Azərbaycan döVLƏt neft və SƏnayə universiteti



Yüklə 0,49 Mb.
səhifə1/2
tarix28.12.2021
ölçüsü0,49 Mb.
#48050
  1   2
Meqala


AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYƏ UNİVERSİTETİ

Fakültə: Geoloji - kəşfiyyat

İxtisas: Geologiya mühəndisi

Kafedra: Neft-qaz geologiyası

Qrup: 123.18

KURS İŞİ

Fənn: Geodinamika

Mövzu: Günəşli yatağının axtarış kəşfiyyat işlərinin nəticələri

Tələbə: Hüseynov Murad Bahadir

Rəhbər: Əliyeva Südabə Əjdər

BAKI-2021





Aşağı Kür çökəkliyi və Bakı arxipelaqının lokal qalxımlarının struktur-tektonik, litofasial, geotermik, xüsiyyətləri ilə əlaqədar neft-qaz perspektivliyi

Cənubi Xəzər hövzəsi Tetis okeanının ən dərin çökəkliklərindən biridir. Müasir tədqiqatlara görə Cənubi Xəzər çökəkliyinin (CXÇ) çökmə qatının qalınlığı 27-32 km-ə çatır.

Pliosen və IV Dövrdə hövzə dibinin 12 km-ə qədər enməsi göstərir ki, regionda bu geoloji zaman ərzində intensiv çöküntütoplanma prosesi baş verirdi [1 ].

Orta Miosendən qitəkənarı Cənubi Xəzər meqahövzə Ərəbistan plitəsinin Şm- Şm Şq.- ə doğru hərəkəti ilə əlaqədar qapanmağa başladı və Miosenin sonuna Qara dəniz ilə Cənubi Xəzəri birləşdirən boğaz ( Sarmat dənizi ) quruya çevrildi. Miosenin sonundan Cənubi Xəzər meqaçökəkliyi regionunda inkişaf edən Kiçik Qafqaz, Talış, Böyük Qafqaz kolliziyaları yaratdıqları sıxılma gərginlikləri hesabına Qara dəniz və Cənubi Xəzər hövzəsi bir-birindən ayrıldılar və nəticədə qapalı Cənubi Xəzər hövzəsi formalaşdı ( şəkil 1 ).



Şəkil 1. Alp-Himalay dağ qırışıqlıq qurşağının mərkəzi seqmentinin geodinamik sxemi (N.R.Nərimanova görə)

İşin məqsədi Cənubi Xəzər meqahövzəsinin struktur elementləri olan, Aşağı Kür çökəkliyi, və Bakı arxipelaqlarının lokal qalxımlarının inkişaflarının struktur-tektonik xüsusiyyətlərinin və geotemperatur rejiminin öyrənilməsi əsasında onların neft-qaz perspektivliyini qiymətləndirməkdir.

Məlum olduğu kimi, Cənubi Xəzər meqaçökəkliyi (CXMÇ) şimaldan Böyük Qafqaz, Abşeron-Balxanyanı qalıq subduksiya, cənubdan isə Kiçik Qafqaz, Talış və Əlbors kolliziya zonaları ilə əhatə olunduğundan onun daxilində baş verən bütün proseslərə sonuncularda yaranan sıxılma gərginlikləri bu və ya digər dərəcədə öz təsirlərini göstərmişdir [7].

Aşağı Kür çökəkliyi və Bakı arxipelaqlarının geodinamik şəraitini öyrənməklə neftlilik-qazlılığını qiymətləndirmək üçün lokal qalxımlarının morfologiyasını öyrənməklə, baxılan struktur elementlərin hansının sıxılma gərginliklərinə daha çox məruz qalmasını müəyyən etməyə çalışmışıq.

Artıq qeyd edildiyi kimi, Aşağı Kür çökəkliyində Qafqazarxası aralıq massivin üzərinə cənubdan İran-Əfqan plitəsinin ensiz hissəsi, şimaldan isə Avrasiya qitəsi hərəkət etdiklərinə görə [8], çökəkliyin intensiv enməsi və böyük qalınlığa malik ( 20 km qədər) çökmə qatı formalaşmışdır [8]. Eyni zamanda İran-Əfqan plitəsinin ensiz şimal-qərb hissəsinin Ərəbistan plitəsinin şərq çıxıntısının təsiri altında (şəkil ...) şimali-şərq istiqamətində yaratdığı sıxılma gərginlikləri Aşağı Kür çökəkliyində şimal-qərbdən cənub-şərqə uzanan və Bakı arxipelaqında davam edən bir sıra antiklnal zonaların əmələ gəlməsində mühüm rol oynamışdır.

Təhlil üçün Aşağı Kür çökəklikliyinin və Bakı arxipelaqlarının lokal qalxımları öyrənilmişdir. Tədqiq olunan ərazidə sıxılma gərginliklərinin intensivliyini keyfiyyətcə qiymətləndirmək və təsir istiqamətini təyin etmək üçün təcrübədə ilk dəfə olaraq bizim tərəfimizdən yeni işlənilmiş izomorf xəritələr üsulu tətbiq edilmişdir.

Aşağı Kür çökəkliyində qırışıqların morfoloji təsvirinə görə uzun braxiqırışıqların inkişaf etməsi, qurulmuş izomorf xəritədə çökəkliyin şimalında izoxətlərin nisbətən sıx olması, ərazinin cənubunda isə müvafiq xəritələrə görə ( şəkil 10 ) , lokal qalxımların əsasən qısa braxiformalı, izoxətlərin nisbətən seyrək olması Aşağı Kür çökəkliyinin şimal hissəsində sıxılma gərginliklərinin onun cənub hissəsindəkinə nisbətən daha intensiv olmasını göstərir.



a) b)


Şəkil 10. Aşağı Kür çökəkliyinin lokal qalxımlarının morfoloji təsviri və izomorf xəritəsi ( N.R.Nərimanov, G.C.Nəsibova)

a) morfoloji sxem, b) izomorf xəritə


Deyilənləri Aşağı Kür çökəkliyinin struktur-tektonik xüsusiyyətləri də təsdiqləyir. Çökəkliyin şimal - şərq yamacı boyu inkişaf etmiş lokal qalxımlar eninə tektonik sürüşmələrlə ( Kelanı, Axtarma - Paşalı və s. ) və uzununa üstəgəlmələrlə ( Quşçu - Kölanı örtüyü, Acıçay üstəgəlməsi və s.) mürəkkəbləşmişlər [7].

Məlumdur ki, tektonik sürüşmə, üstəgəlmə və örtük növ qırılmaların yaranması məhz yüksək intensivliyə malik sıxılma gərginliklərinin fəaliyyəti ilə əlaqədardır.

Digər tərəfdən Aşağı Kür çökəkliyinin çökmə qatı daha yüksək gilliliyi və qalınlığı ilə səciyyələndiyindən burada eninə əyilmə mexanizmi daha intensiv şəkildə realizə olunur. Bunu təsdiqləyən amillər burada palçıq vulkanizmin geniş inkişaf etməsi [7] və bəzi lokal qalxımların radial qırılmalarla mürəkkəbləşməsidir, məsələn, Mişovdağ qalxımında olduğu kimi. Aşağı Kür çökəkliyinin lokal qalxımlarının morfoloji təsvirindən də artıq yuxarıda qeyd edildiyi kimi, burada qısa braxiqırışıqlar uzun braxiformalara nisbətən üstünlük təşkil edirlər, xətti qırışıqlar isə ümumiyyətlə inkişaf etməmişdir (şəkil 10 a ) və burada palçıq vulkanizmi vulkanlar səviyyəsində daha geniş inkişaf etmişdir [7]. Belə hal bu struktur elementdə lokal qalxımların həm uzununa , həm də eninə əyilmə mexanizmlərin təsiri altında inkişaf etməsini göstərir. Eyni zamanda qırışıqların formalaşmasına, morfologiyasına və palçıq vulkanizminin daha intensiv inkişafına sıxılma gərginlikləri ilə bərabər çökmə qatın qalınlığı və gilliliyi də öz təsirini göstərmişdir.

Sıxılma gərginlikləri Bakı arxi­pelaqında nəinki lokal qalxımların inkişafına və elə­cə də Aşağı Kür çökəkliyi ilə Bakı arxipelaqı arasında Cənubi Xəzər höv­zə­sinin qərb yamacının formalaşmasına da səbəb olmuşlar [2]. Aşağı Kür çökəkliyində şərq-şimal-şərq istiqamətində yaranan sıxılma gərginlik­lərinin müəyyən hissəsi CXÇ-nin qərb yamacının formalaşmasına sərf olunduğundan on­ların inten­sivliyi Bakı arxipelaqında bir qədər zəifləmiş olur.



a) b)

Şəkil 11. Bakı arxipelaqının lokal qalxımlarının morfoloji təsviri və izomorf xəritəsi ( N.R.Nərimanov, G.C.Nəsibova) a) morfoloji sxem, b) izomorf xəritə

Bunu Aşağı Kür çökək­li­yin­­­də və Bakı arxipelaqında inkişaf etmiş lokal qalxımların morfologi­ya­sın­dan da görmək mümkündür (şəkil 10 a, 11 a). Belə ki, Aşağı Kür çö­kəkliyində uzun və qısa braxi­for­maların sayı təxminən eyni olduğu halda, Bakı arxi­pe­la­qında uzun braxiqırışıqların sayı 1,5 də­fə azdır. Xətti qırışıqların burada inkişaf et­məməsi burada eninə əyilmə mexa­niz­min lokal qalxımların formalaşmasında daha fəal ol­masını deməyə əsas verir. Bu­­­nu eyni zamanda ərazidə geniş inkişaf et­miş palçıq vulkanizmi də təs­diq­ləyir. Sonuncunun geniş yayılmasının bir səbəbi də, Aşağı Kür çö­kəkliyində olduğu kimi, burada çöküntü qatının qalınlığının böyük (22 km qə­dər) və yük­sək gil­liliyə malik olma­sıdır. Ərazinin izomorf xəri­tə­sin­dəki izoxətlərin və eləcə də lokal qal­xım­ların fəza vəziyyətlərindən göründüyü kimi , Bakı arxipelaqında sıxılma gərginlikləri suben istiqamə­tində cəhət­lənmişlər (şə­kil 11a). Çö­kün­­tü qatının böyük qalınlığa malik ol­ma­sı isə palçıq vulka­nizminin for­ma­laş­masına müəyyən təsir edən geostatik təziqin də yük­sək olmasını gös­tərir. Belə ki, diapir növ qırı­şıq­lar, konse­di­mentasion mən­şəli olduğundan antiklinal zonalar arası sin­klinal əyim­lərdə layların qalın­lığı nisbətən çox olacaq və antiklinal zo­nanın şarnir xətti boyu lay­lar­da geostatik təzyiq daha aşağı olacaq, nə­inki sinklinal zonanın dibin­də. Bu isə öz növbəsində antiklinalın tağı ilə sinklinalın dibi arasında lay­larda yaranan geostatik təzyiqlər qradientini bir qədər də artır­mış olacaq və nəti­cədə dinamiki təzyiq­lə birlikdə flüidlərin yuxarıya, yəni antiklinalın tağı isti­qamətində miq­ra­siyasını intensivləş­dirərək palçıq vul­ka­nizminin for­ma­laşmasına da müs­bət təsir göstərmiş olacaq.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, həm Aşağı Kür çökəkliyində həmdə Baki arxipelaqında palçıq vulkanları ilə mürəkkəbləşmiş lokal qalxımları hər iki, yəni eninə və uzununa əyilmə mexanizmləri formalaşdırmışlar. Lakin hər bir qırışığın morfologiyasından onun inkişafında hansı mexanimin daha fəal olmasını müəyyən etmək mümkündür. Belə ki, əgər lokal qalxım izometrik yaxud qısa braxiformadadırsa bu hal onun əsasən eninə əyilmə mexanizmi yolu ilə inkişaf etməsini göstərir. Bu zaman əksər hallarda qırışıq daha çox nisbətən cavan və radial lokal qırılmalarla mürəkkəbləşmiş olur. Əgər lokal qalxım uzun braxi- yaxud xətti formaya malikdirsə bu hal onun əsasən uzununa əyilmə mexanizm yolu ilə, yəni əsasən sıxılma gərginlikləri hesabına inkişaf etməsini göstərir. Baxılan struktur elementlərdə inkişaf edən lokal qalxımların cəhətlənmələri və təşkil etdikləri antiklinal zonaların uzanma istiqamətləri göstərir ki, onların fəza vəziyyətlərinə İran-Əfqan plitəsinin təsirindən şimal-şərq istiqamətində yaranan sıxılma gərginlikləri təsir göstərir.

CXMÇ-də əsasən gec Miosendən yaranmış sıxılma gərginlikləri rejimi, çöküntütoplanma prosesinə də birbaşa təsir göstərir və onun sürəti zaman və məkandan asılı olaraq dəyişir [8].

L.A. Buryakovski, İ.S.Cəfərov, V.Y.Kərimova görə Cənubi-Xəzərin mərkəz hissəsində çöküntütoplanmanın sürəti 0,4 mm/ il olduğu halda, şelfində 3-4 mm/il və Kür çayının mənsəbində isə 6 mm/il təşkil edir [11]. Lakin bununla belə məlumdur ki, yalnız alt Pliosen çöküntülərinin qalınlığı ümumi halda Cənubi Xəzər çökəkliyinin mərkəzinə doğru 6-7 min metrə qədər artır. Bu hal üstdə yatan daha cavan çöküntülər üçün də səciyyəvidir. Bununla bərabər çökəkliyin qərb yamacı boyu orta və üst Miosen çöküntülərinin qalınlığının “şişməsi” müşahidə edilir [7]. Halbuki, üstdə yatan çöküntülərin qalınlığı həmin istiqamətdə azalır və onlar submeridional istiqamətdə uzanan regional qalxım şəklində əyilirlər [8] və Paleogen-Miosen çöküntülərinin alt Pliosen çöküntülərinin altına sıxışdırılması erkən Pliosendən gec olmamışdır. Bunu eləcədə alt Pliosen çöküntülərinin qalınlığının qeyd edilən regional qalxımın tağı istiqamətində azalması da göstərir (şəkil 13), yəni, submeridional istiqamətdə uzanan bu regional qalxım alt Pliosen çöküntüləri formalaşdığı zaman inkişafa başlamışdır.




Şəkil 13. Cənubi Xəzər çökəkliyinin suben istiqamətində dərinlik regional seysmostratiqrafik kəsilişi ( akad. P.Z.Məmmədova görə)
Bu amillər CXÇ-nin qərb yamacında suben istiqamətdə yaranmış sıxılma gərginliklərinin gec Miosenin sonundan Bakı arxipelaqı və Cənubi-Xəzərin mərkəz bölməsində fəaliyyətdə olmasını göstərir. Nəticədə Cənubi Xəzər hövzəsinin qitə yamacında toplanan çöküntülər vaxtaşırı bu və ya digər səbəbdən qravitasiya tarazlığı pozulduğu hallarda bulantı axınları şəklində hövzənin mərkəzinə doğru daşınır. Məhz bu hal Miosen- IV Dövr çöküntülərinin qalınlığının hövzənin dərinliyi istiqamətində artmasına səbəb olur baxmayaraq ki, onun dərin hissəsində çöküntütoplanmanın sürəti başqa hissələrinə nisbətən daha aşağıdır [11]. Bununla bərabər hövzənin kristallik bünövrəsinin mürəkkəbquruluşlu qraben olması onun dibinin daha çox enməyə meyilli olmasını və enmə sürətini bir qədər də artırmaqla bərabər inversiyadan əvvəl konsedimentasiyon növ braxiformalı diapir mənşəli palçıq vulkanları ilə mürəkkəbləşmiş strukturların formalaşmasına səbəb olur.

Beləliklə, baxmayaraq ki, Cənubi-Xəzər çökəkliyi fəal kolliziya zonaları ilə əhatə olunub, o mənfi işarəli geostruktur element şəklində müasir dövrdə də qitədaxili dağlararası kompensə olunmamış intensiv enmə və çöküntütoplanma ilə səciyyələnən artıq qapalı bir hövzə kimi inkişaf edir.

Cənubi-Xəzər hövzəsinin kristallik bünövrəsinin müxtəlif miqyaslı, sıx qırılma və yarılmalar şəbəkəsi ilə mürəkkəbləşməsi nəticəsində mürəkkəb quruluşlu qraben şəklində olması, onu sıxılma gərginliklərinə və həm də artmaqda olan geostatik təzyiqə həssaslığını artırmışdır. Digər tərəfdən geostatik təzyiq də sıxılma gərginliklərinin intensivliyinə öz təsirini göstərir və bunun nəticəsi olaraq hövzə dibi daha sürətlə enməyə məruz qalır. Bu hal onun çöküntü qatında əsasən diapir növ qırışıqların inkişaf etməsinə şərait yaratmışdır və məlum olduğu kimi diapirlər ən səciyyəvi konsedimentasion qırışıqlar olduqlarına görə yüksək neft-qaz perspektivliyi ilə səciyyələnirlər. Bu ondan irəli gəlir ki, gil diapirlərinin formalaşması kəsilişin yüksək gilliliyə malik olması ilə əlaqədardır, gillər isə öz növbəsində ən geniş yayılmış, yüksək keyfiyyətli neft ana süxurlarıdır və müvafiq termobarik şəraitdə onlarda olan üzvi maddə karbohidrogenlərə çevrilir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin