5.Azərbaycan tarixi-XIII-XVIII əsrlər- III cild. Bakı.Elm 2007.
6. Oqtay Əfəndiyev-Azərbaycan Səfəvilər dövləti. Şərq-Qərb.Bakı 2007
7. Azərbaycan Respublikası Dövlət torpaq və xəritəçəkmə komitəsi. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu.- Azərbaycan Tarixi Atlası. Bakı Kartoqrafiya Fabriki. BAKI 2007.
Plan 1. I Şah İsmayılın xarici siyasətinin başlıca cəhətləri
Ərəb xilafətinin tənəzzülü, xüsusən də səlcuq yürüşləri dövründən başlayaraq müsəlman şərqinin böyük bir hissəsində siyasi hakimiyyət türklərin əlinə keçmişdi. Misirdən tutmuş Hindistana qədər geniş bir ərazidə hökmranlıq edən müxtəlif türk sülalələri daim bir-biri ilə rəqabət halında olmuş, bu isə vaxtaşırı hərbi toqquşmalara aparıb çıxarmışdır. XVI əsrin əvvəllərində islam şərqində dörd türk xanədanı söz sahibi idi: Osmanlılar, Məmlüklər, Səfəvilər və Şeybanilər. Şah İsmayılın öz babası Uzun Həsənə məxsus olmuş məmləkəti bütünlüklə ələ keçirməsindən sonra Səfəvilər dövləti qərbdə Osmanlılar və Məmlüklər, şərqdə isə Şeybanilərlə həmsərhəd olmuşdu. Əslində gənc Səfəvi dövlətinin belə sürətlə genişlənməsi və inkişaf etməsi zəngin Azərbaycan, İran, İraq ərazilərini zəbt etməyi planlaşdıran Şeybanilər və Osmanlılar üçün arzuolunmaz bir sürpriz idi. Şah İsmayılın qonşu dövlətlərlə münasibətlərdəki mövqeyi onun babası Ağqoyunlu Uzun Həsənin xarici siyasəti ilə, demək olar ki, tam eyni idi. Uzun Həsən də şərqdəki Teymurilər və qərbdəki Osmanlılarla müharibələr aparmış, hərbi müttəfiqlik yaratmaq məqsədi ilə Qərbi Avropa dövlətləri, xüsusən də Venesiya ilə sıx əlaqələr saxlamış, Gürcüstana hərbi səfərlər etmişdir və s. Bütün bu aspektləri eyniylə Şah İsmayılın da xarici siyasətində görmək mümkündür. Sadəcə olaraq, Səfəvilər sülaləsi hakimiyyətə gəldikdən sonra qonşu dövlətlərlə münasibətlərdə bütün bu siyasi cəhətlərlə yanaşı, dini-ideoloji amil də dövriyyəyə daxil olmuşdu.
İslamın sünni cərəyanının bayraqdarı olan Osmanlı və Şeybani dövlətləri rəsmi şiə məzhəbli Səfəvilər dövlətini təkcə hərbi-siyasi baxımdan deyil, ideoloji cəhətdən də özlərinə ciddi rəqib hesab edirdilər. Müasir italiyalı tarixçi A.Bauzani yazır ki, “din bu mübarizədə mühüm rol oynayırdı; özbək Şeybanilər də Səfəvilərin qərbdəki düşmənləri olan Osmanlılar kimi sünni idilər, buna baxmayaraq, bu üç qruplaşmanın hər biri türk mənşəli idi”. Eyni zamanda, Səfəvilər də geniş şiə təbliğatı aparmaqla özlərinə rəqib hesab etdikləri qonşu sünni sülalələrinin hakimiyyətini sarsıtmağa çalışır, şiə əqidəsindən onlara qarşı ideoloji silah kimi istifadə edirdilər.Şah İsmayılın hərbi işğalçılıq planlarının açıqlanması baxımdan mühüm əhəmiyyət kəsb edən bir şeirindəki bəzi beytlər “Aləmara”nın bu yöndəki faktlarını təsdiq edir. H.Braunun təbirincə desək, “onun məqsədi özünün və öz ardıcıllarının hökmranlığını bütün istiqamətlərdə mümkün olduqca uzağa yaymaq və bu hökmranlığı sərəncamında olan bütün vasitələrdən, o cümlədən də dindən istifadə etməklə qorumaq idi”.
Beləliklə, yarandığı ilk dövrdən başlayaraq Azərbaycan Səfəvilər dövləti beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərirdi. Keçmiş Ağqoyunlu məmləkətinin fəthindən sonra Şah İsmayılın hərbi-siyasi fəaliyyətində yeni bir mərhələ başlamışdı ki, bu da özündə qonşu dövlətlərin mümkün hücumlarından qorunmaq və həmin dövlətlərin ərazisi hesabına öz imperiyasının sərhədlərini genişləndirmək planlarını ehtiva edirdi.
Dostları ilə paylaş: |