Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu səDNİk paşa pirsultanli



Yüklə 2,28 Mb.
səhifə18/37
tarix07.01.2024
ölçüsü2,28 Mb.
#208301
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
S Paşa-Az şif xalq ş və heca vezn ink tarixi (1)

***
Aşıq sənəti, aşıq yaradıcılığı, yəni aşığın həm sazı, həm səsi, həm də sözü müxtəlif adlarla da olsa “Kitabi-Dədə Qorqud”a qədər də, ondan sonra da daimi bir inkişaf prosesi keçmişdir.
El sənətkarlarından öyrəndiyimiz 80 saz havasının 18-i gəraylılarla, 51-i qoşmalarla. 3-ü bayatılarla, 2-si xalq mahnıları ilə, 1-i təxmislə, 2-si divani ilə, 3-ü isə müxəmməs kimi şeir formaları ilə əlaqəli meydana gəlmişdir. Başqa sözlə deyilsə, saz havalarının əksəriyyəti qoşmalarla əlaqəli yaranmışdır. Bu, o deməkdir ki, tarixən aşıq şeirinin ən kütləvi forması qoşma olmuşdur. Ona görə də, uzaq keçmişlərdə, ümumiyyətlə, aşıq şeiri sadəcə olaraq “qoşqu” və “qoşma” adlandırılmışdır. Qoşqu və qoşma adı aşığın şeir yaratmaq vərdişi ilə əlaqədardır. Aşıq öz şeirini sazın köməyi ilə düzüb-qoşur. Saz pərdələrinin mərkəzində - ana xəttində Şah pərdə durduğu kimi, əsrlərdən bəri çağlayıb gələn çoxşaxəli aşıq poeziyasının ana xəttində də qoşma durur.
Qoşmalarla bağlı saz havaları içərisində çoxluğu “Koroğlu” və “Əsli-Kərəm” dastanları ilə əlaqədar havalar təşkil edir. “Koroğlu” eposu ilə əlaqəli on dörd, “Əsli-Kərəm” dastanı ilə əlaqəli on iki saz havası vardır. Bu o deməkdir ki, əsrlərdən bəri vətənpərvərlik baş mövzusu olmuşdur, bunlardan da ən geniş yayılanları “Koroğlu” və Əsli-Kərəm”dir.
Bəzi saz havalarını dinləyəndə insan kədərlənir, bəzisi insanda sevinc duyğuları yaradır, bəziləri isə insanı mübarizəyə, döyüşə, qəhrəmanlığa çağırır. Bu, aşıq şeirlərində ifadə olunan bəşəri hisslərlə əlaqədardır.
Kədər duyğularını ifadə edən 30, sevinc hisslərini ifadə edən 40, insanı mübarizəyə, döyüşə və qəhrəmanlığa çağıran 10 cəngi saz havası vardır.
Bu, o deməkdir ki, el sənətkarı olan aşıqlar həmişə xalqa yaxın olmuş, onunla bir oturub durmuş, bir nəfəs almış, xalq kədərlənəndə o da kədərlənib sazında kədərli mahnılar, xalq sevinəndə o da sevinib sazında sevinc mahnıları, lazım gəldikdə isə xalqı döyüşə, mübarizəyə ruhlandırmaq üçün sazında qəhrəmanlıq mahnıları, cəngi havaları çalmışdır.
Aşıq şeirini yazılı poeziya nümunə­lərindən fərqləndirən əsas cəhətlərdən biri də odur ki, o, musiqili şeirdir, daha doğrusu, o sazla, sazın kök və pərdələri ilə, ayrı-ayrı musiqi motivlərilə bir doğulur, birgə dil açır.
Aşıq şeiri musiqili olduğu üçün tez əzbərlənir və müəyyən bir musiqi motivinə bağlılıq onu yaddaşda möhkəmləndirib saxlayır. Aşıq şeirinin zehinlərdə, şüurlarda, ürəklərdə uzun illər yaşamasının başlıca səbəblərindən biri budur.
Hər hansı şairin şeirinə bəstəkar musiqi yazıb mahnı yaradır, aşıq şeiri isə başqadır. Onun öz aləmi, öz ahəngi, öz təbiəti vardır. Aşıq şeirinin formasını bəzən musiqi dəyişir.
