Biometrik texnologiya kimi termoqramlar – insan bədəni hissələrinin infraqırmızı spektrin qısadalğalı (0,9-1,7 mkm), orta (3-5 mkm) və uzundalğalı diapazonda alınmış təsvirləridir. Xüsusilə sifətin və əlin termoqramları sahəsində müxtəlif tədqiqatlar aparılmışdır. Adi təsvirlərlə müqayisədə termoqramların böyük üstünlüyü onların işıqlanmanın dəyişməsindən asılı olmamasıdır – sifət termoqramlarını tam qaranlıqda belə əldə etmәk mümkündür.
Danışıq zamanı dodaqların hərəkəti biometrik davranış parametrlərinə aiddir. Ondan səsin tanınması sisteminə vizual əlavə kimi istifadə etmək olar. Dodaqların hərəkətinə görə autentifikasiya texnologiyasının növləri danışanın tanınması sistemindəki kimidir: sabit mətn, mətndən asılı və mətndən asılı olmayan. Son dövrlər M2VTS verilənlər bazasının yayılması sayəsində bu sahədə tədqiqatlar çoxalmağa başlamışdır. Bazarda BioID firmasının dodaqların hərəkətinə əsaslanan biometrik sistemi meydana çıxmışdır. Bu metodun ən böyük üstünlüklərindən biri onu asanlıqla səsin identifikasiyası və sifət üzrə identifikasiya ilə birləşdirmək imkanıdır. Bu yolla aldadılması mürəkkəb olan çox dəqiq sistemlər yaratmaq olar. Belə üçqat biometrik sistem fiziki girişə nəzarət üçündür, kamera qarşısında mikrofona danışan insanın parametrləri oxunur. Videotəsvir sifət həndəsəsinin analizi üçün istifadə edilir və dodaqlarının hərəkətinin, onların nəticələri səs üzrə identifikasiyanın nəticələri ilə birləşdirilir.