AZƏrbaycan diLİ VƏ tariXİ ―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 11,49 Mb.
Pdf görüntüsü
səhifə28/36
tarix31.01.2017
ölçüsü11,49 Mb.
#7204
1   ...   24   25   26   27   28   29   30   31   ...   36
§ 4. BƏDĠĠ ƏDƏBĠYYAT. FOLKLOR 

 

XIX  yüzilliyin  ikinci  yarısı  Azərbaycan  ədəbiyyatının  tam  yeni  ideya-



estetik  istiqamətdə  inkişafı,  böyük  nailiyyətlər  qazanması  dünya  ədəbiyyatı 

sisteminə  daxil  olması  dövrüdür.  50-ci  illərin  əvvəllərindən  Azərbaycanda 

maarifçilik  ideologiyası  əsaslarının  qoyulması,  Azərbaycan-Qərbi  Avropa  və  rus 

ədəbi əlaqələrinin qüvvətlənməsi bədii ədəbiyyatın qarşısına yeni tələblər, vəzifələr 

qoymuş, onun real gerçəkliklə əlaqəsini olduqca qüvvətləndirmiş, onda yeni ədəbi-

estetik  prinsiplərin,  növ  və  janrların  inkişaf  tapmasına  səbəb  olmuşdu.  Bu  dövr 

Azərbaycan  ədəbiyyatının  mühüm  nailiyyətləri,  yeni  yaradıcılıq  metodunun  - 

realizmin  bir  ədəbi  metod  kimi  formalaşması  və  ədəbi  prosesdə  hakim  mövqe 

tutması ilə bağlı olmuşdur. 

Qərbi  Avropa  və  rus  ədəbiyyatında  olduğu  kimi,  XIX  yüzilliyin  ikinci 

yarısında  Azərbaycan  ədəbiyyatında  yeni  realist  sənət  prinsiplərinin  təşəkkülünü 

şərtləndirən başlıca amil maarifçilik ideologiyası və bu ideologiyanın insan və onu 



əhatə  edən  mühit,  ailə  və  sosial  münasibətlər  haqqında  tam  yeni  konsepsiya  irəli 

sürməsi ilə üzvi surətdə bağlı olmuşdu. 

Bu 

konsepsiyanın 



mahiyyətinin,  insan  şüurunun,  xarakterinin, 

psixologiyasının,  mənəvi  aləminin  formalaşmasında  mühit,  ailə 

VƏ 

ictimai 


münasibətlər əsas həlledici  rol oynayır, insan bilavasitə  mühitin  məhsuludur fikri 

üstünlük təşkil edirdi. 

Azərbaycan  ədəbiyyatında  maarifçilik  ideologiyası  əsasında  yeni  ədəbi-

estetik  prinsiplər  ilk  növbədə  komediya  janrında  öz  həllini  tapmışdır.  Bu  dövrdə 

Azərbaycan dramaturgiyasının əsasları  qoyulmuş və  o, əlamətdar bir inkişaf  yolu 

keçərək ədəbi prosesdə əsas, həlledici bir mövqe tutmuşdur. 

Azərbaycan  ədəbiyyatında,  ümumiyyətlə  müsəlman,  türk  dünyasında 

dramaturgiyanın banisi  M.F.Axundovdur.  Hələ gənc  yaşlarında bir şair kimi bədii 

yaradıcılığa  başlayan  Mirzə  Fətəli  keçən  əsrin  50-ci  illərində  bir-birinin  ardınca 

"Hekayəti-Molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti-Müsyö Jordan həkimi 

nəbatat  və  dərviş  Məstəli  şah  caduküni  məşhur"  (1850),  "Hekayəti-xırs 

quldurbasan"  (1851),  "Sərgüzəşti-vəziri-xani-Lənkəran"  (1851),  "Sərgüzəşti-

mərdi-xəsis"  ("Hacı Qara") (1852) və  "Mürafiə  vəkillərinin hekayəti" (1855) adlı 

komediyaları  ilə  Azərbaycan  ədəbiyyatında  dramaturgiyanın  bünövrəsini  qoymuş 

və yalnız Azərbaycanda deyil, ümumən Yaxın Şərq ölkələrində ilk dramaturq kimi 

böyük  şöhrət  qazanmışdır.  M.F.Axundovun  altı  ölməz  komediyası  ilə  milli 

ədəbiyyatımızda realizmin əsasları qoyulmuşdur. 

Qərbi  Avropa  və  rus  dramaturqları  kimi,  M.F.Axundov  da  maarifçilik 

ideyalarının  yayılması  üçün  dramı  münasib  və  dəyərli  ideoloji  mübarizə  vasitəsi 

saymış  və  bir  maarifçi  kimi,  qızğın  ədəbi-ictimai  fəaliyyətə  başlayarkən,  ilk 

növbədə  komediya  janrına  müraciət  etmiş,  ədəbi-tənqidi  məqalələrində  də  dram 

əsərlərinin təbliğinə xüsusi diqqət yetirmişdir. 

M.F.Axundov  komediyaların  bədii  materiallarını,  mövzusunu  real 

həyatdan  almışdı.  O,  komediyalarında  XIX  əsrin  30-50-ci  illər-arası  Azərbaycan 

həyatının  dərin,  hərtərəfli  və  həqiqi  təsvirini  vermiş,  öz  dövrünün  aktual 

məsələlərinə  toxunmuşdu.  Mirzə  Fətəli  əsərlərində  feodal  cəmiyyətinin  əsas 

nöqsanları və ziddiyyətləri açıq göstərilmiş, nadanlıq, gerilik, dini, fanatizm, zülm, 

özbaşınalıq, qanunsuzluq və rüşvətxorluq əleyhinə çıxaraq, maarifı, elmi, iqtisadi-

mədəni tərəqqi ideyalarını qızğın təbliğ etmişdir. 

M.F.Axundov  komediyalarında  Azərbaycan  cəmiyyətinin  əsas  təbəqə  və 

zümrələrinin  məişətini,  həyat  tərzini,  istək  və  arzularını,  dərd  və  ələmlərini, 

psixoloji,  sosial  xüsusiyyətlərini,  ictimai  əlaqələrini,  cəmiyyətdə  tutduğu 

mövqeyini  dərin  və  hərtərəfli  təsvir  etmiş,  həmin  təbəqələrin  nümayəndələrinin 

dolğun realist surətlərini yaratmışdır. Böyük yazıçının yaratdığı surətlər aləmində 

mənfi "qəhrəman"ları xüsusi əhəmiyyət kəsb edir. Bu surətlərdə dramaturq hakim 

imtiyazlı təbəqələrin səciyyəvi sifətlərini ümumiləşdirmiş və onların dolğun satirik 

surətlərini yaratmağa  müvəffəq olmuşdur. Məsələn, "Hekayəti-Molla İbrahimxəlil 


kimyagər"  komediyasında,  Molla  İbrahimxəlil,  "Müsyö  Jordan  və  Dərviş  Məstəli 

şah" komediyasında Məstəli şah surətində  o, tüfeyli həyat surən, xalqın şüurunun 

oyanmasına, mədəni inkişafına ciddi əngəl törədən ictimai zümrələri kəskin tənqid 

atəşinə  tutmuşdur.  Bu  surətlər  vasitəsilə  Axundov  həm  də  sxolastik  elmlərin 

puçluğunu açıb göstərir, bütövlükdə dini-feodal təfəkkür tərzi əleyhinə çıxırdı. 

"Vəziri-xani-Lənkəran"  komediyasında  xan  və  vəzir  surətlərində  feodal 

hakimlərinin səciyyəvi sifətləri ümumiləşdirilmişdir. 

Əsərdə onlar nadan, səfeh, zalım, ədalətsiz hakimlər kimi təqdim I və ifşa 

olunmuşdur.  "Hacı  Qara"  komediyasının  mənfi  qəhrəmanı  olan  Heydər  bəy 

surətində  M.F.Axundov  XIX  yüzilliyin  ortalarında  iflasa  uğramış  Azərbaycan 

mülkədarlarının  tipik  surətini  yaratmışdır.  Hacı  Qara  surətində  isə  bu  dövr 

Azərbaycan  tacirlərinin  özünəxas  mənəvi  sifətləri  ümumiləşdirilmiş,  Hacı  Qara 

xəsislik tamahkarlıq, acgözlük timsalı kimi qələmə alınmışdır. "Mürafiə vəkilləri" 

komediyasında  isə  vəkil  Ağa  Mərdan  surəti  timsalında  məhkəmə  məmurlarının 

satirik bədii surəti yaradılmışdır. 

M.F.Axundov  komediyalarında özünün  mütərəqqi görüşlərini ifadə etmiş 

bir  maarifçi  kimi,  müasirlərini,  xüsusilə  gəncləri  dünyəvi  elmlərin  mütərəqqi 

Avropa  mədəniyyətinin  nailiyyətlərinə  yiyələnməyə  çağırmış,  insan  zəkasına 

yüksək qiymət vermiş, şəxsiyyət azadlığı uğranda fəal mübarizə aparmışdır. Bütün 

maarifçilər kimi, onun da yaradıcılığında zəhmət mövzusu, ictimai-faydalı əməyin 

təbliği mühüm yer tutur. 

M.F.Axundov  mütərəqqi  görüş  və  fikirlərini  dram  əsərlərində  yaratdığı 

müsbət obrazlarda əks etdirmişdir. Onun ilk komediyasının müsbət qəhrəmanı şair 

Hacı  Nuru  milli  ədəbi  ədəbiyyatımızda  maarifçi  görüşləri  təbliğ  edən  ilk  ziyalı 

surətidir. Axundov şairin dili ilə "hər kəsin öz sənəti özünə iksirdir və xoş güzarına 

baisdir",  -  deməklə  ictimai-faydalı  əməyi  təqdir  edirdi.  "Müsyö  Jordan  və  dərviş 

Məstəli şah" komediyasında nəbatat alimi Müsyö Jordan surəti elm, maarif, tərəqqi 

simvolu  kimi  təqdim  olunur.  Həmin  komediyanın  gənc  qəhrəmanı  Şahbaz  bəy 

surəti  vasitəsi  ilə  Axundov  Azərbaycan  gəncliyini  elmə,  maarifə,  Avropa 

mədəniyyətinin  mütərəqqi  ideyalarına  yiyələnməyə  çağırırdı.  Onun  "Vəziri-xani-

Lənkəran" komediyasında  gənc  kəndli Bayram  surətində  Azərbaycan xalqının bir 

sıra müsbət keyfiyyətləri ümumiləşdirilmişdir və s. 

M.F.Axundov komediyalannda öz ağıl və düşüncə tərzi, xarakteri, ictimai 

mənsubiyyəti  baxımından  bir-birindən  kəskin  surətdə  fərqlənən  bütöv  bir  silsilə 

orijinal  qadın  surətləri  –  Şəhrəbanu  xanım,  Şərəfnisə  xanım,  Ziba  xanım,  Şölə 

xanım, Nisə xanım, Pərzad, Zalxa, Tükəz və Səkinə xanım surətlərini yaratmışdır. 

Onların  arasında  həm  avam,  müti,  aciz,  həm  öz  şəxsi  səadəti,  gələcək  taleyi 

uğrunda  fəal  mübarizə  aparan  ağıllı,  tədbirli,  gözüaçıq,  həm  də  hiyləgər,  ikiüzlü 

qadın surətləri vardır. XIX  yüzilliyin son  rübündə  Azərbaycan  dramaturgiyasında 

xüsusi  bir  canlanma  baş  verir,  əsaslı,  bir  dönüş  yaranır,  böyük  müvəffəqiyyətlər 

əldə  edilir.  Bu  illərdə  N.Vəzirov  qızğın  dramaturji  fəaliyyət  göstərmiş, 


N.Nərimanov, Ə.Haqverdiyev, R.Əfəndiyev kimi yeni istedadlı dramaturqlar ədəbi 

fəaliyyət  aləminə  ayaq  basmışdı.  Onlar  bir-birinin  ardınca  bir  silsilə  qiymətli 

satirik-realist  komediyalar,  ilk  təsirli  faciə  nümunələri  yaratmış  və  milli  realist 

ədəbiyyatımızın inkişafı tarixində misilsiz rol oynamışdılar. 

80-90-cı  illərdə  yazılmış  dram  əsərlərinin  bir  hissəsi  N.Vəzirovun  "Ev 

tərbiyəsinin bir şəkli" (1875), "Daldan atılan daş topuğa dəyər"  (1890), "Sonrakı 

peşmançılıq  fayda  verməz"  (1890),  Ə.Goraninin  "Qocalıqda  yorğalıq"  (1892), 

E.Sultanovun  "Türk  qızı"  (1884),  R.Əfəndiyevin  "Qan  ocağı"  (1882)  və 

Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) komediyalarında 

ailə-məişət  həyatının  bir  sıra  səciyyəvi  cəhətləri  təsvir  edilmiş,  zülmət  səltənətini 

təmsil edən bir sıra  maraqlı satirik bədii surətlər yaradılmış, köhnə adət-ənənələr, 

nadanlıq,  mövhumat,  ailə  despotizmi,  gənc  qızların  zorla  ərə  verilməsi,  oğurluq, 

quldurluq  kimi  ictimai  nöqsanlar  tənqid  atəşinə  tutulmuş  və  maarifçi  ideyalar 

təsdiq olunmuşdur. 

Bu illərdə yazılmış dram əsərlərinin ikinci qismi -N.Vəzirovun "Yağışdan 

çıxdıq, yağmura düşdük" (1890), "Pəhləvənani-zəmanə" (1898-1900) komediyaları 

və "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, N.Nərimanovun "Nadanlıq" (1891), "Dilin 

bəlası"  (1895)  komediyaları  və  "Nadir  şah"  (1899)  faciəsi,  Ə.Haqverdiyevin 

"Dağılan tifaq" (1896) və "Bəxtsiz cavan" (1900) faciələri isə  yüksək ideya-bədii 

məziyyətlərlə  səciyyələnən,  Azərbaycan  realist  ədəbiyyatını  və  maarifçi-

demokratik fikrini yeni bir mərhələyə qaldıran pyeslərdən ibarətdir. 

N.Vəzirov "Adı var, özü yox" komediyasında və Ə.Haqverdiyev "Dağılan 

tifaq" faciəsində Azərbaycan mülkədarlarının nadanlığını, tüfeyliliyini, iqtisadi və 

mənəvi iflasını təsvir etmişdilər. N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" 

komediyasında  burjua  keyfiyyəti  almış  Azərbaycan  əyaləti  tacirlərinin 

tamahkarlığı,  xəsisliyi  mənəvi  pozğunluğu  kəskin  tənqid  atəşinə  tutulmuşdur. 

Onun  "Müsibəti-Fəxrəddin"  və  Ə.Haqverdiyevin  "Bəxtsiz  cavan"  faciələrində  iki 

bir-birinə  zidd  qüvvələr  arasında  köhnə  adət-ənənələrlə,  mənfur  feodal  qayda-

qanunları  və  əxlaqı  ilə  yaşayan  mühafizəkar  mülkədarlarla  ictimai  həyata  yenicə 

atılmış  gənc ziyalılar  arasında  gedən  kəskin  mübarizə  təsvir  edilmişdir. N.Vəzirovun 

"Pəhləvənani-zəmanə" və N.Nərimanovun "Şamdan bəy" komediyalarında varlanmaq 

ehtirası  ilə  yaşayan  burjua  ziyalılarının  yaltaqlığı,  ikiüzlülüyü,  satqınlığı  tənqid 

edilmişdir.  Nəhayət,  N.Nərimanov  "Nadir  şah"  faciəsində  feodal-despotik  üsuli-

idarənin  ictimai  bəlalarını  onun  xalq  mənafeyinə  zidd  bir  quruluş  olmasını  qələmə 

almışdır. 

70-ci  illərdə  Cənubi  Azərbaycan  ədəbiyyatında  da  dramaturgiyanın  əsasları 

qoyulmuşdur.  Bu  dövrdə  burada  bir  tərəfdən,  Cənubi  Azərbaycanda  qüvvətlənən 

maarifçilik  hərəkatının,  ikinci  tərəfdən  isə  M.F.Axundovun  təsiri  altında  Cənubi 

azərbaycanlı Mirzə Ağa tərəfindən dörd komediya yazılmış və Cənubi Azərbaycanda, 

eləcə də İran ədəbiyyatında dram janrı öz təşəkkülünü tapmışdır. 



Mirzə  Ağa  Təbrizdə  anadan  olmuş,  mükəmməl  Şərq  təhsili  almış,  həmçinin 

fransız dilini öyrənmiş, müəyyən dərəcədə mütərəqqi Qərbi Avropa ictimai-siyasi və 

ədəbi fikri ilə tanış olmuşdu. Keçən əsrin 60-cı illərinin sonunda o, bir-birinin ardınca fars 

dilində "Əşrəf xanın sərgüzəşti", "Zaman xanın bürücirdə hakimiyyəti", "Ağa Haşım 

Xalxalinin eşqbazlığı" və "Şahqulu Mirzənin Kirmanşahda sərgüzəşti" komediyalarını 

yazmışdır. 

M.F.Axundov öz şagirdi Mirzə Ağanın komediyalannı oxuyaraq, onlara dair 

xüsusi  məqalə  yazmışdı.  О  öz  məqaləsində  müəllifi  bu  sahədəki  nailiyyətləri 

münasibətilə  yüksək  təqdir  etmiş,  həmçinin  ayrı-ayrı  komediyalarda  müşahidə  etdiyi 

nöqsanları açıb göstərmişdi. 

XIX yüzilliyin ikinci yarısında Azərbaycan bədii nəsrinin inkişafı sahəsində də 

ilk böyük xidmət M.F.Axundova məxsusdur. Öz komediyalarının ardınca o, 1857-ci ildə 

"Aldanmış  kəvakib"  povestini  yazmış,  ədəbiyyatımızda  bədii  nəsrə  tam  hüquq 

qazandırmış ve onun gələcək inkişafına qüvvətli təsir göstərmişdir. 

Povestdə İran feodal-istibdad üsuli-idarəsinin nöqsanları Şah Abbas və onun 

vəzirləri  surətlərində  ümumiləşdirilmişdir.  Ədib  İranın  ali  dövlət  başçılarını  kəskin 

satirik  bir  planda  təsvir  etmiş,  onlan  dövlət  və  hakimiyyət  işlərinə  heç  bir  ləyaqəti 

olmayan,  ölkənin  tərəqqisinə  və  xalqın  ağır  güzəranına  laqeyd  münasibət  bəsləyən 

nadan,  müstəbid,  ədalətsiz,  acgöz  və  ikiüzlü  adamlar  kimi  satira  atəşinə  tutmuşdur 

M.F.Axundovdan  sonra  yeni  tipli  nəsr  sahəsində  qələmini  sınayan  Azərbaycan 

yazıçılarından biri də N.Vəzirov olmuşdur. 1875-ci ildə o, Moskvada ali təhsil alarkən 

"Ağıçı"  adlı  kiçik  bir  satirik  hekayə  yazmışdır.  Real  həyat  müşahidələri  əsasında 

qələmə  alınmış  bu  əsərdə  gənc  ədib  qoca  qarı  Bədircahan  surətində  Azərbaycan 

cəmiyyətinin tüfeyli bir zümrəsini təşkil edən ağıçıları ifşa etmişdi. 

XIX  yüzilliyin  90-cı  illərində  ədəbi  və  publisist  fəaliyyətə  başlayan  Eynəli 

bəy  Sultanov  (1865-1930)  "Новое  обозрение"  qəzetində  rus  dilində  bir-birinin 

ardınca "Çayı keç, sonra lovğalan" (1891), "Kürd qızı" (1892), "Həsən xan" (1883) və 

"Kiçik sərgüzəştlər" (1893) adlı hekayələr dərc etdirmiş və Azərbaycan bədii nəsrinin 

inkişafında müəyyən mənada müsbət rol oynamışdır. 

Azərbaycan  ədəbiyyatı  və  ictimai  fikrinin  görkəmli  nümayəndəsi 

C.Məmmədquluzadə  (1866-1932)  1894-cü  ildə  yazdığı  Danabaş  kəndinin 

əhvalatları"  (1894)  adlı  povestində  Azərbaycan  kənd  həyatına  mənsub  olan 

xüsusiyyətləri açıb göstərir, həyat həqiqətlərinin düzgün və dərin təsviri, feodal üsuli-

idarəsinin  kəskin  və  amansız  tənqidi,  bədii  ümumiləşdirmənin  dərinliyi, 

kompozisiyanın  mükəmməlliyi,  səlis  təbii  canlı  üslub  və  dil C.Məmmədquluzadənin 

bu əsərinin əsas məziyyətlərini təşkil edir. "Danabaş kəndinin əhvalatları" Azərbaycan 

tənqidi realist ədəbiyyatının misilsiz nümunələrindən biri hesab olunur. 

Keçən  əsrin  sonlarında  əvvəllər  bir  dramaturq  kimi  fəaliyyət  göstərən 



N.Nərimanov 1896-cı ildə "Bahadur və Sona" (1896) adlı qiymətli nəsr əsəri yaratmışdı. 

Bu  roman  Azərbaycan  bədii  nəsri  tarixində  əlamətdar  bir  hadisə  olub,  onu  yeni 

ideya-bədii keyfiyyətlərlə zənginləşdirmişdi. 


XIX  yüzilliyin  son  onilliyində  bir  tərəfdən,  İran  xalqları,  о  cümlədən 

Azərbaycan  xalqı arasında  maarifçilik ideologiyasının,  digər  tərəfdən,  M.F.Axundov 

və Qərbi Avropa, rusmaarifçi-demokratik, ictimai-siyasi, ədəbi və estetik fikrinin təsiri 

altında  Cənubi  Azərbaycan  ədəbiyyatında  bədii  nəsr  sahəsində  əsaslı  bir  dönüş  baş 

verir,  yeni  tipli  bədii  nəsrin,  roman  janrının  ilk  nümunələri  meydana  çıxır.  Bu  dövrdə 

yüksək  istedada,  kəskin  tənqidi  ağıla,  dərin  müşahidə  qabiliyyətinə  malik  olan,  həm 

M.F.Axundovun, bəm də Qərbi Avropa və rus maarifçi-demokratik, ictimai-siyasi və 

ədəbi  ideyalarının  ənənələrinə  yiyələnən  Cənubi  Azərbaycan  yazıçıları  - 



Əbdürrəhim Talıbov "Kitab yüklü eşşək" və "Talibinin gəmisi" ("Səfineyi-talibi", I 

və II cildlər) və Zeynalabdin Marağayi" İbrahim bəyin səyahətnaməsi" adlı məşhur 

romanlarını  yazmaqla,  Cənubi  Azərbaycan  ədəbiyyatında  yeni  tipli  bədii  nəsrin 

əsaslarını qoymuşlar. Ə.Talıbov və Z.Marağayi öz əsərlərini fars dilində yazdıqları 

və  başlıcası  isə,  onlarda  ümumən  XIX  yüzilliyin  son  rübündə  İran  ictimai 

gerçəkliyini,  İran  dövlətinin  ictimai-siyasi  və  mədəni  vəziyyətini,  bu  dövlətin 

tərkibində yaşayan bütün xalqların həyatının geniş realist təsvirini verdikləri üçün 

eyni  zamanda  yeni  fars  ədəbiyyatının,  yeni  fars  nəsrinin  baniləri,  görkəmli 

nümayəndələri hesab olunurlar. 

Ə.  Tahbovun  "Səfineyi-talibi"  əsərində  müəllifin  müsbət  idealı  xəyali 

səciyyə  daşısa  da, roman  Cənubi  Azərbaycan  və  İran ədəbiyyatında  həm  ictimai-

tərbiyəvi,  həm  də  bədii  qiyməti  baxımından  çox  təqdirəlayiq  orijinal  bir  nəsr 

əsəridir.  Roman  Cənubi  Azərbaycanda  və  İranda  mütərəqqi  ədəbi,  ictimai-siyasi, 

etik və peaqoji fikrin inkişafına qüvvətli təsir göstərmişdir. 

Zeynalabdin  Marağayinin  1897-ci  ildə  Qahirədə  nəşr  olunmuş  "İbrahim 

bəyin səyahətnaməsi" əsəri isə Qərbi Avropa və maarifçi bədii ədəbiyyatında geniş 

yayılmış  siyasi-publisist,  bədii  səyahət  romanı  janrında  yazılmışdır.  Z.Marağayi 

M.F.Axundov 

yaradıcılığında, 

xüsusən  onun  "Aldanmış  kəvakib"  və 

"Kəmalüddövlə  məktubları"  fəlsəfi  əsərlərinə  mükəmməl  bələd  olmuş  və  öz 

romanını bilavasitə onun qüvvətli təsiri altında yazmışdır. 

Poeziyada  XIX  əsrin  ikinci  yarısında  Azərbaycan  ədəbiyyatı:  da  klassik 

şeir  ənənələri  davam  və  inkişaf  etdirilmiş,  yeni  naili;  yətlər  əldə  edilmişdi.  Bu 

dövrdə  Azərbaycanın  Bakı,  Şamaxı,  Şuşa,  Qazax,  Şəki,  Naxçıvan,  Ordubad, 

Lənkəran  və  başqa  şəhərlərin  də  klassik  şeir  üslubunda  yazan  şairlər  fəaliyyət 

göstərmişdir. В şairlərin əksər hissəsi müxtəlif şəhərlərdə təşkil olunmuş ―Məclisi-

üns‖, ―Məclisi-fəramüşan‖, ―Beytüs-Səfa‖, ―Məcmə  üş-şüəra‖, ―Əncüməni-şüəra‖ 

və ―Fövcül-füsəhə‖ adlı ədəbi məclislər ətrafında toplanmışdılar. Bu məclislərdən 

əlavə Şəki, Qazax, Ağdaş, Dərbənd kiçik ədəbi dərnəklər də fəaliyyət göstərmişdi. 



"Məclisi-üns"  1864-cü  ildə  Şuşada  şair  Mirzə  Rəhim  Fəna  tərəfindən 

(1841-1929)  təşkil  edilmişdi.  1872-ci  ildə  görkəmli  şair  Xurşudbanu  Natəvan 

(1832-1897)  məclisə  qoşulduqdan  sonra  on  üzvlərinin  sayı  daha  da  artmış, 

fəaliyyəti  geniş  və  müntəzəm  şəkil  almış  və  bütün  ölkədə  şöhrət  tapmışdı. 

"Məclisi-üns"ün Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs (1846-1918), 


Mirzə  Həsən  Yüzbaşov  (1824-1904),  Mömobey  Məmai  (1834-1898)  və  başqa 

üzvləri var idi. 

Qarabağda  XIX  əsrin  70-ci  illərində  istedadlı  şair  və  rəssam  Mirzə 

Möhsün  Nəvvabın  (1831-1918)  təşəbbüsü  ilə  "Məclisi-fəramuşan"  adlı  ikinci  bir 

ədəbi məclis fəaliyyətə başlamışdı. Məclisə Qarabağ şairlərindən Abdulla bəy Asi 

(1839-1874),  Mirzə  Ələsgər  Növrəs,  Həsənəli  xan  Qaradağlı  (1847-1929),  Fatma 

xanım  Kəminə  (1840-1898),  Məşədi  Əyyub  Baki  (1866-1909)  və  başqa  şairlər 

daxil idilər. 

Görkəmli  şair  Seyid  Əzim  Şirvaninin  təşəbbüsü  ilə  Şamaxıda  şair 

Məhəmməd Səfanın (1851 -1876) evində təşkil olunmuş "Beytüs-Səfa" məclisində 

adlarını çəkdiyimiz şairlərdən əlavə, Ələkbər Qafil (1818-1892), Molla ağa Bixud 

(1830-1892),  Ağababa  Zühuri  (1848-1892),  Mirzə  Nəsrullah  Didə  (1797-1870), 

Naseh kimi şairlər onun üzvü olmuşlar. 

Əsrin  80-ci  illərində  Bakıda  şair  Məmməd  ağa  Cürminin  başçılığı  ilə 

yaradılmış  "Məcmə  üş-şüəra"  ədəbi  məclisində  Mirzə  Ağadadaş  Sürəyya  (1850-

1900), Mirzəağa, Dilxun, İbrahim Zülali, Əbdülxaliq Yusif (1853-1924), Ağakərim 

Salik (1949-1914), Əbdülhəsən Vaqif (1845-1914), Ağadadaş Müniri (1862-1938), 

Mirzə Əbdülxaliq Cənnəti (1855-1918) və başqa şairlər iştirak etmişdilər. 



"Əncüməni-şüəra"  1838-ci  ildə  Ordubadda  Şixəli  Naib  tərəfindən 

yaradılmış, 60-70-ci illərdə ona şair Hacı ağa Fəğir rəhbərlik etmişdir. "Əncüməni-

şüəra"  xüsusən  əsrin  80-90-cı  illərində  qızğın  fəaliyyət  göstərmişdi.  Bu  illərdə 

məclisin  fəaliyyətinin  qüvvətlənməsində  görkəmli  şair  və  maarifçi  xadim 

Məhəmməd Tağı Sidqi (1854-1904) mühüm rol oynamışdır. Məclisin üzvləri Hacı 

ağa Fəqir (1836-1885), Cani Ordubadi, Hacı Mirzə Ağarəhim Ordubadi (Vənəndi) 

və başqa şairlərdən ibarət idi. 

Lənkəranda  Mirzə  İsmayıl  Qasirin  (1805-1897)  rəhbərliyi  altında 

fəaliyyət göstərən "Fövcül-füsəha" ədəbi məclisinin Mirzə İsa Xəyali (1850-1899), 

Molla Fəttah Səhban (1813-1898), Ağa baba Bixud (1815-1898), Usta Məhəmməd 

Həsən Nəccar (1819-1912), Hacı Məhəmməd oğlu kimi üzvləri olmuşdur. 

Bu  məclis  iştirakçılarından  əlavə,Şəkidə  İsmayıl  bəy  Nakam,  Musa  ağa 

Şuxi Molla İbrahimxəlil Dudəvi, Hacı Məhəmməd Rafi, Qazaxda Abbas ağa Nazir

Kazım  ağa  Salik,  Əbdürrəhman  və  digər  yerlərdə  isə  onlarca  şair  yaşayıb-

yaratmışdır. 

Ədəbi  məclislərdə  Firdovsi,  Xaqani,  Nizami,  Sədi,  Hafiz,  Rumi,  Füzuli  və 

başqa  Şərq  ədəbiyyatı  klassiklərinin  əsərləri  öyrənilir,  hikmət,  nücum,  tarix,  musiqi 

haqqında söhbətlər aparılır, ədəbi-bədii və elmi müzakirələr keçirilirdi. Bəzi məclislər 

dövrün aktual problemləri ilə də maraqlanmış, "Əkinçi", "Ziya", "Kəşkül" qəzetlərini 

əldə edərək, dövrün mütərəqqi ideyaları ilə tanış olmuşdular. Məclis üzvləri arasında 

rus  dilini  bilən,  az-çox  rus  və  Qərbi  Avropa  mədəniyyətinin  nailiyyətlərinə, 

maarifçilik ideyalarına bələd olan şairlər də var idi. Bu şairlər yeni üslubda məktəb 



açmış,  müəllimlik  etmiş,  tədris  vəsaiti  hazırlamış,  ölkədə  maarifçilik  ideyalarının, 

dünyəvi elmlərin təbliği sahəsində müəyyən rol oynamışdılar. 

Ədəbi  məclislər  bir-birilə  sıx  əlaqə  yaratmış,  şeir  mübadiləsi  və  yarışlar 

keçirmişdilər. 

Məclis üzvləri klassik üslubda qəzəl, qəsidə, məsnəvi, müxəmməs, müstəzad, 

müsəddəs, tərkibbənd, tərcibənd janrlarında şeirlər qoşmuşdular. Onların bəziləri fars 

dilini gözəl bilmiş və fars dilində də şeirlər yazmışdılar. Bu şairlər içərisində xalq şeri 

ənənələrinə rəğbət bəsləyən, heca vəznində lirik şeirlər yazan şairlər də olmuşdur. 

Klassik  üslubda  şeirlər  qoşan  şairlər  içərisində  əsil  bədii  istedada  malik, 

klassik  Azərbaycan  və  Şərq  şeirinin  ənənələrinə  mükəmməl  yiyələnən,  şerə,  sənətə 

məsul bir iş kimi baxan və bu dövr poeziyamızı orijinal lirik şeirlərlə zənginləşdirən 

S.Ə.Şirvani, X.Natəvan, Bahar kimi istedadlı şairlər var idi. 

S.Ə.Şirvani,  M.M.Nəvvab,  M.K.Qasir,  Xəyali,  M.Sidqi,  İ.Nakam,  Əbdülxalıq 

Cənnəti kimi şairlərimiz ölkədə geniş intişar edən maarifçi ədəbi ictimai fikrin təsiri 

altında  maarifçi-satirik  şeirlər  yazmış,  milli  ədəbiyyatımızda  Q.Zakir,  B.Şakir, 

M.B.Nadim  tərəfindən  ilk  əsası qoyulmuş satirik şeir cərəyanını yeni bir mərhələyə 

qaldırmışlar.  Bu  şairlər  satirik  şeirlərində  nadanlıq,  gerilik,  mühafizəkarlıq,  orta  əsr 

həyat  tərzi  və  əxlaqı,  sxolastik  təfəkkür  və  təlim-tərbiyə  əleyhinə  çıxmış, 

tamahkarlığı,  özbaşınalığı,  tüfeyliliyi,  çar  məmurlarının  qanunsuzluğunu, 

rüşvətxorluğunu,  süründürməçiliyini  tənqid  atəşinə  tutmuş  və  maarifçi,  dünyəvi 

elmləri, yeni həyat prinsiplərini təbliğ etmişlər. 

XIX yüzilliyin son rübündə Cənubi Azərbaycanda həm klassik şeir, həm də 

xalq  aşıq  şeri  üslubunda  gözəl  lirik  şeirlər  yazan  Hacı  Mehti  Şükuhi  (1829-1896), 

Mirzə  Əli  xan  Ləli  (1845-1907)  və  Məhəmməd  Bağır  Xalxali  (1830-1898)  kimi 

istedadlı  şairlər  qızğın  fəaliyyət  göstərmişlər.  Onlar  məhəbbət  mövzusunda  lirik 

şeirlərlə  yanaşı,  maarifçilik  hərəkatının  təsiri  altında  satirik  şeirlər,  həcvlər  və 

alleqorik-didaktik əsərlər yazmışdılar. 

XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycan  ədəbiyyatında  həm  klassik  şeir 

ənənələrinin,  həm  də  satirik  şeir  cərəyanının  inkişafında  görkəmli  şair  S.Ə.Şirvani 

(1835-1898) böyük xidmət göstərmişdir. 

S.Ə.Şirvani  ruhani  ailəsində  anadan  olmuş,  uşaqlıq  və  gənclik  illərində 

Şamaxıda,  sonra  isə Yaxın Şərq ölkələrinin bir  sıra dini  mərkəzlərində  mükəmməl 

dini  təhsil  almış,  fars  və  ərəb  dillərini  öyrənmiş  və  klassik  Şərq  ədəbiyyatının 

mütərəqqi ənənələrinə dərindən yiyələnmişdi. Seyid Əzim mükəmməl dini təhsil alsa 

da, ruhani olmaq fikrindən əl çəkmiş və dünyəvi təhsilə, elmlərə, dövrün mütərəqqi 

meyllərinə qızğın rəğbət bəsləmiş və tam yeni bir istiqamətdə fəaliyyət göstərməyə 

başlamışdı. O, Şamaxıda yeni üsullu məktəb açaraq müəllimlik etmiş, dövrünün bir 

sıra qabaqcıl ziyalıları, xüsusən H.Zərdabi, görkəmli rus pedaqoqu A.O.Çernyayevski 

ilə yaxından dostluq əlaqəsi yaratmış, yeni tipli dərslik hazırlamış, "Əkinçi", "Ziya" 

və "Kəşkül" qəzetlərində silsilə şeirlər dərc etdirərək, ictimaiyyət arasında mütərəqqi 



görüşlü  şair  və  pedaqoq  kimi  hörmət  qazanmışdır.  O,  1888-ci  ildə  Şamaxıda  vəfat 

etmiş və orada dəfn olunmuşdu. 

S.Ə.Şirvani  bədii  yaradıcılığa  gənclik  illərində  qəzəl  yazmaqla  başlamış, 

həm məhəbbət, həm də ictimai lirikanın gözəl nümunələrini yaratmış, ustad bir qəzəl 

şairi kimi püxtələşərək geniş şöhrət qazanmışdı. 

S.Ə.Şirvaninin Azərbaycan ədəbiyyatı tarixində əsas xidmətlərindən biri də 

onun satirik şair kimi fəaliyyəti ilə bağlı idi. Keçən əsrin 70-ci illərində Azərbaycanın 

ictimai  həyatında  baş  vermiş  dəyişikliklər,  maarifçilik  ideyaları,  xüsusən  "Əkinçi" 

qəzeti  Seyid  Əzimə  qüvvətli  təsir  göstərmiş  və  onun  dünyagörüşündə  əsaslı  bir 

dönüş  yaratmışdı.  Bu  təsirin  altında  o,  köhnə  cəmiyyətin  ictimai  nöqsanlarını 

kəskin satira atəşinə tutan və maarifçilik ideyaların, təbliğ edən satirik şeirlər yazır. 

S.Ə.Şirvani  əsərlərində  göstərir  ki,  Azərbaycan  xalqı  və  ümumən‖  "əhli-

islam" zillətdə qalmış, başqa millətlərdən geri düşmüş, ağır bir böhrana uğramışdı. 

Maarifçilik ideyalarına qızğın rəğbət bəsləyən şair belə hesab edirdi ki, bunun əsas 

səbəbi  nadanlıq,  mövhumat,  köhnə  həyat  qayda-qanunları  və  təlim-tərbiyə 

sistemidir. 

S.Ə.Şirvani  satirik  şeirləri  ilə  Azərbaycan  ədəbiyyatında  maarifçi-satirik 

şerin  inkişafı  sahəsində  mühüm  rol  oynamış  və  onun  gələcək  inkişafına  qüvvətli 

təsir göstərmişdir. 

XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycanın  müxtəlif  əyalətlərində  xalq 

şeiri  üslubunda  şeirlər  qoşan  Mirzə  Məhəmməd  Katib  Həsən  Lələ,  Əli  Mədəd, 

Zodlu  Hacı  bəy  (1847-1913),  Zodlu  Mirzə  Bəylər  (1830-1919),  Zodlu  Məmməd 

(1830-1910),  Haqverdi,  Məmmədağa  kimi  şairlər  yaşayıb-yaratmışdır.  Bu  şeir 

üslubunun  ən  gözəl  nümunələri  Cənubi  Azərbaycan  poeziyasının  görkəmli 

nümayəndələri Mirzə Mehdi Şükuhi, Əbdülxalıq Cənnəti, Mirzə Məhəmməd Bağır 

Xalxali (1829-1901), Mirzə Nəbi Raib oğlu Fədan illəri tərəfindən yaradılmışdır. 

Aşıq şeri də coşqun bir inkişaf yolu keçmiş, yeni ideya bədii keyfiyyətlər 

qazanmış,  yüksək  bir  mərhələyə  qalxmışdır.  Azərbaycanda  Aşıq  Mahmud  (7-

1882), Aşıq Məhəmməd (1834-1914), Aşıq Əziz (1825-1918), Aşıq Aydın (1825-

1915),  Çoban  Əfqan  (1866-1925),  Aşıq  Hüseyn  Şəmkirli  (1810-1880),  Aşıq 

Ələsgər (1821-1926), Aşıq Alı (1817-1907), Molla Cuma (1885-1919) kimi aşıqlar 

məhəbbət mövzusunda, yüksək bədii məziyyətlərlə seçilən lirik şeirlər - qoşmalar 

yazmış  və  Azərbaycan  aşıq  poeziyasında  məhəbbət  lirikasının  inkişafı  sahəsində 

mühüm rol oynamışdılar. 

Bu  dövr  aşıq  şerinin  nailiyyəti  bir  də  onun  real  ictimai  həyata  daha  fəal 

nüfuz etməsi, mövcud cəmiyyətə daha kəskin tənqidi münasibət bəsləməsi və xalq 

kütlələrinin zəruri ehtiyaclarını, dərd və ələmlərini daha qabarıq qələmə alması ilə 

bağlıdır.  Bəy  və  xanların  zülmünə  və  özbaşınalığına,  çar  məmurlarının 

ədalətsizliyinə  və  qanunsuzluğuna  kəskin  nifrət,  zəhmətkeş  insanlara  isə  dərin 

məhəbbət bu şeir növünün əsas mahiyyətini təşkil edirdi. 



Bu dövr aşıq şerinin ən görkəmli nümayəndəsi Aşıq Ələsgər olmuşdur. O, 

1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində yox bir kəndli ailəsində doğulmuş, 

uşaq yaşlarından əkinçiliklə məşğul olmuş, muzdurluq etmiş və ağır maddi ehtiyac, 

mənəvi  iztirab  içərisində  yaşamışdı.  Mövcud  cəmiyyətin  ictimai  qəbahətlərini, 

hakim dairələrin zülm və özbaşınalığını, xalq kütlələrinin məşəqqətli həyat tərzini 

bilavasitə müşahidə etmişdi. 

Gənc  yaşlarından  aşıq  şerinə  və  sənətinə  böyük  rəğbət  bəsləyən  Ələsgər 

dövrünün görkəmli aşığı Aşıq Alının şagirdi olmuş, ondan aşıq sənətinin sirlərini 

dərindən  öyrənmişdi.  Gözəl,  rəngarəng  şeirlər  qoşan,  məharətlə  saz  çalan  və 

məlahətli  səsə  malik  olan  Ələsgər  tezliklə  ustad  bir  aşıq  kimi  tanınmış  və  geniş 

şöhrət  qazanmışdı.  O,  doğma  vətənini  kəndbəkənd  gəzib-dolaşmış,  toy,  şənlik  və 

bayram  məclislərində  mahnılar  oxumuş,  aşıqlarla  deyişmiş,  öz  sənətini  gənc 

aşıqlara aşılamışdır. 

Aşıq  Ələsgərin  bədii  yaradıcılığı  zəngin  və  dolğun  bir  məzmuna  malik 

olub, onun ədəbi irsinin böyük bir hissəsi məhəbbət mövzusuna həsr edilmişdi. 

Aşıq  Ələsgər  aşıq  poeziyasının  qoşma,  müxəmməs,  gəraylı,  təcnis, 

ustadnamə, deyişmə və başqa ənənəvi növ və janrlarında misilsiz sənət nümunələri 

yaratmışdır.  Bu  nümunələrdə  poetik  fikirlə  ifadə  tərzi,  məzmunla  forma  arasında 

qırılmaz bir vəhdət mövcuddur. Onlar üslub və dilin sadəliyi, təbiiliyi və rəvanlığı, 

bədii təsvir vasitələrinin orijinallığı, rəngarəngliyi və obrazlılığı ilə fərqlənir. 

Azərbaycan ədəbi dili tarixən başlıca iki üslub xətti - orta əsrlər dövründə 

əsasən aparıcı mövqe tutan klassik ədəbi (yazılı ədəbi) dil və potensial vəziyyətdə 

xalq ədəbi dili (əsasən şifahi olaraq) üslub xətləri üzrə yanaşı inkişaf etmişdir. 

Təqribən  XVII  yüzilliyin  sonlarında  -  XVIII  yüzillikdə  xalq  ədəbi  dili 

potensialı get-gedə üzə çıxaraq, aparıcı məqam tutmağa başlamış, həmin yüzilliyin 

sonlarına  yaxınlaşdıqca  inkişaf  prosesi  artıq  ümummilli  dil  quruculuğuna  yön 

almışdır.  Göründüyü  kimi,  ədəbi  dilimizin  orta  əsrlər  (xalq  dili)  dövründən  yeni 

(milli  dil)  dövrünə  "keçid  başlanğıcı  əsasən  XVIII  yüzillik  üçün"  "mərkəz-

donqaçma"  hadisəsinin  təsiri  səciyyəvi  olmuşdur.  Halbuki  XIX  yüzilliyin  birinci 

yarısında  "mərkəzdən  qaçan  qüvvələr"  milli  ədəbi  dilimizin  təşəkkülü  gedişinə 

daha fəal təsir göstərmişdir. Belə ki, XIX  yüzilliyin ilk üç onilliyi ərzində Şimali 

Azərbaycanda xanlıqların sərhəd ayrılığı aradan götürülmüş, milli dil birliyi üçün 

zəruri şərtlərdən sayılan ərazi birliyi siyasi-inzibati vasitələrlə edilmişdir. 30-50-ci 

illərdə  bir  sıra  ilkin  birləşdirici  sosial-iqtisadi  və  mədəni  tədbirlər  həyata 

keçirilmişdir.  Növbəti  onilliklərdə  meydana  çıxan  yeni  birləşdirici  əlaqə 

formalarının  güclü  təsiri  altında  milli  ədəbi  dil  birliyinin  yaranmasında  keyfiyyət 

nəticələri əldə edilmişdir. 

Yeni 


iqtisadi 

münasibətlərin 

yaranması  müvafiq  birləşmə  və 

cəmiyyətlərin  məqsədyönlü  fəaliyyətinə,  şübhəsiz,  millətin  və  milli  dilin 

təşəkkülünə  təsir  göstərirdi.  Məhz  əsasən  Bakıda  cəmləşən  iqtisadi  birliklər 

cəmiyyətdə  yeni  əlaqələrin  yaranmasında  aparıcı  və  təşkiledici  təsirə  malik  oldu. 



Beləliklə,  Bakının  iqtisadi  təmərküzləşməsi  sayəsində  təşkil  edilən  başlıca  iki 

böyük  qüvvənin:  bir  tərəfdən,  ədəbi  dil  ənənəsini  yaşatmağa  qadir  olan  ayrı-ayrı 

burjua  qrupu  nümayəndələrinin  və  qabaqcıl  ziyalı  təbəqəsinin,  digər  tərəfdən  isə 

məhəlli  dialekt-şivə  yaşadıcısı  olub,  iş  üçün  Bakıya  axışan,  eyni  zamanda  öz 

doğma yurdu ilə ünsiyyət əlaqələrini də üzməyən kəndlilərin və fəhlələrin, habelə 

istehsalçı  və  istehlakçıların,  satıcı  və  alıcıların  -  bütün  kütlələrin  birgə  səyi  ilə 

Azərbaycan milli ədəbi dili intişar edirdi. 

XIX yüzilliyin əvvəllərindən başlayaraq, Azərbaycanda yeni tarixi şəraitin 

yaranması,  əvvəlki  əsrlərdən  fərqlənən  yeni  ictimai-siyasi  amillərin  meydana 

çıxması, yeni üsuli-idarənin tətbiqi ədəbi dilimizin inkişafına da təsir göstərmişdi. 

Çarizmin  müstəmləkəçilik  rejiminə,  yerli  əhalinin,  onun  dilinin  sıxışdırılmasına 

baxmayaraq,  həmin  əsrin  ikinci  yarısında  yeni  sosial-iqtisadi  quruluşa  müvafiq 

təbəqələşmələr,  qruplaşmalar,  təmərküzləşmələr,  obyektiv  olaraq,  milli  dirçəlişə, 

Azərbaycan  millətinin  və  milli  ədəbi  dilinin  formalaşmasına  güclü  təsir 

göstərmişdir. 

Milli ədəbi dilin təşəkkülü, formalaşması və inkişafı mədəniyyətin ümumi 

yüksəlişi  və  maarifin  genişlənməsindən,  təlim-təhsilin,  ədəbiyyat  və  incəsənətin, 

elm  və  mətbuatın  təşkilindən,  aparıcı  canlı  qüvvə  olan  ziyalı  təbəqəsinin 

yetkinləşməsi  və  təmərküzləşməsindən  çox  asılıdır.  Təlim-təhsil  maariflənmənin 

əsas şərtlərindən olduğu kimi, yazıda təsbitlənən normalaşmış dil təlim-təhsilin ən 

mühüm  vasitəsidir.  M.Kazım  bəy  hələ  XIX  yüzilliyin  ortalarında  göstərmişdi  ki, 

türk-tatar xalqları arasında maarifın yayılması və məktəb şəbəkəsinin genişlənməsi 

ədəbi  dilin  inkişafı  üçün  ən  vacib  şərtdir.  Halbuki  milli  təşəkkül  dövrünədək 

Azərbaycan  dilinin  təlimində  vahid  qayda  "müəyyən  edilməmişdi",  ana  dilinin 

orijinallığını əks etdirən kitablar və  sabit dərs  vəsaiti  yox  idi.  Azərbaycan dilinin 

fonetik  xüsusiyyətlərini  ərəb  əlifbası  əks  etdirə  bilmirdi.  Lakin  XIX  əsrin  birinci 

yarısında  təşkil  edilən  Azərbaycan  məktəblərinin  təlim-tədris  üsuluna  əməli 

cəhətdən  nümunə  olan  rus  məktəbləri  həmin  əsrin  ikinci  yarısında  köhnə 

məktəblərin  "üsuli-cədid"  adlanan  yeni  məktəblərlə  əvəz  edilməsi  ideyasını 

doğurdu.  Qori  seminariyasında  onlarca  yüksək  ixtisaslı  müəllim  hazırlandı. 

Mahiyyətcə  yeni  keyfıyyətli  qüvvətli  ziyalı  təbəqəsi  təşəkkül  tapdı.  İqtisadi 

yüksəlişlə  əlaqədar  Bakı  şəhəri  sürətlə  böyüyüb,  get-gedə  təmərküzləşdirici  rola 

malik  mədəniyyət  mərkəzlərinə  çevrildi.  Ayrı-ayrı  mədəniyyət  ocaqlarının  təşkili 

başlıca ziyalı qüvvələrinin bu şəhərə toplanmasına imkan yaratdı. 

Çarizmin  müstəmləkəçilik  siyasətinə  uyğıın  olaraq,  yerli  dilləri,  xüsusən 

"Zaqafqaziyada ən çox əhaliyə malik" Azərbaycan xalqının "bütün Qafqazda geniş 

yayılmış dilini" yaxşı bilən tərcüməçi kadrlar - məmurlar hazırlamaq məsələsi hələ 

keçən  əsrin  30-cu  illərində  həlli  vacib  bir  vəzifə  kimi  qarşıda  durmuşdu.  40-cı 

illərdən başlayaraq xüsusən M.F.Axundovun müntəzəm fəaliyyəti sayəsində əməli 

əhəmiyyətə malik saysız-hesabsız tərcümələr meydana çıxdı. Tərcümə prosesi isə, 



təbii  olaraq,  ifadə-cümlə  quruluşunu  təkmilləşdirməyə  sövq  edir,  milli  ifadə 

formaları axtarışlarına, yenilərini düzəltməyə istiqamətləndirirdi. 

Məlumdur  ki,  yeni  istiqamətli  bədii  ədəbiyyatın  inkişafı  ilə  müvafiq 

mədəniyyət  sahələri  də  inkişafa  başlayır.  Məsələn,  XIX  əsrin  ortalarında 

M.F.Axundov  çox  böyük  ədəbi  hadisə  olan  dram  əsərlərini  yazır-ədəbi  dilimizin 

daha  kütləvi  dramaturgiya  üslub  qolu  formalaşır.  Bundan  20  il  sonra  mühüm 

mədəni  hadisə  sayılan  professional  teatr  təşkil  edilir  —  aktyor  ifasında  səhnə 

dilinin təşəkkülü müəyyənliyə istiqamət alır. 

Yaxud sənətkar aktyor və həvəskar ziyalılar tərəfindən kütləvi ədəbi-bədii 

parçaların  yazıya  alınması  və  oxunması  (bədii  qiraət)  Azərbaycan  milli  ədəbi 

dilində imla və tələffüz normalarının yaranması üçün zəmin hazırlayır-yazılı ədəbi 

dilə  məxsus  orfoqrafiya  (imla)  qaydaları  ilə  şifahi  ədəbi  nitqə  məxsus  ədəbi 

tələffüz  normaları  arasında  ümumi  və  xüsusi  cəhdlər  məsələsi  meydana  çıxır. 

Əlaqədar  bədii  üslub  qollarının  və  müvafiq  mədəniyyət  (incəsənət)  növlərinin 

qarşılıqlı təsiri məhz XIX yüzilliyin ikinci yarısında fəal prosesə çevrilir. 

Beləliklə, əsasən iqtisadi-mədəni, qismən də ictimai-siyasi təmərküzləşmə 

sayəsində Azərbaycan ədəbi dilinin demokratik əsaslarla yenidən qurulma prosesi 

XIX yüzilliyin ikinci yarısında daha fəallaşmış, müvafiq fövqi dil amillərinin güclü 

təsiri ilə Azərbaycan ədəbi dili XIX yüzilliyin son on onilliyində dövri mətbuatda 

təsbit olunaraq, mahiyyətcə yeni keyfiyyət almağa başlamış -milli ədəbi dil kimi öz 

ilkin formalaşmasmı başa çatdırmışdır. 

 


Yüklə 11,49 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin