Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   20   21   22   23   24   25   26   27   28
– Danışmaq istəyirsən?
O yenə də başını buladı.
Biz bir müddət orda sükut içində oturduq. Mən yataqda yarımoturaq
vəziyyətdə idim. Arxamda iki yastıq qoyulmuşdu. Söhrab isə çarpayının yanındakı
üçayaqlı stulda oturmuşdu. Mən bir müddət yuxuya getdim, oyananda gün işığı bir
az azalmış, kölgələr uzanmışdı. Söhrabsa hələ də yanımda oturmuş, əllərinə
baxırdı.
HƏMİN GECƏ, Fərid Söhrabı götürəndən sonra mən Rəhim Xanın məktubunu
açdım. Onu oxumağı mümkün qədər ertələmişdim. Rəhim Xan yazırdı:

Əmircan, İnşallah, sən bu məktubu alanda sağ-salamatsan. Mən dua edirəm
ki, səni ziyanlı yola salmamışam və Əfqanıstan sənə çox pis rəftar etməyib.
Ayrıldığımız gündən dualarımdasan. Sən bütün bu illəri şübhələnməkdə haqlı idin.
Mən bilirdim. Həsən mənə bu baş verəndən az sonra hər şeyi söyləmişdi. Sənin
etdiyin yanlış idi, Əmircan, amma unutma ki, o hadisə baş verəndə sən uşaq idin.
Başı dərdə girmiş balaca bir oğlan. Sən o zaman özünə qarşı çox sərt idin, indi də
beləsən – bunu Peşəvərdə gözlərindən oxudum. Amma ümid edirəm ki, buna
diqqət edəcəksən: Vicdansız, pis adamlar əzab çəkmirlər. Ümid edirəm ki,
Əfqanıstana bu səfər sənin əzablarına son qoyacaq.
Əmircan, mən sənə illər boyu danışdığımız yalanlara görə xəcalət çəkirəm.
Peşəvərdə qəzəbli olmaqda haqlı idin. Bilmək sənin haqqın idi. Elə Həsənin də.
Bilirəm ki, bu, heç kimin günahını azaltmır, amma biz yaşadığımız illərdə Kabil çox
qəribə bir aləm idi. O aləmdə bəzi şeylər həqiqətdən daha önəmli idi.
Əmircan, uşaq olanda atanın sənə necə sərt davrandığını bilirəm. Sənin
bundan əziyyət çəkdiyini, onun sevgisi üçün necə susadığını görəndə ürəyim qan
ağlayırdı. Amma atan iki nəfərin arasında parçalanmışdı, Əmircan: sən və Həsən. O
ikinizi də sevirdi, amma Həsəni istədiyi şəkildə, açıq, bir ata kimi əzizləyə bilmirdi.
Odur ki, bundan səni də məhrum etmişdi – Əmir, ictimaiyyətin qəbul etdiyi parça
sən idin. Sən həm də onun miras aldığı ad-sanın, o ad-sanla gələn cəzasız günah
işlətmə imkanının mücəssəməsi idin. Səni görəndə özünü görürdü. Həm də öz
günahını. Sən hələ də acıqlısan və güman ki, səndən bunu qəbul edəcəyini
gözləmək üçün çox tezdir. Amma ola bilsin, bir gün sən anlayacaqsan ki, atan sənə
sərt davrananda əslində özünə sərt davranırdı. Atan da sənin kimi işgəncə içində
yaşayan bir can idi, Əmir can.
Onun ölümünü eşidəndə məni ağuşuna alan qüssənin dərinliyi və qaranlığını
təsvir belə edə bilmirəm. Onu təkcə dostum olduğuna görə deyil, həm də yaxşı,
bəlkə də, böyük insan olduğuna görə sevirdim. Bunu da anlamağını istəyirəm ki, o
yaxşılıq, əsl yaxşılıq sənin atanın vicdan əzabından doğan keyfiyyətləri idi. Bəzən
düşünürdüm ki, onun etdiyi bütün yaxşılıqlar – küçədə kasıbları yedirtməsi,
yetimxana tikməsi, ehtiyacı olan dostlarına borc verməsi – bütün bunlar günah-
larını yumaq üçün idi. Elə əsl tövbə də, Əmircan, günahın yaxşılığa aparıb çıxardığı
yoldadır.
Mən inanıram ki, sonda Allah bağışlayandır. O atanı da, məni də, elə səni də
bağışlayacaq. Ümid edirəm ki, sən də bağışlayacaqsan. Bacarsan, atanı bağışla.
İstəsən, məni bağışla. Amma ən vacibi, özünü bağışla.
Sənə bir az pul saxlamışam. Əslində əlimdə qalanın böyük bir hissəsidir.
Buraya qayıdanda bəzi xərclərinin olacağını düşündüm. Məncə, bu pul bu xərcləri
ödəməyə bəs etməlidir. Peşəvərdə bir bank var, Fərid onun yerini bilir. Pul o
bankdakı depozit qutusundadır. Sənə açarı saxladım.

O ki qaldı mənə, getmək vaxtıdır. Çox az vaxtım qalıb, onu tək keçirmək
istəyirəm. Xahiş edirəm, məni axtarma. Bu səndən son xahişimdir.
Səni Allaha əmanət edirəm.
Hər zaman dostun olaraq qalacaq
Rahim.
Xəstəxana mələfəsinin ucu ilə gözlərimi sildim. Məktubu qatlayıb, yenidən
döşəyimin altına qoydum.
Əmir, ictimaiyyətin qəbul etdiyi parça, onun miras aldığı ad-sanın, o ad-sanla
gələn cəzasız günah işlətmə imkanının mücəssəməsi. Bəlkə, elə buna görə idi ki,
Birləşmiş Ştatlara köçəndən sonra Baba ilə aramız bu qədər yaxşı idi? Xərclik pulu
qazanmaq üçün köhnə malları satmaq, qara işlər, bizim amerikasayağı daxmamız –
kasıb mənzilimiz; bəlkə amerikada Baba mənə baxanda Həsəni görürdü?
Atan da sənin kimi işgəncə içində olan can idi, yazırdı Rəhim Xan. Bəlkə də.
Bəlkə, biz ikimiz də günah işlədib xəyanət etmişdik. Amma Baba öz tövbəsindən
yaxşılıq etməyin, xeyir verməyin yolunu tapmışdı. Bəs mən neyləmişdim? Öz
günahımı elə xəyanət etdiyim adamların özündən acıq çıxmaqdan, sonra isə bütün
bunları unutmağa çalışmaqdan başqa neyləmişdim. Yuxusuz gecələrdən başqa
verdiyim nə idi?
Doğru işlər görməyə çalışdımmı nə zamansa?
Tibb bacısı – Aişə yox, adını unutduğum kürən saçlı qadın – əlində şpris içəri
girib, morfin iynəsi istəyib-istəmədiyimi soruşanda “hə” cavab verdim.
SİNƏMDƏN ÇIXAN ŞLANQI ertəsi günün səhəri yığışdırdılar və Armand mənə
alma şirəsi vermələrini tapşırdı. Ayşə yatağımın yanındakı masaya şirə stəkanını
qoyanda ondan güzgü istədim. O, pərdələri çəkib səhər günəşinin şüalarını içəri
buraxanda eynəyini alnına qaldırmışdı.
– Yadında saxla, – deyə başını geri çevirib dedi. – Bir neçə gün sonra yaxşı
görünəcək. Kürəkənim keçən il moped sürərkən qəzaya uğramışdı. Üzü üstə
asfaltda süründüyündən yaraşıqlı sifəti badımcan kimi qaralmışdı. İndi o yenə
Hollivud ulduzu kimi qəşəngdir.
Onun məni sakitləşdirməsinə baxmayaraq, güzgüyə baxıb, orda mənim sifətim
olduğunu iddia edən çöhrəni görəndə nəfəsim qaraldı. Sanki, kimsə nasosla
dərimin altına hava üfürmüşdü. Gözlərimin ətrafı şişkin və gömgöy idi. Ağzım çox
pis durumda idi – əslində ağız adına başdan-başa tikiş və yaralarla örtülmüş bənöv-
şəyi-qırmızı nəhəng kürə vardı. Gülümsəməyə çalışdım və dodağımdan dəhşətli bir
ağrı qopdu. Hələ bir müddət belə olacaqdı. Sol yanağımın üstündə, çənəmin
altında və alnımda da tikiş yerləri vardı.
Ayağı gipsdə olan qoca urduca nəsə dedi. Mən çiynimi çəkib, başımı buladım.
O öz sifətini göstərib, dişsiz ağzı ilə gülümsədi və ingiliscə “very good” – çox yaxşı
və inşallah sözlərini dedi.
– Çox sağ olun, – pıçıldadım.

Fəridlə Söhrab mən güzgünü yerə qoyduqdan bir an sonra içəri girdilər.
Söhrab stula oturub, başını yatağın yan dirəyinə dayadı.
– Bilirsənmi, səni burdan nə qədər tez çıxartsaq, o qədər yaxşı olar, – Fərid
dedi.
– Doktor Faruqi deyir ki...
– Mən xəstəxananı nəzərdə tutmuram. Peşəvərdən çıxmaq lazımdır.
– Niyə?
– Düşünmürəm ki, sən burda uzun müddət salamat qala biləcəksən, – dedi
Fərid. O, səsini alçaltdı. – Talibanın burda dostları var. Onlar sizi axtaracaqlar.
– Bəlkə də, artıq axtarıblar, – dedim. Birdən-birə otaqda nəsə axtaran və
gözünü mənə zilləmiş saqqallı haqqında düşündüm.
Fərid bir az irəli əyildi.
– Yeriməyə başlayan kimi səni İslamabada götürərəm. Orda da tam
təhlükəsizlik yoxdur, Pakistanda tam təhlükəsiz yer yoxdur da, amma yenə də
burdan yaxşıdır. Ən azı, bir az vaxt udarıq.
– Fəridcan, bu sənin üçün də təhlükəsiz deyil. Bəlkə, sən bir müddət mənimlə
görüşməyəsən? Sənin də ailən var.
Fərid əlini yellədi.
– Oğlanlarım cavan olsa da çox şey görüblər, analarına, bacılarına qulluq
etməyin yolunu bilirlər, – deyə gülümsədi. – Bir də, demədim ki, pulsuz edəcəyəm.
– İstəsən də qoymaram, – dedim. Yenə dodağımdakı yaranı unudub,
gülümsədim. Bir damcı qan çənəmlə üzüaşağı süzüldü. – Bir şey də xahiş edə
bilərəm?
– Səndən ötrü bundan min yol artıq, – Fərid dedi.
Elə beləcə də dedi. Ağlamağım gəldi. Mən nəfəs almağa çalışır, göz yaşları
yanaqlarımdan aşağı tökülür, dodağımdakı yaranı incidirdi.
– Nə oldu? – deyə, Fərid həyəcanla soruşdu.
Mən bir əlimlə üzümü qapayıb, o birini qaldırdım. Bütün otağın mənə
baxdığını bilirdim. Sonra isə boş, yorğun hiss elədim özümü.
– Bağışlayın, – dedim. Söhrab qaşlarını çatıb, mənə baxırdı.
Mən danışa biləndə Fəridə Rəhim Xanla düşündüklərimizi söylədim.
– Rəhim Xan dedi ki, onlar burda Peşəvərdə yaşayırlar.
– Adlarını yazıb versən, yaxşı olar, – deyə Fərid ehtiyatla mənə baxdı. Sanki,
deyəcəyi sözün məni bir də ağladacağından qorxurdu. Kağız dəsmalın üstündə
adları yazdım – Tomas və Betti Koldvell.
Fərid kağızı qatlayıb, cibinə qoydu.
– İmkan olan kimi axtararam, – deyib Söhraba tərəf çevrildi. – Səni də axşam
gəlib götürərərm. Əmir ağanı çox yorma.
Söhrabsa pəncərəyə yaxınlaşıb, altı-yeddi göyərçinin məhəccərdə
hoppanaraq, taxtanı və köhnə çörək qırıntılarını dimdikləməsinə tamaşa eləməyə
başladı.

ÇARPAYIMIN YANINDAKI şkafın orta siyirməsində köhnə National Geographic
jurnalı, çeynənmiş karandaş, dişləri sınmış daraq və götürmək üçün qan-tər içində
dartındığım oyun kartları tapmışdım. Onları daha əvvəl saymışdım, hamısı yerində
idi. Mən Söhrabdan oynayıb-oynamayacağını soruşdum. Onun cavab verməsini
gözləmirdim, o ki qaldı oynamağı ola. Kabildən qaçandan bəri elə beləcə səssiz idi.
Amma o pəncərədən çevrilib, dedi:
– Mənim bildiyim yeganə oyun pəncpərdir.
– Halına indidən acıyıram, çünki mən pəncpər üzrə ustayam. Dünya çapında.
Yanımdakı stula oturdu. Ona beş kart verdim.
– Atanla mən sənin yaşında olanda bu oyunu oynardıq. Xüsusilə də qışda, qar
yağanda və biz evdən bayıra çıxa bilməyəndə. Gün batana qədər oynayardıq.
O mənə bir kart gəldi və bir yenisini götürdü. Kartlarını düzəldəndə oğrun-
oğrun ona baxırdım. Atasına necə də oxşayırdı: kartlarını iki əli ilə tutması da,
onları seçərkən gözlərini qıyması da, adamın gözünün içinə çox nadir hallarda
baxması da.
Sükut içində oynayırdıq. Birinci oyunu uddum, ikincisini onun udmasına imkan
verdim, sonrakı beş oyunu da təmiz uduzdum. Sonuncu məğlubiyyətimdən sonra:
– Sən atan kimi yaxşı oynayırsan, bəlkə, ondan da yaxşı, – dedim. – Hərdən
onu udardım. Amma məncə, o mənə güzəştə gedirdi. – Bir qədər fasilə verib, əlavə
etdim. – Atanla mən eyni qadının südünü içmişik.
– Bilirəm.
– O sənə bizim haqqımızda daha nə demişdi?
– Sizin onun həyatı boyu ən yaxşı dostu olduğunu.
Əlimdəki valeti barmaqlarımın arasında fırladırdım.
– Təəssüf ki, mən elə də yaxşı dost deyildim, – dedim. – Amma mən sənin
dostun olmaq istərdim. Məncə, sənə yaxşı dost ola bilərəm. Yaxşı olar? Sən bunu
istərdin?
Əlimi ehmalca onun qoluna qoydum, amma o diksindi. Əllərindəki kartlar yerə
düşdü və o, stulun üstündəcə geri atladı. Geri, pəncərənin qabağına qayıtdı.
Peşəvərdə gün batdıqca, göy qırmızı və bənövşəyi zolaqlarla örtülürdü. Aşağıdakı
küçədə siqnalların səsi eşşək anqırmasına, polisin fitinə qarışırdı. Söhrab bə-
növşəyiyə çalan işığın altında alnını pəncərəyə söykəmış, yumruqları qoltuğunda
dayanmışdı.
AİŞƏNİN KİŞİ ASSİSTENTİ həmin gecə mənə ilk addımlarımı atmağa kömək
etdi. Bir əlim təkərli sistem asqısında, o birisi assistentin qoluna söykənmiş halda
otaqda bircə dairə vura bildim. Yatağa qayıtmağım düz on dəqiqə aldı. Bu on
dəqiqəyə mən qan-tər içində idim. Qarnımdakı tikişin altında nəsə titrəməyə
başladı. Təngnəfəs yatağıma uzandım, ürəyim qulaqlarımda döyünür, mən isə
arvadım üçün necə darıxdığımı düşünürdüm.

Söhrabla mən növbəti günün demək olar ki, əksər hissəsini pəncpər oynadıq,
yenə də sükut içində idik. Sonrakı gün də belə keçdi. Biz demək olar ki, danışmır,
sadəcə, pəncpər oynayırdıq. Mən yataqda yarıuzanmış vəziyyətdə, o üçayaqlı
stulunda oturub, oynayırdıq. Gündəlik həyatımızın yeknəsəqliyini yalnız mənim
otaqda gəzintim, ya da koridordakı tualetə getməyim pozurdu. O gecə bir yuxu
görmüşdüm. Yuxumda Asif mənim xəstəxana otağımın qapısında dayanmış, metal
kürə hələ də gözünün içində idi. “Biz eyniyik – sən və mən. Sən onun süd
qardaşısan, mənimsə əkizim” deyirdi.
ERTƏSİ GÜN SƏHƏR Armanda çıxıb getmək istədiyimi dedim.
– Sizi buraxmaq üçün çox tezdir, – Armand etiraz etdi. Həmin gün əynində
yaşıl cərrah paltarı deyil, göy kostyum və sarı qalstuk var idi. Saçı yenə də gellən-
mişdi. – Sizə hələ də venadaxili antibiotik vurulur. Bir də ki...
– Mən getməliyəm, – dedim. – Mənim üçün etdiklərinizə görə çox
minnətdaram. Hamınıza, həqiqətən də. Amma getməliyəm.
– Hara gedəcəksiniz? – Armand soruşdu.
– Deməsəm, yaxşıdır.
– Siz zorla gəzirsiniz.
– Mən koridorun o başından bu başına qədər gəzə bilirəm, – dedim. Hər şey
yaxşı olacaq. Plan belə idi: Xəstəxanadan çıxmaq, bankdakı depozit qutusundan
pulları götürüb mənim müalicə xərclərimi ödəmək. Yetimxanaya gedib, Söhrabı
Tomas və Betti Koldvellgilə tapşırmaq. Sonra İslamabada gedib, orda biletlərimi
dəyişmək. Bir neçə günə yaxşı olub, sonra evə uçmaq.
Plan bu idi. Həmin səhər Fəridlə Söhrab gələnə qədər.
– Sənin dostların – Tomas və Betti Koldvell Peşəvərdə yoxdur, – dedi Fərid.
Pirhan Tümbanımı düz on dəqiqəyə geydim. Hər dəfə qolumu qaldıranda
sinəmə şlanq salmaq üçün kəsilən yer ağrıyır, hər əyiləndə qarnımdakı tikiş yerinin
altından sancı qopurdu. Əşyalarımı qəhvəyi kağız torbaya yığanda belə nəfəsim
qaralırdı. Amma Fərid xəbərlə içəri girəndə mən artıq hazır vəziyyətdə yatağın
kənarında əyləşmişdim. Söhrab yataqda mənim yanımda əyləşdi.
– Hara gediblər? – soruşdum.
Fərid başını buladı.
– Başa düşmədin...
– Rəhim Xan demişdi ki...
– Mən ABŞ konsulluğuna getdim, – deyə Fərid torbamı götürdü. – Peşəvərdə
heç vaxt Tomas və Betti Koldvell adda adamlar olmayıb. Konsulluqdakı adamlar
dedi ki, belə adamlar mövcud deyil. Hər halda, Peşəvərdə.
Yanımda oturan Söhrab köhnə National Geographic jurnalının səhifələrini
vərəqləyirdi.
BİZ BANKDAN PULU götürdük. Qoltuğunun altında tərdən izlər qalan
yekəqarın menecer gülümsəyərək, bankda heç kimin pula əl vurmadığını deyirdi.

– Heç kim, əlini də vurmayıb, – deyə o kədərlə təkrarlayır və eynən Armand
kimi barmağını yelləyirdi.
Kağız torbanın içində o qədər pulla Peşəvərdə maşın sürmək bir qədər qorxulu
idi. Üstəlik hər saqqallı adam gözümə Asifin göndərdiyi Talib killeri kimi görünürdü.
Qorxumu iki şey daha da gücləndirirdi: Peşəvərdə saqqallı adam həddindən artıq
çox idi və hamı gözünü adama zilləyirdi.
– Onu nə edəcəyik? – deyə, Fərid məni xəstəxananın mühasibat şöbəsindən
maşına aparanda soruşdu. Söhrab “Land Cruiser”in arxa oturacağında, əlini
çənəsinə dikib, açıq pəncərədən maşınlara baxırdı.
– O Peşəvərdə qala bilməz, – nəfəsimi zorla dərərək, dedim.
– Yox, Əmir ağa, qala bilməz, – dedi Fərid. O mənim sözlərimdə sual eşitmişdi.
– Təəssüf edirəm, Kaş ki...
– Hər şey yaxşıdır, Fərid, – dedim. Zorla gülümsədim. – Sənin doydurulmalı
külfətin var.
Maşının yanında dayanmış it arxa ayaqlarının üstündə dayanıb, ön pəncələri
ilə qapını döyəcləyir, quyruq bulayırdı. Söhrab itlə oynayırdı.
– Güman edirəm, hələlik o mənimlə İslamabada gedir, – dedim.
İSLAMABADA GEDƏN YOLUN dörd saatının hamısını yatdım. Çoxlu yuxu
görmüşdüm. Stolüstü fırlanan təqvimdəki kimi şəkillər dəyişir, görüntülər
beynimdə canlanır və yoxa çıxırdı. Babanın on üç yaşım tamam olanda ziyafət üçün
qoyun ətinin basdırmasını hazırlaması. Sürəyya ilə mənim ilk dəfə sevişməyimiz,
Şərqdən günəşin qalxması, toydakı musiqinin hələ də qulağımızda cingildəməsi,
onun hənalı əllərinin əllərimin içində sürüşməsi. Babanın Həsənlə məni
Cəlalabada, çiyələk sahəsinə aparması – sahibi bizə demişdi ki, dörd kilo çiyələk
aldıqdan sonra istədiyimiz qədər yeyə bilərik, nəticədə ikimiz də ordan qarın ağrısı
ilə çıxdıq. Həsənin şalvarının arxasından damcılayan qanı qarın üstündə necə də
tünd, demək olar ki, qara görünürdü. Qan güclü şeydir, bəççem. Cəmilə xala
Sürəyyanın dizini sığallayıb deyir ki, “Allah bilən yaxşıdır, bəççem, bəlkə, elə
olmaması məsləhətmiş”. Atamın evinin damında yatmağımız. Babanın oğurluğun
ən böyük günah olduğunu deməsi. “Yalan danışanda sən başqasının həqiqət
haqqını oğurlayırsan. Rəhim Xanın telefonda mənə “yenə də yaxşı olmaq imkanı
var” deməsi. “Yenə də yaxşı olmaq imkanı”...
İYİRMİ DÖRD

Əgər Peşəvər mənə Kabilin köhnə günlərini xatırladırdısa, İslamabad Kabilin
bir gün ola biləcəyi şəhər idi. Küçələr Peşəvərdəkindən daha geniş, daha təmiz idi,
səkilərin qırağı kol və ağaclarla kölgələnmişdi. Bazar daha səliqəli idi və burda
piyadalarla rikşalar əl-ayağa dolaşmırdılar. Şəhərin memarlıq üslubu da daha
qəşəng, daha müasir idi. Parklarda qızılgül və yasəmən kolları ağacların kölgəsində
çiçəklənirdi.
Fərid Marqalla təpələrinin ətəyinə qədər uzanan bir küçədə balaca bir hotel
tapdı. Ora gedəndə dünyanın ən böyük məscidi kimi tanınan məşhur Şah Fəyzal
məscidinin yanından keçdik. Məscidin nəhəng beton çatısı və buludları dələn
minarəsi bayaqdan sakit oturmuş Söhrabı da canlandırdı. O, pəncərədən sallanıb,
Fərid döngədən keçənədək məsciddən gözünü çəkmədi.
HOTEL OTAĞI Kabildə Fəridlə birgə qaldığımızdan çox-çox yaxşı idi. Mələfələr
ağappaq, xalça tozsoranla təmizlənmiş, hamam ləkəsiz idi. Burda şampun, sabun,
üzqırxan, unitaz və limon qoxuyan dəsmallar da vardı. Divarlarda da qan ləkəsi
yoxdu. Bir önəmli üstünlük daha: iki təkadamlıq yatağın qarşısındakı şkafda tele-
vizor qoyulmuşdu.
– Baxsana! – deyə Söhrabı televizorun qarşısında oturtdum. Pult olmadığından
əlimlə düymələri basıb kanalları çevirdim. Urdu dilində qıvrım tüklü quzu kuklaları
olan bir uşaq şousu tapdım. Söhrab çarpayılardan birinin üstünə oturub çənəsini
dizlərinə dayadı. Televizordakı şəkillər onun yaşıl gözlərində əks olunur, o isə
donmuş sifətlə yerində irəli-geri yırğalanaraq ekrana baxırdı. Həsənə böyüyəndə
ona da rəngli televizor alacağımı söz verdiyim günü xatırladım.
– Mən gedirəm, Əmir ağa, – Fərid dedi.
– Gecəni qal, – dedim. – Uzun yoldur. Sabah gedərsən.
– Təşəkkür, – dedi. – Amma bu gün qayıtmaq istəyirəm. Uşaqlarım üçün
darıxmışam.
Otaqdan çıxanda o, qapının kandarında ayaq saxladı. “Sağ ol, Söhrabcan” dedi.
Cavabı gözlədi, amma Söhrab ona heç məhəl qoymadı. Sadəcə, irəli-geri yırğalanır,
üzü ekrandakı şəkillərin gümüşü işığını əks etdirirdi.
Çöldə ona zərfi verdim. İçindəkini görəndə özünü itirdi.
– Bilmirdim, sənə necə təşəkkür edim. Mənə o qədər yaxşılıq elədin ki.
– Burda nə qədər pul var? – Fərid bir az özünü itirmiş halda soruşdu.
– İki min dollardan bir az çox.
– İki min... – dedi və sözü ağzında qaldı. Alt dodağı titrəyirdi. Az sonra, o
maşını yerindən tərpədəndə iki dəfə siqnal verib əlini yellədi. Mən də onunla
sağollaşdım. Bir daha onu görmədim.
Geri qayıdanda Söhrabı otaqda çarpayının üstündə uzanmış, böyük C şəklində
bükülmüş gördüm. Gözləri bağlı olsa da, yatdığını demək olmazdı. Televizoru
söndürmüşdü. Yatağımın üstündə oturanda ağrıdan üzümü turşutdum, alnımdakı

soyuq təri sildim. Görəsən, hələ nə qədər oturub-durmaq, yataqda çevrilmək
beləcə ağrı verəcəkdi. Görəsən, nə zaman normal yemək yeyə biləcəkdim?
Görəsən, yataqdakı bu qəlbi yaralı balaca oğlanla nə edəcəkdim? Hərçənd ki, qəl-
bimin bir parçası artıq bu sualın cavabını bilirdi.
Şkafdakı qrafində su vardı. Bir stəkan su töküb, Armandın mənə verdiyi
ağrıkəsici dərmanlardan ikisini atdım. Su ilıq və acı idi. Pərdəni bağladım, çarpayıda
yerimi rahatlayıb, uzandım. Sinəmdə, sanki, açıq yara vardı. Ağrı bir az çəkiləndə
yenidən rahat nəfəs ala biləndə yorğanı üstümə çəkib, Armandın dərmanlarının
təsirini gözləməyə başladım.
OYANANDA, otaq daha qaranlıq idi. Səmanın pərdələrin arasından görünən
parçası ala-toranla gecə qovşağının bənövşəyi rənginə boyanmışdı. Mələfələr
islanmış, başım partlayırdı. Yenə də yuxu görmüşdüm, amma nə olduğu yadımda
deyildi.
Söhrabın yatağına baxıb, onu boş görəndə ürəyim düşdü. Adını çağıranda öz
səsimdən qorxdum. Çaşqınlıq içində idim – evimdən minlərlə kilometr aralıda,
çilik-çilik olmuş bədənimlə qaranlıq hotel otağında tənha oturub, bir neçə gün
əvvəl tanış olduğum oğlanın adını çağırırdım. Adını yenidən çağırdım və heç nə
eşitmədim. Çətinliklə yataqdan qalxdım, hamamı yoxladım, otağın girişindəki
balaca koridora baxdım. Çıxıb getmişdi.
Qapını kilidləyib, səntirləyə-səntirləyə, divardan tuta-tuta lobbidəki menecer
ofisinə getdim. Lobbinin küncündə saxta tozlu palma ağacı, divar kağızında isə
uçan çəhrayı flaminqolar vardı. Hotelin meneceri laminat üzlüklü piştaxtanın
arxasında qəzet oxuyurdu. Ona Söhrabı təsvir etdim, uşağı görüb-görmədiyini
soruşdum. Qəzeti yerə qoyub, eynəyini çıxardı. Yağlı saçları və balaca kvadrat
bığlarına dən düşmüşdü. Ondan hansısa tanımadığım tropik meyvənin qoxusu
gəlirdi.
– Oğlan uşaqları qaçmağı xoşlayırlar. Məndə onlardan üçü var, bütün gün ora-
bura qaçıb, analarını narahat edirlər, – deyib, köksünü ötürdü və üzünü qəzetlə
yelpiklədi. Gözünü mənim çənəmə zilləmişdi.
– Düşünmürəm ki, buralarda qaçır, – dedim. Biz buralardan deyilik. Qorxum
budur, uşaq itər.
Başını bulayıb:
– O zaman gərək uşaqdan gözünüzü çəkməyəydiz, mister.
– Bilirəm, – dedim. – Amma yuxuya getdim və oyananda uşaq artıq yox idi.
– Oğlanlara nəzarət lazımdır, bilirsiniz.
– Bəli, – dedim. Nəbzimin itiləşdiyini hiss edirdim. Mənim həyəcanıma necə
belə laqeyd ola bilirdi? O, qəzeti bir əlindən başqasına ötürüb, yelpiklənməyinə
davam etdi.
– Onlar indi velosiped istəyir.
– Kim?

– Mənim oğlanlarım, – dedi. – Onlar deyir, “ata, ata, nə olar, bizə velosiped al
və biz daha səni narahat etməyəcəyik, nə olar, ata!” – O, burnunda güldü. –
Velosipedlər. Anaları məni öldürər. And içirəm ki, uf deməz.
Söhrabın arxın içində uzandığını təsəvvür elədim, ya da hansısa maşının yük
yerində əlləri-qolları bağlı, ağzı tıxanmış halda. Onun qanının mənim əlimdə
olmasını istəmirdim. Onunkunun da yox.
– Xahiş edirəm, – dedim. Gözlərimi qıyıb, menecerin adını onun qısaqol mavi
kətan köynəyinin yaxasındakı lövhəcikdən oxudum. – Cənab Fəyyaz, onu
görmüsüz?
– Oğlanı?
Mən özümdən çıxdım.
– Hə, oğlanı! Mənimlə gələn oğlanı. Allah xatirinə sadəcə de, görmüsən onu,
ya yox?
Yelpiklənməsinə ara verdi. Gözləri daha da xırdalaşdı.
– Mənə ağıl öyrətmək lazım deyil, dostum. Uşağı itirən mən deyiləm.
O haqlı idi. Buna baxmayaraq, yenə də qəzəbimdən çırtma vursan, qan çıxardı.
– Sən haqlısan. Mən haqsızam. Günahkar mənəm. İndi de, uşağı görmüsən?
– Bağışlayın, – o sərt tonla dedi və eynəyini gözünə taxdı. Səs-küylə qəzeti
açdı. – Mən belə oğlan görməmişəm.
Mən piştaxtanın qarşısında bir dəqiqəyə yaxın qışqırmamağa çalışdım.
Lobbidən çıxanda ardımca onun səsi gəldi.
– Bilirsiz, o hara gedə bilər?
– Yox, – dedim. Yorğun idim. Yorğun və qorxmuş.
– Nə ilə maraqlanır? – soruşdu. Qəzeti qatladığını gördüm. – Mənim
oğlanlarım, məsələn, Amerika döyüş filmlərindən ötrü nə desən, edərlər. Xüsusilə
o Arnold... nə idi onun adı? Şatsenegger – ondan ötrü.
– Məscid! – dedim. – Böyük məscid. Nəhəng minarələrin yanından keçəndə

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin