Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir. Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir. Dialoji nitqdə həmsöhbətlərdən birinin ifadə etdiyi fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli olaraq söhbətə öncədən hazırlıq görülmür. Bu səbəbdən dialoji nitqdə tərəflər daha fəal olurlar. Dialoji nitqin bütün formalarında (dialoji söhbət, danışıq formalarında) onun iştirakçıları hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir, dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müraciətlər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəhdət yaradır. Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir. Əlbəttə, belə ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün normalarına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır. Nitqin dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə digər vasitələrdən də - jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır.
Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahiblərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır.
Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir.