Azaqova Aysu Azərbaycan tarixi-2 Mövzu: Azərbaycan Səfəvi dövlətinin digər qonşu dövlətlərlə münasibətlərinin tarixşünaslıqda əksi Plan



Yüklə 71,34 Kb.
səhifə8/9
tarix16.04.2022
ölçüsü71,34 Kb.
#55569
1   2   3   4   5   6   7   8   9
Aysu Azaqova

Plan 7. Portuqaliya ilə əlaqələr

Azərbaycan Səfəvi dövlətinin Portuqaliya ilə əlaqələrinin yaranması Avropadan Hindistana dəniz yolunun kəşf olunması və Portuqaliyanın Hind okeanı hövzəsində möhkəmlənməsi ilə bağlı idi. 1501-ci ildə Portuqaliya donanması Kəngər körfəzinə daxil oldu. Səfəvi dövlətinin körfəzdəki ən mühüm ticarət mərkəzi və körfəzə açılan qapısı olan Hörmüzü işğal etməklə, Portuqaliya Səfəvilərlə Hindistan arasında okean vasitəsilə aparılan ticarətə nəzarəti ələ keçirmək, hətta daha irəli gedərək Səfəvi dövlətini siyasi baxımdan özlərindən asılı vəziyyətə salmaq məqsədini güdürdü. Buna görə də, XVI əsrlərin əvvəllərində Azərbaycan Səfəvi dövləti ilə Portuqaliyanın qarşılıqlı əlaqələri normal məcrada inkişaf etmədi. Bu, hər şeydən əvvəl böyük coğrafi kəşflərlə bağlı olaraq Portuqaliyanın Hind okeanında və Kəngər körfəzində ağalıq etmək və həmin bölgədə işğalçılıq niyyətləri ilə izah olunur. Osmanlı imperiyasına qarşı mübarizənin ümumi mənafeləri Səfəvi dövlətinin Qərbi Avropa dövlətləri ilə diplomatik əlaqələrini xeyli canlandırdı. Səfəvi dövlətinin mənafelərinin toqquşduğu Avropa ölkələrindən birincisi Portuqaliya oldu.

Kəngər körfəzinin ağzında yerləşən Hörmüz Azərbaycan Səfəvi dövləti üçün Hind okeanına mühüm çıxış məntəqəsi idi. Hörmüz hakimi Səfəvilərdən asılı idi və Səfəvi xəzinəsinə illik bac ödəyirdi. 1507-ci ilin oktyabrında Alfonsu d’Albukerkenin başçılığı etdiyi Portuqaliya donanması Hörmüzə hücum etdi. Bu zaman I Şah İsmayıl Zülqədəroğlu Əlaüddövləyə qarşı yürüşə çıxdığı üçün Hörmüz əmirinə yardım göstərə bilmədi.Hörmüzlülər Xacə Əttarın başçılığı altında inadlı müqavimət göstərsələr də, Portuqaliya artilleriyası şəhəri təslim olmağa məcbur etdi. Əmir Seyfəddin Portuqaliya asılılığını qəbul etdi, təzminat olaraq 5 min qızıl əşrəfi pul verdi və hər il 15 min əşrəfi bac ödəməyi öhdəsinə götürdü.Hörmüzdə Portuqaliyanın ticarət faktoriyası açıldı və Portuqaliya qarnizonu üçün qala inşa olunmağa başlandı. Portuqaliya hakimiyyət orqanlarının icazəsi olmadan heç bir ölkənin ticarət gəmisi Kəngər körfəzinə daxil ola bilməzdi. Hörmüzün itirilməsi Səfəvi dövlətinin Hind okeanı hövzəsindəki ölkələrlə ticarət əlaqələrinin məhdudlaşmasına səbəb oldu.

Səfəvi dövlətinin Şeybanilər dövləti və Osmanlı imperiyası ilə münasibətləri gərginləşdiyindən I Şah İsmayıl Hörmüz münaqişəsini diplomatik yolla nizama salmağa təşəbbüs göstərdi. O, öz elçisini Hörmüzə göndərdi. Lakin bu, arzu olunan nəticəni vermədi.

I Şah İsmayılın Çaldıran döyüşündə məğlub olması və Səfəvi ordusunun Şərqi Anadoluda Osmanlılara qarşı hərbi əməliyyatları davam etdirməsindən istifadə edən Portuqaliya admiralı Albukerke 1515-ci il fevralın 20-də 26 gəmidən və 2200 nəfərlik heyətdən ibarət qüvvətli hərbi-dəniz qüvvələrinin başında yenidən Hörmüzə hücum etdi. Bu dəfə Hörmüz qəti olaraq Portuqaliya müstəmləkə imperiyasının tərkibinə qatıldı.

I Şah İsmayıl Portuqaliya ilə əldə olunmuş razılığa əməl edərək, həm də Osmanlı dövləti ilə müharibə vəziyyətində olduğu üçün bu dəfə də Hörmüz münaqişəsinə qarışa bilmədi. O, müvəqqəti olaraq Portuqaliyanın Kəngər körfəzində möhkəmlənməsi ilə razılaşdı və bu hadisədən Osmanlı imperiyasına qarşı Portuqaliya ilə hərbi ittifaqa girmək üçün istifadə etdi.



Beləliklə, Səfəvi dövləti Osmanlı imperiyasına qarşı odlu silah əldə etmək xatirinə Kəngər körfəzində hegemonluğu Portuqaliyaya tərk etdi. A.Allouşun fikrincə, Səfəvi dövlətinin zəifləməsindən istifadə edən Portuqaliya Hörmüzü fəth edərək Kəngər körfəzinin girişini 100 il ərzində öz nəzarəti altına aldı.

Portuqaliya admiralı Kəngər körfəzində və Hörmüzdə Portuqaliyanın qüdrətinin və üstünlüyünün qənaətbəxş səviyyəyə gəlib çatana qədər I Şah İsmayılla dostluq əlaqələrini qoruyub saxlamağa çalışdı.I Şah İsmayılın Hörmüzə iddiadan əl çəkməsi Səfəvi-Portuqaliya əlaqələrinin inkişafına təsir göstərdi. Ancaq onun ölümündən sonra daxili iğtişaşlar üzündən əsrin ortalarına qədər Səfəvi-Portuqaliya münasibətlərinə vacib irəliləyişlər olmamışdır.

Hörmüzü işğal etməklə Səfəvi-Hindistan ticarətini öz nəzarətinə alan portuqallar istədikləri vaxt Səfəvi tacirlərini Hörmüz limanına buraxmırdılar. XVI əsrin 30-50-ci illərində Səfəvi-Osmanlı qarşıdurması Portuqaliyanın siyasi və iqtisadi maraqlarına tam cavab verirdi. Səfəvi dövlətinə ehtiyac duyduğu silah, maliyyə yardımı, hətta hərbi qüvvə verəcəyini vəd edən Portuqaliya bütün vasitələrdən istifadə edərək, Osmanlı ərazisindən keçən ənənəvi Şərq-Qərb karvan ticarət yolunun yenidən dirçəlməsinə imkan vermirdi [92,165]. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Səfəvi dövlətinin Portuqaliya ilə yaxınlaşması, Portuqaliyanın ədviyyat ticarətini öz inhisarına almasından narazı qalmış Venesiyanın Səfəvi dövləti ilə münasibətlərinin zəifləməsinə səbəb oldu. Osmanlı imperiyasının Portuqaliyanı Hind okeanından sıxışdırmaq və ədviyyat ticarətinin istiqamətini yenidən Aralıq dənizi sahillərinə yönəltmək siyasəti Venesiyanın mənafeyinə uyğun gəldiyi üçün Venesiya respublikası Osmanlı dövləti ilə yaxınlaşmağa başladı. Bu dövrdə Qərb dövlətləri başda Almaniya imperiyası olmaqla Səfəvi dövləti ilə Osmanlılar əleyhinə danışıqlar apararkən, əslində Osmanlı imperiyasını bu dövlətin əli ilə məğlub etməyə, heç olmasa müəyyən müddətə də olsa, Osmanlı zərbəsini özlərindən uzaqlaşdırmağa çalışırdılar.

XVI əsrin ortalarında Portuqaliya Səfəvi dövləti ilə güzəştli ticarət müqaviləsi bağlamaq üçün təşəbbüs göstərdi. 1551-ci ildə bu məqsədlə I Şah Təhmasibin sarayına Portuqaliya səfiri göndərilsə də, aparılan danışıqlar ticarət müqaviləsinin bağlanması ilə başa çatmadı. Portuqaliya hər vasitə ilə Səfəvi dövlətini əlverişsiz ticarət müqaviləsini bağlamağa təhrik etməyə çalışırdı. Portuqaliya kralı Don Sebastian (1557-1578) 1572-ci ildə I Şah Təhmasibin sarayına ticarət müqaviləsi bağlamaq üçün elçi göndərsə də, aparılan danışıqlar uğursuz oldu. Portuqaliya diplomatik missiyasının uğursuzluğuna səbəb, portuqalların Hörmüzdə müsəlmanlara qarşı xoş münasibət bəsləməməsi idi. Hətta, I Şah Təhmasib Hörmüzdə müsəlmanlara qarşı Poruqaliya məmurlarının çox pis rəftarını nəzərə alaraq elçi heyətini çox soyuq qarşılamışdı.



Görünür, I Şah Təhmasib Osmanlı və Səfəvi dövlətləri arasında 1555-ci ildə bağlanmış sülh müqaviləsinin şərtlərini pozmaq istəməmiş, osmanlıların başlıca düşmənlərindən biri olan Portuqaliyanın səfirlərini məhz buna görə soyuq qarşılamışdı.

I Şah Abbas hakimiyyətinin ilk illərində portuqalların körfəzlə bağlı bütün təkliflərini qəbul etdi və onların ipək ticarətindən böyük gəlir əldə etməsinə göz yumdu, çünki Osmanlılarla apardığı savaşlarda Portuqaliyanın hərbi yardımına böyük ümid bəsləyirdi. Ancaq Portuqaliya bu ümidi doğrultmadı. Üstəlik, portuqallar Hörmüzdə Səfəvi tacirlərini incidirdilər. Kəngər körfəzini yerli və əcnəbi tacirlərin üzünə açmağa çalışan I Şah Abbas Avropa dövlətləri arasındakı rəqabətdən istifadə edərək, 1612-ci ildə Bəhreyni, 1613-cü ildə isə Haburnu portuqallardan geri aldı.

Şübhəsiz ki, Kəngər körfəzində Səfəvi dövlətinin vaxtı ilə itirmiş olduğu mövqeyi bərpa etməyə çalışan I Şah Abbas portuqalların Kəngər körfəzindəki hökmranlığına son qoymaq üçün ingilislərlə yaxınlaşdı. Portuqallara qarşı mübarizədə I Şah Abbas və ingilislər arasında ittifaq reallaşdı. 1621-ci il noyabrın 21-də Səfəvi dövləti ilə İngiltərə arasında bağlanmış və Portuqaliyaya qarşı yönəlmiş yeni müqavilənin beşinci maddəsində Hörmüz tutulduqdan sonra Kəngər körfəzində iki ölkə arasında qurulacaq iqtisadi əlaqələrin tənzimlənməsi qaydası müəyyən olunmuşdu. Bu maddəyə görə, Hörmüzdə əldə olunacaq gömrük rüsumu Səfəvi və İngiltərə dövlətləri arasında bərabər bölünməli və həmin limana daxil olan ingilis mallarından heç bir vergi alınmamalı idi. Bir müddət sonra tərəflərin razılığı ilə həmin maddədə belə bir dəyişiklik edildi ki, Hörmüz qalası Səfəvi dövləti ilə İngiltərənin birgə nəzarətində olacaqdır və İngiltərədən yalnız Səfəvi şahına və Fars valisinə göndərilən ticarət malları gömrükdən azad ediləcəkdir.

1622-ci ilin aprelində ingilis donanmasının yardımı ilə Səfəvi ordusu Hörmüz və Kiş adalarını azad etdi. Bu kömək müqabilində ingilislərə məxsus Ost-Hind şirkəti I Şah Abbasdan bir sıra imtiyazlar aldı. İngilislərə Bəndər-Abbasda nümayəndəlik, Cəskdə isə ticarət faktoriyası yaratmağa icazə verildi. Onlar öz mallarını Səfəvi dövlətinə vergi ödəmədən aparmaq, Hörmüz gömrük gəlirlərinin bir hissəsini almaq hüququ, habelə xam ipək almaq üçün inhisar hüququna yiyələndilər.

1625-ci ildə portuqallar Hörmüzü yenidən ələ keçirməyə cəhd göstərsələr də, niyyətləri baş tutmadı. Buna baxmayaraq, I Şah Abbas Portuqaliya barədə əvvəlki sərt siyasətini dəyişərək, onunla müqavilə bağladı. Bu müqaviləyə görə, Portuqaliya Kəngər körfəzindəki keçmiş müstəmləkələrinin Səfəvi dövlətinə məxsus olduğunu qəbul etdi. Bunun əvəzində I Şah Abbas Kişdə toplanan gömrüyün 25 min livr dəyərində olan bir hissəsini onlara güzəştə gedəcəyini vəd etdi. I Şah Abbasın portuqallarla bağlı güzəştli ticarət siyasəti yeritməkdə əsas məqsədi portuqalları körfəzdə güclənməkdə olan ingilislərə qarşı qoyaraq, burada tarazlıq yaratmaqdan ibarət idi. Qərb dövlətləri arasında Hörmüzdə ağalıq üstündə rəqabət hələ də davam edirdi. Hörmüz üç mühüm məntəqədən biri olub, sahibinə Kəngər körfəzi, Hind okeanı, Qırmızı dəniz və beləliklə, Cənub-Şərqi Asiya ticarətinə tam nəzarət etmək imkanı verdi.


Yüklə 71,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin