Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu səDNİk paşa pirsultanli



Yüklə 0,61 Mb.
səhifə32/43
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1165
1   ...   28   29   30   31   32   33   34   35   ...   43
XIX əsrdə aşıq yaradıcılığı və

yazılı ədəbiyyatda təcnis
a) Varxiyanlı Aşıq Məhəmməd, Mücrüm Kərim, Məhəmməd bəy Aşiq, Məlikballı Qurban, Qızılvəngli Aşıq Alı, Şəmkirli Hüseyn, Aşıq Musa və başqalarının yaradıcılığında təcnis

XVIII əsrin ikinci yarısında və XIX əsrin əvvələrində yaşamış Varxiyanlı Aşıq Məhəmməd dərin məzmunlu qoşmalar müəllifi kimi çox məşhurdur:


Yatmış idim, qəfil gəldi üstümə,

Bir cam dolu, bir cam yarı, bir cam az.

Üç muradı onda tutdum dəstimə,

Bir cam kamal, bir cam söhbət, bir cam söz.1


“Bir cam kamal, bir cam söhbət, bir cam söz” – deyən sənətkar təcnis janrında da qələmini sınamışdır:

Bir gözəl görmüşəm bizim ellərdə,

Üzündə sevmişəm busə bağları.

Yaşılbaşlar cəm-xəm eylər göllərdə,

Tərlan şikarında busa bağları.1

“Professor-yazıçı Əzizə Cəfərzadə Mücrüm Kərimin, Məhəmməd bəy Aşiqin, Məlikballı Qurbanın, Padarlı Abdullanın gəraylı, qoşma, və təcnislərini aşıq şeiri tərzində yazılmış poeziya adlandırır”.

Mücrüm Kərim XVIII əsrin sonu XIX əsrin əvvəlində Vardallı kəndində yaşamış, onun şeirləri “Sünbülistan” adlı cüngdə toplanmışdır. O, aşıq şerinin başqa şəkillərində də öz qələmini sınamışdır. “Qarşı” təcnisinin möhür bəndində deyir:
Gir bağa gəşt elə olanda yar hey!

Sözün bülbül kimi olanda yar hey!

Özün Sultan Mahmud olanda yar hey!

Kərimi də oxşat Ayaza qarşı.2


Məlum olduğu kimi, Həzrət Əlinin Novruzu, Koroğlunun Eyvazı, Sultan Mahmudun isə Ayazı oğul qədər sevdikləri dastan olmuşdur. Burada təşbeh olaraq göstərir ki, özün Sultan Mahmud olanda yar, məni də, Kərimi də Ayaza oxşat, ona bərabər tut. “Ha bular, bular” təcnisində Tufarqanlı Abbasın, Xəstə Qasımın:
Sərrafın dəstində nə danə dedim,

Xalın can quşuna nə danə dedim,

Sirrin, dərdin bilməz nadanə dedim,

Anlamaz, başını ha bular, bular. –

- söyləyir.

Burada “can quşu” insanın nəfəsidir, ona nə danə demədi. Nə də sirrini dərd bilməz nadanə demədi. Çünki beləsi dərdimi anlamaz, başını ha bular, bular. İkinci bənddə cinas qafiyələri daha gözəl düzümləndirir, hər misranın məna yükünü artırmağa çalışır. Bənd belədir:

Bayqu üçün məskən oldu o diyar,

Qəmzən ilə bağrım başın odduyar,

Evdən çıxdı, yalın qılınc odur yar,

Bilirəm, qanıma ha bular, bular.


Bayqu məhəbbətlə bağlı bir ifadədir. Bayqu üçün o diyar məskən olanda qəmzənlə bağrım başın oydu, ona görə də bu bəndin son beytində fikrini daha bədii boyalarla tamamlayır:

Bu Mücrüm Kərimi kim dərdə saldı?

Ah çəkib gözlərin ha bular, bular.1

Təcnisdə yeni söz kəşfi, fikir axtarışı budur. Təcnisin hər misrası, hər bəndi ilə bədii söz xəzinəsinə yeni incilər gətirilir.

Məhəmməd bəy Aşiq XIX əsrdə Maralyanlı Pəri ilə yazışan el şairlərindəndir. Onun yaradıcılığına Molla Vəli Vidadinin təsiri aydın şəkildə duyulmaqdadır. Şairin dili canlı xalq dilinə çox yaxındır. Bədii cəhətdən mükəmməl qoşmaları ilə bərabər cinas bayatılar və təcnislər də yazmışdır. Biz onun aşıq Pəriyə yazdığı cinas bayatını nümunə göstərmişdik. O, təcnis sahəsində də öz qələmini sınamışdır. “Sənəm” rədifli beş bəndlik təcnisi bir sənət nümunəsidir. O, birinci bənddə yazır:
Nə müddətdir həsrətini çəkirəm,

Bircə üzün görüm, ay ağa Sənəm!

Hicranın əlindən xəstə düşmüşəm,

Daha dura bilməm ayağa, Sənəm!


Birinci bənddə göstərilir ki, aşiq neçə müddətdir Sənəm adlı gözəlin həsrətini çəkir. Ağa Sənəmin bircə dəfə üzünü görsə, təsəlli tapar. Aşiq hicranın əlindən xəstə düşür, bundan sonra onun ayağa durması çox çətindir.

Sənəm elə adi Sənəm deyil, o qədər gözəldir ki, Məhəmməd bəy Aşiqin dili ilə desək:

Yüz naz ilə sən çıxanda səhraya,

Gün gizlənir, olur ay ağa, Sənəm!


Sənəm o qədər gözəldir ki, gün ona baxanda gizlənir, ay da səmada ağalıq eyləyir. Son möhür bəndini ürəyinin qanı ilə yaratmışdır:

Aşiqəm hüsnünə ay aman, gözəl!

Baxmaram zərrəcə aya mən, gözəl!

Ləblərin şəhdindən ay əmən gözəl,

Meyl etmə qəndə, bal ayağa, Sənəm!1
Hüsnünə aşiq olduğu gözələ elə heyrandır ki, zərrəcə göydəki aya baxmaq istəmir. Hətta, bu gözəlin ləblərini əmən kəs onun şəhdini qoyub qəndə, bala, yağa meyl eləməz.

Məhəmməd bəy Aşiq bununla sübut edir ki, təcnisdə həm məzmun, həm də forma gözəlliyi yaratmaq mümkündür. Bu təcnisə baxan şəxs qoşmadan çox təcnis yaratmağa maraq göstərər.

Şirvan aşıqlarından təkcə Ucarın Məlikballı kəndindən olan Məlikballı Qurbanın (1790-1865) yaradıcılığında ara-sıra təcnislərə də rast gəlirik. Məlikballı Qurban “Gör” təcnisində deyir:
Məcnun olub səhralara düşmüşəm,

Zeydsən, Leylinin sorağını gör.

Dağdan-dağa səngixarə çəkmişəm,

Şikəstə əndamın sor ağını gör.2


Aşiq Məcnun olub Leylinin sorağı ilə səhralara düşüb dağdan-dağa çaxmaq daşından yol çəkib, inanmırsan şikəstə əndamına, canına baxıb, sor ağını gör.

“Gərək” rədifli təcnisində bildirir:


Gözəl olan verir özünə bəzək,

Gözü nərgiz, şimşad ayağı gərək.

Giribani hər tərəfdən ola çak,

Görünə sinənin ay ağı gərək.


Gözəl olan gözü nərgiz, şimşad ayağı olan gərək özünə bəzək versin. Öz giribanını, yəni geyimini elə geyinməlidir ki, sinəsinin ağlığı görünsün:

Gəl, gir bu bağçaya laləsin bil, ək,

Görək qönçələrin, laləsin bilək,

Gəlməz təkəllümə laləsin bilək,

Gər olmuş əğyara, a yağı gərək.1
Misraların sonundakı “bilək” sözləri omonimdir, çoxmənalı sözlərdir, xalis cinaslardır. Birinci misrada bağçaya lalə, sünbül ək deyilir, ikinci misrada qönçələrin böyüyüb lalə olduğun tanıyaq, üçüncüdə danışma, söyləmə lalə gəlməz, Lalənin kim olduğunu bilə bilmərik. Dördüncü misrada gözəlin əğyara qismət olduğunu bilək söyləyir.

Məlikballı Qurbanın “Gərək” rədifli təcnisində cinas qafiyələrdən başqa hər misranın əvvəlində eyni hərfdən istifadə olunur.

“Nədir” rədifli təcnisi daha nadir incilərdəndir:
Camalını görcək, mayil olmuşam,

Bilmədim gözəlim, ay adin nədir?

Səbrim aldı tamam türfə sənəmlər,

Sənəmlərdə məzhəb, aya, din nədir?


Birinci misrada aşiq görcək gözəlin camalına mail olur, lakin adını bilmir, “ay adin nədir?” kəlmələri ilə adın əvəzinə adin deyir. O, bununla qabaqlaşma meydanında qarşısındakını çaşdırır. Üçüncü misrada isə türfə sənəm onun səbrini əlindən alır. Türfə sənəm – yəni hüsnü-bərabəri olmayan bir gözəl. Sənəmlərdə məzhəb, dinin ayələrinə riayət etmək olmur:
Bu dünyada varmı yar, dı, yoldaşın?

Fərhad külüng çaldı, yardı yol daşın,

Aləmlər cəm olsa, yardı yoldaşın,

Qohumum, qardaşım, a yadın nədir?


İkinci bənddə misraların tutumu, məna yükü daha dərindir. Məlikballı Qurban burada sözü parçalamaqla, ədəbi obrazlarla elə bir təcnis yaradır ki, insan onun istedadına heyran qalır. İkinci bənddə “yar, dı” burada de əvəzinə “dı” şəkilçisini işlədir. Bununla “de yoldaşın varmı” fikrini mürəkkəbləşdirir. İkinci misranı ona uyğunlaşdıraraq Fərhadın yol daşını külünglə çapıb çaldığını bildirir və məşuquna bildirir ki, bütün aləm cəm olsa yardı yoldaşın, yəni dostun yoldaşındır. Dördüncü misrada “Qohumum, qardaşım, a yadın nədir?” söyləməklə qohum-qardaş yaxın olsa da, onun yanında yadın nədir, yəni yadın mən deyiləm bildirir.

Üçüncü bənddə öz fikrini tamamilə açıqlayır:


Qurban deyər, yarsız günə gün dəmən,

Xızrə yetər ləblərindən gündəmən,

Ziyarətin hüsnə varan gündə mən,

Tamam günlərimiz ay adinnədir?1


Üçüncü bənddə bildirir ki, yarsız keçən günlərə gün deməm, gündə ləblərini əmmək Xızıra yetər və onu da deyir ki, “Tamam günlərimiz ay adinnədir?” məna budur ki, həftənin tamam günlərinin sonu adna günüdür, yəni cümə axşamıdır.

Göyçə aşıqlarının yetkin ustadlarından biri olan Qızılvəngli Aşıq Alının (1801-1911) ədəbi irsi vaxtında toplanmadığı üçün çox şeir inciləri itib-batmışdır. Aşıq Ələsgərin ustadı olan Aşıq Alının şeir xəzinəsində bir neçə təcnis qalmışdır. Aşıq Alı “Almasın” rədifli təcnisində deyir:


Bimürvət yar məni candan elədi,

Tutubdu dəstində ay ağ almasın.

Yarın bağçasının seyrinə vardım,

Heç görmədim yarın ay ağ almasın.


Təcnisin birinci bəndində Aşıq Alı yarının onu candan eləməsindən, əlində ağ almasın, yəni burada ağ alma yanında işlənən almasın bu mənadadır ki, “ağ almasın” “ağ almaz” mənasındadır, yəni kəsərdən danışılır. Yarın bağçasını seyr edəndə isə yarın ağ almasını görmür:
Bayram ayı demək olmaz hər aya,

Təbib gərək dərman edə həraya,

Şahlar şahı, özün yetir haraya,

Düşmən üstümüzə ayaq almasın.


İkinci bəndin sonunda isə düşmənin onun üstünə ayaq almamasını arzulayır:

Aşıq Alı deyər: yar ab ağlaya,

Yaxşı təbib gərək yara bağlaya,

Yar ki, meylin qeyri yara bağlaya,

Həftəyə varmasın, aya qalmasın.1
Üçüncü bənddə “yar ab ağlaya”, yarın gözündən ab, yəni su gələ, yaxşı təbib onun yarasını bağlaya deməklə, son beytdə fikrini belə tamamlayır: “Yar ki, meylin qeyri yara bağlaya, Həftəyə varmasın, aya qalmasın”. Aşıq Alının təcnisi o qədər anlaşıqlı, aydın cinaslarla qurulmuşdur ki, onun təhlilə belə ehtiyacı yoxdur.

Aşıq Alı kimi ustad sənətkarlar təcnis yaratmağa böyük sənətkarlıqla yanaşmışlar. Ümumi aşıq şeirinin inkişaf tarixindən əlavə başqa qaynaqlara da baş vurmuşlar. Baxın Aşıq Alı “Ay belə sinə” təcnisini yaratmaqda nə qədər böyük əmək sərf etmişdir. Onun bu təcnisinin möhürbəndini diqqətə gətirdikdə təhlilə cəlb etdikdə hər şey aydın olacaqdır.


Aşıq Alı, çıx gülşənə nərgiz dər,

Sərraf maya ağuşunda nər gizdər,

Olmaz tayı züleyxalar, nərgizdər,

Əsla yox kimsədə ay belə sinə.1


Aşıq Alı “Nərgizlər” adlı cinas bayatılarla bəzənmiş xalq hekayətini bu bir bənd təcnisdə dolğunluğu ilə ifadə edə bilmişdir.

XIX əsrin əvvəllərində Aşıq Hüseyn Şəmkirli (1811-1891) gözəl təcnisləri ilə yanaşı, üçbaşlı cığalı təcnisin də ilk nümunəsini yaratmışdır. Təcnisin hər bəndində misraların sayı dörd olduğu halda, Aşıq Hüseyn birinci bənddə misraların sayını altı, son bəndlərdə isə beş misra etmişdir. Belə ki, birinci bənd iki yerə bölünür, ilk üç misradan sonra cığa gəlir, son üç misra bəndi tamamlayır. İlk misrada cığadan yuxarıda üç misra qaldığı üçün təcnisin bu növünə “Üçbaşlı təcnis” deyilir. Məsələn, təcnisin bir bəndini misal gətirək:

İbtida əlifdən dərsim alanda,

Göstərdilər mana nə qarə yaxşı.

Oxudum dərsimi hər ayə, qərəz,

Yox aşıq hər ayinə,

Xalların hərayi nə?

Aşıq Söyün nə dedi,

Dost yetdi hərayinə?

Görsə canım bəyənməz hər ayinə,

Səyrəqib geyinsin nə qarə yaxşı,

Naləsi yetişsin haraya qərəz.


Aşıq Hüseynin yaratdığı “Üçbaşlı təcnis” cığalı təcnisə oxşasa da, quruluşu etibarilə çox mürəkkəbdir.1 Eyni zamanda, “aşıq” sözü ilə başladığı hər bir cığa-bayatıda da öz adını söyləmişdir. Bununla da, həmin bayatının Sarı Aşığa deyil, özünəməxsus olduğunu bildirmiş, həm də cığalı-bayatıda verdiyi nəsihətamiz, müdrik məsləhətləri daha da qüvvətləndirmişdir.

Aşıq poeziyasında “Xudam səni xoş gündə yaradıb” qoşması və “Maral” müxəmməsi ilə şöhrət tapmış Göyçəli Aşıq Musa (1909-1948) da gəraylı, qoşma şeir janrları ilə yanaşı, təcnis və cığalı-təcnis nümunələri də yaratmışdır:


Vaxt dolandı, gəldi keçdi zamana,

Niyə əl çəkmədin, a yara mənnən?!

Nə əcəl gəlmədi, yetmişəm cana,

Nə xəbər getmədi, a yara mənnən.


Gəlib keçir zamana, ancaq aşiqdən yar əl çəkmir. Əcəl də gəlmir, lakin onun xəbəri də yara çatmır:
Can deyən Fərhaddı, Şirin də hanı?,

Ləblərim də söylər şirin dəhanı,

Gəlibdir ləblərin şirin dəhanı,

Görmüşəm ləzzətin a yar əmənnən.


İkinci bənddə bir lövhə yaradaraq, üzünü tarixə tutur. Öz əhval-ruhiyyəsinə münasib cinaslardan bir lövhə qurur. Birinci misrada “Can deyən Fərhaddır, Şirin də hanı” deməklə əslində Şirin də hanı yox, Şirin de hanı şəklində anlaşılmalıdır. Sənin dodaqla-rının şirinliyini mənim dodaqlarım söylər şirin olduğunu. Mən bunun ləzzətini, ay yar, əməndə bilmişəm:
Musa qələm çalır, nə xoş səf adı,

Nə nizam yoxumdu, nə xoş səf adı,

Pərişan xəyalım nə xoş səfadı,

Xain bəd qandırar a yara mənnən.1


Üçüncü bəndin birinci misrasında işlənən xoş səf adı, yəni nə düz adı, ikinci misrada gözəlin yanlış addım atdığı, üçüncüdə mənim pərişan xəyalım öz-özünə nə xoş səfadır deyir. Bunu görüb xain birdən bəd qandırar yara məndən bildirir.

Musanın “Ay üzə-üzə” təcnisi daha aydın, sərrast və mənalı cinaslarla qurulmuşdur:


Dəniz gördüm gözüm yaşı sel oldu,

Çalxanır sonalar ay üzə-üzə.

Mərd deyər sözünü mərdə mərdana,

Namərd də saxlıyar ay üzə-üzə.


Nə qədər gözəl deyimdir, nə gözəl təşbihdir. Aşıq, “Dəniz gördüm gözüm yaşı sel oldu, Çalxanır sonalar ay üzə-üzə” söyləyir. Sarı Aşığın bir bayatısının son beyti belədir. “Gözüm yaşı göl olar, Ördək qaz binə bağlar”. Bu obrazlı fikri Aşıq Musa bir beytdə Sarı Aşıq səviyyəsində mənalandırmışdır. Cinas-bayatı ilə Sarı Aşığın fikrini təcnisdə Aşıq Musa belə bildirmişdir:
Dəniz gördüm gözüm yaşı sel oldu,

Çalxanır sonalar ay üzə-üzə.


Aşıq Musa dənizi görür, göz yaşı sel olur. Həmin göz yaşından əmələ gələn dənizdə sonalar üzə-üzə çalxanır. Son iki bəndin təhlilə ehtiyacı yoxdur:

Nazlı dilbər əldə tutub nə sazı,

Dərd çəkənin nə xəstəsi, nə sazı,

Ala gözlər məni eylər nasazı,

Kəc baxar ömrümü ay üzə-üzə.

***


Aşıq Musa deyər: yetibdi dərdim,

Məni bu qürbətə atıbdı dərdim,

Səksənnən, doxsannan ötübdü dərdim,

İndi də yetişib a yüzə-yüzə.1


Aşıq Musa mərmər daşlardan hamar doğrayıb elə bir təcnis imarəti yaratmışdır ki, insan o imarətə baxdıqca heyrətə gəlir.

Aşıq Musa bir dodaqdəyməz cığalı təcnis də yaratmışdır. Aşıq Musanın ədəbi irsi vaxtında toplanmadığı üçün çox incilər itib-batmışdır.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin