Azaqova Aysu Azərbaycan tarixi-2 Mövzu: Azərbaycan Səfəvi dövlətinin digər qonşu dövlətlərlə münasibətlərinin tarixşünaslıqda əksi Plan


Plan 5. Böyük Moskva knyazlığı ilə münasibətlər



Yüklə 71,34 Kb.
səhifə6/9
tarix16.04.2022
ölçüsü71,34 Kb.
#55569
1   2   3   4   5   6   7   8   9
Aysu Azaqova

Plan 5. Böyük Moskva knyazlığı ilə münasibətlər

Azərbaycan Səfəvi dövlətinin Moskva knyazlığı ilə ilk diplomatik əlaqələri I Şah İsmayılın hakimiyyətinin son illərinə aiddir. 1521-ci ildə Səfəvi elçisinin Moskvaya gəlməsi və Moskva knyazından «çoxlu top, ustalar və yaraq-əsləhə» alması barədə Krım xanının Sultan Süleymana verdiyi məlumat saxlanmışdır. O.Ə.Əfəndiyevin fikrincə, bu rus arxiv sənədlərinin qeydə aldığı ilk əlaqə faktıdır. Məlumat həm də buna görə maraqlıdır ki, Çaldıran vuruşmasında I Şah İsmayılın ordusunda çatışmayan odlu silah və top almaq cəhdlərinin olduğunu göstərir.Moskva dövlətinin Azərbaycan Səfəvi dövləti ilə diplomatik əlaqələr yaratmasına Osmanlı dövlətinə meyl edən Volqaboyu xanlıqlar, həmçinin Krım tatarlarının viranedici basqınları mane olurdu. XVI əsrin ortalarında Moskva dövləti Xəzərin şimal sahillərinə çıxmağa, Xəzər dəniz yolunu ələ keçirməyə cəhd göstərdi və Volqa boyunca cənuba doğru irəlilədi. 1553-cü ildə Moskvaya gələn nümayəndə heyəti ilə knyazlıq arasında aparılan danışıqlarda güman olunur ki Osmanlıya qarşı müttəfiqlikdən bəhs edilsin.

XVI əsrin I yarısında Azərbaycan Səfəvi dövlətinin Moskva knyazlığı ilə o qədər də əhəmiyyətli əlaqələri olmamışdı. Bu belə demək olarsa, qarşılıqlı «biganəlik» şəraitində ara-sıra müəyyən diplomatik missiyalar, kiçik ticarət əlaqələri həyata keçirilirdi. «I Təhmasibin müasiri olmuş IV İvan Qroznının (1547-1584) dövründə iki hökmdar arasında heç bir birbaşa münasibətlər mövcud olmamaşdısa da, məhz onun zamanında hadisələrin gələcək gedişatına təsir göstərmək iqtidarında olan olaylar baş verdi. Bunlardan birincisi, 1556-cı ildə Həştərxanın Moskva knyazlığına ilhaqı idi ki, İranda (Səfəvi dövlətində - T.N.) buna lazımi diqqət verilmədi. Bu vacib məntəqə Rusiyaya Volqa çayı üzərində nəzarət hüququ verir, həmçinin Xəzər dənizi vasitəsilə ticarət etmək imkanı yaradan liman şəhərinin sahibi olmaq kimi əlverişli şərait yaradırdı. Məhz Həştərxana sahib olmaq, Moskvanın təqribən əsr yarımdan sonra gələcək aqressiyaları üçün yol açdı».

XVI əsrin II yarısında Azərbaycan Səfəvi dövləti ilə Böyük Moskva knyazlığı arasında sabit ticarət əlaqələri mövcud idi. Rus çarı IV İvan tərəfindən Kazan və Həştərxan xanlıqlarının əraziləri Moskva dövlətinə ilhaq olunduqdan sonra bu əlaqələrdə xüsusi canlanma baş verdi. Şamaxı, Ərəş və Təbrizdə istehsal olunan xam ipək, ipək məmulatı Azərbaycandan Moskva dövlətinə ixrac edilən başlıca əmtəə olmuşdur. Azərbaycanın Moskva knyazlığı ilə ticarət əlaqələri əsasən Şamaxı və Bakı vasitəsilə həyata keçirilirdi. Rus tacirləri ipəyi və nefti Azərbaycanda mümkün qədər ucuz qiymətə alır, Qərbi Avropa tacirlərinə baha qiymətə sataraq külli miqdarda mənfəət əldə edirdilər. Səfəvi dövləti hüdudunda soyuq silahlar, hərbi geyimlər həddən artıq istehsal olunur və bunların çox hissəsi Moskva dövlətinə ixrac edilirdi.

XVI əsrin II yarısında rus çarı IV İvan Kazan və Həştərxan xanlıqlarını işğal edib Volqa-Xəzər su yolunu ələ keçirdikdən sonra Qafqazın Xəzərsahili bölgələri və Azərbaycan Səfəvi dövlətinin digər hissələri ilə əlaqələri gücləndirmək və gələcəkdə öz təsirini bu regiona yaymaq arzusunda idi. Osmanlı dövləti Şimali Qafqaza soxulmağa çalışan Böyük Moskva knyazının bu cəhdlərinin qarşısını almağa çalışırdı. Osmanlı sultanı Həştərxan, Kazan xanlıqlarını bərpa etmək, Volqaboyunda möhkəmlənmək, hətta Dondan Volqaya kanal çəkib, Qara dənizlə Xəzər dənizi arasında su yolu açmaq niyyətində idi. Lakin Cənub-Şərqi Avropa ölkələrinə və Azərbaycan Səfəvi dövlətinə qarşı müharibələrə başı qarışan Sultan Süleyman Moskva knyazının istilalarına mane ola bilmədi.

XVI əsrin ortalarında Səfəvi dövlətinin Osmanlı dövləti ilə sülh bağlaması və Moskva dövlətinin Livoniya müharibəsinə cəlb olunması onların açıq şəkildə Osmanlı imperiyasına qarşı mübarizə aparmasını çətinləşdirdi.Bununla belə, çar IV İvan Səfəvi dövlətinin Osmanlılara qarşı müharibəyə başlamasını daha münasib bildiyi üçün 1568-ci ildə yaxın adamlarından Aleksey Xoznikovun rəhbərliyi altında nümayəndə heyətini I Şah Təhmasibin sarayına göndərdi.

P.P.Buşevin qeyd etdiyinə görə, 1555-ci ildə Osmanlı sultanı ilə sülh müqaviləsi bağlayan I Şah Təhmasib, Həştərxanın ruslar tərəfindən ələ keçirilməsi ilə barışmasa da, II Sultan Səlimi özünə qarşı qaldırmamaq üçün Osmanlılara qarşı fəal mübarizədən çəkinirdi.XVI əsrin son rübündə Osmanlı sultanı III Muradın Amasya sülhünün şərtlərini pozaraq Səfəvi dövlətinə qarşı müharibəyə başlaması Qafqaz uğrunda rəqabəti daha da kəskinləşdirdi. Osmanlı sultanı Dağıstan hakimlərinə ünvanlanmış fərman və hökmlərində onları Səfəvi dövlətinə və Moskva böyük knyazına qarşı mübarizəyə təhrik edirdi.Bu zaman Kaxeti çarının və Dağıstan knyazlarının Tarku Şamxalından etdikləri şikayətlər Moskva knyazının regionda möhkəmlənməsi üçün öz siyasətini fəallaşdırmasına şərait yaratdı. IV İvan Şimali Qafqazın feodal hakimləri arasındakı daxili çəkişmələrdən istifadə edərək öz mövqeyini bu bölgədə möhkəmləndirmək və hər vasitə ilə buradan Cənubi Qafqaza yönələn Osmanlı təcavüzünün qarşısını almağa çalışdı: 1578-ci ildə Sunja çayı sahilində qala inşa etdilər və burada silahlı qarnizon yerləşdirdilər.Osmanlı ordusunun Qafqaza girməsindən istifadə edərək 1574-cü ildə dağıtmaq məcburiyyətində qaldıqları Terek qalasını 1580-ci ildə yenidən bərpa etdilər. Çar IV İvan və Fyodr tərəfindən Terek qalası ətrafında, eləcə də Terek, Sunja və Göysu çayları ətrafında məskunlaşdırılan kazaklar osmanlılara qarşı mübarizəyə cəlb olundu. Bununla da, Qafqaz uğrunda Osmanlı, Səfəvi və Böyük Moskva knyazlığı arasında rəqabət daha da kəskinləşdi.

1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı Osmanlı ordusunun Azərbaycanın əksər torpaqlarını və Dağıstanın Xəzərsahili ərazilərini ələ keçirməsi Volqa-Xəzər ticarət yolunun bağlanmasına və iki dövlət arasında iqtisadi əlaqələrə ciddi zərbə vurdu. Volqa-Xəzər ticarət yolunun Osmanlı nəzarətindən azad edilməsində ümumi marağın olması Azərbaycan Səfəvi dövləti ilə Moskva knyazlığının siyasi cəhətdən yaxınlaşmasına müəyyən zəmin yaratdı.

Səfəvi-Osmanlı müharibəsinin getdiyi bir dövrdə Osmanlı dövləti Qafqazda möhkəmlənməyi qabağına məqsəd qoymuşdu,Moskva dovləti isə bunu istəmirdi. Bu səbəbdən onlar arasında bir sıra qarşıdurmalar baş vermişdi. Moskva knyazlığı isə diplomatik yollarla bu işi həll etməyə çalışırdı. Onlar həm gürcü hakimlikləri ilə əlaqələr yaradır,həm də Şah Abbasla ittifaqa cəhd edirdi. Bu işdə onun əsas məqsədi Səfəvilərlə əlaqə yaratmaqla bərabər Osmanlıya qarşı müttəfiq qazanmaq idi. 1589-cu ilin aprelində Vasiliçkovun rəhbərliyi elçi gəlmiş, şaha müxtəlif xatırlatmalar etmişdir.

P.P.Buşev Q.B.Vasilçikovun Səfəvi şahı ilə apardığı danışıqlar barədə yazır ki, I Şah Abbas Osmanlılar əleyhinə hərbi ittifaq bağlayaraq nəzarət etmədiyi iki mühüm şəhəri Moskva dövlətinə güzəştə getməklə bağlı suala birbaşa cavab vermədi. O, açıq şəkildə bildirdi ki, ruslar bu şəhərləri öz qüvvələri ilə Osmanlılardan geri almalıdırlar. Əgər Dərbənd və Bakını şah ordusu azad edərdisə, bu şəhərlərin güzəştə gedilməsindən söz ola bilməzdi . Beləliklə, Q.B.Vasilçikovun missiyası konkret uğur qazanmasa da, Moskva dövləti ilə Səfəvi dövləti arasında rəsmi diplomatik münasibətlərin əsasını qoymuş oldu.

Osmanlılar Şimali Qafqaz və Dağıstanı ələ keçirmək istədiklərinə görə Moskva dövləti 1588-ci ildə Terek çayı üzərində qala tikdirməyə başladılar.Terek qalasının tikilməsi ilə bağlı Səfəvi şahına lazımi məlumat verildi. Ona bildirildi ki, bu qala Osmanlı sultanının və Krım xanının qüvvələrinin Terek üzərindən Dərbəndə və Qızılbaş ərazilərinə yürüşünün qarşısını almaq məqsədi ilə tikilmişdir.

Beləliklə, Moskva hökuməti Şimali Qafqazda öz mövqeyini möhkəmləndirmək niyyətində olduğunu nümayiş etdirdi. Rus çarının Qafqazda öz mövqeyini gücləndirmək təşəbbüsü, xüsusən də Tersk şəhərciyinin salınması ilə Osmanlı və Krım qoşunlarının hərbi əməliyyatlar meydanına daxil olması üçün mühüm əhəmiyyət daşıyan strateji-ticarət magistralını bağlaması Osmanlı sultanını narahat edirdi. O, Tersk şəhərciyini dağıtmağı tələb etsə də, bir nəticə əldə edə bilmədi.

1590-ci il İstanbul sülhündən sonra Volqa-Xəzər ticarət yolunun Osmanlı nəzarətindən azad edilməsi kimi vacib məsələdə ümumi marağın olması Səfəvi dövləti ilə Moskva knyazlığının yaxınlaşması üçün müəyyən zəmin yaratdı. Lakin bu yaxınlaşma gözlənilən nəticəni vermədi. Çünki bu dövrdə Moskva dövləti Livoniya ilə uzunmüddətli müharibə nəticəsində zəiflədiyi üçün daxili böhran keçirirdi. Çar Fyodr İvanoviç(1584-98), həmçinin daxili və xarici siyasətə rəhbərlik edən Boris Qodunov Osmanlı dövləti ilə müharibə məsələsini həll edə bilmədilər. Bununla da, Moskva I Şah Abbas hökumətinin təklifindən istifadə edə bilmədi. Moskva dövləti yalnız dağlı knyazlarını öz tərəfinə çəkərək Şimali Qafqazda Osmanlı dövlətinin mövqeyini zəiflətməyə çalışdi.



1598-ci ildə rus çarı seçilən Boris Qodunov Azərbaycan Səfəvi imperiyası ilə əlaqələri inkişaf etdirməyə çalışdı. 1600-cü ildə o, hakimiyyət dəyişikliyinin iki ölkə arasındakı əlaqələrə zərər verməyəcəyini I Şah Abbasa çatdırmaq üçün knyaz Aleksey Zasekini Səfəvi sarayına göndərdi. Rus elçisi Osmanlılara qarşı Avstriya-Macarıstan, Moskva və Səfəvi dövləti arasında ittifaq yaradılmasının vacibliyini söyləyərək Moskvanın Səfəvilərə hər zaman hərbi yardım göndərəcəyinə təminat verdi.

Qeyd etmək lazımdır ki, XVI əsrin son rübündə baş verən Osmanlı-Səfəvi müharibəsi, Krım tatarlarının bölgədəki fəaliyyəti və Moskva knyazlığında daxili ixtişaşların başlanması elçilərin get-gəlini çətinləşdirdiyi kimi,iki ölkə arasında siyasi və iqtisadi sahədə müqavilənin bağlanmasına mane oldu. Göndərilən elçi heyətləri dostluq və yardım vədlərini təzələmək, qarşılıqlı niyyətlərini və tələblərini bəyan etməkdən irəli gedə bilmədi. Buna görə də Moskva və Səfəvi dövlətləri Osmanlılara qarşı birgə hərəkət edə bilmədilər.

1603-cu ildə Səfəvilərin Osmanlılara müharibəyə başlaması ilə yerli hakimlərin Osmanlıları müdafiə etməsinin qarşısını almaq üçün Butirlin və general Pleşeyevin rəhbərliyi altında rus ordusunu Dağıstana göndərdi.Rus ordusu aprel ayında Dağıstana girərək Göysu və Tarku qalalarını ələ keçirdi. 1605-ci ilin yazında Şamaxı bəylərbəyi tərəfindən göndərilən Osmanlı ordusu və topların yardım etdiyi Enderey xanı Sultan Mahmat və Adil Gərayın rəhbərliyi altında Dağıstan qüvvələri Tarkunu mühasirəyə aldı. Şəhəri boşaldaraq geri çəkilən 7 minlik rus ordusu Tarku ilə Qazıyurd arasında baş verən döyüşdə məğlub oldu. İvan Buturlin və general Pleşeyev də daxil olmaqla ruslar qılıncdan keçirildi. Sunja, Sulak və Terek çayları üzərindəki bütün qalalar Osmanlı və dağıstanlı qüvvələr tərəfindən ələ keçirilərək dağıdıldı. Həştərxana geri çəkilmək məcburiyyətində qalan ruslar I Pyotrun Xəzərsahili vilayətlərə yürüşünə kimi Şimali Qafqaza yürüş etmədilər.

Rus ordusunun Dağıstana yürüşü bilavasitə I Şah Abbasın Cənubi Qafqazda Osmanlı imperiyasına qarşı hərbi əməliyyatları gücləndirdiyi bir dövrdə başlamışdı. Moskva hökuməti bu addımı ilə Səfəvi şahı ilə danışıqları bərpa edərək Dərbənd, Bakı və Şamaxını güzəştə getməyə vadar etmək niyyətində idi. Moskva hökuməti Osmanlı dövləti ilə müharibə aparmaq niyyətində deyildi, buna görə də aparılan danışıqlar Qərbi Avropa müttəfiqlərinin diqqətini cəlb etmək üçün diplomatik manevrdən başqa bir şey deyildi. Lakin rus çarının bu niyyəti də özünü doğrultmadı. Belə ki, bir müddət sonra Səfəvi ordusu Azərbaycan ərazilərini tamamilə Osmanlı işğalından azad etdi.

I Şah Abbasın Azərbaycan və Gürcüstanı Osmanlı işğalından azad etməsindən sonra Moskva knyazlığı ilə qonşu olmasını nəzərə alan rus çarı I Mixail Romanov (1613-1645) Səfəvi dövləti ilə dostluq əlaqələri yaradılmasına xüsusi əhəmiyyət verirdi. 1614-1616-ci illərdə Moskva dövlətinin Səfəvilərlə münasibətində maliyyə məsələsi əsas yer tuturdu. Polşa ilə Deulino sülhünü bağladıqdan sonra müharibə aparmaq üçün I Şah Abbasdan maliyyə yardımı istəməsi şahın gözündə Moskva dövlətinin siyasi nüfuzunu tamamilə itirməsi ilə nəticələndi. Bu dövrdə çar Mixail Romanovla I Şah Abbas arasında diplomatik əlaqələr daha intensiv xarakter aldı. Bunu rus çarının Səfəvi sarayına göndərdiyi elçilərin sayının artmasında da açıq-aydın görmək mümkündür. Beləki, 1614-1618-ci illər arasında Moskva səfirləri Brexov, Afanasyev, Şaxmatov, Leontiyev, Timofeyev və Baryatinski elçi kimi I Şah Abbasın sarayına göndərildi.

1617-ci ildə Osmanlı ordusunun Azərbaycana növbəti yürüşü zamanı Şimali Qafqaz yolunun bağlanılması Səfəvi dövlətinin Moskva knyazlığı ilə qarşılıqlı əlaqələrini xeyli çətinləşdirdi. Bu məsələnin həlli öz növbəsində Moskva knyazlığı ilə Osmanlı dövləti arasında münasibətləri daha da pisləşdirsə də, Moskva hökuməti Səfəvi dövləti ilə əlaqələri möhkəmləndirməkdə maraqlı olduğu üçün şahın xahişini yerinə yetirmək qərarına gəldi. Çünki, Osmanlı dövlətinin Xəzər dənizi sahillərində və Şimali Qafqazda möhkəmlənməsi Moskvanın maraqlarına tamamilə zidd idi. Rus tacirlərinin Azərbaycanla ticarət əlaqələrinə zərbə vura bilərdi. Osmanlı dövlətinin bölgədə öz mövqeyini möhkəmləndirməsi nəinki Azərbaycan Səfəvi imperiyasının,eyni zamanda öz təsirini cənuba doğru genişləndirmək və regionda iqtisadi və siyasi mövqeyini möhkəmləndirməyə çalışan rus çarının maraqlarına cavab vermirdi. Tezliklə Moskva dövlətinin Sunj və Göysu çayları üzərində müdafiə qalalarını inşa edərək Azərbaycana uzanan Şimali Qafqaz yolunu nəzarət altına alması, Osmanlı ordusunun və Krım tatarlarının şimaldan Səfəvi imperiyasına hücumlarının qarşısını kəsmiş oldu.

İki dövlət arasındakı qarşılıqlı əlaqələrdiki mövcud vəziyyət XVII əsrin ortalarına kimi davam etdi. Məhəmməd Tahir Vəhid yazır ki, II Şah Abbas dövründə də Səfəvi dövləti ilə rus çarı arasında dostluq münasibətləri hökm sürürdü.Dövrün qaynağının verdiyi məlumata görə, II Şah Abbas dövründə (1642-1666) ruslar Terek çayı sahilində yeni qalalar inşa etdilər. Səfəvi sarayı iki dövlət arasındakı dost münasibəti nəzərə alaraq bu hadisəyə əhəmiyyət vermədi.

I Şah Abbasın varisləri dövründə də Səfəvi dövlətinin Moskva knyazlığı ilə dostluq münasibətləri davam etdirildi. Lakin II Şah Abbasın (1642-1666) hakimiyyəti dövründə don kazaklarının Xəzərsahili Azərbaycan torpaqlarına qarətedici yürüşləri iki dövlət arasında ciddi gərginlik yaratdı. 1647-ci ildə Don kazakları Bakı ətrafında dənizdə Fərahabadlı tacir Hacı Bağırın mallarını qarət etdilər. II Şah Abbas xüsusi elçisi Məhəmmədqulu bəyi Moskvaya göndərərək kazakların Xəzər dənizindəki fəaliyyətinə son qoyulması üçün qəti addımlar atılmasına nail olmağa çalışdı.

XVII əsrin II yarısında Moskva knyazlığı, rus hakim dairələri dövlətin cənub sərhədlərini genişləndirmək siyasətini getdikcə aşkar şəkildə yeritməyə başladılar. Moskva hökuməti İngiltərənin Səfəvi dövləti hüdudlarında nüfuz qazanmaq cəhdlərinə qısqanclıqla yanaşır, Osmanlı imperiyası ilə Səfəvi dövləti arasında daim gərginliyin qalmasına can atırdılar. F.Sümer yazır ki, ruslar tərəfindən Şimali Qafqazda strateji məqsəd daşıyan qalaların inşa edilməsi Səfəvi sarayında narahatlığa və etiraza səbəb oldu. Bu bir daha göstərdi ki, iki dövlət arasında baş verən ziddiyyətlər bilavasitə qüvvələr nisbətindən, münaqişə aparan tərəflərin iqtisadi və hərbi potensialından asılı olmuşdu. Y.Zevakinin fikrincə, hakimiyyətinin ilk illərində II Şah Abbas Səfəvi imperiyasının xeyli zəiflədiyini nəzərə alaraq rus çarına Dağıstanda qala-şəhərlər tikilməsinə mane olmasa da, Səfəvi dövləti kifayət qədər gücləndiyi dövrdə Dağıstanda rusların mövqeyinin güclənməsi ilə heç cür razılaşa bilmirdi.



P.P.Melqunov II Şah Abbas dövründə Səfəvi dövlətinin Moskva knyazlığı ilə əlaqələri barədə yazır: «Əgər XVI əsrdə sevincək olmuş rus çarı Rusiyaya qərb məhsulları gətirən ingilislərə qramota və imtiyazlar verirdisə,bu növ güzəştləri XVII əsrdə II Abbas rus tacirlərinə verir; onlara Səfəvi dövlətinin sahilboyu şəhərlərində rüsumsuz ticarət etməyə icazə verir. İran (Səfəvilər ) və Rusiya arasında münasibətlər o dərəcə də dostcasına olur ki, səbatsızlıq dövründən sonra (XVII əsrin əvvəllərində) ruslar pul cəhətdən ehtiyac duyaraq qonşu dövlətlərə borc üçün müraciət etdikdə, yalnız Səfəvilər bu çağırışa səs verir və Rusiyaya məlum miqdarda qızıl və gümüş göndərir». 1664-cü ildə II Şah Abbasın fərmanı ilə rus tacirləri Səfəvi imperiyasının bütün ərazisində gömrüksüz ticarət etmək, karvansaralardan və qonaq evlərindən pulsuz istifadə etmək hüququnu əldə etdilər.

L.Lokhart II Şah Abbasın dövründə Səfəvi dövlətində rus elçilərinə o qədər də rəğbətlə yanaşılmadığını vurğulayaraq göstərir ki, «1664-cü ildə çar Aleksey Mixayloviçin, bəxşiş və hədiyyələrlə iki səfir və 800-ə qədər müşayiətçi şəxsdən ibarət İsfahana yolladığı missiya üzvlərinin etimadnamələrinin olmasına baxmayaraq, Səfəvi imperiyasında «tezliklə anlayırlar ki, onların ölkəsinə təşrif buyuranların əsl məqsədi diplomatik statusdan istifadə edərək, satmaq üçün gətirdikləri böyük miqdarda əmtəələrin vergisindən yayınmaqdır». R.Dadaşova yazır ki, məram aydınlaşdırıldıqdan sonra ruslara qarşı qərəzli, qeyri-qonaqpərvər münasibət yaranır, nəticədə qonaqlar ölkəni incik halda tərk etməli olurlar. «Misiyaya belə münasibət bəslənməsindən qəzəblənən çar Səfəvilərə müharibə elan etmək fikrindən uzaq olduğu üçün bunun hayıfını başqa bir tərzdə almağı qərarlaşdırır. Onun iradəsinə uyğun olaraq quldur başçısı kimi məşhur olan Stepan Razin özünün beş yüz Don kazakı ilə birlikdə Volqa ilə üzən tacir və səyyahlara hücum edir, Mazandarana soyğun məqsədilə yürüşlər edir, Xəzər dənizinin cənub-şərq tərəfindəki Aşurada yarımadasında öz dəstəsi ilə məskən salır».

Qeyd etmək lazımdır ki, Azərbaycan Səfəvi dövləti ilə Rusiya arasındakı dostluq əlaqələri güclü ittifaqın yaranmasına gətirib çıxarmadı. Əgər XVII əsrin əvvəllərində Moskva knyazlığı Səfəvi şahının müttəfiqi kimi Osmanlı dövlətinə qarşı çıxmaqdan çəkinirdisə, XVII əsrin sonlarında da rus çarının Osmanlı dövlətinə qarşı birgə mübarizə aparmaq üçün Səfəvi şahına təklifləri cavabsız qaldı. Ancaq iki dövlət arasındakı iqtisadi və siyasi əlaqələrdə ümumi marağın olması tərəfləri mövcud münasibətləri davam etdirməyə vadar etdi.

Əsrin sonlarına doğru Səfəvi hökmdarı rus çarının Osmanlı imperiyasına qarşı birgə çıxış etmək təklifinə mənfi münasibət bildirdi. Moskva knyazı Xəzər dənizinə Şərq ölkələrinə müdaxilə üçün mühüm vasitə kimi yanaşırdı. Ruslar hər vasitə ilə Xəzər hövzəsində möhkəmlənməyə çalışırdılar. XVII əsrin sonlarında Dağıstan ərazisinin hansı dövlətə mənsub olması məsələsi Səfəvi dövləti ilə Moskva knyazlığı arasında münasibətlərin xeyli gərginləşməsinə səbəb oldu. XVII əsrin sonunda I Pyotr Osmanlı imperiyasına qarşı mübarizədə Səfəvi dövlətinin siyasi əhəmiyyətini qəbul edirdi. Rus çarı səhih informasiya əldə etmək məqsədilə 1697-1698-ci illərdə Səfəvi sarayında rezident postu təsis olunmasına çalışırdı. Bu məqsədlə o, Vasili Kuçukovu Səfəvi sarayına yollayır. Lakin «incə bacarıqlı diplomat və çox güman ki, o qədər də ağıllı olmayan V.Kuçukov Şah Sultan Hüseynin çar qramotasını şəxsən onun əlindən qəbul etməkdə israr etdiyi üçün tapşırığı yerinə yetirə bilmir və Səfəvi ölkəsindən qovulub çıxarılır».

XVII əsrin sonlarında çar I Pyotr Xəzər dənizinin şərq sahili boyunca yerləşmiş limanlara gəmilər göndərmək və burada ticarəti genişləndirmək üçün yeni dayaq məntəqəsi yaratmaq niyyətində idi. Artıq əsrin sonuna yaxın Rusiyanın Xəzər dənizində müəyyən sayda gəmiləri vardı. 1700 ildə rus eskadronunun komandiri kapitan E.Meyer rus gəmiləri ilə Bakı buxtasına azad giriş hüququnun verilməsini Səfəvi dövlətindən tələb edir. Səfəvi hökuməti bu tələbi rədd edir, Bakının müdafiəsiz olduğunu nəzərə alaraq, onu möhkəmləndirməyə başlayır.

Beləliklə, Səfəvi imperiyasının Moskva dövləti ilə münasibətlərinin tarixşünaslıqda tədqiqi səviyyəsinin təhlili göstərir ki, XVI-XVII əsrlərdə Səfəvi imperiyası ilə Moskva dövləti arasındakı siyasi və iqtisadi əlaqələr Osmanlı imperiyasının regionda yeritdiyi siyasətlə bilavasitə sıx bağlı olmuşdu. Rus çarının Osmanlılara qarşı düşmən münasibəti və onların Cənubi Qafqaz hüdudlarından qovulmasında maraqlı olması Səfəvi şahını Moskva dövlətini bu münaqişəyə cəlb etməyə vadar etmişdi. I Şah Abbas rus çarının göndərəcəyi hərbi yardım müqabilində Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət daşıyan Xəzərsahili şəhərlərini – Dərbənd və Bakını rus çarına bağışlayacağına belə söz vermişdi. Lakin Moskva dövləti daxili və xarici siyasətin mürəkkəbliyi üzündən o dövrdə güclü olan Osmanlı imperiyası ilə birbaşa hərbi toqquşmaya cəsarət etmədi. Eyni zamanda yaranmış şəraitdə öz şansını itirmək istəməyən Moskva dövləti Səfəvi imperiyasını hər vəchlə Osmanlı imperiyasına qarşı müharibəyə təhrik edərək, ona hərbi yardım göstərəcəyinə vədlər verməkdən çəkinmədi. İki dövlət arasında uzun sürən üzücü danışıqlar heç bir nəticə vermədiyi kimi, I Şah Abbas Moskva dövlətinin heç bir yardımı olmadan Osmanlılar üzərində tam qələbə qazanaraq işğal olunmuş Azərbaycan ərazilərini azad etdikdən sonra yuxarıda adı çəkilən şəhərlərin ruslara verilməsi məsələsi bir daha müzakirə obyekti olmadı. XVII əsrin ortalarından başlayaraq iki dövlət arasında müəyyən gərginlik yaransa da, tərəflərin göstərdiyi təşəbbüskarlıq nəticəsində onu aradan qaldırmaq və mövcud əlaqələri qoruyub saxlamaq mümkün oldu.




Yüklə 71,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin