b) XVI əsrdə Dədə Kərəm yaradıcılığında təcnis
Heca vəzninin inkişaf tarixindən bəhs edən Əmin Abid yazır: “Əslində bizdə hecanın inkişafı məşhur xalq şairi Kərəmdən sonradır”.2
Dədə Kərəm yaradıcılığında bitkin, kamil qoşma və gəraylılarla yanaşı, təcnis aşıq şeiri nümunələrinə də ara-sıra rast gəlirik. Kərəmin şeir dili elə aydın və rəvandır ki, təcnisin özündə belə ərəb-fars tərkibli söz, ifadə yoxdur.
Dədə Kərəm cinasları Azərbaycanın saf söz bulağının gözündən götürmüşdür. Təcnis o qədər anlaşıqlı dildə yazılmışdır ki, onun heç bir təhlilə ehtiyacı olmadığı aydın görünür:
Aylar, illər həsrətini çəkdiyim,
Üzü dönmüş bivəfa yar, belə bax!
Gözəllərdə sərxoş gəzmək ar deyil,
Asılıbdı gümüş kəmər belə, bax!
***
Oxudum əlifi, yetdim yasinə,
Şux məmələr xub yaraşır ya sinə,
Kamil ovçu bərəsinə ya sinə,
Rəncbərinəm, dayanmışam belə, bax!
***
Kərəm deyər; kam almadım dünyada,
Cəfa çəkdim, ömür verdim dünyada,
Məcnun kimi dolanıram dünyada,
Qocalmışam, piran oldum belə, bax!1
“Əsli-Kərəm” dastanı haqqında türk dünyasının azman sənətkarı Qaracaoğlanın ədəbi irsi içərisində çox qiymətli məlumatlar var.
c) Tufarqanlı Abbas poeziyasında təcnisin mürəkkəb formalarının (cığalı, müləmmə və təkrar gəraylı təcnislərin) meydana gəlməsi
XVII əsrin əvvəllərində sənət aləmində xüsusi mövqedə dayanan Tufarqanlı Abbas təcnisin ən gözəl nümunələrini yaratmışdır. Onun zəngin ədəbi irsi içərisində on təcnis, həmçinin, bir cığalı təcnis, müləmma (çoxdilli təcnis) gəraylı şəklində təcnis və bir cinas qafiyəli bayatı vardır. Tufarqanlı Abbas novator aşıq kimi sadə, on bir hecalı, hər bəndi dörd misradan ibarət qoşma şəkilli təcnisə yenilik gətirmişdir. O, qoşma təcnisin hər bəndini iki yerə bölmüş, arasında cinas qafiyəli, həm də şeirin ümumi xəttinə, ahənginə bağlı olan bayatı salmış, beləliklə, təcnisin yeni cığalı təcnis növünü meydana gətirmişdir. Tufarqanlı Abbasın “Gözəl, göz ala” rədifli cığalı təcnisi bu növün ilk nümunələrindən biri kimi qiymətlidir:
Bir gözəlsən şövqün düşüb cahana,
Yoxdur sənin kimi gözəl, göz ala.
Mən aşiqəm, cahana,
Canım qurban, Cahana!
Haqqın əziz bəndəsi,
Xoş gəlmisən cahana,
Yaradan yaradıb salmış cahana,
Yoxdur sənin kimi gözəl, göz ala.1
Tufarqanlı Abbasın təcnisləri sonrakı aşıqlar üçün nümunə olduğu kimi, aşığın özü də ondan əvvəl bu janrın yaradıcısı olan Dirili Qurbaninin cinas qafiyələrindən bəhrələnmiş, Qurbaninin “Yara yüz” rədifli təcnisinin cinas kəlmələrindən istifadə ilə yeni təcnis yaratmışdır. Onun “Varsağını gör”, “Qalam indi”, “Dərd ayağında”, “Xali sən barı”, “Göz ala” rədifli təcnisləri olduqca maraqlıdır. Bu təcnislərdə aşıq doğma ana dilində işlənən sözlərdən cinas nümunələr yaratmışdır. Sonralar aşıqlar bu cinasların bir çoxundan yaradıcı surətdə istifadə etmişlər.
Abbasın “Varsağını gör” rədifli dörd bəndlik təcnisinin təkcə zəngin çalarlarını dərindən duymaqla, onun nə böyük qabiliyyətə malik olduğunun şahidi oluruq:
Qibləgahım başım üsdən baş bular,
Hamılardan artıq bular, baş bular,
Mənim Pərim fəğan eylər, baş bular,
Tila zər sırğanın var sağını gör.1
Buradakı “baş bular” sözləri birinci misrada tapmaq, ikincidə seçilmiş, yüksək olan, üçüncüdə başı bulamaq mənasında məharətlə, yerli-yerində işlənmişdir. Həm də aşığın özünə qibləgah hesab etdiyi Gülgəz Pəri nəslinin hamıdan baş-seçmə olduğunu, özünün Pəriyə dərin eşqini, qızın ona münasibətini yığcam, daxili məna vəhdəti ilə ifadə edir.
Abbas yalnız yeni sözlər, yeni təcnis növləri yaratmaqla qalmamış, o, hətta, müləmmə təcnisin də ilk nümunəsini yaratmağa çalışmışdır.
Müləmmə (çoxdilli) təcnisin ilk nümunəsini yaratmaq təşəbbüsü də Tufarqanlı Abbasın adı ilə bağlıdır. Abbas bu formadan özünəməxsus bir ustalıqla istifadə edərək təcnisin ilk üç misrasında qoyduğu suala: ərəb, fars və türk dillərində dördlüyün son tamamlayıcı misrasında cavab verir. Məsələn:
Yaz dolandı, gəldik düşdük yaya da,
Dastanımız dildən-dilə yay, ədə.
Bir təhrindən bənzədirəm yaya da:
Ərəb soki, farsı əbru, türkü qaş.
***
Yar geyinib qəddi-dala, incidir,
Gümüş kəmər incə beli incidir.
Düzdürmüsən dəhanına incidir,
Ərəb sinan, farsı dəndən, türki diş.
***
Seyraqub adamla olma aşına,
Abbas, sonra zəhər qatar aşına.
Sal başına müxənnətin, aşi nə?
Ərəb həcər, farsi cəngi, türki daş.
Ümumiyyətlə, Tufarqanlı Abbas təcnis şeir formasına xüsusi əhəmiyyət vermiş, sənətkarları öz istedadlarını bu janrda sınamağa çağırmışdır. Hətta, Abbas deyişmə meydanında, şah məclisində təcnis deməyi sirli-sehrli qıfılbəndlərdən üstün tutmuşdur. Çünki, məzmunu formasından, forması məzmunundan gözəl və mənalı təcnis yaratmaq hər sənətkara müyəssər olan bacarıq deyildir. Aşıq poeziyasında Tufarqanlı Abbasın istedadının qüdrəti ilə biçimlənən cığalı və cığasız təcnislər sonralar Xəstə Qasımın və Aşıq Ələsgərin yaradıcılığında bir qədər də inkişaf etmiş və onun yeni növləri meydana çıxmışdır.1
Aşıq Abbas klassik ədəbiyyatda özünə müəyyən yer tutmuş müləmmə şeir formasını aşıq poeziyasına gətirməyə təşəbbüs göstərməklə, məhz burada da novator kimi çıxış etmişdir. Məlumdur ki, bir-iki, bəzən də üç dildə yaradılan şeir nümunələri klassik ədəbiyyatımızda mövcud idi. Füzulinin bir sıra qəzəllərinin bir misrası fars və ya ərəbcə, digər misrası Azərbaycan dilində yazılmışdır. Abbas bu formadan özünəməxsus bir şəkildə istifadə edərək, təcnisin ilk üç misrasında qoyduğu suala ərəb, fars və Azərbaycan dillərində cavab verir.
Tufarqanlı Abbasın “Gülgəz indi” adlı təkrar gəraylı təcnisi də, gözəl sənət nümunəsi də, aşıq şeirində bir yenilik kimi səslənir:
Sən məni ağlamada gör,
Sən məni ağlamada gör,
Səni məni ağlama da gör,
Gülgəz indi, Gülgəz indi.
Burada birinci misrada “kəfəndə”, ikincidə “ağı dediyim yerdə”, üçüncüdə “ağlamadan” mənalarında alınmış eyni bir söz daxili məna vəhdətində, həm də cinas və təkrirdir. Gəraylının bütün bəndlərində işlənən “Gülgəz indi” sözləri də 5 mənada cinasdır.1
Tufarqanlı Abbasın bayatılarından danışmazdan əvvəl qeyd etməliyik ki, bütün aşıqlarımız, həmçinin, bu səpkidə yazan şairlərimiz özləri də ara-sıra bayatı qoşmuşlar. Onların bu bayatıları, ya təcnis arasında cığa yerində işlənmiş, ya da müstəqil şəkildə ifa olunmuşdur. Bunların çoxu bir növ “yiyəsiz” bayatılar kimi el ədəbiyyatı xəzinəsinə daxil edilmiş, digər bir qisminin isə əvvəlindən müəllifin adı düşmüş, yerinə “aşığam”, yaxud “əzizim” sözləri artırılaraq həmin bayatılar ümumi bayatı irsinə qarışmışdır. Odur ki, içərisində öz müəllifinin adı qalan bayatılar bizim üçün xüsusi əhəmiyyətə malikdir, bu və ya digər aşığın yaradıcılığını öyrənməkdə tədqiqatçıya kömək edir. Bu baxımdan Abbasın cinas qafiyəli bayatısı da nadir sənət incilərindəndir:
Mən aşiqəm, Gülgəzə,
Gül axtara, gül gəzə,
Abbas bir gül göndərdi,
Nişanlısı Gülgəzə.
Dostları ilə paylaş: |