola bilmədik, – dedim. Ona əlimi uzatdım. –
Mən Əmirəm.
O, əlimə, sonra mənə baxdı.
– Sən Atanın mənə danışdığı Əmir Ağasan? – soruşdu.
– Hə, – deyə cavab verdim. Həsənin məktubunda yazdıqlarını xatırladım.
“Sənin haqqında Fərzanəcana və Söhraba çox danışmışam. Bizim birgə
böyüməyimiz, oyunlarımız, küçədə qaçmağımızdan çox söz açmışam.
Dəcəlliklərimiz barədə söhbətlərim onları çox güldürür” yazmışdı.
– Sənə də təşəkkür borcum var, Söhrabcan, – dedim. – Sən mənim həyatımı
xilas elədin.
O heç nə demədi. Havada qalan əlimi endirdim.
– Yeni paltarın xoşuma gəlir, – pıçıldadım.
– Mənim oğlumundu, – Fərid dedi. – O artıq böyüyüb. Söhrabın isə əyninə
yaxşı oldu.
Fərid dedi ki, biz Söhraba yer tapana qədər uşaq onunla qala bilər.
– Yerimiz çox deyil, amma nə etmək olar? Küçədə qoymayacağıq ki uşağı. Bir
də uşaqlarım da onunla dostlaşıb. Hə, Söhrab?
Amma uşaq, sadəcə, yerə baxıb, barmağını fırladırdı.
– Mən elə soruşmaq istəyirdim, – deyə, Fərid tərəddüdlə soruşdu. – O evdə nə
baş vermişdi? Səninlə o Talibin arasında nə oldu?
– Belə deyək də – ikimiz də payımıza düşəni aldıq, – dedim.
Fərid başını tərpətdi. İrəli getmədi. Anladım ki, Peşəvərdən Əfqanıstana yola
düşəndən bəri dostlaşmışıq.
– Mən də bir şey soruşmaq istəyirdim.
– Nə?
Soruşmaq istəmirdim əslində. Eşidəcəyim cavabdan qorxurdum.

– Rəhim Xan... – dedim.
– O daha yoxdur.
– Yoxdur? – Ürəyim düşdü.
– Yox, sadəcə, gedib. – O mənə bükülmüş kağız və balaca açar uzatdı. – Onu
axtaranda kirayələdiyi evin sahibi bunu mənə verdi. Dedi ki, biz gedəndən bir gün
sonra Rəhim Xan da gedib.
– Hara gedib ki?
Fərid çiyinlərini çəkdi.
– Ev sahibi bilmirdi. Dedi ki, Rəhim Xan sənin üçün məktub və açar qoyub, özü
də çıxıb gedib. – Fərid saata baxdı. – Mən getsəm yaxşıdır. Biya Söhrab.
– Onu bir az burda saxlaya bilərsən? Sonra gəlib götürərsən, – deyib, Söhraba
tərəf çevrildim. – Burda mənim yanımda bir az qalmaq istəyirsən?
O, çiyinlərini çəkib bir söz demədi.
– Əlbəttə, – dedi Fərid. – Axşam namazından əvvəl götürərəm onu.
MƏNİM YATDIĞIM PALATADA üç başqa xəstə də vardı. İki qoca kişidən birinin
ayağında gips vardı, o biri isə astmadan yatırdı. On beş-on altı yaşlı cavan oğlanınsa
korbağırsağını əməliyyat etmişdilər. Ayağı gipsli kişi gözünü çəkmədən bizə baxır,
gözləri gah mənə, gah da yanımdakı stulda oturmuş Həzara oğlana dikilirdi. Palata
yoldaşlarımın qohum-əqrəbası – açıq rəngli şalvar-kəmiz geymiş qadınlar, araqçın
taxmış kişilər səs-küylə otağa girib-çıxırdılar. Onlar özləri ilə pakora, nan, sanosa,
biryani gətirirdilər. Bəzən otağa təsadüfi adamlar da girirdi. Fəridlə Söhrabın
gəlişindən azca əvvəl otağa hündür boylu, saqqallı bir kişi girdi. Qəhvəyi rəngdə
şala bürünmüşdü. Aişə ondan urduca nəsə soruşdu. O, Aişəyə heç məhəl
qoymayıb, otağı gözdən keçirdi. Mənə elə gəldi ki, adam mən tərəfə lazım
olduğundan çox baxdı. Sonra tibb bacısı onunla yenidən danışanda, o, çevrilib
getdi.
– Necəsən? – Söhrabdan soruşdum. O çiyinlərini çəkib, gözünü əllərinə dikdi.
– Acsan? O xanım mənə bir boşqab biryani verib, mən yeyə bilməyəcəm, –
dedim. Daha nə deyəcəyimi bilmirdim. – İstəyirsən?
Başını buladı.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin