6
GİRİŞ
Siqnal informasiyanın maddi daşıyıcısıdır. Siqnalların emalı onun daşıdığı
faydalı informasiyanın və göstəricilərin əldə edilməsi məqsədi ilə aparılır. Siqnalların
rəqəmli emalı XVII – XVIII yüzilliklərin riyaziyyatına əsaslanır və hal-hazırda elm
və texnikanın müxtəlif sahələrində geniş istifadə olunur. Amerika alimi həmyerlimiz
Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və neyron şəbəkələrinin inkişafı baxılan
sahəyə yeni təkan vermişdir. Siqnalların rəqəmli emalı bir çox sahələrdə siqnalların
ənənəvi analoq emalını əvəz etmişdir. Siqnalların rəqəmli emalının vüsətli inkişafı
rəqəm texnikasının və kompyüterlərin inkişafı ilə əlaqədardır. Bu rəqəm qurğularının
analoq qurğulara nisbətən böyük üstünlükləri analoq modellərinin və emal
alqoritmlərinin diskret analoqlarının işlənib hazırlanması stimullaşdırdı. Lakin
rəqəm qurğuları yalnız diskret siqnallar üzərində əməliyyat apara bildiyindən emal
olunan analoq siqnalları rəqəm siqnallarına (0 və 1-lərdən ibarət olan rəqəm kodu)
çevrilməlidir. Bu əməliyyat müəyyən məsrəflər və xəta ilə əlaqədar olmasına
baxmayaraq qaçılmazdır. Bundan başqa emal alqoritmini yerinə yetirən rəqəm
qurğusunun çıxış siqnalı da ikilik say sistemində olan rəqəm kodu şəklində
formalaşır. Təbii ki, bu informasiyanı da insanın dərk etməsi üçün onluq say
sisteminə çevirmək lazımdır. Giriş analoq siqnalını rəqəm koduna çevirən qurğu
ARÇ (analoq-rəqəm çeviricisi), çıxış siqnalını isə onluq say sistemində ifadə olunan
siqnala çevirən qurğu isə RAÇ (rəqəm-analoq çeviricisi) adlanır. Hal-hazırda
siqnalların rəqəmli emalı radiotexnikada, telekommunikasiyada, idarəetmə
sistemlərində, audiotexnikada, televiziya yayımlarında geniş istifadə olunur.Matlab
paketində bu kursa aid çoxsaylı nümayişetdirici materialın olması nəzəri müddəaları
dərindən mənimsəməyə, məşğələlərin və laboratoriya işlərinin reallığa
yaxınlaşmasına imkan yaradır. Ümumi halda siqnal dedikdə informasiyanın material
daşıyıcısı nəzərdə tutulur. O həm fiziki proses şəklində (prosesdə informasiya onun
informativ parametrinin ölçüsündə olur), həm də kod və ya diskret şəkildə
(informasiya onun elementlərinin sayında, onların zamanda və məkanda
yerləşməsində olur) ola bilər.