Aşıq poeziyasında şeirlə musiqi qarşılıqlı, bir-birinə təsir edə-edə, bir-birinin qoynunda, ürəyində inkişaf edir. Aşıq şeirini bu qədər oynaq və məlahətli edən onun musiqili dilidir.
Təkrirlər və rədiflər şeirdə musiqililiyi artırdıqları üçün, söz yaradıcısı olan aşıqlar çalışırlar ki, düzüb-qoşduqları şeirlər rədifli olsun. Hər bəndin sonunda təkrar olunan rədiflər şeirdə bir növ nəqarət rolunu oynayır.
Sazın kök və pərdələrinə, ayrı-ayrı musiqi havalarına bələd olmadan, nəinki aşıq poeziyasının inkişaf xəttini öyrənmək olmaz, hətta şeir və musiqi yaradıcısı olan ustad aşıqların tarixi xidmətlərini də düzgün qiymətləndirmək mümkün deyil. Xüsusilə, sazın danışan (işlək) və lal pərdələri bu baxımdan hələlik oxunmamış, qatı açılmamış bir kitabdır.
Saz on bir heca ölçüsündə düzəldil­mişdir. Şah pərdə sazın ana pərdəsi sayılır. Aşıq Şeirinin doğma janrı olan qoşma ilə bu pərdənin ölçüsü birdir. Daha doğrusu, Şah pərdə aşıq şeirinin ən kütləvi forması olan qoşma ilə əkiz yaranmışdır. Sazın kök və pərdələri ilə əlaqəli şeiri tənzim edən daxili ahəng qanunu vardır. Bu qanunun ölçü vahidi hecadır.
Aşıq şeirinin vəznləri sazla əlaqəli, daha doğrusu, sazın kök və pərdələrinin təsiri ilə formalaşır. Hər bir vəzn ayrı-ayrılıqda müəyyən bir musiqi ahəngi ilə əlaqədar meydana gəldiyi üçün aşıq şeiri təbiəti etibarilə ilə daha oynaqdır, musiqi dili axıcı və rəvandır.
Pərdələrin sayına və düzülüşünə görə ən münasib sayılan, aşıq şeirinin inkişafını özündə düzgün əks etdirən sazın qolunda on danışan (işlək) və beş lal (yarım) pərdə vardır. Şeiri təmsil etməsinə görə işlək (danışan) pərdə bir misra, lal (yarım) pərdə isə yarım misra ölçüsündədir. Daha doğrusu, sazın “Baş divani” (Şərxətai) pərdəsinə, Təcnis pərdəsində, Şah pərdəsində, “Ayaq divani” (Osmanlı) pərdəsində, Bayatı pərdəsində, Beçə pərdəsində, Ayaq pərdəsində, habelə “Baş divani”nin yuxarıdan birinci sinə pərdəsində, təcnisin ikinci sinə pərdəsində, Şah pərdənin üçüncü sinə pərdəsində, əsasən, yeddi, səkkiz və on bir hecalı şeirlər oxunur və onlara uyğun musiqi havaları bəstələnir.
Beş yarım (lal) pərdələrdən biri cığalı təcnisin, biri qoşma-müstəzadın, biri cığalı müxəmməsin, biri cığalı qoşmanın və biri də cığalı gəraylınındır. Daha doğrusu, yarım (lal) pərdələr bu şeir növlərinin cığalarınındır.
Hər hansı saz havasının musiqi ahəngi müəyyən bir pərdə ilə əlaqəli yaranır, lakin o saz havası bütün pərdələrdə, əlaqəli bir şəkildə icra olunur və tamamlanır. Hətta, motivləri bir-birinə yaxın olan saz havaları eyni kökdə (musiqi ahəngində) çalınır. Bizə məlum olan 100 saz havası altı kökdə (musiqi ahəngində) ifa olunur.
Aşıq sazda çalanda “Baş divani” pərdəsindən başlayıb Beçə pərdədə, yəni pəsdən başlayıb zildə qurtarır. Sazın ana pərdəsi sayılan Şah pərdədən yuxarı pəs, Şah pərdədən aşağı isə zildir. Şah pərdədən yuxarıdakı baş (Baş divani) və orta (Təcnis) pərdələrdə, daha doğrusu, bu pərdələrin köməyi ilə alınan köklərdə (musiqi ahənglərində) insanda kədər hissi doğuran, Şah pərdədə və ona alt hissədə yaxın olan “Ayaq divani” pərdələrində insanda şadlıq və sevinc hissi doğuran, Şah pərdədən aşağıda olan Beçə və Ayaq pərdələrdə isə insanı döyüşə, mübarizəyə çağıran cəngi havaları çalınır.
Ayrı-ayrı şeir janrlarının musiqi ahəngi ilə əlaqədar olaraq yaranmış pərdə kökləri aşağıdakılardır. Şah pərdə kökü, Şah pərdənin Misri kökü, Çoban bayatısı kökü, Ayaq divani kökü, Ürfani kökü və Dilqəmi kökü.
Şah pərdə kökü, eləcə də Şah pərdənin Misri kökü Şah pərdəyə, Dilqəm kökü Baş divani pərdəsinə, Ürfani kökü Təcnis pərdəsinə, Ayaq divani kökü Ayaq divani pərdəsinə, Çoban bayatısı kökü Bayatı pərdəsinə məxsusdur. Beçə pərdə ilə Ayaq pərdənin isə müstəqil kökləri yoxdur. Beçə pərdə və onun Ayaq pərdəsi öz musiqi ahəngini ana pərdə olan Şah pərdədən alır. Ona görə də, həmin pərdənin birinə ana pərdənin beçəsi, o birinə isə Beçə pərdənin sonu, ayağı deyilir. Şeirin forması sazın pərdələrində, motivi isə köklərində öz əksini tapıb.
Bir növ pərdə şeiri, kök musiqini, yaxud belə də demək olar: pərdə formanı, kök məzmunu təmsil edir. Forma olan pərdə ilə məzmun olan kökün daxili əlaqələrindən hər hansı bir şeir janrının sazda musiqi ahəngi alınır. Bu o deməkdir ki, sazla əlaqədə yaranan aşıq şeirinin forması məzmuna məzmunu isə formasına təsir edir, bir-birini tənzim edir, bir-biri ilə vəhdətdə, əlaqədə inkişaf edirlər.
Məlumdur ki, aşıq poeziyası şifahi xalq poeziyası və onun bünövrələri əsasında yaranmış və yazılı poeziya ilə əlaqədə zənginləşmiş, yeni keyfiyyətlər kəsb etmişdir. Bu da aydın və mübahisəsizdir ki, aşıq poeziyasının şifahi xalq poeziyası ilə əlaqəsi nisbətən daha qədimdir. Ona görə də, aşıq poeziyasının şifahi xalq poeziyası ilə əlaqə tarixi tam dəqiqliyi ilə məlum deyildir. Lakin çox tədqiqatlarda bunlar qismən öyrənil­mişdir.96 Lakin onun yazılı poeziya əlaqəsini, keçid dövrlərini, bizcə sazın qolundakı pərdələrin və ayrı-ayrı şeir janrlarının köməyi ilə aydınlaşdırmaq mümkündür.
Zənnimizcə, ilk keçid Şah İsmayıl Xətainin hakimiyyəti dövründə olmuşdur. Akademik H.Araslı bu baxımdan o dövrü çox gözəl və bizim məqsədimizə uyğun şəkildə xarakterizə etmişdir: “Səfəvilərin dini görüşlərini yaymaq, səfəvi hakimiyyətini möhkəmləndirmək üçün hər vasitədən istifadə etməyə çalışan Şah İsmayıl Xətai xalq müğənnilərinin nüfuz və qüdrətindən də istifadə etmişdir. Şah İsmayılın uşaqlıq illəri xalq içərisində keçmişdir. Onun şairlik istedadının inkişafında aşıq şeirinin böyük təsiri vardır. O, aşıq yaradıcılığına böyük diqqət verir, özü də aşıq şeiri üslubunda əsərlər yazırdı. Bu əsərlərdə aşıq şeiri yeni istiqamətdə inkişaf edir, aşıq yaradıcılığında şiə görüşlərinin təsiri gündən-günə qüvvətlənirdi...
Xətai adına saz havası və xüsusi qoşma şəkli (divani şeir janrı- S.P.Pirsultanlı) meydana çıxmışdır. Hətta, Xətainin əruz vəznində yazdığı qəzəllər də saz havalarına uyğunlaşdırılaraq aşıqlar tərəfindən oxunurdu.

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,


Ya İlahi, sən bilirsən günahkaram doğrusu-

beyti ilə bitən qəzəli aşıqlar son zamanlara qədər ustadnamələr sırasında oxuyurdular”.97


Bizcə, elə həmin dövrdə, yəni XVI əsrin bu illərində sazla yoldaşlıq edən qəzəllər əsasında aşıq poeziyasının divani forması yaranmışdır:
Fələk, sənlə əlləşməyə, bir belə meydan ola,
Tut əlimi, fürsət sənin, lütf ilə ehsan ola.
Getmiş idim mürşüdümə, dərdimə dərman qıla,
Mən nə bilim, mən gəlincə, xak ilə yeksan ola.
***
Kölgəsində zülflərinin bir zaman yatmaq gərək,
Tabutu sərv ağacından, kəfəni yarpaq gərək.
Tez yuyun, tez götürün ki,
mənzilə çatmaq gərək,
Bari-ilham, necə qıydın, bir belə canan ölə.
***
Bir gülü ki, dərəmmirsən, dərib xəndan eyləmə!
Bir könlü ki, hörəmmirsən, yıxıb viran eyləmə!
Haqq-təaladan səda gəldi: Qurbani, qəm eyləmə!
Qorxum budur:bu gün burda çoxları peşman ola!

Aşıq poeziyası yazılı poeziya ilə bu və ya digər şəkildə əlaqədə olsa da, öz təbiəti etibarı ilə şifahi xalq poeziyasına daha yaxındır.


Şifahi xalq poeziyasından saza gələn yeddihecalı bayatı, yaxud səkkizhecalı xalq mahnıları, eləcə də, on bir hecalı şeirlər öz şəkillərini olduğu kimi saxladıqları halda, yazılı poeziyadan gələn şeirlər öz quruluşunu bəzən tamamilə, bəzən də qismən dəyişir, sazın kök və pərdələrinin təsiri ilə yeni formalar alır.
Yazılı poeziyamızın qəzəl janrı əsasında formalaşan divani şeirləri də sazla ünsiyyətdə, yəni sazda ifa olunduqda əvvəlki şəklini itirməli olur. Başqa şəkildə deyilsə, misralar saza gələndə sınır, hər misra bir beytə çevrilir. 15 hecalı divaninin hər beytində misranın biri 8, o biri 7 hecalı olur. Məsələn:
Fələk, sənlə əlləşməyə,
Bir belə meydan ola.
Tut əlimi, fürsət sənin,
Lütf ilə ehsan ola.
***
Getmiş idim mürşüdümə,
Dərdimə dərman qıla.
Mən nə bilim, mən gəlincə,
Xak ilə yeksan ola.
***
Kölgəsində zülflərinin,
Bir zaman yatmaq gərək,
Tabutu sərv ağacından,
Kəfəni yarpaq gərək.
***
Tez yuyun, tez götürün ki,
Mənzilə çatmaq gərək.
Bari- İlahim, necə qıydın,
Bir belə canan ölə.
***
Bir gülü ki, dərəmmirsən,
Dərib xəndan eyləmə!
Bir könlü ki, hörəmmirsən,
Yıxıb viran eyləmə!
***
Haqq-təaladan səda gəldi:
Qurbani, qəm eyləmə,
Qorxum budur: bu gün burda
Çoxları peşman ola!

Bunun sirri və səbəbi ondadır ki, qəzələ bağlı olan tar 15-16 heca ölçüsündə, qoşmaya bağlı olan saz isə 11 heca ölçüsündə düzəldilmişdir. Aşıq şeirini sazın kök və pərdələri formalaşdırır, sənət süzgəcindən keçirir və bundan sonra ümumi yaradıcılığa daxil edir.


Divani şeiri “Baş divani” və “Ayaq divani” kimi musiqi havalarının yaranmasına səbəb olduğu kimi, sazın qoluna da, kədər və sevinc duyğularını ifadə edən iki pərdə bağlamışdır.
Şah pərdə sazın qolunda bütün pərdələrin mərkəzindədir. Kədər ifadə edən Divani pərdəsi Şah pərdədən yuxarıda, yəni başda, sevinc ifadə edən Divani pərdəsi isə Şah pərdədən aşağıda, yəni ayaqda bağlanmışdır. Buna görə də birincinin pərdəsi başda bağlandığı üçün Baş divani, ikincinin pərdəsi ayaqda bağlandığı üçün Ayaq divani adlandırılmışdır. Çox maraqlı və tamamilə qanunauyğun haldır ki, Baş divaninin, Ayaq divaninin şeirləri də öz pərdələrinə, öz əhvali-ruhiyyəsinə uyğun olur. Yəni Baş divaninin şeiri kədərli, Ayaq divaninin şeiri isə sevincli, fərəhli olur. Yaxud əksinə: kədərli divanilər baş pərdədə, şux divanilər isə ayaq pərdədə çalınır.
Çox maraqlıdır ki, divani pərdələrinin və saz havalarının hər birinin dörd adı vardır: “Baş divani”nin ikinci adı “Şərxətai”, üçüncü adı “Qurbani”, dördüncü adı isə “Məclis divanisi”dir. “Ayaq divani”nin ikinci adı “Osmanlı divanisi”, üçüncü adı “Gövhəri”, dördüncü adı isə “Meydan divanisi”dir. Elə bil ki, bu adlar müəyyən bir tarixi sirri gələcək nəsillərə danışmaq, demək üçün belə sıralanmış, zəncir kimi bir-birinə bağlan­mışlar.
“Baş divani”nin ikinci adı, yəni “Şərxətai “sözü bizcə əslində Şah Xətai imiş. Əsrlərdən bəri bu adla yaşayan havanın nə üçün belə adlandırıldığının fərqinə varmayan aşıqlar sadəcə olaraq onu bu şəkildə təhrif etmişlər. Bizcə, bu divanilərin hər ikisi, öz mətnləri və saz havaları ilə birlikdə eyni dövrdə, yəni Türkiyə ilə Azərbaycan arasında 1514-cü il Çaldıran müharibəsinin axırında yaranmışdır.
“Məclis divanisi” çalınanda onun ahəngində dərin bir kədər, “Meydan divanisi” çalınanda isə ahəngində coşğun bir sevinc, şadlıq duyulur. Bu isə o dövrün vəziyyəti ilə çox uyğundur. Yəqin ki, məğlub olan tərəf öz sazında kədər mahnıları, qalib tərəf isə sevinc mahnıları çalıb-oxuyurmuş.
Bunlardan kədərli “Məclis divanisi”nin həm də “Şah Xətai divanisi”, “Meydan divanisi”nin isə eyni zamanda “Osmanlı divanisi” adlanmaları da bizim ehtimalımızı nisbətən qüvvətləndirir.
Ustad aşıqların deməsinə görə “Osmanlı divanisi” saz havasını XIX əsrin görkəmli el sənətkarı Göyçəli Aşıq Alı Türkiyə səfəri zamanı orada öyrənmiş və geri qayıtdıqdan sonra azəri aşıqları arasında yaymışdır ki, bu da bizim fikrimizə uyğun gəlir.
Qurbaninin ilk divani şeir nümunəsi kimi tanıdığımız “Ola” rədifli divanisi də yasla, matəmlə əlaqədar olduğu üçün sazın “Baş divani” pərdəsinin tələblərinə uyğun yazılmışdır.
Bəzən əslində çox nikbin əhval-ruhiyyəli, lakin saza, onun kök və pərdələrinə bələd olan sənətkarlar öz yaradıcılıqlarını rəngarəng etmək üçün kədərli şeirlər də yazmışlar. Çünki, onlardan məclislərdə həm “Ayaq divani” havası ilə oxunan, həm də “Baş divani” havası ilə oxunan şeirlər tələb olunurmuş. İfaçı aşıq da sazının ahəngini və oxuduğu şeiri dəyişərək eyni məclisdə həm kədər, həm də sevinc doğuran havalar çalır, mahnılar oxuyurmuş. Başqa sözlə deyilsə, “Baş divani” özünə uyğun, “Ayaq divani” də özünə uyğun şeir tələb edir, yaxud əksinə, yəni hər pərdənin öz şeiri, hər şeirin öz pərdəsi vardır. Şux, oynaq divanini “Baş divani”, dərdli, kədərli divanini isə “Ayaq divani” havasında oxumaq olmaz.
XVI-XVII əsrlərdə Koroğlu qoşmaları aşıq poeziyasına döyüşkənlik, mübarizlik ruhu gətirmiş, onu dağ çeşmələrinin suyu kimi durultmuş, ümumiyyətlə, aşıq poeziyasında qəhrəmanlıq motivlərini gücləndirmişdir.
Xalq qəhrəmanlarının, eləcə də məhəbbət aşiqlərinin könül arzularını daha təsirli bir şəkildə ifadə etmək, səslərini daha ucalara qaldırmaq və uzaqlara çatdırmaq üçün Koroğlu və Kərəm qoşmalarının bəndləri arasında münasib bayatılardan da çox istifadə edilmişdir. Belə bayatılar öz növbələrində qoşmaların ana xətti ilə birləşərək, qoşma cığalarına çevrilmişlər. Bizcə, Koroğlunun aşağıdakı cığalı qoşması fikrimizi təsdiq üçün əsas ola bilər:

Yığılsa məxluqat, qurulsa məhşər,


İsrafil surunu çala qoymaram.
Çəkərəm qılıncı, girrəm meydana,
Uçurdaram, burda qala qoymaram.
***
Mən aşıq təhlədənəm,
Tək evli Təhlədənəm.
Arasbar tərlanıyam,
Sonalar təhlədənəm.
***
Xəbər olsun Bayazidin elinə,
Düşməmisiz mən dəlinin felinə.
Hoy deyib minərəm Qırat belinə,
Bu qisası Rüstəm Zala qoymaram.
***
Mən aşiq ləngəridi,
Gəmidi, ləngəridi.
Çox bilib, az danışmaq,
İyidin ləngəridi.
***
Bir iyid ki, atasından var ola,
Tülək tərlan qürbət eldə sar ola,
Bayaziddə neçə gözəl var ola,
Aya aparmasan, ilə qoymaram.
***
Əzizim, ordu bada,
Salmasdan Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.
***
Badələr içmişəm, hələ sərxoşam,
Qorx o gündən ki, qaynayam, coşam,
Tüləklər sındıran bir tərlan quşam,
Ovlaram yuvalar, bala qoymaram.
***
Mən aşiq ovun ovlar,
Gözlərin ovun ovlar,
Alvızdan qalxan tərlan,
Murğuzda ovun ovlar.
***
Qırram qayaları, yıxaram dağı,
Xanlar zəhər içər, sultanlar ağı,
Çənlibeldir qoç Koroğlu oylağı,
Şah da gəlsə, Çənlibelə qoymaram.
***
Mən aşığam şonqara,
Şikar gərək şonqara,
Cik-cik deyən sərçələr,
Neylər şahin-şonqara?

Qoşma və gəraylıların, təcnis və müxəmməslərin cığaları sazın tələbləri əsasında, daha doğrusu, şeirin yeni şəkilləri, aşıqların axtarıb tapdıqları yeni-yeni ifa tərzi, ifa üsulları ilə əlaqədar olaraq meydana gəlmişdir.


Telli saz da Misri qılıncla bərabər Koroğluya kömək etmiş, onunla döyüş meydan­larına getmiş, öz coşğun sədasilə qəhrəmanları vəcdə gətirmiş, onların dodaqlarından söz almış, onu öz tellərilə həmahəng edib, yeni musiqi melodiyaları yaratmaq imkanı əldə etmişdir.
Koroğlu şeirləri ilə əlaqəli yaranmış cəngi havaları saza xüsusi bir ahəng gətirmişdir. Hətta, həmin əsrdə Koroğlunun zildə oxunan şeirləri, cəngi havaları sazın qoluna Ayaq pərdə deyilən bir pərdə də bağlamışdır. “Bəlkə də zaman gəlib keçdikcə Koroğlunun bu və ya digər hərbi məharəti unudulacaqdır. Lakin şair Koroğlunun bu qızıl sözləri xalqımızın sinəsində nəsildən-nəsilə keçib yaşayacaq, özünə daha parlaq bir gələcək qazanacaqdır”.98
Bu obrazlı fikir təkcə deyilişinə görə yox, həm də tarixi həqiqətə, gerçəkliyə əsaslandığı üçün gözəldir. Xalq şairimiz S.Vurğunu həyatı boyu aşıq poeziyasına qırılmaz tellərlə bağlayan da bu inam idi. Onda bu böyük və yenilməz inamı aşıq poeziyasının ölməz abidələri olan “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Əsli-Kərəm” və başqa dastanlarımız yaratmışdı. Qəhrəman­ların özləri, onların şan-şöhrətləri, unudulmaz igidlikləri də bu abidələrdə yaşamırmı?
XVI-XVII əsrlərdə, daha doğrusu, Şah İsmayıl Xətai və Koroğlu zamanında saza çox böyük üstünlük verilmişdir. XVII əsrdə bu meyl, demək olar ki, bir az da güclənmiş və ictimai xarakter almışdır. Hətta bu əsrdə eposdan görün­düyü kimi Koroğlu kimi qəhrəmanlar sazdan ötrü “məəttəl” qalırmış, Çənlibeldən gəlib usta sorağına düşürmüş, elə ki, yaxşı bir usta tapdı, “ona usta qulun ollam, al düzəlt sazı!”da deyirmiş:

Çənlibeldən səni deyib gəlmişəm,


Usta qulun ollam, al düzəlt sazı!
Qırılıbdı sazım, mətəl qalmışam,
Usta qulun ollam, al düzəlt sazı!

Hətta, saz düzəldib gələnə qədər qoşun Çənlibelin düzünə çıxıb Koroğlunun və onun sazının səsini gözləyirmiş:


Qoşun çıxdı Çənlibelin düzünə,


Qurban olum şagirdinin gözünə.
Xırda sədəf doğra sazın üzünə,
Usta, qulun ollam, al düzəlt sazı!99

Tufarqanlı Abbas da həmən əsrdə təxminən yaxın bir tərzdə ustaya müraciət etmişdir:


Usta, məni gözlərinə fəda qıl,


Səndən saz istərəm, amma saz ola.
Dindirəndə imran dillə danışa,
Şeyda bülbüllər tək xoş avaz ola.

Lakin Tufarqanlı Abbasın bu şeirindən anlaşılır ki, o əsrdə “şeyda bülbüllər tək xoş avaz”la ötən, daha doğrusu, qoluna təzə pərdələr bağlanmış sazları düzəldən ustalar da tək-tək tapılırmış:


Yamanı yamana, yaxşını mərdə,


Tərifini edim hər düşən yerdə.
Dolaşmaya simlər, vurmaya pərdə,
Gözəllər tək onda işvə-naz ola.

Simləri dolaşmayan, pərdələri vurma­yan sazların qiyməti isə adi sazlardan baha olurmuş:


Qiyəmətin soruşsan tamam on tümən,


Nə ondan çox ola, nə də az ola.

Tufarqanlı Abbas öz parlaq istedadının, zəngin həyat müşahidələrinin gücü ilə, qüdrəti ilə yaratdığı geniş mündəricəli, hikmətli qoşmalarla aşıq poeziyamıza yeni məna dərinliyi gətirmişdir:


Ulğun coşa gəlsə, köpük yağ olmaz,


Söyüd bar gətirsə, bağça-bağ olmaz.
Zibil təpə olmaz, küllük dağ olmaz,
Yel əsəndə alçaqlara endirər.
***
Abbas bu sözləri deyər sərinnən,
Arxı qazın, suyu gəlsin dərinnən.
El bir olsa, dağ oynadar yerinnən,
Söz bir olsa, zərbi kərən sındırar.100

Bizcə, Sarı Aşığın yaratdığı, hətta, bəlkə də kəşf etdiyi cinas qafiyələr öz dövründə və özündən sonrakı aşıq ədəbiyyatımızda təcnis yaradıcılığının inkişafında mühüm rol oynamışdır. Gələcək təcnis binalarını tikmək üçün Sarı Aşıq mahir bir sənətkar kimi cinasdan tağ daşları yonmuşdur.


Mən aşığam bağdadı,
Sona, meylin bağdadı.
Getməz bülbül sərindən,
Gül sevdası, bağ dadı.101

Və yaxud:


Aşığam su dayandı,


Sel gəldi, su dayandı.
Özümü suya vurdum,
Odumdan su da yandı.102

Lakin o, bu tağ daşlarından istifadə edib öz təcnis binalarını tam qura bilməmişdir.


Bayatılarında sevgi, məhəbbət, hicran, vüsal həsrəti ifadə olunmuş bu istedadlı sənətkarın olduqca az yaşadığı aydın hiss olunur. Aşıqlar axtardıqları cinasları çox zaman onun şeir xəzinəsində hazır tapmışlar:
Mən aşıq, oda para,
Ay doğdu o da para.
Varmı bir odu sönmüş,
Canımdan od apara.103

Sarı Aşığın özünəməxsus bir ustalıqla yaratdığı cinas qafiyəli bayatılar yeni təşbehlərlə elə gözəl bəzənmişdir ki, istər-istəməz insanı təsirsiz buraxmır.


Bizcə, bundan sonra sənət meydanına gəlmiş Xəstə Qasım bu zəngin xəzinədən istifadə yolu ilə təcnisin yeni binalarını qurmağa başlamışdır:
Lazım olur yoxsul üçün bircə mal,
Laf eyləmə, var saqidən bir cəm al.
Leyli, göstər mən Məcnuna bir camal,
Leysan çeşmim məni eylər sənə mal.104



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin