Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 105,36 Kb.
tarix07.04.2023
ölçüsü105,36 Kb.
#94252
Aşıq və muğam sənətinin insan dünyagörüşünə təsiri


Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti

Tələbə: Rüstəmli Orxan


Magistr: 1-ci kurs
Qrup: AQ022
Fənn: Aşıq Sənəti və Muğam
Mövzu: Aşıq və muğam sənətinin insan dünyagörüşünə təsiri

Bəşəriyyətin şah əsəri sayılan muğam sənəti Azərbaycanı bütün dünyada tanıdan milli sərvətimiz, musiqi xəzinəmizdir. İlahinin bizə ən böyük lütfü olan muğam öz təkrarolunmaz avazı ilə insan qəlbinin dərinliklərinə nüfuz edir, ruhumuzu təmizləyir, paklaşdırır. Muğam bir türk uçun təfəkkür tərzi, mənəviyyat, fəlsəfi fikirlərin ifadəsi, dünyagörüşü və nəfəs aldığı havadır. Muğam Azərbaycan musiqisinin şah damarı, onun təməl daşıdır. Bu günkü proqramımızda Azərbaycan xalq musiqilərinin əsasını təşkil edən, XX əsrin əvvəllərində geniş inkişaf yoluna qədəm qoymuş bəstəkar yaradıcılığını meydana gətirən, milli musiqinin təkanverici qüvvəsinə çevrilən muğamlarımıza yeni müstəvidən baxacağıq. Bu ölməz sənət abidəsi Azərbaycan xalq havalarını qidalandıran, onun kökündə, mayasında dayanan musiqi xəzinəmizdir.


Hər kəsə bəlli olduğu kimi xalq mahnılarının, el havalarının yaranma tarixi çox qədimlərə dayanır. Xalqın dilində yaşayaraq bu gününmüzə qədər gəlib çatan mahnılarımızı araşdırarkən aydın olur ki, “Ay bəri bax”, ”Kəklik”, ”Qaçaq Nəbi” mahnıları, ”Tərəkəmə”, “Uzundərə” kimi rəqsləri “Segah” üstündə, “Girdim yarın baxçasına”, ”Aman təklik əlindən” xalq mahnıları “Şüştər”dən qaynaqlanaraq, “Aman, nənə”, ”Çal oyna” mahnıları “Rast” təməlində yazılmışdır. Muğam üstündə köklənmiş bu el havalarımız saydıqca tükənməz. Azərbaycan musiqisi inkişaf etdikcə muğam sənətindən qidalanaraq yeni janrlar meydana gətirdi. 1908-ci ildə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin yaratdığı, Şərq aləmində ilk opera olan “Leyli və Məcnun” muğamlara əsaslandı, bununla da milli musiqimizdə yeni muğam-opera janrının əsası qoyuldu. Bir əsrdən artıqdır ki, səhnə həyatı yaşayan “Leyli və Məcnun” və ondan sonra yazılmış digər muğam operaları xanəndələrin opera artisti kimi şöhrətlənməsinə, milli musiqimizin dünya səhnələrinə çıxmasına təkan verdi. Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabskidən üzü bu yana səhnədə nə qədər Leylilər, Məcnunlar yetişdi və yetişməkdə davam edir.
Muğamın əsrlərdən bəri Avropa musiqisi məcrasında yaranıb inkişaf edən janrlarla sintezleşdirilməsi Üzeyir Hacıbəylidən başlanır. Dahi bəstəkar Azərbaycan muğamları üçün Avropaya pəncərə açmışdır və şifahi ənənəyə dayanan muğamın bu və ya digər şəkildə notlara köçürülməsinə səbəb olmuşdur. İlk milli muğam-operamız “Leyli və Məcnun”dan sonra Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri içərisində elə bir sənətkar olmayib ki, muğamlardan bəhrələnməsin, yaradıcılığında muğama əsaslanmasın.
Üzeyir Hacibəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsəri musiqi elmimizin inkişafina təkan verdi, musiqişünaslıqda yeni səhifə açdı. Bundan sonra muğamların not yazıları, samballı tədqiqat əsərləri meydana gəldi. Tədqiqatçı Firudin Şuşinskinin yazdigina görə, “Görkəmli tarzən və musiqi xadimi Məşədi Cəmil Əmirov 1911-ci ildə Türkiyədə olmuş, orada tanınmış türk musiqişünası Rauf Yekta ilə görüşmüş, onunla Azərbaycan və türk musiqi mədəniyyətinin özünəməxsus cəhətlərilə baglı söhbətlər etmiş, araşdırmalar aparmışlar. Rauf Yektanın təşəbbüsü və köməkliyilə Məşədi Cəmil Əmirov “Heyratı” zərbi-muğamını nota salmış və onun redaktoru oldugu “Şanbal” məcmuəsində çap etdirmişdir. Azərbaycanda isə ilk dəfə muğamın nota koçürülməsi işi ilə bəstəkar Müslüm Maqomayev məşgul olmuşdur.
XX əsr Azərbaycan musiqisində Sərqin peşəkar musiqi sənətilə Avropa simfonik yaradıcılığının sintezi baş tutmuş və bu qovuşma zəminində tamamilə yeni bir üslub yaranmışdır. Avropa simfoniyası ilə muğamın nəticəsi kimi yeni janr - simfonik mugam janrı meydana gəldi. Fikrət Əmirovun “Şur” və “Kürd-Ofşarı” əsərlərilə əsası qoyulan simfonik muğamlar hazırda dünya səhnələrində, məhşur dirijorların təfsirində səslənir. Azərbaycan bəstəkarlarının yaradıcılıq imkanlarının genişlənməsində əsas amil kimi mühüm rol oynayır muğam sənəti. Simfonik musiqi, xor, kamera, instrumental və vokal əsərlərlə yanaşı muğam, estrada musiqisi, caz sənətinə də təsir etmişdir. Muğam ab-havasını estrada musiqisinə Tofiq Quliyev, caz sənətinə Vaqif Mustafazadə gətirdilər. XX əsrdə Azərbaycan musiqisinin parlaq simalarından olan Vaqif Mustafazadə muğamla caz sənətini çarpazlaşdırdı və yeni Azərbaycan cazını yaratdı. Xalqımızın bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi muğam Azərbaycan musiqisinin özəyidir. Xalqımızın yüksək mənəviyyatından, çoxəsrlik tarixindən, onun yaşam tərzindən xəbər verən muğamlarımız bizim kimliyimizdir. Muğam bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür.
Azərbaycan xalqının fəlsəfi mədəniyyətinin intensiv inkişafının daha da artdığı Hacıbəyovdən sonrakı dövrdə peşəkar bəstəkarlıq yaradıcılığında musiqi təfəkkürünün formalaşmasını nəzərdən keçirərkən və tədqiq edərkən baş verən təzahürün həlledici mənbələrinin rolunun təhlilinə diqqət yetirəcəyik. Yəni – aşıq sənəti, kamil muğam qatları və müasir bəstəkarlıq yaradıcılığının yeni üslub xüsusiyyətləri kimi musiqi mədəniyyəti mənbələrindən Ü.Hacıbəyov yaradıcılığı əsasında uğurla və çox həssaslıqla istifadə nəzərdə tutulur.
Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir. Bu irs sitat xarakterli deyildir, çox taktla və yerində intonasiya, metroritm, səciyyəvi səslənmələr, obrazlı tərkib hissələrdən istifadə edir. Bu da təbiidir, belə ki, aşıq sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır.
Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir. Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır. Aşıq sənətinin əsas mövzuları – məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləridir. Özü də bu yaradıcılıq prosesi sintez, yəni teatrlaşdırılmış şəkildə improvizator aşıq tərəfindən sazda ifa kimi tərənnüm olunur. Əlbəttə, son zamanlarda aşığı Azərbaycan xalq çalğı aləti olan balaban ifaçıları da müşayiət edir.
Aşıq sənəti X-XII əsrlərdə yeni ictimai səslənmə təzahürü kimi formalaşaraq mənəvi-tərbiyəvi vasitəyə çevrilmiş və cəmiyyətin sosial-iqtisadi və kulturoloji sahələrində azəhəmiyyətli rol oynamamışdır. O, Azərbaycan estetik fikir ənənələrini qoruyub saxlayaraq, poetik və fəlsəfi fikrin dahi, bənzərsiz mütəfəkkir Nizami Gəncəvi kimi nəhənginin irsini təbliğ edərək sadə xalq arasında musiqi təfəkkürü fəlsəfi mədəniyyətinin carçısına çevrilir. Aşıq sənəti indi də bütün xalqın musiqi-yaradıcılıq düşüncəsində öz ictimai əhəmiyyətini saxlamaqdadır. Onun mənbələrindən indiki peşəkar bəstəçilər də dəyərlənir və öz yaradıcılıqlarında ondan çox uğur və dəqiqliklə istifadə edirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyevin «Azərbaycan aşıq məktəbləri» (Bakı, 2004) əsəri aşıq sənətinin tədqiqi sahəsində fundamental, elmi-nəzəri bir tədqiqatdır. Bu əsər, demək olar ki, Azərbaycanda mövcud olan bütün bölgələri və aşıq məktəblərini, onların səciyyəvi xüsusiyyət və fərqlərini əhatə edir. Muəllif Anadolu, Şirvan, Zaqatala, Təbriz, Göyçay, Qarabağ aşıq məktəblərini, onların mühitini, yaradıcılıq prosesi üslub və metodlarını qeyd edir. Bununla belə tədqiqatçı A.Nəbiyev də belə bir qənaətə gəlir ki, təşəkkül tapmış bölgə aşıq məktəblərindəki aşıq sənəti bədii təsir gücü ilə daim xalq yaradıcılığı mənbəsi olmaqla bərabər, insanın həyatı kimi sonsuz problemlərlə də qarşılaşır.
Faktiki olaraq alim belə bir fikrə gəlir ki, aşıq sənəti nəinki xalqın istəklərini tərənnüm edir, həm də xalq yaradıcılığı bulağı olmaqla xalqın spesifik mədəniyyətinin formalaşmasına çox güclü təsir göstərir və mədəniyyət yaradıcıları üçün ilham mənbəyi kimi çıxış edir.
Aşıq sənəti – Azərbaycanda xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür – bu, kiçik bir tamaşadır, burada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən bir simada – aşığın simasında özünü göstərir – bu təzahür nəinki dərin müdrikliyə, böyük bədii təsir gücünə malikdir, tarixi keçmişi və ifaçının müasiri olan adamların mənəvi dəyərlərini tərənnüm edir və xalq kütlələrinin estetik tələblərini ödəyir, həmçinin xalq yaradıcılığının müdriklik qatlarından irəli gələn musiqi təfəkkürü fəlsəfi mədəniyyətin hərəkətverici qüvvəsi olan bir formadır.
Yüklə 105,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin